Moskva İrəvan: ixrac əngəlləri siyasi təzyiqə çevrilir
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Rusiya ilə Ermənistan arasında kənd təsərrüfatı məhsullarının ixracı ətrafında gərginlik davam edir. Vəziyyəti yalnız fitosanitar problem kimi qiymətləndirmək doğru olmaz. Moskva tətbiq etdiyi məhdudiyyətləri məhsulların keyfiyyəti, təhlükəsizliyi və Avrasiya İqtisadi İttifaqının baytarlıq-fitosanitar tələblərinə əməl olunmaması ilə əsaslandırır. Bu arqumentlərin hüquqi əsası ola bilər. Lakin siyasətdə yalnız qərarın səbəbi deyil, onun nə vaxt və hansı şəraitdə qəbul edilməsi də mühüm əhəmiyyət daşıyır.
Ermənistan məhsullarına qarşı məhdudiyyətlərin iki ölkə arasında münasibətlərin ciddi şəkildə dəyişdiyi dövrə təsadüf etməsi diqqət çəkir. İrəvan son illər Moskva ilə ənənəvi münasibətlərindən tədricən uzaqlaşır, Avropa İttifaqı və Qərb institutları ilə əlaqələrini genişləndirir. Ermənistan rəhbərliyi xarici siyasətin şaxələndirilməsini önə çəkir, Moskva isə bu prosesi Cənubi Qafqazda mövqelərinin zəifləməsi kimi qəbul edir.
Bu səbəbdən məsələ, sadəcə, pomidor, xiyar və ya çiyələyin keyfiyyəti ilə bağlı mübahisə təsiri bağışlamır. Burada siyasi sual ortaya çıxır: Ermənistan Rusiyadan siyasi və iqtisadi baxımdan uzaqlaşdıqca Moskvanın İrəvana təsir imkanları hansı səviyyədə qalacaq? Son aylar məhdudiyyətlərin mərhələli şəkildə genişləndirilməsi bu baxımdan diqqət çəkir. Mayın 22-də çiçəklərin, mayın 30-dan isə pomidor, xiyar, bibər, göyərti və çiyələyin idxalına məhdudiyyət qoyulub. Daha sonra müxtəlif meyvələr – üzüm, kartof və quru meyvələr də məhdudiyyətlərin əhatəsinə düşüb. İyunun 12-dən Ermənistandan karantinə tabe bütün məhsulların idxalı dayandırılıb. Diri balıq və balıq məhsullarının sertifikatlaşdırılması da dayandırılıb, iyulun sonundan isə süd məhsullarının idxalına məhdudiyyət tətbiq edilib.
Bu tədbirlərin Ermənistanın ixrac göstəricilərinə təsiri artıq müzakirə olunur. Ermənistanın 2026-cı ilin yanvar–may aylarında ümumi ixracı 2,86 milyard dollar təşkil edib. Bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz azdır. May ayında isə illik ifadədə azalma 11,6 faizə çatıb. Bununla belə, rusiyalı ekspertlərin qiymətləndirməsinə görə, Ermənistan ixracında yeni və kəskin çöküşdən danışmaq hələ tezdir. Mövcud dinamika daha çox 2025-ci ildəki ciddi azalmadan sonra ixracın sabitləşməsinə işarə edir.
Moskva isə məhdudiyyətlərin aradan qaldırılması üçün konkret şərtlər irəli sürür. Rusiya tərəfi Ermənistan istehsalçılarından öz xammallarından istifadə etməyi, pestisidlərə nəzarəti gücləndirməyi, məhsulların izlənə bilməsini və Aİİ-nin baytarlıq-fitosanitar normalarına tam əməl etməyi tələb edir. Bundan başqa, Ermənistan tərəfindən aparılmış araşdırmaların nəticələrini və görülən tədbirlər barədə məlumatları təqdim etmək, həmçinin gələcəkdə tələblərə necə əməl olunacağını göstərən fəaliyyət planının hazırlamaq istənilir.
Bu isə onu göstərir ki, Moskva hələlik qapını tam bağlamır. Əksinə, Rusiya tərəfi bildirir ki, Ermənistan müəyyən edilmiş tələbləri yerinə yetirsə məhdudiyyətlər qaldırıla bilər. Bu məqam vacibdir. Çünki indiki mərhələdə Moskvanın addımlarını sırf siyasi təzyiq kimi təqdim etməyə əsas görünmür. “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvert də məhdudiyyətlərin siyasi motiv daşımadığını bildirib. Bəli, dövlətlərin qida təhlükəsizliyi və fitosanitar normalara nəzarət etmək hüququ var. Amma digər tərəfdən, texniki əsasın olması qərarın siyasi nəticələrini aradan qaldırmır. İki ölkə arasında siyasi etimadın zəiflədiyi bir vaxtda iqtisadi qərarlar istər-istəməz siyasi məna qazanır.
***
Əslində, Moskva ilə İrəvan arasında əsas problem burada yaranır. Ermənistan bir tərəfdən Rusiya ilə iqtisadi əlaqələri tamamilə itirmək istəmir, digər tərəfdən isə yalnız Moskvanın siyasi və iqtisadi orbitində qalmaq niyyətində deyil. İrəvan Aİ ilə əlaqələrini genişləndirir, yeni tərəfdaşlar və bazarlar axtarır. Moskva isə Ermənistanın bu siyasətinə biganə qala bilməz. Çünki söhbət yalnız ticarətdən getmir. Yəni Moskvanın hələ də İrəvana təsir edə biləcək iqtisadi alətləri var. Lakin bu alətin əks tərəfi də mövcuddur. Moskva iqtisadi təzyiqi həddindən artıq artırarsa, bunun nəticəsi Ermənistanın Rusiyaya yaxınlaşması yox, əksinə, daha sürətlə uzaqlaşması ola bilər. İrəvan onsuz da alternativ bazarlar axtarır. Rusiya ilə ticarətdə yaranan hər yeni problem Ermənistan üçün Avropa, Yaxın Şərq və digər istiqamətlərə çıxışı sürətləndirmək üçün əlavə motiv yaradır.
Ona görə də Moskvanın qarşısında müəyyən dilemma dayanır: Ermənistana təsir imkanlarını qorumaq, amma onu özündən tam uzaqlaşdırmamaq. “Rosselxoznadzor”un son açıqlamaları göstərir ki, Moskva hələlik məhdudiyyətlərin aradan qaldırılması üçün qapını açıq saxlayır.
İrəvanın qarşısında da oxşar seçim var. Rusiya bazarından birdən-birə imtina etmək asan deyil. Yeni bazarlara çıxmaq üçün logistika imkanlarının genişləndirilməsi, sertifikatlaşdırma, investisiya və daha yüksək keyfiyyət standartlarına uyğunlaşma tələb olunur. Xüsusilə kənd təsərrüfatında bu keçid daha mürəkkəbdir. Pomidoru və ya çiyələyi başqa bazara yönəltmək yalnız siyasi qərarla həll olunmur. Əsas məsələ məhsulun vaxtında, keyfiyyətini itirmədən və rəqabətli qiymətlə həmin bazara çatdırılmasıdır. Bu baxımdan Ermənistan üçün ən real yol Rusiya bazarından birdən-birə imtina etmək deyil, Moskva ilə ticarət əlaqələrini qoruyaraq bu bazardan asılılığı tədricən azaltmaqdır.
***
Qarşıdakı dövrdə əsas məsələ məhdudiyyətlərin taleyi olacaq. Əgər Ermənistan Rusiyanın irəli sürdüyü tələbləri yerinə yetirsə və Moskva da buna cavab olaraq məhdudiyyətləri mərhələli şəkildə aradan qaldırsa, gərginlik müvəqqəti ticarət böhranı olaraq qalacaq. Əks halda, məhdudiyyətlərin uzanması Ermənistan ixracatçılarını yeni bazarlara daha sürətlə yönəlməyə məcbur edəcək. Burada üç mümkün ssenari önə çıxır. Birinci ssenaridə İrəvan tələb olunan araşdırmaları aparır, məhsulların təhlükəsizliyi və keyfiyyətinə nəzarəti gücləndirir, Moskva isə ayrı-ayrı məhsullar üzrə qadağaları tədricən aradan qaldırır. İkinci ssenaridə texniki tələblərlə bağlı fikir ayrılığı davam edir və məhdudiyyətlər uzun müddət qüvvədə qalır. Bu, Ermənistan istehsalçıları üçün daha ciddi problemlər yaradacaq. Üçüncü ssenari isə daha uzunmüddətli xarakter daşıyır. Rusiya bazarına çıxış qismən bərpa olunsa belə, Ermənistan paralel olaraq Avropa, Yaxın Şərq və digər istiqamətlərdə mövqelərini gücləndirə bilər. Bu halda Rusiya yenə də əsas ticarət tərəfdaşlarından biri olaraq qalacaq, amma Ermənistanın ixracında əvvəlki çəkisini tədricən itirəcək.
Diqqətçəkən məqamlardan biri də məhdudiyyətlərin kənd təsərrüfatından kənara çıxıb-çıxmayacağıdır. Əgər gələcəkdə enerji, nəqliyyat və logistika sahələrində də yeni məhdudiyyətlər tətbiq olunarsa, prosesə yalnız fitosanitar mübahisə kimi baxmaq daha çətin olacaq. Belə bir vəziyyət iqtisadi münasibətlərdəki gərginliyin siyasi müstəviyə daha açıq şəkildə keçdiyini göstərə bilər.
Pünhan ƏFƏNDİYEV
XQ
Baxış sayı:186
Bu xəbər 20 Avqust 2026 10:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















