Müasir dövrdə əmək haqqı sistemində dövlət maliyyələşdirilməsinin təkmilləşdirilməsi
Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Əmək haqqı olduqca mürəkkəb iqtisadi münasibətləri ifadə edir.
Bu, özünü müxtəlif əmək kollektivləri, hər bir işçi ilə onun fəaliyyət göstərdiyi əmək kollektivi arasında meydana çıxan münasibətləri ifadə edir.Işçilər bərabər məbləğdə əmək haqqı almırlar. Bu, onunla izah edilir ki, onlar eyni fiziki və əqli qabiliyyətə malik deyildirlər və mürəkkəblik dərəcəsi müxtəlif olan işlərdə çalışırlar.Bunu tələb və təklifin qarşılıqlı fəaliyyəti ilə izah etmək olar. Əməyin hər hansı konkret bir növü üzrə təklif, ona olan tələbə nisbətən çox olduqda, əmək haqqı az olur. Əksinə, tələb təklifdən irəlidə getdikdə əmək haqqı yüksəlir. Lakin məsələnin bu cür izah edilməsi onun bütün xüsusiyyətlərini aşkara çıxarmağa imkan vermir. Hər hansı bir konkret əmək növünə olan tələb və təklifin əsasında duran amillər zəruridir. Bunlar ondan ibarətdir ki, işçilərin hamısının qabiliyyəti eyni deyildir, ayrı-ayrı iş növləri bir-birindən özlərinin cəlbediciliyinə görə fərqlənir, habelə əmək bazarlarında əməyin müxtəlif növləri üzrə tələb və təklif arasında kəskin fərqlər varadır. Deməli, iqtisadiyyatda əməyin və işin hər birinin bircə növü mövcud olsa idi, hamı üçün əmək haqqı da bərabər olardı. Hər bir ölkədə əmək haqqi sistemi bir birindən tamamilə fərqli xsusiyyətlərə malikdir.Bir sıra ölkələrdə dövlət və özəl sektorda əmək haqqının maliyyələşdirilməsi mənbələri də fərqlənir.
Bu məqsədlə Dövlətimizin başçısının imzaladığı yeni qanunvericilik aktları dövlət idarəçiliyində aparılan institusional islahatları davam etdirməyə, dövlət qulluğunda əməkhaqqı sisteminin daha müasir, təkmil şəkildə qurularaq vahid struktur əsasında optimal və balanslı, sabit və effektiv modelə keçirilməsinə imkan yaradır.
Digər tərəfdən əmək haqqında fərqin olması fərdlərin bir-birindən qabiliyyətlərinə, hazırlıq səviyyələrinə görə fərqləndirsədə, nəticədə rəqabət aparmayan peşə qruplarında olurlar və müxtəlif iş növləri bir-birindən cəlbediciliyinə görə fərqlənir ,həmçinin müxtəlif işlərin qeyri-pul aspektləri eyni deyildir.
Yeni islahat tədbiri dövlət qulluğunda əməkhaqqı sisteminin daha şəffaf, ədalətli və nəticəyönümlü olmasını, əməkhaqqı komponentlərinin açıq və aydın şəkildə formalaşmasını təmin edir.Əmək haqqının mürəkkəb əməyə stimul yaratmasını təmin etmək üçün onun səviyyəsi ilə işçilərin ixtisası, yerinə yetirilən işlərin mürəkkəbliyi, məsuliyyət dərəcəsi arasında birbaşa əlaqə müəyyən olunur. Məsələn, ABŞ-da özəl sektorda müasir mürəkkəb avadanlıqlara xidmət edən işçilərin, təmir işləri aparan mexaniklərin, sazlayıcıların, çilingər və mexaniklərin əmək haqqı konveyerdə işləyən işçilərin əmək haqqından 2 və 3 dəfə yüksəkdir. Burada statistikada öz əksini tapan 200 kütləvi peşə içərisində daha çox haqq verildiyi nəzərə alınmaqla ən "nüfuzlusu" mühəndislikdir. Bu siyahıda ikinci yerdə iqtisadçı ixtisası gedir. Sonrakı yerləri riyaziyatçı, kimyaçı və bioloq ixtisasları tutur. Ən az əmək haqqı verilən işçilərə uzunmüddətli hazırlıq tələb etməyən peşə sahibləri, süpürgəçilər, özünəxidmət mağazalarında məhsulları qablaşdıranlar, paltar yuyan maşınların operatorları, kassirlər, yükləyicilər və s. aiddir.
Dövlət sektorunda isə fərqli yanaşmalar mövcuddur.Dövlət qulluğunda əvvəllər müxtəlif əlavələr formasında ödənilən hissələr vəzifə maaşının tərkibinə daxil edilməklə, əməkhaqqının vahid strukturu müəyyən edilir ki, bu da həmin strukturun daha aydın, sabit, ədalətli olmasına imkan yaradır. Bir sıra hallarda özünü göstərən maaş disproporsiyaları aradan qalxmaqla, bərabər imkanlar, dövlət qulluqçularının əməkhaqqının daha stabil və proqnozlaşdırılan olması təmin edilir.Burada mühüm amillərdən biri kimi, dövlət qulluğu sistemində yeni əməkhaqqı modelinə keçid bu sahədə rəqabətqabiliyyətli əməkhaqqı sistemini formalaşdırmış olur. Bu da özəl sektorun əməkhaqqı və digər sosial təminat baxımından daha cəlbedici imkanlar təqdim etdiyi müasir əmək bazarında dövlət qulluğunun da rəqabət qabiliyyətini artırır.
Həmçinin, əvvəlki modeldə əməkhaqqının əhəmiyyətli hissəsi müxtəlif əlavələrdən formalaşdığı üçün gənc və yeni dövlət qulluğuna qəbul olunan əməkdaşların məvacibi nisbətən aşağı olurdu. Artıq yeni model peşəkar mütəxəssislərin, habelə gənc, istedadlı və peşəkar kadrların dövlət xidmətinə cəlb olunmasını stimullaşdıracaq.
Dövlət qulluğunda əmək haqqının maliyyələşdirilməsi üzrə nkişaf etmiş ölkələrin bir çoxunda tarif (maaş) dərəcələrində işçilərin xalis işgüzar keyfiyyətləri ilə yanaşı, onların xidmətlərinə görə qiymətləndirmə əsasında şəxsi keyfiyyətləri də nəzərə alınır. Həm də hər bir işçinin xüsusi "xidmətləri"ni müəyyən edərkən bir sıra göstəricilərdən istifadə edilir. Bunlara iqtisadiyyatın dövlət bölməsində əməyin keyfiyyəti, iş vaxtından maksimum səmərəli istifadə edilməsi və s. daxildir. "Ümumi etibarlılıq", "əməkdaşlığa cəhd göstərmək", "ümumi davranış" kimi göstəricilər də bu qəbildəndir. Bir sıra hallarda özünü göstərən maaş disproporsiyaları aradan qalxmaqla, bərabər imkanlar, dövlət qulluqçularının əməkhaqqının daha sabit və proqnozlaşdırılan olması təmin edilir. Işlərin analitikqiymətləndirilməsi tələb olunan zehni və fiziki şərtlərdən, ixtisasdan, məsuliyyətdən və mövcud əmək şəraitindən asılı olaraq bal sisteminin köməyilə müxtəlif işlərin müqayisəli qiymətləndirilməsi metodudur. "Xidmətlərə görə" qiymətləndirmə öz növbəsində "istehsal amili" olan işçiyə, onun şəxsi xüsusiyyətlərinə bal sisteminin köməyilə tələb olunan keyfiyyət xarakteristikası verir, işin fiziki səviyyəsini, onun keyfiyyətini materiallara qənaət olunmasını, avadanlıqların saz vəziyyətdə saxlanmasını nəzərə almaqla əmək haqqı hesablanır.
Müasir dövrdə dövlət qullugunda iş günü norması üzrə əmək haqqı formasına üstünlük verilməsi meylləri daha səmərəlidir. Lakin əmək haqqının forma və sistemləri dəyişməz deyildir. Dövlət işinin xarakterindən, əhatə dairəsindən və digər amillərdən asılı olaraq, onun yeni, həm də mütərəqqi forma və sistemləri meydana gəlib və bu təcrubədən istifadə etmək lazımdır. Çünki inkişaf etmiş bazar iqtisadiyyatına malik olan ölkələrdə əmək haqqı demək olar ki, bazar qanunları və şəraitinə uyğundur, fəaliyyətinin son nəticələrindən asılı olur. Odur ki, əmək haqqının müasir sistemlərində qiymətlə bağlı olmayan, lakin kəskinləşən rəqabətdən irəli gələn bir çox amillər nəzərdə tutulur. İnkişaf etmiş ölkələrdə dövlət sektorunda yüksək keyfiyyətli məhsul istehsalı, xammal və materiallara qənaət edilməsi, işçinin vicdanlı işi, səriştəliliyi, bacarığı və s. üçün üstəlik haqq verilməsini nəzərdə tutan mükafatlandırma sistemi əmək haqqınin baza sistemi ilə tənzim edilir .Burada hər bir ölkədə həyata keçirilən müxtəlif nəzarət tədbirləri də zəruridir.
Bildiyiniz kimi, Azərbaycanda dövlət idarəetmə sistemində korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin əsas prioritet istiqamətlərindən biridir və tətbiq olunan institusional, hüquqi və inzibati mexanizmlərlə yanaşı, dövlət qulluqçularının sosial təminatının gücləndirilməsi, xüsusilə əməkhaqlarının artırılması bu sahədə mühüm preventiv tədbirlərdən biridir. Dövlət qulluğu sistemində yeni əməkhaqqı modeli də dövlət qulluqçularının rifahına yönələn daha bir addım olmaqla, korrupsiya ilə mübarizədə növbəti mühüm vasitələrdən biri olacaq.Bir sıra ölkələrdə aparılmış iqtisadi tədqiqatlar göstərir ki, dövlət qulluqçularının əməkhaqlarının artırılması korrupsiya hallarının azalması ilə müşayiət olunur. Dövlət sektorunda əməkhaqlarının artırılması korrupsiya üzrə cinayət təqiblərinin də azalmasına, dövlət qulluqçularının fəaliyyətində şəffaflıq səviyyəsinin daha da artmasına səbəb olur. Beynəlxalq təcrübədə bu istiqamətdə ən çox qeyd olunan nümunələrdən biri Sinqapurun dövlət idarəetmə modelidir. 1970–1990-cı illərdə həyata keçirilmiş islahatlar çərçivəsində dövlət qulluqçularının əməkhaqları mərhələli şəkildə artırılmaqla, onların maaşları özəl sektordakı əməkhaqları ilə müqayisə edilə bilən səviyyəyə çatdırılıb. Nəticədə dövlət sektorunda işləmək iqtisadi baxımdan daha cəlbedici olaraq, bu sektorda korrupsiya riskləri də əhəmiyyətli dərəcədə azalıb. Bu siyasət nəticəsində Sinqapur uzun müddətdir ki, dünyanın ən az korrupsiyaya məruz qalan ölkələrindən birinə çevrilib və beynəlxalq indekslərdə (Transparency International) ilk yerlərdə qərarlaşır.
Inkişaf etmiş ölkələrin tarif sistemi sahəsində təcrübələri də diqqətəlayiqdir. Bazar iqtisadiyyatının inkişaf etdiyi ölkələrin demək olar ki, hamısında tarif sistemindən müvəffəqiyyətlə istifadə olunur. Tənzimlənmənin üç pilləli mexanizm əmək bazarı, dövlətin müdaxiləsi və kollektiv müqavilələr fomalaşında, elmi-texniki tərəqqinin təzahürlərindən biri olan əməyin nəticələrinin kəmiyyətinə görə ənənəvi ödəmə sistemindən, hər şeydən əvvəl mukafat sistemdən imtina edilir. Digər tərəfdən öz ixtisasını yüksəldən, bir neçə peşəyə yiyələnən və müxtəlif vəzifələri yerinə yetirən işçilərdə maraq yaradılır və əmək haqqının baza hissəsinin artırılırması forması geniş yayılmışdır.Məsələn Honq-Konqda dövlət xidmətində əməkhaqqı siyasətinin dəyişdirilməsi ilə bağlı aparılmış araşdırmalar göstərib ki, dövlət qulluqçularının əməkhaqlarının 10% artırılması rəsmi korrupsiya şikayətlərinin təxminən 4% azalmasına, korrupsiya ilə bağlı cinayət işləri üzrə məhkumluq hallarının isə 7–21% azalmasına səbəb olub. Eləcə də Estoniya, Latviya, Sloveniya, Gürcüstan və digər bir çox ölkələrlə bağlı araşdırmalar da dövlət qulluqçularının əməkhaqları artırılmasının həm korrupsiyaya qarşı mübarizədə, həm də dövlət qulluğuna peşəkar kadrların cəlbi baxımından müsbət nəticələrə səbəb olduğunu göstərmişdir.Avropa Komissiyasının məlumatına əsasən, bir sıra Avropa ölkələrində dövlət sektorunda əməkhaqqı sistemləri çoxsaylı və mürəkkəb əməkhaqqı strukturlarını sadələşdirmək, vəzifələrin təsnifatına əsaslanan vahid əməkhaqqı modeli yaratmaq və dövlət idarəçiliyinin səmərəliliyini artırmaq məqsədilə modernləşdirilib.Bütün bunlar ölkəmizdə dövlət qulluğu sistemində yeni əməkhaqqı modelinə keçidin xüsusi önəm kəsb etdiyini bir daha təsdiqləyir.
Elnur Sadıqov
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və audit kafedrasının professoru,iqtisad elmləri doktoru
Bakıvaxtı.az üçün
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:157
Bu xəbər 30 Mart 2026 16:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















