Müasir memarlıq hansı istiqamətlər üzrə inkişaf edir?
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 25 dekabr, AZƏRTAC
Müasir memarlığın inkişafı bir neçə əsas istiqamət üzrə formalaşır və bu istiqamətlər həm texnoloji, həm də sosial-mədəni dəyişikliklərlə sıx bağlıdır.
Bu barədə AZƏRTAC-a açıqlaması zamanı memar Aysel Hüseynova bildirib.
“Birinci əsas istiqamət, davamlı və ekoloji memarlıqdır. Bu yanaşma enerji səmərəliliyi, karbon izinin azaldılması, yerli və təkrar emal olunan materiallardan istifadə, passiv günəş sistemləri və yaşıl damlar kimi həlləri ön plana çıxarır. Memarlıq artıq təkcə estetik obyekt deyil, ekosistemin bir hissəsi kimi düşünülür. İkinci istiqamət, rəqəmsal texnologiyaların və parametrik dizaynın memarlığa inteqrasiyasıdır. BIM sistemləri, süni intellekt, alqoritmik və parametrik modelləşdirmə memara daha mürəkkəb formalar yaratmaqla yanaşı, prosesin dəqiqliyini və sürətini artırır. Bu, memarlığı daha eksperimental və elastik edir. Üçüncü istiqamət, insan mərkəzli və sosial yönümlü memarlıqdır. Bu yanaşmada məkanın psixoloji təsiri, istifadəçi təcrübəsi, inklüzivlik, yaşlılar, uşaqlar və əlillər üçün əlçatanlıq əsas meyarlara çevrilir. Memarlıq sosial bağları gücləndirən bir vasitə kimi dəyərləndirilir. Dördüncü istiqamət, mövcud strukturların yenidən funksionallaşdırılmasıdır. Tarixi və sənaye binaların yeni funksiyalarla yaşadılması həm mədəni yaddaşın qorunmasına, həm də resursların səmərəli istifadəsinə xidmət edir. Beşinci istiqamət isə, interdisiplinar yanaşma və instalyativ məkan düşüncəsidir. Memarlıq artıq təkbaşına deyil, incəsənət, dizayn, sosiologiya və fəlsəfə ilə dialoqda inkişaf edir. Xüsusilə instalyasiya və müvəqqəti strukturlar memarlığın məkanla eksperimental münasibətini gücləndirir”, - deyə Aysel Hüseynova vurğulayıb.
Memar əlavə edib ki, müasir memarlıq texnologiya, ekoloji məsuliyyət və insan təcrübəsi arasında balans qurmağa çalışan çoxqatlı və dinamik bir sahə kimi inkişaf edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 25 Dekabr 2025 17:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















