Müdrik insanın çəkilməz dərdi
Turkstan.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Rollan SEYSENBAYEV,
Qazax yazıçı
A
Abay. Qazaxlar ən böyük övladlarından birini şəfqətlə, cevgiylə bu cür adlandırırlar.
Abay – böyük şair, musiqiçi, tərcüməçi, filosof, siyasi xadimdir.
Abay – cəmi qazax poeziyasında ən faciəvi fiqurlardan biridir.
O, çəkilməz dərdi olan müdrik idi.
Ağlımı ucaltmaq istədim özüm,
Tayımı tapmadım sözdə, söhbətdə.
Amma xalq qədrimi bilmədi mənim,
Həyatda tənhalıq seçmişəm mən də.
Abay qazax poeziyasına fəlsəfi düşüncə gətirən ilk şairdir. O, fəlsəfi və bədi başlanğıcları birləşdirməklə yeni poeziya yaratdı. Abayın adıyla çöldə şüurlu fəlsəfəsi və üslub istiqaməti olan yeni qazax poeziyası meydana çıxdı. Əsl yeni poeziya iki poetik xüsusiyyətin və iki başlıca cəhdin qovuşmasından doğulur.
Abay qazax cəmiyyətinin yenilənməsi ideyasını gerçəkləşdirməyə hamıdan çox can atırdı, bunu da yalnız sönmüş milli hissləri dirçəltməklə, əsl xalq ənənələrini bərpa eləməklə həyata keçirmək olardı. Artıq XIX əsrin sonlarında Abayın yaradıcılığı XX əsrin poetik realizmi zirvələrinə yüksəldi.
Poeziyada bütöv, doğma, yadlıqdan xilas edilmiş şəxsiyyət əks etdirilməlidir. Abay daim xalqın tərəfində qalır, çünki xalq onun düşüncəsində sənətin yeganə dayağı, dünyada mənəviyyatın yeganə qoruyucusudur.
Şair zahirən folklorun özünəməxsus obrazlılığıına fikir vermirdi, Abayın yaradıcılığı xalq poeziyasının obrazlı aləminin daxilinə nüfuz eləməyə, kosmik nizamın hadisələri kimi, həyata, sevgiyə, ölümə münasibəti qavramağa duyduğu böyük etiyacla əhəmiyyətlidir.
Abayın poeziyası rənglərlə, ədəbi və fəlsəfi assosiasiyalarla zəngindir. Onun əsərlərini oxuyanda sənətkarın hədsiz səxavətindən heyrətlənirsən: Abay hər şeyə - nəğmə havasına, impressionist çalarların dəqiqliyinə, zərif üsluba, kinayəli çoxmənalılığa, heyrətamiz ahəngə – nail olur.
Abayın poeziyası ahəngdar və sirlidir. Onun poeziyasını səmimiyyətin güclü axını, böyük tövbə yanğısı və daxili sadəlik fərqlənditrir.
Qəfildən də gözlənilməz, ürəkparçalayan vicdan səsi və insanın dərdinə və binəsibliyinə görə əzab çəkən yanar ürək peyda olur.
Onun - poeziyası nəhəng ağrı, bəzənsə ümidsizlikdir. Onun lirikası – insanın qismətinə düşən faciənin dərindən yaşantısıdır. İnsan öz duyğularında həyata və ölümə layiq olmalıdır ki, ölümün günahını yalnız yeni həyatla yumaq mümkün olsun.
Abayın poeziyası ilə adamı fikrin və düşüncənin böyük nəfəsi, varlığın Yür kürəsi miqyasında dərkinin yeli vurur. Onun əsrarəngiz, kədərli nəğələrilə isə ali müdriklik və ilahi aydınlıq yaranır.
Abay böyük şair kimi, dünyanı özündən keçirib və öz işində öz dünyasını yaradıb. Şair zahiri ifadəliliyin, bir çox vasitələrindən, çox yaxşı bacardığı dəbdəbəli tapıntılardan imtina edib.
Abay ömrü boyu ətraf aləmin həqiqətindən qaçıb, feodalizmin və özbaşınalığın boğanaq mühitindən çıxmağa can atıb. O, başlanğıcda çölün akın-şairlərinin klassisizminə meyil göstərib, sonra yeni obrazlar və ideyalar aləminə yetməyə cəhd göstərib.
Bu, şairin boğulduğu köhnə həyat tərzindən aralanmaq, yeni, nəcib ideyalar və aktiv fəaliyyət aləminə getməkdir. Abay həyatı duyğulu zövqlər zolağı kimi yox, mübarizə kimi qəbul edirdi. Əbədi həyat naminə poetik sözdə fədakarlıq zəruridir. Yalnız poetik fədakarlıq sözün əsrlərlə yaşamasına və insanları irəli aparmasına yardım göstərir.
Abayın şeirləri poetik qanunların hər hansı şətriliklərindən azad olur, get-gedə daha da yığcamlaşır, başlıca diqqət fikrin canlılığına yönəldilir. Bu zaman da sözün çəkisi artır. Abayın şeirlərinin başlıca yönümü – bütün varlıqların, insanın və kosmosun, ruhun və əşyaların sarsılmaz şə sonsuz birliyinin təsdiqidir.
Abay Abasy şeirdə mənəvi və tarixi təzahürlərin aydın cizgilərini əks etdirən formulları heyrətamiz istedadla yaradıb.
Qazaxlar Abayın yaradıcılığının əsl mahiyyətini, onun dünya məkanındakı əhəmiyyətini yalnız XX əsrin 40-cı illərində dəyərləndirdilər. Bu da qazax yazıçısı Muxtar Auezovun sanballı romanı sayəsində baş verdi. O, birinci olaraq Abayın öz dövründə yaranmış ədəbiyyatın həqiqi klassiki, poeziyasının əsl mahiyyətində dəyeni, artıq imperiya zülmünün qatlarından keçib gələn gələcəyin toxumlarının olduğunu dərk elədi.
B
Abay fəlsəfəylə ciddi maraqlanırdı. Onun bu sahədə böyük istedadı vardı. Şair öz lirikasında Şərq və Qərb filosoflarının XIX əsrin axırlarında irəli sürdüyü ideyalar, eyni zamanda da Abayın uzun illər fikrən söhbət və fikir mübadiləsi apardığı böyük sufi şairlər Ömər Xəyyam, Rudəki, Yasəvinin düşüncələrindən vəcdə gəlir, onları götür-qoy edir, yaxud əleyhinə çıxır.
Əyləşib yanğıyla içirəm yenə,
Yaşanmış günlərin acı zəhrini.
Guya yaşayıram, səs-küy içində,
Çəkirəm hələ də arsız qəhrini.
Hazıram inanım yenə düşmənə,
Həyatın əbədi təlxəklərinə.
Başımı götürün qaçan deyiləm,
Bir zəhər qaldımı hələ işməyim?
Abayın fəlsəfi düşüncələri – dünyaya müəyyən bir münasibətin, dünyadakı insanın mümkün poeziyasının obrazıdır. Onun düşüncəsinin və poeziyasının təbiətində etiklik var.
Abayın düşüncəsində hər şey vahid mərkəzə - insana ölüm qorxusunu yenməkdə, həyatı dərk eləmək şübhəsinə üstün gəlməkdə yardım göstərəcək əxlaqi bütövlüyün mərkəzinə cəlb olunub. Abay üçün, əslində, yalnız insan və onun mənəvi, ruhi mahiyyəti vacibdir.
Yetkin Abayın poeziyası ünsibsiyyətdə, insanlar arasında könül bağı qurulmasında tələbatdır. O, öz xalqını oyatmağa, cismini və ruhunu canlandırmağa can atır, onu fasiləsiz mənəvi fəaliyyətə yönləndirir.
Şərq siyasətiin əsasında sözə hörmətkaranə münasibət durur, burada özünəməxsus söz kultu var. Şərq şairi üçün əsl poetik söz hər şeydən üstündür. İnsanlara yalnız bu cürt təsir göstərmək mümkün idi. Şair sözünün təsiri çöldə kəskin qalınca bərabər tutulurdu.
Abay Şərq və Qərb müdrikliyini vahid şəkildə birləşdirməyi bacarıb. Çöldə yaşayan şair Abay Şərq və Qərb poeziyasının formal bədii xüsusiyyətlərini birləşdirmək, həddən artıq humanist Şərq-Qərb sintezini yaratmağa nail olmuşdu. Bununla o, eynilə “avrosentrizm” müstəmləkəçi konsepsiyasına və milliyətçi ehkamlara qarşı olan Hötenin humanist Qərb-Şərq sintezini inkişaf etdirib.
Biz Puşkinin yaradıcılıq təkamülünü dərindən dərk etdikdə onun poeziyasında “Şərq mövzusu”nun xüsusi işnkişafını duyuruq...
...XIX əsrin axırlarında Qazax məmləkətinin çar mütləqiyyəti tərəfindən müstəmləkə altına alınması gücləndi. Belə bir şəraitdə qaçax çölü iqtisadi, sosial, mədəni gerilik məngənəsində çırpınırdı.
Köçəri mədəniyyəti dağıldı, əvəzində boşluqdan başqa heç nə yaranmadı.
Ahəngdar dünya nizamı zorakılıqla süquta uğradıldı. Simasız, nadan, ağlagəlməz dağıdıcılıq qüvvəsi çölə gerçək hadisə kimi gəldi. Çöl jandarmların basqını altında məhv olur, onunla birgə poeziya, əfsanə, nağıl yoxa çıxırdı... Qılınc və güllə ilə olmək təbiət qanunlarına ziddir. Özbaşınalıq yeni doğuluşdan xəbər vermir. Sosial çaxantılarin, təcavüzlərin həmləsinə məruz qalanda dünya harmoniyası dağılır.
Həmin illərdə hər bir qazax şairi və mütəfəkkirinin yolu faciəvi tənhalıqdır. Abay böyük şair kimi, yeganə yolu – xalqa doğru yolu olduğunu dərk eləyirdi. O, öz xalqının uca nənəviyyata malik xalq səviyyəsinə çatmasını arzulayırdı.
VI-VIII əsrlərdən başlayaraq, qazaxların düşüncəsi heç vaxt belə gərgin və əlbir fəaliyyət göstərməmişdi.
Ümumi problemlərin, ümumi narahatlıqların və qayğıların enerjisi fəlsəfi mücərrədlikdən başlamış lirik izharacan bütün milli mədəniyyətə sirayət etmişdi.
XIX əsdrin hər bir böyük şairində humanist sintez bənzərsiz fərdi görkəmdə təzahür edir. Abay yaradıcılığının ən yüksək mənəvi dəyəri azad insan konsepsiyasının sosial şərə və qeyri-insaniliyə qarşı mübarizəsidir.
Digər böyük yaradıcılara – Şekspirə, Höteyə, Bayrona, Puşkinə, Lermontova, Rabindranat Taqora məhz bu cür düşüncə xasdır.
A
Abayın şəxiyyət haqqında, şəxsiyyətin faniliyi və əbədiliyi haqqında poetik və nəsri düşüncəsi onu Allaha gətirib çıxarırdı:
Demək asandır ki, bax, Allah budur!
Amma Onun yolu düz sözdən keçir.
Ruhunla, qəlbinlə saf ol, təmiz ol,
Haqqa başqa bir şey lazım deyildir.
Amma ki, dərk olunmaz Allah ağılla,
Dilim əbəs yerə ondan söz açır.
Şübhə yox! Bu gözəl, fani dünyada,
Gördüyün hər şeydə Allah mövcuddur.
Allah dünyanı şərin yaşaması üçün yaratmayıb. Yer kürəsi insan üçün yaqradılıb, çünki insanın özü İlahinin əsəridir, onun bir hissəsi, təzahürüdür, insansız dünyanın bütövlüyü və harmoniyası ağlagəlməzdir. Ağıl insana ondan ötrü yaradılmış dünyanı dərk eləmək, öz biliyini ali məqsədinə çatmaq vasitəsinə çevirmək üçün bəxş olunub.
Əsl müdrik üçün yelə göyü bir-birindən ayıran uçurum yoxdur. Məhz şər kimi görünən şeylər yalnız cahillik nəticəsində yaranıb və fəal dərklə aradan qaldırılır, xeyirin bərqərar olmasına, ali məqsədə - Allaha qovuşmağa, ahəngin ali hizamına çatmağa yönəlib.
Abay belə hesab edir ki, insanın vəzifəsi şərin əsarətində olmaq yox, yaşamaq, yaratmaq və fəaliyyətdə olmaqdır.
Şair “Qara söz” adlı heyrətamiz əsərində uzunmüddətli düşüncələrini, axtarış və tapıntılarını, həyəcan və narahatlıqlarını, səmimi sevinc və kədərini, ruhi çırpıntısını və acı nəticələri, hiddət və dincliyi ifadə edib.
O, kitabın əvvəlində yazır: “Bugünəcən yaxşı, yoxsa pis yaşamışam, bilmirəm, amma az ömür sürməmişəm. Bu ömür müddətində hər şey – mübahisələr də, ağır ittihamlar da, mübarizə də, gərəksiz dava-dalaş da olub, nəhayət, ahıl yaşına çatanda, qəlbim heydən düşüb hər şeydən bezəndə xeyirxah niyyətlərimin mənasızlığına və faydasızlığına, öz varlığımın faniliyinə inandım. İndi nə ilə məşğul olum, qalan ömür möhlətimi necə yaşayım? Öz sualıma cavab tapa bilməməyim məni narahat eləyir”.
Onun “Qara söz” kitabı – həqiqətə gedən yolu dərindən dərk etməyin nəticəsidir. Kitabın ideyası sadə və əzəmətlidir. Şair dünyanın ən böyük dəyərinin insan olduğunu, onun da gözəlliyə və ahəngdar kamilliyə yetməsinin vacibliyini bizə dönə-dönə xatırlatmaqdan yorulmur. İnsanın qəlbi, ağlı, cismi və hissləri gözəl olmalıdır. İnsanın vəzifəsi öz düşüncələrini və əməllərini yalnız xeyirə, uca ideallara yönləndirməyi bacarmalıdır.
Ayrıca bir şəxsiyyətdən məhz bəşəriyyətə can atmaq Abay poeziyasının mənəvi iqlimini ağlagəlməz dərəcədə dəyişib.
Gerçək aləmin dərki və dünyadakı hər bir kəsin şəxsi məsuliyyəti – böyük şairin əsas qazancı və həyat, yaradıcılığıyla əvəzini ödədiyi bunlardır.
Abay Qazax məmləkətinin taleyi məsələsini öz xalqı qarşısında qəddarcasına qoyurdu. Onun əxlaqi maksimalizmi xalqını alçaltmır, onu müdrikliyə səsləyir. Yalnız buna görə Abayın əsərləri insanda öz gücünə, xeyirin təntənəsinə inam oyadır və möhkəmləndirir.
Abay izah edir ki, dünya əbədi, vahid və ahəngdardır. Fikir ayrılığı, qüssə, hətta ölüm o ahəngi dağıda bilməz, çünki təbiidir.
Ölüm ayağında olan insanda hiddətinin, cəsarətinin və ümidinin son hüdudları peyda olur.
Bu, hisslərin partlayışı, bütün insan varlığının gərginləşməsi, əsl ilham üçün vacib olan ehtirasdır.
Abay çılğın yaradıcıydı.
Şairin bu çılğınlığı özünün və dünyanın taleyini qəfildən aydınlatdı. İnsan həyatı əsl həyatın gözəl və faciəvi harmoniyası qanunları üzrə hərəkət edir: sevgini və azadlığı ölüm ələ keçirir, çılğınlıq az şeylə razılaşmır və çılğın qəlb son hüduna can atır.
O, həqiqi böyük insan kimi, böhtan, açıq-aşkar təhqirlər və səfehlərin nifrəti qarşısında qorxu duymurdu.
O, əsl vətəndaştək öz borcunu son nəfəsinəcən yerinə yetirdi, namuslu və həqiqətə can atan adam kimi qaldı. Sevgi həmişə ölümlə yanaşı olur, çünki bu səviyyəyə çatmayan sevgi – sevgi deyil. Bunu da yadda saxlamaq lazımdır ki, azadlıq yalnız özündən imtina etməklə qazanılır.
Biz həyatı əfsanəyə çevrilmiş Abayın şeirlərində əxlaqi dərslər axtarırıq.
Y
Çölün öz xalqı tərəfindən dərk olunmayan böyük şairi Allahla təkbətək qaldı.
Abay öz xalqını hamıdan çox sevirdi, buna görə də onun sözləri qəlbi kimi qan ağlayır.
Sənətkarın incə qəlbi kamanın gərili kirişitək dartılmışdı.
O, bu həyatdan kimsəylə vidalaşmadan köçdü. Şairin söhbətlərinə, sevgisinə və şəfqətinə layiq olanlar onu axirət dünyasında gözləyirdilər.
O, bütün gücünü öz xalqının maariflənməsinə həsr eləmişdi, amma xalq şairin nəğmələrinin əsrarəngiz melodiyasını eşidib düşüncələrinin dərin mahiyyətinə vara bilməmiş, müdrik məsləhətlərini dinləməmişdi.
Bu Abay faciəsinin başlanğıcı və sonu idi.
Onun hərdəmxəyal və qayğısız xalqının gaciəsi isə yeni-yeni doğulur və möhkəmlənirdi...
Mart 1995
London.
Tərcümə edən: Nəriman Əbdülrəhmanlı


