Müəllimlər müəllimi Kərim Əsgərov
525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Əsgər ƏSGƏROV
Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Mətbuat aləmində işə başlayıb əlimə qələm götürdüyüm dövrdən (rayon qəzeti, noyabr 1960) çox keçməmiş gərəkli bir məqamı dərk edib onun sehrinə düşdüm. Yazı-pozu əhli ürəyindən keçəni ağ vərəqlərə köçürməyə girişəndə, adətən, iki halda bərk tərəddüd hissi keçirir, çətinliklə qarşılaşır. Birincisi, yazacağı mövzuya, vəsf edəcəyi şəxslərə yetərincə dərindən bələd olduqda: haradan başlayım, hansı faktı ön plana çəkim ki, süjet oxucunu ələ ala bilsin? İkincisi isə, qələmə alacağı obyekti, şəxsi və ya sahəni lazımınca tanımadıqda... Başqa sözlə, aşığın "neynim-neynim"i yazının gündəliyinə düşəndə çətinlik qaçılmaz olur.
Ağbaba mahalının Amasiya rayonundakı Qaraçanta (1939-cu ildən Əzizbəyov adlanan) kəndinin dəyərli ziyalısı Kərim Qələndər oğlu Əsgərov haqqında ürəyimdən keçənləri bir araya cəmləyib, bu tanınmış kənd müəlliminin bir əsrlik yubileyinə ərməğan hazırlamaq qərarına gələndə də məhz bu hissləri yaşadım. Kərim müəllim özgəsi deyil, mənim yaxın qohumumdur, soyadımız da eynidir. O, 1944-cü ildə məktəbə ayaq basdığım gündə mənə əlifbanı tədris edən ilk müəllimim olub. Beşinci-yeddinci siniflərdə isə dil-ədəbiyyat dərslərini bizə o deyib; Azərbaycan dilinin qrammatik kateqoriyalarını bütün incəliklərinə qədər öyrətməyə çalışıb və buna nail də olub. Həm də evlərimiz divar-divara qonşu idi. Belə bir "əlverişli" mühitdə yaşamaq mənə müəllimim barədə yüzlərlə maraqlı fakt, məlumat və müşahidə qazandırmışdı. Bu "tarixi və coğrafi" yaxınlıqda mənə məlumat qıtlığı çəkmək mümkün deyildi. Odur ki, ən ümdə xatirələri seçərək yubiley yazıma davam edirəm.
Kərim müəllim ailənin ilki idi. O, 15 yaşına çatanda qardaşları Baxşəli 13, Abbasəli 10, sonbeşik bacısı Möhtəbər isə 9 yaşın içində idilər. Ata cəbhədə, ana evdar qadın, baba Əşrəf əmi isə yataq xəstəsi idi. Ailənin bütün ağırlığı Kərimin çiyinlərində idi. Kolxozun mal-qarasını otarar, ot və taxıl biçinində işləyərdi. Son vaxtlar isə Arpaçayı üstündə tikilmiş qədim dəyirmanda usta köməkçisi kimi fəaliyyət göstərirdi. Dəyirmançı ustanın hərəkətlərinə diqqət yetirməklə, daşları işə salmağı və növbətçilərə (nobatçılara) xidmət etməyi tez öyrənmişdi. Dəyirman, ana babası Kərbəlayi Əsədin onilliklər əvvəl tikdirib işə saldığı bir yadigar idi. Erməni dəyirmançı, gənc Kərimin səriştəsinə bələd olduğundan, tez-tez Gümrüyə, evinə gedər, yalnız meyli çəkəndə iş başına qayıdardı.
Lakin bir hadisə gəncin dəyirmançılığına son qoyur. Bir gecə Kərim kiçik qardaşı ilə un üyüdən növbətçini yola saldıqdan sonra dəyirmana əldə silah iki erməni daxil olur. Biri yaşlı, digəri cavan olan bu şəxslər yorğun imişlər; görünür, ordudan qaçan fərarilərmiş (sonradan bu ehtimal təsdiqlənir). Qardaşlar bərk həyəcan keçirir və qəti qərara gəlirlər ki, dəyirmanı tərk edib kəndə qayıtsınlar. Ucsuz-bucaqsız sıldırım qayalıqlarda yeganə həyat rəmzi olan dəyirman hər an qaçaq-quldur yuvasına çevrilə bilərdi. Qaçaqlar dincəlib sübhçağı gedəndən sonra Kərim dəyirman daşının "dabanını qaldırır", suyu kəsir, qapını qıfıllayıb Qaraçantaya yollanır. Bununla da "Köhnə dəyirman" fəaliyyətini dayandırır və az sonra sökülüb dağılır.
Kərim kolxozda işləməklə yanaşı, yeddinci sinfi bitirir və İrəvan Pedaqoji Texnikumunun qiyabi şöbəsində təhsil almağa başlayır. 1942-ci ilin sentyabrında, hələ 17 yaşı tamam olmamış, o, kənd məktəbinə müəllim təyin olunur.
Qışın qarlı-boranlı fevral günlərindən birində Kərim Əsgərov ağır qəza keçirir. Nəsibovların məhəlləsində küləyin aşırtdığı elektrik dirəyini bərpa edərkən dirək onun boyun nahiyəsinə düşür. Xəstəni xərəkdə evə gətirəndə ağız-burnundan, qulağından qan axırmış. Kənddə şüvən qopmuşdu, hamı əl-ayağa düşür. Belə bir gərgin anda anam Maya Yusif qızı gözlənilməz bir çeviklik göstərərək başındakı yaylığı açıb Kərimin sol qolundan ilgək (jqut) salaraq bərk sıxdırır. Az sonra qan dayanır. Gecdən-gec rayonun baş həkimi Ağunik gəlib çatır və xəstə tədricən özünə gəlir. Bəlkə də bu, taleyin qisməti idi ki, Kərim ölümün pəncəsindən xilas olur və sonralar yüzlərlə gəncin təlim-tərbiyəsində yaxından iştirak edir.
Pedaqoji Texnikumu bitirdikdən sonra Kərim müəllim İrəvan Pedaqoji İnstitutuna daxil olur. 1947-1948-ci illərdə Stalinin əmri ilə həyata keçirilən deportasiya nəticəsində institut da, texnikum da... Azərbaycana (Bakı və Xanlara) köçürülür. Sonra o, təhsilini Azərbaycan Dövlət Qiyabi Pedaqoji İnstitutunda davam etdirir və 1953-cü ildə oranı uğurla bitirir.
Bu illərdə Kərim müəllimin fəaliyyəti təkcə doğma kəndi ilə məhdudlaşmırdı. O, bütövlükdə rayon gənclərinin tərbiyəsində yaxından iştirak edirdi. Özünün imtahan sessiyalarına, dövlət imtahanına hazırlaşmasına rəğmən, rayon mərkəzindəki orta məktəbdə təhsil alanlar "kamal attestatı" verilmək ərəfəsində tez-tez onun yanına gələr, gecə də olsa konspektlərini yoxlatdırar, yazdıqları inşalara düzəliş etməsini xahiş edərdilər. Kərim müəllim gecənin bir vaxtı olsa da, yorulmadan onlara kömək edər, dəyərli məsləhətlərini əsirgəməzdi. O, daima mütaliə edər, öz üzərində çalışardı. Sonralar ali təhsilini başa vurduqda riyaziyyatçı Bəşir Məmmədovdan sonra kənddə alitəhsilli ikinci müəllim oldu.
Bunu görən rayon Təhsil İdarəsinin rəhbərliyi, raykom onu məsul işlərə daha fəal cəlb etməyə başladı. Kərim müəllim tezliklə İmtahan Komissiyalarının üzvü, sonra isə Əzizbəyov, Güllücə, Göllü kəndlərində məktəb direktoru işlədi. Maarif Nazirliyinin nümayəndəsi kimi müxtəlif imtahanlarda iştirak etdi. Nəhayət, 1966-1971-ci illərdə Amasiya Rayon Təhsil İdarəsinin müdiri vəzifəsinə yüksəldi. O dövrün ziyalıları və yerli əhali onu təmiz və ülvi, neqativ hallardan uzaq bir rəhbər kimi tanıdı. Düzlük və halallıq onun fəaliyyətinin ana xətti idi. Rayon Təhsil İdarəsinin inspektoru T.Matevosyan söhbət əsnasında deyərdi: "Mən öz ana dilimdə bir yoxlama aktı yazana qədər Kərim müəllim erməni dilində məzmunu və məğzi qüsursuz, orfoqrafik səhvsiz iki aktı hazırlayıb makinaçıya təhvil verirdi".
Kərim Əsgərovun sonrakı 15 illik gündəlik fəaliyyəti "Əmək" rayon qəzeti ilə bağlı oldu. Redaktor kimi o, Ağbabanın təsərrüfat və quruculuq işlərini, qabaqcıl əmək adamlarının nailiyyətlərini qəzet səhifələrində geniş işıqlandırırdı. Bədii yaradıcılığa həvəsi olanlar üçün redaksiyada xüsusi güşə açmışdı. Eyni zamanda Amasiya Rayon Partiya Komitəsinin büro üzvü və bütün çağırışlarda rayon sovetinin deputatı seçilmişdi. Büroya dəvət olunanlar, xüsusən partiya sıralarına qəbul edilənlər Kərim müəllimin savadlı (bəzən də yardımçı) suallarından ehtiyat edərək (faydalanaraq), iclasa tam hazırlıqlı gələrdilər. Bu, xalqın ona olan böyük ehtiramının təzahürü idi.
Mən özüm yuxarı siniflərdə oxuyarkən Kərim müəllimin "əziyyət"ini çox çəkmişəm. O, bizi kitablar aləminə daxil olmağa həvəsləndirərdi. Qiyabi təhsil aldığı vaxtlarda yoxlama işlərini mənə verib deyərdi: "Apar poçta, ünvana yola sal (Bakı, Bir May küçəsi 101)". Bu tapşırıqlar məndə təhsilə və ictimai işlərə böyük maraq oyatmışdı. Hətta uşaqlıqdan onun təşviqi ilə məqalə yazmağa başlamışdım. 1945-ci ildə rayon qəzetində dərc olunan "Hüseyn əminin bostanında" adlı ilk yazım onun verdiyi göstərişlərin nəticəsi idi. Məqaləyə görə redaksiya mənə pul da göndərmişdi.
Onun öyrətdiklərinin bəhrəsini 1955-ci ildə Bakıda, V.İ.Lenin adına APİ-nin dil-ədəbiyyat fakültəsinə imtahan verərkən gördüm. Şifahi imtahanda cavablarım yazıçı İsmayıl Şıxlını və dilçi Abbasqulu Məhərrəmovu tam razı saldı (bu şəxsiyyətləri sonra yaxından tanıdıq, bizə dərs dedilər). Abbasqulu müəllim cümlə təhlilinə xüsusi diqqət yetirərdi. İsmayıl müəllimin "fikrinizi deyin" sözünə onun cavabı belə oldu: "Mən razı". Elə buna bənd imiş kimi müəllim imtahan vərəqəmə əla yazdı, sonra da stolun üstündəki yazımı (inşa) qiymətləndirdi - əla. Müəllimlərə minnətdarlıq bildirdim. Ancaq ilk sözü minnətdarlığı qəlbimdə Kərim müəllimə yönəltdim. Çünki o, bizə cümlə təhlilinin ən yaxşı, ən optimal variantını elə öyrətmişdi ki, son dərəcə tələbkeş A.Məhərrəmov cavabıma bir dəfə də olsa müdaxilə etmədi.
Kərim müəllim həm də şən və zarafatcıl insan idi. Aramızda 11 yaş fərq olsa da, mənimlə söhbətdə yeri gəldikcə yumordan istifadə edərdi. Hələ 5-ci sinifdə oxuyarkən məktəbin "Divar" qəzetinə yazdığı mənzum felyetonu bütün şagirdlər əzbərləmişdilər. O, həm də sənədli oçerklərin, hekayələrin və çoxsaylı məqalələrin müəllifi idi.
Qarabağ hadisələri ilə əlaqədar Qərbi Azərbaycandan köç başlayanda Kərim müəllim doğma yurdunu ən son tərk edənlərdən biri oldu. 1989-cu ildə Sumqayıta pənah gətirdi. Təəssüf ki, Sumqayıtda bu təhsil fədaisinə bir neçə saatlıq dərs belə tapılmadı. O, məcbur qalıb Xızının Qarabulaq kəndində işə başladı. Müəllimlərin yay müşavirəsindəki çıxışı Xızı ziyalılarını elə heyran etdi ki, arxa cərgədən yüksələn heyrət dolu səda hələ də qulaqlardadır.
Qızı Sürəyyadan atasının xarakteri, hobbisi haqqında soruşanda güldü və əlavə etdi: "Özün yaxşı bilirsən, o, nəfsibütöv, gözütox adam idi. Marağı da futbol və nərd idi". Kərim müəllim "Neftçi" və "Dinamo Tbilisi" komandalarının sadiq azarkeşi kimi, Banişevski və Tofiq Axundovu, Mesxi - Metrevelini xüsusi bəyənərdi. Kənd klubunda keçirilən nərd yarışlarında isə onun bənzərsiz gedişləri həmişə heyranlıq doğurardı.
Lakin taleyin acı hökmü Sumqayıtda onu yaxaladı. Dənizkənarı parkdan qayıdarkən, atasının maşınını qaçıran məsuliyyətsiz bir yeniyetmə Kərim müəllimi vuraraq ağır yaraladı. Vaxtında lazımi tibbi yardım göstərilmədiyi üçün bu böyük ziyalını, təhsil əlaçısını itirdik (1991). Bu itkiyə bütün rayon və kənd əhli dərindən kədərlənib heyifsiləndi.
Dəyərli şəxsiyyət, unudulmaz pedaqoq Kərim Əsgərovu 100 illik yubileyində bir daha ehtiramla xatırlayırıq və onu tanıyan hər kəs xatirəsini əziz tutur. Ruhun şad olsun, əziz müəllimimiz!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:25
Bu xəbər 16 Yanvar 2026 21:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















