Icma.az
close
up
RU
Müharibə HÜQUQU Əkbər QOŞALININ YAZISI...

Müharibə HÜQUQU Əkbər QOŞALININ YAZISI...

Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

2016-cı il Aprel döyüşlərinin 9-cu ildönümüdür. Öncəki illər öz yerində, amma son 5 ili, özəlliklə 2023-cü ilin antiterror əməliyyatından bərini ayrı bir xəlqi şövqlə, dövləti zövqlə və sevincdən, qürurdan axan göz yaşları ilə keçiririk.

Şəhidlər ölmədi, Vətən bölünmədi!

Bəli, bizə elanolunmamış müharibə açan Ermənistan Respublikası, dünya erməniliyi və havadarları öz nəsibini aldı! Biz XXl yüzilin ləyaqətli müharibə modelini yaratdıq: hərbimizi hərb meydanında etdik, ədalətli savaşdıq, mülki infrastruktura, dinc əhaliyə, özəlliklə cocuğa, qadına, qocaya toxunmadıq.

Biz belə millətik, belə orduyuq, belə dövlətik!

Aprel döyüşlərinin ildönümü ərəfəsində Ermənistan hərbi-siyasi rəhbərliyinin, (bəlkə bir qismi onlara tam tabe olmayan) revanşistlərin və digərlərinin yenidən qaşındığını, başlarının Dəmir Yumruq istədiyini görürük; gah atəş açırlar gah bizim bölmələrin üzərinə dron, kvadrokopter qaldırır gah da başqa hoqqa çıxarırlar... Üstəlik, “Azərbaycan Ermənistan ərazisini işğal edib”, “Azərbaycan Ermənistana hücuma hazırlaşır” və s. şəklində cümlələri artıq “Azərbaycan apreldə müharibəyə başlayacaq” şəklinə salaraq, “konkretləşdiriblər”... Buyurun - indi müharibə və işğal barədə danışanların məhz özləri keçmiş işğalçıdır və müharibəni başladan tərəfdir.

Biz bu yazımızda müharibə hüququndan söz açacağıq. Azərbaycan və Ermənistandan savayı, bu yazıda adlarının nə üçün çəkildiyi bəsbəlli dövlətlərin - Fransa, Rusiya, İran və ABŞ-ın Anayasasının, bizim dinin, digər səmavi dinlərin müharibəyə baxışına diqqət edəcəyik.

Müharibə etmək və ya müharibə başlamaq hüququ müxtəlif hüquq sistemlərində və dinlərdə fərqli şəkildə tənzimlənir. İslam dinində, beynəlxalq hüquq normalarında və vurğulanacaq ölkələrin Anayasası çərçivəsində bu hüququn necə tənzimləndiyinə diqqət yetirməyə çalışaq.

İslamda müharibə hüququ

İslam dinində müharibə (cihad) etməyə yalnız müəyyən şərtlər altında və müdafiə məqsədilə icazə verilir. Bəs burada əsas prinsiplər nədir? - Yada salaq.

Müdafiə müharibəsi:

-İslamda müharibə əsasən müdafiə məqsədilə aparılır. Hücum xarakterli müharibələrə, demək olar, icazə verilmir.

Ədalət və insanlıq prinsipləri:

-Müharibə zamanı mülki əhaliyə, qadınlara, cocuqlara və yaşlılara zərər vermək qadağandır. Bu planda ətraf mühitin qorunması da vacibdir.

Barışa çağırış:

-Əgər qarşı tərəf barış təklif edərsə, müsəlmanlar bunu qəbul etməlidir.

“Quran”da və səhih sayılan hədislərdə vurğulanan əsas şərtlərə diqqət yetirək:

-Zorakılığa məruz qalmaq və torpağından qovulmaq (“əl-Bəqərə”, 2:190-193) – “(Ey möminlər!) Sizinlə vuruşanlarla siz də Allah yolunda vuruşun, lakin həddi aşmayın. Allah həddi aşanları sevməz”;

-Dini və ya yaşayış azadlığının məhdudlaşdırılması (“Həcc”, 22:39) – “Zülmə məruz qaldıqlarına görə vuruşanlara (kafirlərə qarşı Allah yolunda döyüşməyə) izin verilmişdir. Allah onlara kömək etməyə, əlbəttə, qadirdir”;

-Barış andlaşmasının pozulması –

Əgər qarşı tərəf barış andlaşmasına əməl etmirsə və müsəlman icmasına hücum edirsə, andlaşmanı pozan tərəfə qarşı döyüş icazəlidir.

İslam hüququnda hər bir halda ədalət prinsipi önəmlidir: düşmənə qarşı mübarizədə ədalət gözlənilməlidir, mülki şəxslərə, qadınlara, cocuqlara və dinc insanlara qarşı zorakılıq qadağandır.

Yəhudilikdə (Musəvilikdə) müharibə

Yəhudi hüququ (Halaxa) müharibəni əsasən iki kateqoriyaya bölür:

1. “Milhēmet mitzvah” (Vacib müharibə) – Allahın əmr etdiyi müharibələr (örnəyi, “Tövrat”da vurğulanan Amalek tayfasına qarşı savaş);

2. “Milhēmet reshut” (İcazəli müharibə) – Müdafiə və təhlükəsizlik məqsədilə aparılan müharibə.

“Tövrat” və “Talmud”da vurğulanır ki, yəhudilər özlərini qorumaq üçün döyüşməlidir; amma bu, həmişə hücum deyil, müdafiə xarakterli olmalıdır.

- “Öldürülməmək üçün, öldür” (“Talmud”, Sanhedrin 72a). – Bu prinsipə görə, əgər bir nəfər və ya qrup sənin həyatına qəsd edirsə, öncə özünü qorumaq üçün tədbir görmək vacibdir.

-Əgər düşmən barışmazsa və hücum edərsə, döyüş icazəlidir.

Xristianlıqda müharibə

Xristianlıq ilk yüzilliklərdə pasifizmi (barışsevərliyi) təbliğ-tərənnüm edirdi; lakin zamanla “ədalətli müharibə” (“Just War Theory”) konsepti inkişaf etdi.

“İncil” və İsanın öyrətiləri

- “Sizi söyənlərə xeyir-dua verin, sizə nifrət edənlər üçün dua edin” (Luka 6:28);

- “Qılınc götürən qılıncla məhv olacaqdır” (Matta 26:52).

Bu fikirlər sərt pasifizmi dəstəkləyir; lakin sonrakı dönəmlərdə kilsə “Ədalətli müharibə” konseptini formalaşdırdı.

“Ədalətli müharibə” nəzəriyyəsi (“Just War Theory”)

Bu nəzəriyyəni Avqustin və Tomas Akvinalı inkişaf etdirib. Nəzəriyyənin əsas prinsipləri:

Müharibə

yalnız haqsız hücuma qarşı müdafiə məqsədilə aparılmalıdır; dinc yollar tükənmədən başlamamalıdır; mülki şəxslər qorunmaqla aparılmalıdır.

Çağdaş xristianlıqda mövqelər

-Katolik kilsəsi – Müdafiə xarakterli müharibəni bəzi hallarda qəbul edir, ancaq münaqişələrin barış yolu ilə çözümünə üstünlük verir;

-Pravoslav və protestant kilsələri – Müdafiə məqsədli müharibəni qəbul etsələr də, barışı əsas tutur və aqressiv müharibələri rədd edir.

Hinduizmdə müharibə

-Hinduizmdə Dharma (İlahi nizam) müharibə məsələsini tənzimləyir. “Bhaqavad Gita” hinduizmdə müharibəyə əsas baxışları formalaşdıran mətndir.

- “Əgər sən haqlı bir döyüşdə döyüşməsən, dharmanı (ədaləti) tapdalayacaqsan” (“Bhaqavad Gita”, 2:33).

- “Haqq yolunda döyüşən kəs üçün ölmək və ya qalib gəlmək eyni dərəcədə şərəflidir” (“Bhaqavad Gita”, 2:37).

Hinduizmdə müharibə son çarədir, ancaq ədalətin və dharmanın qorunması üçün gərəkli olduqda aparılmalıdır.

Buddizmdə müharibə

Buddizm tam pasifizmi təbliğ-tərənnüm edən dinlərdən biridir.

- “Pis niyyətlə hərəkət edən şəxs özü də əzab çəkəcəkdir.” (Dhammapada, 5-ci beyt);

- “İnsan nə edərsə, onun sonucunu da görəcəkdir” (Karma prinsipi).

Bəzi buddist ölkələrində müdafiə müharibəsi ideyası qəbul edilib. Örnəyi:

-Yaponiyada Samuray döyüş fəlsəfəsi buddizmlə sintez olunub;

- Şri-Lankada buddist hökmdarların öz ölkələrini qorumaq üçün müharibə etdiyi bəllidir.

Çağdaş yapon və Tibet buddizmi

- Dalay Lama ümumilikdə ahimsa (zərər verməmək) və pasifizmi dəstəkləyir. Bununla belə, bəzi hallarda müdafiə məqsədilə müqavimətin mümkün olduğunu qəbul edir. Zorakılıq ümumiyyətlə qəbuledilməzdir. Amma bəzən, ən yumşaq formada belə olsa, bir müdafiə tədbiri görülməlidir. - Lamanın mövqeyini bu şəkildə yorumlamaq olar. Yəni, o tamamilə zorakılıqdan uzaq bir mövqedən çıxış etsə də, bəzi istisna hallarında özünümüdafiəni inkar etmir;

- Yaponiya Anayasası: “Yaponiya, beynəlxalq münaqişələrin həlli üçün müharibədən və güc tətbiqindən imtina edir” (Maddə 9).

Şintoizmdə müharibə

Şintoizm qədim yapon döyüş mədəniyyətini dəstəkləyən “milli din” idi. Ancaq ll Dünya müharibəsindən sonra Yapon Anayasası müharibəni qadağan etdi.

Şinto prinsiplərini təqribən bu şəkildə ümumiləşdirmək olar:

- Dövlətin qutsallığını qorumaq üçün müdafiə vacibdir.

Beləliklə,

Yaponiya Anayasası müharibəni tam qadağan etsə də, “özünümüdafiə gücü” (“Self-Defense Forces”) saxlanılır və bu güc yalnız müdafiə məqsədilə istifadə edilə bilər.

Konfutsiçilik və Çin fəlsəfəsində müharibə

Konfutsiçilikdə müharibə arzuolunmazdır; bununla belə bəzən qaçınılmaz sayılır. - Yəni zülm baş alıb gedirsə - insanlara ədalət gətirməkçün mübarizə lazımsa, bu, düzgün yoldur.

Çin fəlsəfəsinə görə müdafiə məqsədilə müharibəyə haqq qazandırmaq olar, ancaq müharibə həmişə sonuncu seçim olmalıdır.

Bəs çağdaş Çin hüququ nə deyir?

Çin Anayasası və qanunları yalnız müdafiə müharibəsinə icazə verir, amma “milli təhlükəsizliyə təhdid” anlayışını da geniş şəkildə yorumlamağa ehtiyac duyur.

***

Beynəlxalq hüquqda müharibə

Beynəlxalq hüquqda müharibə etmək ciddi şəkildə sınırlandırılıb. Burada əsas prinsipləri yada salaq.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Nizamnaməsi:

-BMT-nin Nizamnaməsinə görə, dövlətlər arasındakı münaqişələr barış yolu ilə çözülməlidir; güc tətbiqi və ya hədələmək qadağandır. Yalnız BMT Təhlükəsizlik Şurasının icazəsi ilə və ya özünümüdafiə halında güc tətbiqinə icazə verilir.

Cenevrə Konvensiyaları:

-Müharibə zamanı humanitar hüquq normalarına riayət edilməli, mülki əhali və əsirlər qorunmalıdır.

BMT Nizamnaməsinə əsasən, hərbi güc tətbiqi ancaq iki halda icazəli sayılır:

1. Özünümüdafiə (BMT Nizamnaməsi, 51-ci maddə). – Bir dövlətə hücum edilərsə, o, dərhal özünü müdafiə edə bilər.

2. BMT Təhlükəsizlik Şurasının icazəsi ilə. – Beynəlxalq barış və təhlükəsizlik pozularsa, BMT Təhlükəsizlik Şurası güc tətbiqini təsdiq edə bilər.

Barış andlaşmasının pozulması, behnəlxalq hüquqda avtomatik olaraq müharibə etmə haqqı vermir. - Necə deyərlər, ilk növbədə diplomatik və hüquqi yollar tükənməlidir ki, müharibə hüququ yaranmış olsun… Bizim Qarabağda başımıza gələnlər - Xocalı Soyqırımı, torpağından qovulmaq və ya əmlakdan məhrum qalmaq kimi ağırmı-ağır mövzulara gəldikdə , beynəlxalq hüquq və gerçəklik haçalanır… – Əgər torpağından qovulmaq və ya əmlakdan məhrum qalmaq etnik təmizləmə yaxud soyqırımı kimi tanınarsa, beynəlxalq ictimaiyyətin müdaxiləsinə səbəb ola bilər. - Örnəyi, keçmiş Yuqoslaviyada Bosniya müharibəsi. Bosniyaya çox-çox gec çatan ədalət bizə çatmadı, nəhayət onu öz Dəmir Yumruğumuz təmin etmə zorunda qaldı…

Müharibə hüququ - Anayasalarda

Azərbaycan Respublikasında müharibə elan etmək yetkisinə Prezident sahibir və müharibə elanı qərarı Milli Məclis tərəfindən təsdiq edilməlidir (Maddə 109:29-30).

Azərbaycan Respublikasının Anayasasına və “Müdafiə haqqında” Qanuna görə:

-Müdafiə məqsədilə hərbi güc tətbiq edilə bilər;

-Dövlətin ərazi bütövlüyü və suverenliyi pozularsa, müharibə elan edilə bilər;

-Düşmən təcavüzü və ya işğal halında Azərbaycan Silahlı Qüvvələri müqavimət göstərə bilər.

Ermənistan Respublikasında müharibə elan etmə hüququ hökumətdədir və müharibə yalnız parlamentin razılığı ilə elan edilə bilər (Maddə 119:1-2).

Ermənistan Anayasasında yazılır:

-Müdafiə məqsədilə silahlı qüvvələrdən istifadə edilə bilər.

-Hökumət hərbi vəziyyət elan edə bilər.

Ermənistanın bütün əməli fəaliyyət sahələrinə, eləcə də, müharibə mövzusuna hüquqi və praktiki yanaşması dartışmalıdır. Bu baştutmamış dövlət ən yaxın tarixdə Azərbaycanın Qarabağ (və Gündoğar Zəngəzur) bölgəsinə iddialarını qanuni əsaslara oturtmağa çalışsa da, beynəlxalq hüquq bunu qəbul etmədi. Daha doğrusu, Azərbaycan özü, beynəlxalq hüququn passiv “qəbul etməmək” durumunu dəyişdi, aktivləşdirdi, tarixi əks-hücumla yeni gerçəklik yaradaraq öz haqqını Zəfərlə taclandırdı.

İran İslam Respublikasında müharibə elan etmək və barış andlaşması bağlamaq qərarı İranın Ali Dini Lideri və İslam Şurası Məclisinin (parlament) yetkisindədir.

İran Anayasasına əsasən:

-Özünümüdafiə haqqı toxunulmazdır.

-Xarici işğal və təcavüz halında müqavimət dini və hüquqi borc sayılır.

-“İslam inqilabının qorunması” hər bir vətəndaşın vəzifəsidir.

İranın “müdafiə müharibəsi” konseptini geniş tətbiq edərək, digər müsəlman ölkələrinin “müstəqilliyini qorumaq” adı ilə yaxın-uzaq bölgələrdə hərbi çalışmalar həyata keçirdiyi məlumdur.

Fransa Respublikasında müharibə elan etmək yetkisi Prezidentə aiddir, bu ölkədə də, müharibə qərarı parlament tərəfindən təsdiq edilməlidir.

Fransa beynəlxalq hüquqa əsaslanaraq müdafiə müharibəsinə icazə verir, amma “barış andlaşmasının pozulması” avtomatik müharibə səbəbi sayılmır.

Rusiya Federasiyasının Prezidenti Federasiya Şurasının razılığı ilə müharibə elan edə bilər.

-Rusiya Anayasasının 51-ci maddəsi müdafiə müharibəsinə icazəni ifadə edir;

-Əgər Rusiya Federasiyasının təhlükəsizliyi və ya ərazi bütövlüyü pozularsa, müharibə başlaya bilər.

Burada da əsas vurğu “dövlət suverenliyi və ərazi bütövlüyü” üzərindədir. Ancaq amma və lakin… Rusiya-Ukrayna müharibəsini yada salaq…

Amerika Birləşmiş Ştatlarında müharibə elan etmək yetkisi Konqresə aiddir (Maddə 1:8).

Prezident isə Silahlı Qüvvələrin Ali Baş Komandanıdır (Maddə 2:2).

“Milli təhlükəsizliyə təhdid” adı altında tez-tez yaxın-uzaq coğrafiyalarda hərbi əməliyyatlar keçirən ABŞ-ın Anayasasına görə:

-Özünümüdafiə hüququ təmin edilir;

-Prezidentin fövqəladə hallarda hərbi gücdən istifadə etmək imkanı var. Ancaq amma və lakin… ABŞ-ın (öz müttəfiqləri ilə birgə) örnəyi, İraqı niyə darmadağın etdiyi hələ də hüquqa yatan, ağıla yerləşən bir cavab bulmayıb…

Göründüyü kimi, müdafiə məqsədilə müharibə aparmaq hüququ, yəni özünümüdafiə haqqı, beynəlxalq hüquqda, anayasalarda və fərqli dinlərdə müxtəlif şərtlərlə qəbul olunur. Ancaq bunun tətbiqi praktikada siyasi, hüquqi mübahisələrə yol açır. Müxtəlif məsələlər

- yurdundan çıxarılmaq,

- mülk və əmlakdan məhrum qalmaq,

-barış anlaşmasının pozulması -

bunlar müharibəyə əsas ola bilər.

Beləliklə,

dünyamızın mövcud halını, dövlətlərarası münasibətləri və s. göz önündə tutunca, yazılanlarla, duyurulanlarla gerçəkliyin heç də üst-üstə düşmədiyini görürük. Belə bir ortamda, yenə öz duruşu, xarakteri olan, “sözü imzası qədər keçərli” Azərbaycan kimi azsaylı dövlətlərin mövcudluğu bəşəriyyətin qazancıdır.

Tam aydın olur ki, bizim kimi dövlətlərin yalnız haqlı, ədalətli olması yetərli olmaya bilir; gərək güclü olaq, güclü olaq, güclü olaq! Bax, əgər güclü olmasaydıq, bu gün yenə də Kəlbəcərin işğal gününü qeyd edirdik…

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 03 Aprel 2025 10:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see351

Niqab qadağan olunur, hicab necə olacaq? Meloninin planı gündəmi dəyişdi

21 Sentyabr 2026 14:58see309

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see305

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see299

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see247

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see243

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see242

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see236

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see223

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see222

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see216

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see212

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see210

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see207

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see206

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see206

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see203

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see199

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see187

Neftin qiyməti 60 dollara düşə bilər? Enerji böhranının tam həlli...

21 Sentyabr 2026 16:18see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri