Nandan Qautam: Yoqa xoşbəxt olaraq qalmaq bacarığıdır MÜSAHİBƏ
Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakı, 20 iyun, Anara Axundova, AZƏRTAC
AZƏRTAC yoqa sahəsində Azərbaycanda fəaliyyət göstərən mütəxəssislərlə müsahibələr silsiləsini davam etdirir. Növbəti həmsöhbətimiz 10 ildən artıqdır ki, Azərbaycanda yaşayan və işləyən hindistanlı yoqa müəllimi Nandan Qautamdır. Nandan idman təbabətini yoqa müdrikliyi ilə birləşdirir. O, ABŞ-da təhsil alıb, sonra Hindistanda doktor Bharat Thakurdan yonqanın sirlərini öyrənib. O, rahatlıq və xoşbəxtlik tapmağa kömək edərək, yoqa, musiqi və meditasiyanı tədqiq edir.
Geniş, işıqlı mətbəxdə sakitlik hökm sürür – eşidə biləcəyiniz yeganə səs alüminium tayqulpda qaynamağa başlayan sudur. Nandan masala çayı hazırlayır. Lazımi inqrediyentlər sobanın yanında düzülüb: təzə zəncəfil, mixək, hil, qara çay, süd və şəkər.
- Zəncəfili sürtkəcdən keçirmək lazımdır, - deyə Nandan izah edir. - Əks halda heç bir effekt olmayacaq.
O, qaynamış suya sürtkəcdən keçirilmiş zəncəfili, iki qurudulmuş mixək və bir çimdik hili əlavə edir. Üç dəqiqədən sonra bir stəkan süd əlavə edir (iki stəkan suya) və yalnız ən sonunda çayı tökür.

- Yarpaq çayı əvəzinə çay tozundan (dust tea) istifadə etmək daha yaxşıdır, - deyə Nandan məsləhət görür.
Bir neçə dəqiqədən sonra masala çayı hazırdır. Onun ətri çox gözəldir.
- Şəkərsiz masala çayı başqa bir şeydir! – deyə Nandan şəkər əlavə edərək bildirir. - Qəhvəyi şəkərdən istifadə etmək olar, amma bal yox! Bal birbaşa yeyilməlidir, onu qaynar suya qoymayın, qiymətli xüsusiyyətlərini itirəcək.
Nandan müsahibəyə keçməyə tələsmir – o, sadəcə çay soyumadan, onun dadından həzz almağı təklif edir. Yoq hesab edir ki, tələsmək, ümumiyyətlə, düzgün deyil.
- Bu çay immunitet üçün əsl gücləndiricidir, - deyə Nandan vurğulayır. – O, həm də canlandırır. Bu kapuçino kimidir, yalnız daha faydalıdır. Sağlamlığın üçün iç!
Bu heyrətamiz içkinin təsirini dərhal özümdə hiss edirəm. Mən deyirəm ki, adətən söhbətin sonunda eksperiment aparıram, amma bu dəfə dərhal təcrübə ilə başladım. Nandan söz verir ki, müsahibədən sonra daha bir eksperiment keçirəcəyik...

- Nandan, yoqa sizin üçün nə deməkdir?
- Yoqa mənim üçün nə baş verirsə-versin xoşbəxt qalmaq bacarığıdır. Hər kəsin pis vəziyyəti, pis günləri olur. Hətta vəziyyət yaxşı olsa belə, ruhi cəhətdən özünü pis hiss edə bilərsən. Yoqa sizi ağrıdan, depressiyadan sağalda bilər, stressi aradan qaldıra bilər – bu, yoqanın gözəlliyidir, ona görə də onu tədris etməkdən zövq alıram. Yoqa ilə hər kəs məşğul ola bilər. Sizə yalnız xalça və öz bədəniniz lazımdır.
- Keçdiyiniz yoldan bəhs edərdiniz?
- Mən, ümumiyyətlə yoqada deyildim. Hindistanda yoqaya münasibət bir az fərqlidir – ona o qədər də əhəmiyyət verilmir, sən uşaqlıqda yoqa ilə məşğul olursan, bir az təcrübə aparırsan. Bu, Azərbaycanda bir uşağın uşaqlıqdan Azərbaycan rəqslərini oynaması kimidir. Mən uşaq olanda Hindistanda yoqa anlayışı fərqli idi - yoqa müasir deyildi, dəbdə deyildi, onunla yalnız qocalar məşğul olurdu, müəllimlər isə çox tələbkar idi. Bu, klassik musiqi kimidir! Muğam kimi. Yalnız uzun müddət sonra mən fərqli bir yoqa öyrəndim: ABŞ-da yaşayırdım, qəzetdə dizayner kimi işləyirdim, sonra Hindistana qayıtdım və müəllimim qurucu Bharat Thakura rast gəldim. Onunla yoqa ilə məşğul olmağa başlayanda yoqaya fərqli baxış əldə etdim, yeni təcrübə qazandım. Bu hiss mənim xoşuma gəldi. Bu, bütün neqativ emosiyalardan şəfa tapmaq kimi idi.

- Müəllimliyə necə başladınız?
- Ustadım mənə dərs deməyə başlayanda dərhal məni yoqa müəllimi edəcəyini söylədi, ona görə də ilk dərsdən onun məni müəllimliyə hazırladığını bilirdim. Mən onun bütün dərslərində olmuşam, necə dərs dediyini müşahidə edirdim.
- Sanki o, sizi seçib?
- Bəli! Düşünürəm ki, haradasa daxilimdə, bir yerdə müəllim potensialı var idi. Müəllimlik kimisə bir fənni öyrətməkdən daha böyük işdir, müəllimlik - insanlarla qarşılıqlı əlaqə qurmaq bacarığıdır. Müəllimlik məni xoşbəxt edir. Düşünürəm ki, müəllim, onun sayəsində kiminsə yeni bir şey öyrənməsindən özünü xoşbəxt hiss edən insandır. Əgər kiməsə yeni nəisə öyrədə bilirəmsə və bu, mənim tələbəmi xoşbəxt edərsə, bu, əladır!

- İstiqamətiniz haqqında bəhs edərdiniz?
- Müəllimimin və mənim də öyrətdiyim istiqamət Artistik Yoqadır. Mən onun yoqa konsepsiyasının bir neçə səbəbə görə gözəl olduğunu anladım. Birincisi, hər dərs digərindən fərqlənir. İkincisi, dərslərdə çoxlu xoşbəxtlik var idi, dərsdən zövq almağın isə çox vacibdir. Şəxsən mən dərslərdən zövq alırdım. Yoqa dərsləri asan deyil. Lakin əgər sən asan olmayan dərsdən həzz ala bilirsənsə, deməli, ürəyincə olan nəyisə tapmısan. Üçüncüsü, dərslər məni təkcə çevik deyil, həm də güclü edirdi. Adətən, yoqa güc təcrübələri ilə assosiasiya edilmir, lakin yoqa səni çox güclü edə bilər. Bundan əlavə, yoqa ürək-damar sistemi, ağciyərlər üçün faydalıdır. Yəni, mənim ustadım qədim texnologiyanı götürüb, lakin onu elə birləşdirdi ki, tələbələr bütün üstünlükləri əldə etsinlər. Mən hesab edirəm ki, bu, dahiyanədir. Dördüncüsü, sessiyanın sonunda özümü heç vaxt yorğun hiss etmirəm. Nəzəri nöqteyi-nəzərindən, siz bütün məşqləri etdikdən sonra əldən düşməlisiniz. Ancaq yoqa öz təbiətinə görə bərpaedici bir təcrübədir. Meditasiya, kriya (pranayama və çakraların açılması texnikalarına əsaslanan yoqa istiqaməti – red.) edirsinizsə, oxuyursunuzsa – bədəndə olan istənilən yorğunluq keçir. Yəni, məşqin sonunda 10 dəqiqəlik masaja bənzəyir. Bu 10 dəqiqə bütün ağrıları götürəcək. Mən heç vaxt başqa yoqa növlərini sınamamışam – onlara ehtiyacım olmadığını hiss edirəm. İnsanların müxtəlif yoqa istiqamətlərini sınaması normaldır. Hər kəsin özünəməxsus yoqa yolu var. Bu isə mənim yolumdur.

- Nandan, hazırda yoqa çox populyarlaşıb. Bu, nə ilə bağlıdır? Axı siz deyirdiniz ki, hətta Hindistanda uşaqlıq dövrünüzdə bu, belə deyildi...
- İnsanlar onun faydasını dərk etdilər. Məhsullarla olduğu kimidir. Otuz il bundan əvvəl heç kim sarıkök, çiya toxumu, avokado, guava və digər məhsullar haqqında bilmirdi. Bu gün isə elm və internet sayəsində bu məhsullar super-fud kimi tanınır. Meditasiyaya gəldikdə isə! 30 il bundan əvvəl heç kim meditasiya ilə maraqlanmırdı, yalnız əhalinin çox kiçik bir faizi. O zaman meditasiya edirdinsə, qəribə görünürdün. İndi də ABŞ ordusu meditasiya ilə məşğul olur - sizə daha hansı sübut lazımdır? (Gülür.) İnanın, ABŞ ordusu mənəviyyatla maraqlanmır, bəs niyə Buddanın danışdığı meditasiya ilə məşğul olurlar? Yoqa ilə də eyni ilə. İnsanlar bunun işlədiyini başa düşüblər və bir şey “işləyən” kimi qəbul olunduqda, o, populyarlaşır.

- Başqa ölkədən, başqa mədəniyyətdən olan bir insan kimi Azərbaycanda hansısa xüsusi enerjinin olduğunu hiss edirsinizmi?
- Enerjiyə təsir edən bir neçə amil var. Öncə, bu, coğrafiyadır. Təbiətin gözəl vibrasiyaları var – təbiət olan yerdə gözəl vibrasiyalar var. Hər yerin öz enerjisi var: dağlar, dəniz, meşə... Biz mütləq təbiətdə olmalıyıq. Azərbaycana gəlincə, bu ölkənin gözəl təbiəti var. Doqquz iqlim tipi! Ölkənin müxtəlif bölgələrinə gedib orada müxtəlif təcrübə toplaya bilərsiniz.
İkincisi, mədəniyyət, fəlsəfə və tarixdir. Azərbaycandan olan nə qədər sufi var! Ölkədə nə qədər çox insan meditasiya edirsə, ölkədə bir o qədər çox enerji yaranır. Niyə Himalay dağları müqəddəs bölgə hesab olunur? Çünki orada çoxlu insan meditasiya edib. Meditasiya etdiyin zaman yüksək şüura qovuşursan. Məscidə getsəniz və papa getsəniz, orada heç kim olmasa belə, fərqli enerji hiss edəcəksiniz. Niyə biz Atəşgahda belə rahatlıq hiss edirik? Çünki orada çoxlu insan dua edir və yer bu enerjini daşıyır. Müharibə olan əraziyə düşsəniz, kədər hiss edəcəksiniz...
Üçüncü isə insanların təbiətidir. İnsanlar səmimi olanda ölkədə xüsusi bir enerji olur. Səmimi insanlar nə deməkdir? Onlar həmişə başqalarına kömək etməyə hazırdırlar və bundan xoşbəxt olacaqlar. Səmimi olmaq və mehriban olmaq eyni şey deyil. Mehriban olmaq davranışdır. Davranış vibrasiyaları dəyişmir. Səmimilik ruhdan gəlir və o, yerin, ölkənin vibrasiyalarını dəyişir. Azərbaycanda insanlar çox səmimidir! Ona görə buradayam, əks halda burada olmazdım. (Gülür.)

- Yeri gəlmişkən, 10 ildən artıqdır ki, burada yaşayırsınız, Azərbaycanda özünü necə hiss edirsiniz?
- Gələn kimi özümü evdəki kimi hiss etdim. Gəldiyim ilk gün şəhəri gəzdim. Ən çox xoşuma gələn o idi ki, heç kim mənə əcnəbi kimi baxmırdı. Ən yaxşısı budur ki, özünü adi bir vətəndaş kimi deyil, bu ölkənin bir parçası kimi hiss edirsən.
- Ölkələrimiz arasında əlaqəni görürsünüzmü?
- Düşünürəm ki, ortaq cəhətlərimiz çoxdur. Azərbaycanlılar və hindlilər həm xarici görünüş, həm də xarakter etibarilə çox oxşardırlar. Emosional olaraq, ortaq cəhətlərimiz çoxdur. Yəqin buna görə azərbaycanlılar hind kinosunu çox sevirlər. (Gülür.) Ölkələrimiz çox yaxındır – ona görə də deyə bilərik ki, biz qonşuyuq!
- Yoqaya qayıdaraq, müasir insanın ümumi probleminin nədən ibarət olduğunu və yoqanın onu necə həll edə biləcəyini təsvir edə bilərsinizmi?
- Ümumi və ən böyük problem stress və psixi sağlamlıqdır. Mən inanıram ki, yoqa Uca Tanrıdan bir hədiyyədir, təmiz hava, bulaq suyu, günəş kimi, meyvə, tərəvəzlər, qoz-fındıq kimi... Yoqa bədənə dinclik və rahatlıq bəxş edir. Məsləhət görərdim ki, Surya Namaskarla (müəyyən ardıcıllıqla yerinə yetirilən 12 ardıcıl pozadan (asana) ibarət yoqa məşqləri toplusu - red.) məşğul olun. Əgər dindarsınızsa - namaz qılın, eyni effekti verir. Namaz, Surya Namaskar və ya hər ikisini etsəniz, problemlərinizin çoxu aradan qalxacaq! Mən həm də tənəffüs məşqləri, pranayama (həyati enerjinin idarə edilməsi və gücləndirilməsinə yönəlmiş tənəffüsün tənzimləməsinə dair yoqa təcrübəsi - red.) məsləhət görərdim. Çox sadə bir sxem var: 10-na qədər sayaraq nəfəs alın, 10-na qədər sayaraq nəfəsinizi tutun, 10-na qədər sayaraq nəfəsinizi buraxın, 10-na qədər sayaraq nəfəsinizi təkrar tutun və beləliklə təkrarlayın.

Nandan təklif edir ki, vəd edilmiş təcrübə olaraq birlikdə nəfəs almağa çalışaq. Rahat oturub gözlərimi yumuram. Nəfəs alıram və nəfəsimi tuturam, Nandanın ona qədər saymağına qulaq asıram. O, xaricdən gələn səslərə qulaq asmağımı xahiş edir – küləyin xışıltısına, uzaqdan gələn maşın səsinə, quşların cəh-cəhinə... Bir müddət sonra Nandan məndən şüurumda olan “səslərə” diqqət yetirməyimi xahiş edir. Daha bir müddət sonra o, məndən hər şeydən - həm xaricdən, həm də daxildən - tamamilə “ayrılmağımı” xahiş edir. Bir neçə saniyədən sonra Nandan oxumağa başlayır. Mən gözlərimi açmadan, artıq normal ritmlə nəfəs almağa davam edərək onun səsinə qulaq asıram. Səs yazan aparat çoxdan söndürülüb, stəkanlarda qalan masala çayı soyuyub, bu anda sadəcə mən varam. Sonra sükut çökür - yumşaq və sakit ...



