Icma.az
close
up
RU
Faiq Hüsiyev: Jurnalistikada indiki dövrün devizi ceviklik və uyğunlaşmaq bacarığıdır MÜSAHİBƏ

Faiq Hüsiyev: Jurnalistikada indiki dövrün devizi ceviklik və uyğunlaşmaq bacarığıdır MÜSAHİBƏ

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 29 yanvar, AZƏRTAC

Əməkdar jurnalist, Azərbaycan Televiziyasının Analitik şöbəsinin rəisi Faiq Hüsiyev AZƏRTAC-a müsahibə verib. O, jurnalistikanın bugünkü inkişafından, tələblərdən, cəmiyyətə təsirindən, mediada dilin saflığının qorumasının vacibliyindən və digər məsələlərdən danışıb. Həmin müsahibəni təqdim edirik.

- Faiq müəllim, əvvəlcə Azərbaycanda medianın, o cümlədən televiziya və radionun, bütövlükdə jurnalistikanın bugünkü çağırışlar baxımından inkişafı ilə bağlı fikirlərinizi bilmək istərdik.

- Ömrünün 33 ilini Azərbaycan Televiziyası ilə bağlayan bir insan kimi deyə bilərəm ki, televiziya çox unikal bir sahədir. Təbii ki, burada çalışanlar medianın digər sahələrindəki həmkarlarımızdan fərqlənirlər. Ola bilər, bu bir qədər konservativ yanaşma olsun və ümüd edirəm ki, digər sahədə olan jurnalistlər bu sözümə görə məndən inciməzlər. Çünki televiziya ən kütləvi informasiya vasitəsidir. Odur ki, burada çalışan jurnalistlərimiz nümunəvi və savadlı olmalıdırlar.

Mən həmişə Azərbaycan Televiziyasını yüksək əyarlı peşəkar telekanal adlandırmışam. Bildiyiniz kimi, milli teleradionun müasir tarixi öz ənənələrinə sıx bağlıdır. Mənəvi dəyərlərə sədaqət, milli özünüdərk və azərbaycançılıq ruhu ana televiziyamızın verilişlərində hiss edilir. Ulu Öndər Heydər Əliyev Azərbaycan Televiziyasını xalqımızın milli sərvəti adlandırmışdı. Bu qiymət hər bir əməkdaşımız üçün böyük məsuliyyətdir. Efirimizi daimi izləyənlər müasir tələblərə cavab verən xeyli yeni verilişin ərsəyə gəldiyinin şahididirlər. Müasir trendlərə meyil, zamanla ayaqlaşma önəmli əhəmiyyət kəsb etsə də, məncə millilik hər bir yanaşmanın fövqündə durmalıdır. Hər gün dəyişən dünyamız, informasiyanın ildırım sürəti ilə məkanda yayılması teleradionun işinə mütəmadi şəkildə təsir etsə də, müəyyən məqamlarda statik olmaq, ümummilli maraqlar və dövlətçilik ideologiyasının qorunması baxımından bəzən subyektiv yanaşma nümayiş etdirmək çox önəmlidir. Mən bütün verilişlərdə “mühafizəkar” yanaşmanın tərəfdarı deyiləm. Çünki hər bir müasir telekanal dinamika – “drayv” tələbi ilə yaşayır. Odur ki, orta xətti tapmaq mütləqdir. O ki, qaldı gənc jurnalistlərə, onlar gördüklərini, hiss etdiklərini yazmalıdırlar. Yalansız, mübaliğəsiz yazmalıdırlar. Yazdıqlarına duyğularını, emosional hisslərini qoymalıdırlar.

- Dünyada bütün sahələrdə olduğu kimi, jurnalistikada da tələblər dəyişir, sosial şəbəkələr və süni intellekt mediaya təsirsiz ötüşmür. Bu prosesin Azərbaycan mediasına mümkün təsirləri barədə nə deyə bilərsiniz?

- Fikir verirsinizsə, bədii zövqun, ictimai dəyərlərin və informasiya muhitinin formalaşdırılmasında ənənəvi medianın əvvəlki rolu azalıb. İndi insanlar sosial şəbəkə tərbiyəsinin daşıyıcılarına cevriliblər. Yəqin ki, dördüncü sənaye inqilabının uşaqları bu cür tərbiyənin daşıyıcıları olmalı idilər və oldular. Baxın, əvvəllər ayıb sayılan hər hansı bir hərəkət və ya yaşam tərzi indi həyat normasına cevrilib. Klassik dəyərlərin daşıyıcıları ücün bu cür munasibətlər sistemində yaşamaq cətindir. İndiki dövrün devizi ceviklik və uyğunlaşmaq bacarığıdır! Amma gərək oz sifətini də itirməyəsən. Bizim yaxşı jurnalistlərimiz coxdur. Novatorları da var. Cəmiyyətə, yeri gələndə, hər bir fərdə gərəkli olmaq lazımdır. Hər birimizin əmək fəaliyyətinin cəmiyyət üçün əhəmiyyəti insanlara verə biləcəyimiz xeyirlə ölcülürr. Təəssüf ki, indi ümumilikdə medianın təsir quvvəsi azalıb. Digər tərəfdən də nə qədər yeni meyillər olsa da, peşəkar müxbirə, video operatora, rejissora, videomontajçıya, qrafistə və qrafist-animatora televiziya bazarında böyük təlabat var və olacaq. Əslində, televiziya məsuliyyətə söykənən bir ünsiyyət prosesidir. Əgər bir insanda fərdi məsuliyyət yoxdursa, o, heç bir sahədə yaxşı mütəxəssis ola bilməz.

- Dediniz ki, medianın təsir quvvəsi azalıb. Bu təkcə bizdə belədir, yoxsa planetar miqyas daşıyır? Bəs, necə etmək olar ki, medianın təsir quvvəsi bərpa olunsun?

- Əvvəla unutmayaq ki, bizim media tamam başqa reallıqlar sistemində, muhitində yaşayır. Bu baxımdan hər olkənin oz reallıqları var. Medianın təsir quvvəsinin bərpası kompleks yanaşma tələb edən böyük bir məsələdir. Mən bununla bağlı oz təkliflərimi dəfələrlə səsləndirmişəm. Maliyyə mustəqilliyindən tutmuş, yeni təfəkkürlü rəhbərlik mexanizmlərinə qədər kompleks yanaşma lazımdır. Baxın, inkişaf etmiş dovlətlərdə Ümumi Daxili Məhsulun 2-3 faizi reklama yonəldilir ki, medianın fəaliyyəti dəstəklənsin. Azərbaycanın 2025-ci il üçün Ümumi Daxili Məhsulu 129 milyard manatdan cox olub. Bu məntiqlə, hələ 1 faizdən hesablasaq, bizim umumi reklam bazarımız hec olmasa, ən azından 1 milyard 290 milyon manat olmalı idi. Amma bizim reklam bazarında o qədər maliyyə vəsaiti dövr etmir axı. Ümumi Daxili Məhsulun heç 0,1 faizi də reklam bazarında yoxdur.

- Bəs, media subyektinə rəhbərlik edən şəxsdə hansı bacarığı daha üstün sayırsınız?

- İntuitiv şəkildə düzgün qərar vermək bacarığı. Bəzən qərarı verəndə ağılla yanaşı, daxili intuisiya ilə də məsləhətləşmək lazımdır. Sadəcə, rəhbər şəxs olmaq lazım deyil, lider olmaq lazımdır. Ancaq əsl liderlər guclu intuisiyaya – duyum hissinə malik olurlar. Bir də ki, peşə uğurları səndən asılı olan şəxslər ucun munbit şərait yaratmaq və ədalətli olmaq lazımdır. Məqamı gələndə kollektivlə məsləhətləşmək də məqsədəuyğundur. Cunki kollegial şəkildə qərarlar qəbul edildikdə, məsuliyyət hissi bərabər paylanmış olur.

- Faiq müəllim, dünya səviyyəsində tanınmış media subyektləri və jurnalistlər var. Sizcə, ölkəmizdə də belə media subyektlərinin və nümayəndələrinin formalaşması üçün daha nə etməliyik?

- Media sahəsində sağlam rəqabət və düzgün qanunvericilik bazası hər şeyi tənzimləyir. Medianın maliyyələşməsi mexanizmləri yenidən işlənməli, nisbi reytinqlərdən asılılıq prinsipi aradan qalxmalıdır. Elə olur ki, bizim milli-mənəvi dəyərlərimizi baltalayan verilişlərə ən böyük reytinqlər verilir... Sonra da düşünürük ki, cəmiyyətimizdə xoşagəlməz hallar haradandır?... Başqa bir məqam, jurnalistikada və ümumiyyətlə, televiziyada yaş məhdudiyyəti çox önəmlidir. Televiziya gənc və çevik insanları çox sevir. Yəni bu sahədə olan insan daim öyrənməli və öz üzərində işləməyi bacarmalıdır. Təbii ki, yaşlı və təcrübəli insanlara da böyük ehtiyac var və onlar teleradioda uğurla çalışırlar. Amma televiziya həm də fiziki cəhətdən daha sağlam, cavan orqanizm və yeni bir beyin tələb edir.

- Bir qədər də jurnalistika və dövlətçilik prinsipi haqqında danışmağınızı istərdik. Bu baxımdan media subyektlərinin üzərinə hansı vəzifələr düşür?

- Mən həmişə demişəm, televiziya cəmiyyətlə iqtidar arasında bir bufer rolunu oynayır. Bu çox önəmli məsələdir. Televiziya həm iqtidarın, həm də cəmiyyətin bir güzgüsüdür. Cəmiyyətin ənənəvi güvənc yeri olan media bufer rolunu itirirsə, fikir müxtəlifliyi yeknəsək – monoton çalar alırsa, demokratik cəmiyyətin əsas sütunu sayılan söz azadlığı maddiyyat buxovlarında sıxılırsa, bu xoşagəlməzdir. Amma kimliyindən asılı olmayaraq, heç bir halda jurnalist sensasiya xatirinə dövləti maraqları zərbə altında qoymamalıdır. İlk növbədə şüurlu və sadiq vətəndaş olmaq lazımdır. Hər bir jurnalist həm də şəxsiyyət olmağı bacarmalıdır. Bu gün mətbuatımızda senzuranın olmaması çox gözəldir və biz bundan maksimum istifadə etməyi bacarmalıyıq. Amma senzor, eyni zamanda, hər bir jurnalistin içində olmalıdır və o, öz içində müəyyən etməlidir ki, nəyi efirə vermək olar və nəyi olmaz. Jurnalist nəzərə almalıdır ki, hazırlayacağı materialı görənlər, eşidənlər, oxuyanlar arasında onun ailə üzvləri və övladları da var. Həm oxucu, həm tamaşaçı, həm də ailəsi qarşısında məsuliyyət hissi duymalıdır. Jurnalist cəmiyyətdə tərbiyələndirici bir insan olmalıdır. Bir sözlə, kommunikasiya mühitini formalaşdıran insan hərtərəfli, peşəkar olmalıdır.

Ümumiyyətlə, əvvəllər televiziya jurnalistikasında bir varislik halqası var idi. Mən çox təəssüf edirəm ki, bu gün həmin halqa qırılıb. Əslində varislik halqasının qırılması ciddi problemlərə yol açır. Bəzi telekanallarda çox ucuz məzmunlu, ancaq reytinqə hesablanmış verilişlər ortaya çıxır. Düşünürəm ki, bu tipli verilişlər ciddi təhlükə mənbəyidir. Auditoriyanın zövqünü bu cür korlamaq olmaz. Jurnalistikanın əsas özülləri – məlumatlandırmaq, maarifləndirmək və əyləndirməkdir. Bu gün elə telekanallarımız var ki, onların efir siyasətinin əsasında ancaq əyləndirmək dayanır. Təbii ki, tamaşaçı ekran qarşısında əylənməlidir. Amma bu o demək deyil ki, tamaşaçı ancaq əylənərək vaxt itirməlidir. Əyləncə yalnız mahnı oxumaq və gülməkdən ibarət deyil. Əyləncə, eyni zamanda, maraqlı, bədii zövqü formalaşdıra biləcək tamaşa və yaxud filmi izləməkdir.

Amerika televiziyaçıları “infoteyment” deyilən bir termini ortaya qoyublar. Bu yanaşmada informasiyanın özünü də əyləncəli şəkildə çatdırırlar. Əgər sən auditoriyanı öz qarşında saxlayırsansa, ona mütləq şəkildə nə isə öyrətməlisən. Təbii ki, yaxşı bir şey, şəxsiyyətə və cəmiyyətə yararlı bir şey öyrətmək lazımdır.

- Yeri gəlmişkən, medianın, o cümlədən televiziyaların ictimaiyyətə təsirləri barədə nə deyə bilərsiniz?

- Şübhəsiz ki, televiziya ilk növbədə çox güclü ideoloji alətdir. Bu gün hər kəs öz görmə bucağından hadisələrə qiymət verməklə məşğuldur. Amma televiziya maksimum obyektiv olmalıdır. Əgər ümumilikdə mətbuatdakı bu tendensiyaya baxsaq – jurnalistlər təbliğatçıya və təşviqatçıya çevrilirsə, bu sadəcə mövcud reallıqlardan irəli gələn biznes marağından və ya korporativ maraqdan başqa bir şey deyil. İctimai fikrə təsir edən, auditoriyanı riqqətə gətirən hər hansı bir jurnalist araşdırması və ya publisist yazısına və yaxud televiziya verilişinə hərdən rast gəlmək olur. Amma bu azdır. Problem jurnalistlərin xidməti personala çevrilməsidir. Nəticədə peşəyə hörmət indeksi aşağı düşür, bəzi hallarda peşə məsuliyyəti anlayışı itir. Ən böyük problem isə, məncə, qələm əhli arasında peşə həmrəyliyinin olmamasıdır. Dəyərlərin təhrif olunması, elementar etik normaların yoxluğu da bir problem kimi ortalıqdadır... Jurnalist adı altında jurnalist rolunu ifa edənlərin - şoumenlərin, müğənnilərin, nə bilim daha kimlərin bizim jurnalistikaya nə aidiyyəti var? Sanki sifarişlə hərəkət edən bu ordunun məqsədyönlü şəkildə bir məcraya yönəlməsi ölkəmiqyaslı auditoriyanı əsaslı şəkildə bayağı zövqə və primitiv düşüncəyə kökləyir. Təəssüflər olsun ki, nəticədə auditoriya tərəfindən əksər jurnalistlər eyni arşınla ölçülürlər...

- Faiq müəllim, son vaxtlar daha çox müzakirə olunan məsələlərdən və medianın qarşısında qoyulan əsas vəzifələrdən biri də Azərbaycan dilinin saflığının qorunması ilə bağlıdır. Sizin bu məsələ ilə bağlı fikrinizi bilmək istərdik.

- Milli mətbuatımız yarandığı gündən xalqımızın milli təfəkkürünü formalaşdıran ziyalılarımızla zəngin olub. Onların adları Azərbaycan tarixinin ən şərəfli səhifələrini bəzəyir. Jurnalistika ilə zaman-zaman məşğul olanlar bizim gələcəyimizin inkişaf konturlarını cızıblar, bizim üçün ilk demokratik dövlət qurublar, ədəbi dil normalarını yaradıblar...

Mən bunu əvvəllər də çox demişəm, Azərbaycan dilinin ədəbi normalarına təcavüz edənləri efirdən uzaqlaşdırmaq lazımdır. Dil canlı orqanizm kimidir. O daim inkişaf edir. Amma onu düzgün məcraya yönəltmək lazımdır.

Bu gün əksər tok-şoular dedi-qodu, qeybət xarakteri daşıyır. Ancaq və ancaq reytinqlərə hesablanmış belə verilişlər məncə təhlükə mənbəyidir... Mən belə hesab edirəm ki, bütün bunların fonunda Azərbaycan Televiziyası ən azından mübarək bir missiyanın öhdəsindən layiqincə gəlir – Bizim milli ruhumuzu, ana dilimizi və milli dəyərlərimizi qoruyur!

Mənə görə, müasir televiziya savada əsaslanan bilik və bacarıqların dinamik tərzdə reallaşmasıdır. Televiziya sahəsində qazanılan biliyin tətbiqi yoxdursa, onun nə mənası var? Əgər jurnalistin hazırladığı materiallarda onun intellekti öz əksini tapmırsa, bu, ən azından onun qabiliyyətsizliyidir. Yaxud savadsız rejissor nəyə quruluş verə bilər? Videokameranın texniki parametrlərini bilməyən operator hansı keyfiyyətdə çəkiliş edə bilər? Televiziyalarda bazar mühiti təəssüf ki, peşə indeksini aşağı salıb. Əslində, əksinə olmalı idi – rəqabət daha intellektual yanaşmanı ortaya qoymalı idi. Təbii ki, bu, geniş müzakirə mövzusudur...

- Sonda media nümayəndələrinə müasir tələblərə uyğunlaşma və digər məsələlərlə bağlı nə tövsiyə edərdiniz?

- Deyərdim ki, bugünkü mediada trendlər informasiya yükünün bolluğundan irəli gəlir. Bəzi gənclər informasiya yükünü mənimsəyir, lakin intellektual yükü mənimsəyə bilmirlər. Odur ki, onlar dünyagörüşlərini formalaşdırmaq üçün kifayət qədər çox oxumalıdırlar.

İnsan peşəkar ola da bilər, olmaya da bilər, amma əsas odur ki, Vətəni sevəsən. Eyni zamanda, gənclərimizə ədalətli olmağı arzu edirəm. İlk növbədə, insan öz vicdanına, daha sonra isə cəmiyyətə qarşı ədalətli olmağa çalışmalıdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Yanvar 2026 13:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see436

Dəhşətli müharibənin astanasındayıq: ölkə sərhədlərini aşacaq Türk ekspert

28 Yanvar 2026 01:54see272

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see203

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see201

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see184

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see184

Məhkəməlik olan Nazilə Səfərli ilə Fatimə eyni masa arxasında VİDEO

27 Yanvar 2026 17:10see182

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see180

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see174

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see170

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see166

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see163

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see156

“Qarabağ” “Enfild Roud”da Fotolar+Video

27 Yanvar 2026 22:58see154

Mirəli Seyidov dünyasını dəyişdi

27 Yanvar 2026 15:05see152

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see151

“Xutor” və “Papanin”də sökülür...

27 Yanvar 2026 17:14see150

Əvvəl bir birlərinə qədəh atırdılar, indi isə... VİDEO

27 Yanvar 2026 22:38see146

Əməkdar idman ustası və əməkdar məşqçi dünyasını dəyişdi

27 Yanvar 2026 15:35see144

İşıqda yatmaq infarkta səbəb olur

28 Yanvar 2026 02:09see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri