NATO nun Baş katibi Polşada PUA insidentini məsuliyyətsiz və təhlükəli adlandırıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 10 sentyabr, AZƏRTAC
NATO Polşanın hava məkanının pilotsuz təyyarələr tərəfindən pozulmasını araşdırır, bunun qəsdən və ya təsadüfi olub-olmadığı hələ aydın deyil. Bu bəyanatla çıxış edən NATO-nun Baş katibi Mark Rütte jurnalistlərə müsahibəsində insidenti son dərəcə təhlükəli adlandırıb.
AZƏRTAC xəbər verir ki, Rüttenin sözlərinə görə, səhər saatlarında NATO-nun müttəfiqləri Polşanın xahişi ilə NATO Nizamnaməsinin 4-cü maddəsinə uyğun olaraq toplantı keçiriblər ki, onun fikrincə, ölkənin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid altında olarsa, Alyansın istənilən üzvü digər müttəfiqlərlə məsləhətləşmələrə başlaya bilər.
Polşa hökumətinin sözçüsü Adam Şlapka bildirib ki, NATO Polşada PUA insidenti ilə bağlı Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsini tətbiq edib.
Şimali Atlantika Müqaviləsinin 4 və 5-ci maddələrinin müddəalarına əsasən, bir NATO ölkəsi üçün təhlükə Alyansın bütün üzvlərinə hücum kimi qəbul edilir.
Rütte vurğulayıb ki, NATO-nun hərbi komandanlığı bütün şərq cinahı boyunca çəkindirmə və müdafiə sisteminin fəal şəkildə idarə olunması üzrə fəaliyyətini davam etdirəcək. “Bizim hava hücumundan müdafiəmiz daima tam hazırlıq vəziyyətindədir”, -deyə o əlavə edib.
Bundan əvvəl Varşava xəbər vermişdi ki, dronlar sentyabrın 10-na keçən gecə Polşanın hava məkanını dəfələrlə pozub. Bu ölkənin Baş naziri Donald Tusk pilotsuz uçuş aparatlarının Rusiyaya məxsus olması fikrini bildirib.


