Icma.az
close
up
RU
Nazirlik əməkdaşları öz aralarında rus dilində danışırlar Rus dilində təhsil ləğv edilməlidirmi?

Nazirlik əməkdaşları öz aralarında rus dilində danışırlar Rus dilində təhsil ləğv edilməlidirmi?

Icma.az, Kulis.az-dan verilən məlumatlara əsaslanaraq, xəbər verir Nazirlik əməkdaşları öz aralarında rus dilində danışırlar Rus dilində təhsil ləğv edilməlidirmi?.

Azərbaycanda rusdilli təhsilin ləğv edilib-edilməməsi müzakirələri yenidən gündəmə gəlib.

Kulis.az yazıçıların bu məsələ haqqında fikirlərini təqdim edir.

-

Çingiz Abdullayev:

"100 faiz bağlansın! Rus, fransız, türk və ingilis dilində təhsil - hamısı bağlansın! Türk də bağlansın! Yalnız Azərbaycan dili qalsın! Axmaqlığın da bir dərəcəsi olmalıdır... Hər dəfə qəsdən bu mövzunu açırlar. Qutarın da bu məsələni. Kim istəyir oxusun, kim istəmir oxumasın. Nə məsələdir ki, bu məsələni qəsdən hər dəfə qaldırırlar? Əgər pisdirsə, nəyə görə, bu qədər uşağı rus sektoruna qoyublar. Hamısı xəyanətdir. Hamısı xəyanət edib! Bəsdir, camaatı özümüzə güldürməyək.

Azərbaycan dilində oxuyan uşaqların səviyyəsini qaldırmaq lazımdır. Siz axı özünüz də rus sektorunda oxumusunuz. Siz “tafotu” yaxşı görürsüz. “Tafot” var axı. “Tafot” var. Ona görə nə edirsizsə edin Azərbaycan dilində oxuyan uşaqların səviyyəsini qaldırın. Mən nəyə görə hər yerdə Azərbaycan dilində danışıram, çıxış edirəm. Mən istəyirəm ki, bizim uşaqlarımız kitabları Azərbaycan dilində oxusunlar. Onlar öyrəşsinlər, bilsinlər ki, dünya necə genişdir. Hər şey belədir. Amma təəssüflər olsun ki, indiyəcən minlərlə adam dava edib ki, uşaqlarımız rus sektorunda oxusun. Bu həqiqətdir. Yalandan desək ki, bu belə deyil, düz olmaz. Bu həqiqətdir. Azərbaycanda minlərlə valideyn övladını rus bölməsinə qoymaq üçün dava edir. Heç kəs dava etmir ki, uşaqlarımı verim Azərbaycan sektoruna. Özləri bilmir, amma övladını rusca oxutmaq istəyir".

Kamal Abdulla:

"Məncə bunu etmək düzgün olmazdı. Biz indi hətta erməni dilinin öyrənilməsini genişləndiririk. Rus dilini, ədəbiyyatını, tarixini öyrənmək bir azərbaycanlı üçün çox vacibdir".

Şərif Ağayar:

"Məsələnin belə kəskin qoyulmasının tərəfdarı deyiləm. Lakin dəqiq bilirəm ki, istənilən bir xarici dilin ölkəmizdə tədrisi siyasi mahiyyət daşımamalıdır. Başa düşürəm, indi vəziyyət Rusiya ilə münasibətləri bəlli bir tempdə qoruyub-saxlamağı tələb edir. Balaca ölkəyik, bir çox tərəfdən asılılığımız var, lakin dilimizin dominantlığı məsələsində güzəştə getməməliyik. Bir insan düşündüyü dilə məxsusdur. Rusca düşünən azərbaycanlı bu torpağı, bu xalqı lazımı qədər anlaya bilməz. Anlamırsa, ona, istəsə də, ciddi fayda verə bilməz. Biz əvvəlcə öz dilimizi çox yaxşı bilməli, sonra rus dili də daxil olmaqla bütün xarici dillərə bərabər rəqabət imkanı yaratmalıyıq. Rus dilini seçmək ənənə halını almamalı, kütləvi xarakter daşımamalıdır. İstəyən buyurub öyrənsin. Şəxsən mən ingilis dili dura-dura uşağını rusdilli sektora qoyan valideynləri başa düşmürəm. Əgər bunun çox ciddi bir səbəbi yoxdursa, qınanmalıdır. Rusiya bu gün heç bir sahədə örnək deyil. İlin-günün bu vaxtı rus dilinə aşiq olmaq bir az da gülməlidir. Rus dili Azərbaycanda daha çox sovet totalitarizminin uzantısı kimi mövcuddur. Biz sovet ənənəsindən uzaqlaşan kimi Qarabağda qələbə çaldıq. “Qənimətlər parkı”na baxın, müasir silahlarla vurub “xosunvay” etdiyimiz hərbi texnikanın çoxu rus istehsalıdır. Silahların işğalından daha dəhşətlisi isə dillə, mədəniyyətlə işğal etməkdir. Çünki bundan qurtuluş yoxdur. Hansısa xarici dilin ölkəmizdə dominantlığı konstitusiyamıza da ziddir. Azadlıq, müstəqillik və suverenlik düşüncə ilə reallaşır. Düşüncə isə ilk növbədə məxsus olduğun dilin sənə verdiyi tərbiyədir".

Rasim Qaraca:

"Ümumən Azərbaycan dilinin nüfuzunu artırmaqdan ötrü dövlət səviyyəsində ciddi işlər görülməlidir. Bunun tərkib hissəsi olaraq rus məktəblərinin sayı minimuma endirilməli və ya tamamən bağlanmalıdır. Fənn olaraq öyrədilə bilər və öyrədilməlidir də. Eyni zamanda türk dili də (Türkiyə türkçəsi), əgər bu dili xarici dil hesab ediriksə, fənn olaraq öyrədilməlidir, yox əgər öz dilimiz hesab ediriksə önü açılmalı və geniş təbliğ olunmalıdır. Türkiyə türkcəsindən ala biləcəyimiz sözlərə dair təhsil proqramı olmalıdır. İndiki kimi xaotik dil prosesi ana dilimizin kirlənməsinə səbəb olur. Qısaca bunları demək olar. Əslində, çox vacib məsələdir və üzərində dayanmalı çox məqam var".

Mirmehdi Ağaoğlu:

"Səhv etmirəmsə, bu müzakirənin rüşeymini bir müddət əvvəl müğənnilərdən biri atmışdı. Mən onun sosial mediada paylaşımını gördüm. Belə başa düşdüm ki, uşağı rus bölməsində oxuyur. Birini qoyub, o birinə keçirəm. Mən uşaq olanda... Doxsanıncı illərin əvvəlində ruslar, rusdillilər öz uşaqlarını ildırım sürətilə Azərbaycan sektoruna yazdırmağa başladılar. Hətta bir tatar qonşumuz sınıq-salxaq azərbaycancası ilə məndən xahiş etmişdi ki, uşağıyla rusca yox, azərbaycanca danışım. Sonralar həmən ailələr uşaqlarını Azərbaycan sektorundan çıxarıb rus bölmələrinə qoydular. O vaxtdan 30 ildən çox vaxt keçib. İndi baxırsan ki, nəinki rusdilli ailələr, heç rusca hırnan-zırı qanmayan, rusdillilərin öz aralarında “çuşka” dedikləri ailələr belə övladlarını rus sektorlarına qoyurlar. Millətçi tanıyıram, övladını rus bölməsində oxudur. Deməli, buna tələbat var. Mən özüm də hərdən fikirləşirəm ki, balacanı heç olmasa, rus bölməsində oxudum. Çünki açıq-açığına rus bölmələri ilə Azərbaycan bölmələri arasında təhsil, dönyagörüş fərqini görürəm, nəticələr göz qabağındadır. Yaşlandıqca idealizm öz yerini rasionallığa verir. Rasional düşünəndə də görürsən, ölkədə rus dili az qala bütün idarə və qurumların ikinci dilidir. Hansısa quruma işin düşəndə orda rus dilində danışanda bir başqa münasibət görürsən, azərbaycanca danışanda başqa. Etiraf etmək lazımdır: nazirlik var, əməkdaşları öz aralarında rus dilində danışırlar. Reallığı danmaq olmaz. Bütün bunları və regional məsələləri nəzərə alanda başa düşürsən ki, bizim coğrafiyada rus dilinin təsiri uzun müddət qalacaq. O ki qaldı mənim şəxsi istəyimə. Bəli, dövlət hesabına rus dili bölmələrinin saxlanılmasını istəməzdim. Özəl məktəblər olsun, övladına rus dilində təhsil verilməsini istəyən valideynlər də aparıb ora qoysunlar. Əgər övladlarımız dövlətin pulu ilə xarici dildə təhsil alacaqlarsa, elə yaxşısı budur, ingilis dilində təhsil alsınlar. Mənim təklifim budur, ancaq bunu həyata keçirmək mümkündürmü?”

Etimad Başkeçid:

"Rus dilinin Azərbaycanda karyera və biznes üçün bir imperativ olduğunu düşünənlər və ya bu havanı yaratmağa çalışanlar müstəmləkə təfəkkürü ilə yaşayan, aşağılıq komleksindən əziyyət çəkən insanlardır. Bunun başqa adı yoxdur. Rus dilində təhsil almaq üçün ayrıca məktəblər ola bilər, amma bizim vergilərimizin və dövlət büdcəsinin hesabına yox. Ayrıca bu, dövlət təhlükəsizliyi və ölkənin inkişaf perspektivləri ilə bağlı olan məsələdir. Odur ki, yaxşıca düşünüb-daşınmaq və müstəqil, suveren dövlət olaraq rusdilli təhsil haqqında məntiqli bir qərar vermək lazımdır".

Həmid Herisçi:

"Bu cür sualların real yox... fəlsəfi, bədii cavabı var. Sualınızın cavabını, İsmayıl Şıxlının "Dəli Kür" romanındakı məşhur "Nə vaxtadək uşaqlarımız mədrəsələrdə "Əlif zəbər əə, be zəbər bəə" deyəcəklər" cümləsindədir. Ancaq, deyəsən, bu dəfə "Əlif zəbər əə, be zəbər bəə" ifadəsi ruslaşıb. Dönüb müasir günün xurafatına. Təhsildən bax bu "Əlif zəbər əə, be zəbər bəə" yığışdırılmalıdır. Hər dövrün öz "Əlif zəbər əə, be zəbər bəə"si var".

Aqşin Yenisey:

"Müstəmləkə illərimizi xatırladan nə varsa saf-çürük etməliyik. Rus dili məsələsi mədəni yox, siyasi məsələdir. Milli mənafeyi şəxsi nostalgiyalara qurban vermək olmaz. Bu gün öyrəniləsi dil Çin dilidir. Rus dili bir 70 il də bizi keçmişdə saxlayacaq. Rus diliylə qurduğumuz cəmiyyət göz qabağındadır, belə yaşamaq istəyiriksə, ümumiyyətlə, öz dilimizi yığışdıraq".


Ömər Xəyyam:
"Rus dili xarici dil kimi tədris edilməlidir! Mənim vergimlə maliyyələşən təhsil mənim dövlətimin rəsmi dilində olmalıdır! İngilis dilində, yapon dilində təhsil alan uşaqlar harada oxuyur? - rus dayılar da əziyyət çəksinlər, Britaniya, Yaponiya kimi – öz dillərincə özəl məktəb açsınlar, nə bilim akademiya düzəltsinlər, özləri də maliyyələşdirsinlər..."

Sevinc Elsevər:

"Rus bölməsinin bağlanması ilə bağlı fikirləri anlaya bilmirəm. Hazırda ölkəmizdə uşaqlar türk, rus, ingilis, fransız bölmələrində təhsil ala bilirlər. Mən bilən bunlardan yalnız türk və rus dilində təhsil ödənişsizdir. İngilis, fransız dillərində təhsil varlılar üçündür. Yad dili ana dili səviyyəsində ömrün boyu öyrənə bilmirsən. Nadir istedadlı adamlar yad dili öyrənə bilirlər sonradan. Ana dili səviyyəsində deyirəm, çulunu sudan çıxarmağı nəzərdə tutmuram. Ona qalsa, mən həm rus, həm türk, həm də ingilis dillərini mükəmməl bildiyimi iddia edərəm. İngiliscəm B2 səviyyəsindədir. Ancaq utanıram deməyə ki, ingilis dilini bilirəm. Axı mən o dildə yaza, tam sərbəst danışa bilmirəm. Bir şeyi dəqiq bilirəm, tədris dilin xarici dil olanda öyrənə bilirsən. Rus dilini, türk dilini, ingilis dilini yaşadığımız coğrafiyada vacib dillər sayıram. Kasıbın balası heç olmasa, rus dilini öyrənə bilsin. Biznesmenlər kasıbın əlindən bu imkanı da almaq istəyirlər".

Fərid Hüseyn:

"Mənim düşüncəmə görə, rus sektoru küll halında sıradan çıxmamalıdır, bu, sadəcə, seçimə bağlı olmalıdır. Amma rus sektorunda oxuyan tələbələrin Azərbaycan dili və tarixi ilə bağlı dərs yükü maksimum səviyyəyə qaldırılmalıdır. Eyni zamanda, iş mühitlərində rus dili tələbi qeyri-qanuni də olsa, başlıca şərt olmamalıdır. Rusiya qonşu ölkədir, nə biz burdan köçəsiyik, nə onlar ordan. Qarşılıqlı hörmət meyarları ilə qonşuluq əlaqələrini qorumalıyıq. Azərbaycanın müstəqillikdən böyük sərvəti yoxdur. O sərvəti isə ordu ilə yanaşı milli təhsil sistemi qoruyur. Biz milli təhsil sistemimizi qurmalıyıq və ana dili tələbimiz ən başlıca şərt olmalıdır. Əgər ana dilimiz cv-mizdə başlıca tələblərdən olsa, onda anadilli məktəblərin sayı artacaq. Dilin cəmiyyətdə gücü elə səviyyədə olmalıdır ki, xalq öz taleyini ona bağlaya bilsin. Mən özümüzəməxsus, hər cür təqliddən uzaq milli təhsilin tərəfdarıyam".

Rəvan Cavid:

"Qətiyyən! Azərbaycanda 90-cı illərdən etibarən yaradıcı düşünə bilən gənclərin əksəriyyəti rus sektorunun şagirdləri, tələbələri olub. Rus mədəniyyəti, rus dili bizə digər müsəlman ölkələrindən yaxşı mənada fərqləndirən xüsusiyyətlər qazandırıb. Rus sektorunun Azərbaycan dilinə və ya milli düşüncəyə neqativ təsirindən danışmaq yersizdir. Milli düşüncə üçün faydalı iş görənlərin də əksəriyyəti rus dilində təhsil alan və ya rus dilini yaxşı bilən adamlar olub. Dilimizi inkişaf etdirmək, qorumaq, milli silaha çevirmək istəyiriksə, bunun yolu rus sektorunu bağlamaq deyil. Ədəbiyyata, dil institutlarına, mədəniyyətin fərqli sahələrinə dəstək olmaqdır. Tərcümə industriyasının keyfiyyətini qaldırmaqdı. Ölkədə normal kitab, ədəbiyyat, mədəniyyət industriyası olmayandan sonra dilin və milli ideologiyanın qeyrətini çəkmək əbəsdir".

Babək Məmmədli:

"Heç şübhəsiz, bu günə qədərki təhsilimizin, mədəniyyətimizin və incəsənətimizin formalaşmasında rus dilinin müstəsna əhəmiyyətini inkar etmək doğru olmazdı. Ancaq, dilimizi funksionallaşdırmağın, zənginləşdirməyin, inkişaf etdirmənin yollarını axtarırıqsa və nəhayət, xalq olaraq böyümək istəyiriksə istisnasız olaraq bütün azərbaycanlılara dərslər elə Azərbaycan dilində də tədris olunmalıdır. Yoxsa bu uşaqların böyük əksəriyyəti bizdən qopur, bizim olmurlar. Şübhəsiz, bunda həmin uşaqların qanı qanımızdan, soyu soyumuzdan olub öz doğma dilini bəyənməyən valideynlərinin də “əməyi” danılmazdır. Bizdə övladlarının rus dilində təhsil almağına maraqlı olan (etnik ruslar istisna) iki tip ailə modeli mövcuddur. Özlərini mütərəqqi dünyanın lokomotivi, leytmotivi, nə bilim seysmotivi sayıb evində rusca danışan, rusca düşünən “ultramüasir” birincilər əgər bunu “çuşkalıq” əleyhinə peyvənd kimi görürsə də ikincilərdə mənzərə bir az fərqlidir: burda əsas tətikləyici amil iş faktorudur. Bu mənada “ikincilər”i qınamalı deyil. Çünki, heç kimə sirr deyil ki, ölkəmizdə fəaliyyət göstərən bir çox aparıcı müəssisə və şirkətlər prioritet kimi rus dilinə üstünlük verirlər. Yəni tələb təklif doğurur. Bu səbəbdən də ilk növbədə iş yerlərində bu absurd tələb aradan götürülməlidir. Əks təqdirdə, dili strateji silah kimi istifadə etməyi ustalıqla bacaran, çoxəsrlik imperiya ənənəsinə malik olan Rusiya hələ uzun müddət dominantlıq edib təpəmizdə turp əkəcək".

Kino çəkməyə həvəslənən aktyorlar Həyatı sınaqlarda keçən sənətkar - Onun həyat yoldaşı niyə canına qıydı? Muazzez Ersoydan fırıldaqçılarla bağlı xəbərdarlıq
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://kulis.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün avtobuslar bu saata qədər işləyəcək

21 Fevral 2025 12:55see354

Avropanın ən güclü iki ordusu var: biri Türkiyə… Zelenski

20 Fevral 2025 01:38see165

“Ukrayna tortu” uğrunda amansız savaş: Avropa sıxışdırılır ŞOK DETALLAR

21 Fevral 2025 18:15see156

Kürdəmirdə maşın kanala düşdü: ölənlər var

20 Fevral 2025 22:17see140

Alsu Anastasiya Reşetovanın “tikanlarına” cavab verdi

20 Fevral 2025 01:09see121

Ana dili milli kimliyimizin rəmzidir Deputat yazır

20 Fevral 2025 10:27see118

Axtarışda olan 122 nəfər TUTULDU

20 Fevral 2025 10:46see118

Azərbaycanda bəzi saytlar hekləndi ARALARINDA MƏŞHUR İNFORMASİYA AGENTLİYİ DƏ VAR FOTO

20 Fevral 2025 12:25see118

Bosch 550 işçini ixtisar edə bilər

20 Fevral 2025 22:52see116

Maral və ayı ətinin satışı qadağandır? (AÇIQLAMA)

20 Fevral 2025 17:37see114

Məşhur müğənni qəhvəxanada yaşlı kişilərlə belə pozalar verdi FOTOLAR

21 Fevral 2025 00:52see114

Polis əməkdaşları ölkə boyu gücləndirilmiş rejimdə xidmət aparır FOTOLAR

21 Fevral 2025 02:35see113

Naxçıvan Teatrının təbrizli aktyor rejissoru

20 Fevral 2025 10:52see113

Dünyanın ən səs küylü şəhərinin adı açıqlandı

20 Fevral 2025 12:31see113

Baerbock cinsi təcavüzə məruz qaldığını etiraf edib…

20 Fevral 2025 18:24see112

Rusiya: Ukraynanın qaz və enerji obyektlərini vurduq

20 Fevral 2025 18:52see111

Rusiya Lermontovun qətli ilə bağlı araşdırmalara başlayıb

20 Fevral 2025 10:43see111

Bunu etsəniz ömrünüz daha uzun olacaq

20 Fevral 2025 08:16see110

Şok plan: Ordu Ukraynaya girir, Rusiyaya zərbə üçün...

20 Fevral 2025 12:54see110

Ana dilimiz varlığımız, qürurumuzdur!

20 Fevral 2025 14:08see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri