Icma.az
close
up
RU
“Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” Tanınmayan diplom problemi

“Nə təhsilimizə davam edə bilirik, nə də işləyə…” Tanınmayan diplom problemi

Qafqazinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son illər xaricdə, xüsusilə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı artıb. Bunun əsas səbəbləri sırasında bəzi ixtisaslara asan qəbul şərtləri və təhsilhaqqının bir çox Avropa ölkəsi ilə müqayisədə daha münasib olması göstərilir. Lakin bu məqsədlə xaricə üz tutanlar ciddi problemlə qarşılaşırlar: Diplomları Azərbaycanda tanınmır.

Türkiyədə təhsil almış, lakin diplomunu ölkəmizdə tanıda bilməyən bir neçə məzun “Qafqazinfo”ya müraciət edib.

Onlar bildirirlər ki, indi nə təhsillərinə davam edə bilirlər, nə də işləyə: “Təhsilimizi Türkiyənin mövcud təhsil sisteminə uyğun olaraq “açık öğretim” təhsilalma formasında bitirmiş və diplom əldə etmişik. Lakin indi diplomlarımızı tanıda bilmirik. Bunun üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişik. Agentlik “açık öğretim” təhsilalma formasının ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid olmadığını bildirərək diplom tanınmasından imtina qərarı verib”.

Məzunların sözlərinə görə, agentliyin saytında yayımlanan tanınmayan universitetlərin sırasında onların təhsil aldıqları Atatürk və Anadolu universitetlərinin adı yoxdur:

“Oxuduğumuz dövrdə və hətta bu günün özündə belə, agentliyin internet səhifəsində tanınmayan universitetlər və diplomlar siyahısı var ki, orada “açık öğretim”lə bağlı heç bir məlumat əks olunmayıb. Biz məcbur qalaraq Azərbaycan məhkəmələrinə üz tutmuşuq. Hazırda məhkəmələrin icraatında xeyli belə iş var.

Son dövrə qədər Azərbaycan məhkəmələri tərəfindən məsələyə düzgün qiymət verilərək Türkiyədə “açıq öğretim” növündə təhsil almış tələbələrin diplomlarının tanınması ilə bağlı səlahiyyətli qurum olan TKTA-nın üzərinə öhdəlik qoyulmuşdu. Bununla bağlı Ali Məhkəmənin internet saytında yerləşdirilmiş bir çox nümunə qərarlar da mövcuddur. Həmin qərarlarda Ali Məhkəmənin hakimləri düzgün mövqedən çıxış edərək “açık öğretim” təhsil növünün Azərbaycanda mövcud “distant” təhsil forması ilə uzlaşdığını qeyd edib və bildiriblər ki, distant (“uzaktan öğretim”) təhsil tələbələrə kommunikasiya texnologiyalarından istifadə edərək öyrənməyə imkan verən müasir təcrübədir. Həmçinin bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən distant təhsil vasitəsilə yaşı, gəliri və ya peşəsindən asılı olmadan insanların öz imkanlarına uyğun şəkildə öz təhsillərini nizamlayaraq, məhsuldarlığını itirmədən təhsillərini davam etdirdikləri bir sistemdir. Eyni zamanda vurğulanıb ki, Azərbaycan qanunvericiliyində mövcud olan distant təhsilalma formasının təşkili qaydaları və müddəti ilə bağlı aktların qəbul olunmaması səlahiyyətli qurumun diplomların tanınmasından imtinası üçün əsas ola bilməz”.

Onlar qeyd edirlər ki, 2024-cü ilin oktyabr ayından etibarən məhkəmələr əvvəlki qərarların əksinə, diplomların tanınmamasına dair bir neçə qərar qəbul edib:

“Bunun nəticəsində ölkəmizdə magistratura səviyyəsində təhsilimizi davam etdirə, eləcə də bəzi qurumlarda öz ixtisasımız üzrə fəaliyyət göstərə bilmirik. Habelə, 4-5 il ərzində müəyyən xərclər çəkməklə, əziyyətli təhsil alma hesabına başa gələn diplomlarımız əhəmiyyətsiz olur.

Diplomların tanınmasından imtinaya əsas kimi “açık öğretim” təhsilalma formasının Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmadığı göstərilir. Lakin “Təhsil haqqında” Qanuna əsasən, ölkəmizdə təhsilalmanın əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) formaları müəyyən edilib. Həmin qanuna əsasən, zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. Göründüyü kimi, “açık öğretim” təhsilalma forması qanunvericiliyimizdə mövcud distant təhsil forması ilə uzlaşır, həm də qanunda qeyd edildiyi kimi müasir təhsil texnologiyalarından istifadə etməklə təşkil olunmuş təhsilalma formasıdır”.

Məsələ ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi:

“Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.4-cü bəndinə əsasən tanınma Azərbaycan Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Buna qarşılıq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu, 13.1-ci bəndində əks olunmuş təhsilalma formaları arasında “açıköğretim” forması yer almır və Azərbaycan Respublikasında bu formada tədrisin təşkili ümumiyyətlə nəzərdə tutulmayıb”.

Qurumdan əlavə olaraq qeyd edilib ki, Türkiyə qanunvericiliyində bu təhsil forması müəllim və tələbə arasında qarşılıqlı əlaqənin olmadığı bir sistem kimi qəbul edilir:

“İnzibati icraat zamanı araşdırma əsasında məlum olub ki, Türkiyə Respublikasının “Xarici dövlətlərin ali təhsil diplomlarının tanınması və ekvivalentliyinin müəyyən olunması Qaydası”nın 3-cü maddəsinin “a” bəndinə əsasən “açıköğretim” təhsilalma forması təhsilalanlarla təhsilverənlərin qarşılıqlı ünsiyyətinə və qarşılıqlı fəaliyyətinə əsaslanmayan təhsilalma növüdür.

Buna qarşılıq, “Təhsil haqqında” Qanunun 31-ci maddəsinə əsasən təhsilverənlər və təhsilalanlar təhsil prosesinin mütləq iştirakçıları kimi nəzərdə tutulub. Beləliklə, “açıköğretim” təhsilalma forması üzrə tədrisin təşkilinin Azərbaycan təhsil qanunvericiliyinə əsasən təhsil prosesinin təşkili üçün nəzərdə tutulan tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən olunub.

Nəticə etibarilə, bu forma Azərbaycanda təhsilin təşkili və tədris prosesini tənzimləyən normalara əsasən müəyyən olunmuş zəruri elementləri özündə ehtiva etmir və ənənəvi təlim metodlarına əsaslanan formal təhsil hesab oluna bilməz.

Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal qaydada təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aid edilib.

Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, bu forma üzrə tədrisin təşkilinin Azərbaycan təhsil qanunvericiliyinə əsasən təhsilin təşkili prosesinin zəruri tələblərinə uyğun olmadığı üçün ənənəvi təlim metodlarına əsaslanan formal təhsil hesab oluna bilməz”.

Mövzu ilə bağlı saytımıza danışan təhsil eksperti Elşən Qafarov isə bildirir ki, distant təhsil alma forması Azərbaycanda mövcud olmadığı üçün tanınmır:

“Ümumiyyətlə, xaricdə verilmiş diplomların, yəni dərəcələrin, kvalifikasiyaların tanınması Lissabon Konvensiyasına uyğun olaraq aparılır. Bununla da dövlətlər arasında vətəndaşların bir-birinin ölkəsində təhsil alması, həmin ölkədə əldə etdikləri təhsil sənədlərinin, dərəcələrinin tanınması prosedurunu təsdiq edəcəklər.

2001-ci ildə nostrifikasiya qaydaları təsdiq edilmişdi və həmin qaydalar Lissabon Konvensiyasına zidd idi. Lakin 2023-cü ildə ölkə Prezidentinin Sərəncamı ilə xaricdə verilmiş kvalifikasiyaların tanınması qaydaları təsdiq olunduqdan sonra yeni qaydalar tam şəkildə Lissabon Konvensiyasına uyğunlaşdırıldı. Bu məsələ isə tələbələrin distant təhsil formasında xaricdə təhsil almasıdır. Problem xaricdə verilmiş təhsilin keyfiyyəti ilə bağlı deyil.

Sadəcə Azərbaycan Respublikası distant təhsili tanımır. Halbuki keçmiş post-sovet məkanına daxil olan bir çox respublikalar artıq distant təhsil formasını tanıyır. Lakin biz bu məsələdə çox gecikirik. Halbuki “Təhsil haqqında” Qanunun 14-cü maddəsində distant təhsil forması qeyd olunub. Ancaq bunun icra mexanizmi yoxdur, yəni qəbul edilməyib. Buna görə də distant təhsil alan şəxslərin diplomları tanınmır. Bu da ayrı-ayrı insanların narazılığına səbəb olur”.

Ekspertin sözlərinə görə, dünyada distant təhsilə keçid artır və biz də bu sistemi qəbul etməli olacağıq:

“Problemin kökü ondadır ki, məsul qurumlar distant təhsili tanımaq istəmirlər. Bunun səbəbi isə Azərbaycanın ali təhsil sisteminin bugünkü vəziyyətinin kifayət qədər bərbad olmasıdır. Əgər Təhsil Nazirliyi distant təhsil formasını tanısa, o zaman Azərbaycan universitetlərində yüksək ödənişlər etməklə təhsil alan, amma yetərli bilik və bacarıqlara yiyələnməyən şəxslər, daha aşağı qiymətə xarici universitetlərdə təhsil alaraq lazımi bilik və bacarıqları qazana bilərlər. Nəticədə Azərbaycan universitetlərinə müraciət edənlərin sayı azalacaq, universitetlər boş qalacaq və ya çox az sayda tələbə cəlb edə biləcəklər”.

Vəkil Orxan Əhmədov isə deyir ki, Nazirlər Kabineti 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarında bakalavr təhsili məzmunu və təşkili qaydalarında distant və eksternat formada bakalavr hazırlığı müəyyən olunsa da, bu günə qədər həmin əsasnamələr təsdiq edilməyib:

“Nəticə etibarilə məsləhət görülərdi ki, tələbələr nəinki universitetlərinin dövlət tərəfindən tanınmasına, həm də həmin təhsil formasına da fikir versinlər. Xaricdə təhsil almaq istəyən tələbələr universitetlərin dövlət tərəfindən tanınıb-tanınmadığını yoxlayırlar, amma təhsil formasına xüsusi diqqət yetirmirlər. Əgər tələbə xaricdə qiyabi və ya distant formatda təhsil alırsa, lakin Azərbaycanda bu ixtisas yalnız əyani formada mövcuddursa, diplom tanınmaya bilər. Tələbələr ixtisas və təhsil formatı barədə öncədən araşdırma aparmalıdırlar ki, diplomlarını tanıtmaqda çətinliklə qarşılaşmasınlar”.

O. Əhmədov bunun iki həll yolu olduğunu sözlərinə əlavə edib:

“Təhsil haqqında” Qanunun 13-cü maddəsində distant və eksternat təhsil forması nəzərdə tutulsa da, Nazirlər Kabineti tərəfindən distant təhsilin aparılması ilə bağlı əsasnamələr bu günə qədər təsdiq edilməyib. Nəticədə təhsilini tamamlayan məzunlar öz diplomlarını tanıtmaqda əziyyət çəkirlər. Əgər bu təhsil formaları qanunda olsa da, icrası mümkün deyilsə, o zaman qanundan çıxarılmalıdır ki, tələbələr də bu formatlarda təhsil alıb sonradan diplom problemi yaşamasınlar. Əgər qanunda distant və eksternat təhsili nəzərdə tutulubsa, o zaman Nazirlər Kabineti onların icra mexanizmini müəyyən edən əsasnamələri təsdiq etməlidir”.

Lamiyə Məmmədova 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Fevral 2025 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Musiqinin beyinə təsiri: Stressi cəmi 8 dəqiqəyə azaldan mahnı açıqlandı (VİDEO)

31 May 2025 20:03see198

İrəvan separatçıları və qanuni hədəfimiz

31 May 2025 09:09see173

Qurbanovdan sərt reaksiya: “Ən bərbad hakimlik idi”

31 May 2025 22:12see161

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see135

Küsülü idilər, səhnədə barışıb evlilik təklif etdi VİDEO

31 May 2025 20:02see127

Sizi varlı göstərəcək 3 çanta modeli FOTO

31 May 2025 18:46see125

“Vəfa” yenidən səhnədə

01 İyun 2025 01:08see124

Hakimlik haqda nəsə demək istəmirəm Elvin Cəfərquliyev

31 May 2025 22:58see121

Kallas Rusiya ilə Çinin yaxınlaşmasını dövrümüzün ən böyük problemi adlandırıb

31 May 2025 12:34see120

Şəhərin mərkəzində atışma 2 ölü, 1 yaralı

01 İyun 2025 15:32see119

Gicitkəndən dondurma hazırlandı

31 May 2025 15:11see118

Mələksima Qumru quşu

01 İyun 2025 01:19see118

Abşeronda “təndirxana dələduzluğu”

31 May 2025 15:33see118

KƏND HƏYATINDA UŞAQ SEVİNCİ... FOTOLAR

31 May 2025 23:11see118

Miss Vorld 2025 in qalibi müəyyənləşdi Foto

31 May 2025 22:09see118

“OPEC+”un 8 ölkəsi iyulda hasilatı 411 min barel artırmaqla bağlı razılığa gəlib

31 May 2025 16:46see118

Barselona danışıqlarda irəlilədi

31 May 2025 19:01see117

Alkoqol içdiyiniz zaman üzünüz qızarır? Həkim təhlükə barədə xəbərdarlıq etdi

31 May 2025 07:31see115

Hikmət Hacıyev: 2020 ci ildən bəri təxminən 400 Azərbaycan vətəndaşı mina partlayışlarının qurbanı olub

31 May 2025 21:32see114

NASA və Harvard qurban seçildi Tramp nəyi dəyişmək istəyir?

31 May 2025 22:36see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri