Neftçalada şəhid anasının evinə basqın etdi, sırğalarını istədi, yas pulunu aldı MƏHKƏMƏ
Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.
Neftçala rayonunda 1990-cı il təvəllüdlü Aqil Sadıqov tənha yaşayan qadının evinə basqın etməkdə ittiham olunub.
Moderator.az "Teleqraf"-a istinadən xəbər verir ki, hadisə 26 noyabr 2023-cü ildə Bankə qəsəbəsində baş verib.
Aqil Sadıqov həmin gün saat 19:30 radələrində qaynanası Mehparə Əliyevanın qonşuluğunda tək yaşayan Dilşad Kəlbiyevanın həyətinə keçib.
Evə daxil olan Aqil əlindəki kustar üsulla düzəldilmiş mətbəx bıçağını nümayiş etdirib, qadını hədələyib. O, Dilşad Kəlbiyevanın yataq otağında döşəyin altında saxladığı 800 manat pulunu alıb.
İstintaq orqanı tərəfindən Aqilin barəsində Cinayət Məcəlləsinin 181.2.3 (yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə quldurluq törətmək) və 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq törətmək) maddələri ilə ittiham elan edilib.
Məhkəmədə ifadə verən təqsirləndirilən şəxs ittiham üzrə özünü təqsirli bilməyib.
Bu səbəbdən onun ibtidai istintaqa verdiyi etiraf ifadəsi açıqlanıb. Həmin ifadəsində o, özünü təqsirli bilib, göstərib ki, arvadı Əfsanənin onurğa sütununda əyrilik olub: “Onun əməliyyatına təxminən 1500 manat lazım idi. Bir neçə mağazaya və bir neçə şəxsə də borcum vardı. Bir müddətiydi evə də bazarlıq edə bilmirdim. Bütün bunlara görə utanırdım, pul qazanmağın bir yolunu axtarırdım. Kimdən pul istəyirdim, vermirdi.
Evlənəndən sonra təxminən 4 il Neftçala rayonunun Bankə qəsəbəsində qaynanam Mehparəgilin evində qalmışam. Daha sonra qaynanamgilə gediş-gəlişimiz mütəmadi davam etdi. Qaynanamın qonşuluğunda adının Dilşad olduğunu sonradan bildiyim bir şəhid anasının tək qaldığını bilirdim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, 2023-cü il noyabrın 26-da səhər saatlarında işdə olub: “Pula ehtiyacım olduğu üçün Dilşadın evinə oğurluğa girmək qərarına gəldim. Saat 17 radələrində işdən çıxanda traktordan müxtəlif şeyləri kəsmək üçün istifadə etdiyim bıçağı götürüb gödəkçəmin cibinə qoydum. Salyan-Neftçala avtomobil yolunun qırağına çıxdım, taksi ilə qaynanamgilin evinə gəldim. Saat təxminən 18 radələrində yaxınlıqda evi olan bacanağım Muradgilə getdim. 19:30-da həyətə çıxdım.
Həyətə yığılmış daşların üzərindən Dilşadın həyətinə tullandım. İçəridən işıq gəlirdi. Tanınmamaq üçün əynimdə olan qara rəngli vodolaskanın yaxasını burnuma qədər qaldırdım. Başımdakı qara papağı da gözümün üstünə çəkdim. Cibimdən bıçağı çıxararaq əlimdə tutdum, evin qapısını açıb içəri girdim. Dilşad stolda oturaraq televizora baxırdı. Məni görən kimi ayağa durdu.
Dilşadın qulağındakı sırğaları gördüm, əlimdəki bıçağı göstərərək sırğaları istədim. O, sırğaları verə bilməyəcəyini dedi. Buna görə ondan pul istədim, düz içəri otağa keçdi. Mən də onun arxasıyca gedərək otağın qapısının ağzında durdum.
Dilşad yatağın üzərindəki döşəyi qaldırdı, oradan götürdüyü pul qabının içərisindən pulları mənə verdi. Mən dərhal evdən çıxdım. Həyətdə pulları saydım, 800 manat olduğunu gördüm”.
Təqsirləndirilən şəxs deyib ki, səhəri gün saat 7 radələrində işə gedib: “Bıçağı götürdüyüm yerə, yəni traktorun kabinasının şit hissəsinin kənarına qoydum. 3 gün sonra Salyan şəhərinə heyvan bazarına getdim, 370 manata 1 baş xırdabuynuzlu heyvan alıb qonşuluqda qalan Sərxana, 200 manat da həyat yoldaşım Əfsanəyə verdim. Əfsanə pulu haradan əldə etdiyimi xəbər aldı, maaşımı aldığımı söylədim.
Həmçinin qaynım Turala Bakıda yaşayan xalam Gültəkinə olan 50 manat borcumu ödəniş terminalı vasitəsilə göndərməsi üçün verdim, mağazaya olan 25 manat borcumu ödədim. Qalan pulu özüm üçün müxtəlif şeylərə xərclədim. Başqa cinayət etməmişəm. Əməlimdən peşmanam”.
İş üzrə zərərçəkmiş Dilşad Kəlbiyevanın sözlərinə görə, təqsirləndirilən şəxsi tanıyır, bir həyətin uşağı olub: “Noyabrın 26-da evdə televizora baxırdım. Saat təxminən səkkiz olardı. Evə üzübağlı, əlində bıçaq bir nəfər girdi, sırğamı verməyimi istədi. Ona sırğamı yox, çörək pulu verə biləcəyimi dedim. O isə dedi ki, sənin pulun çoxdur. Gəlib yatağın yanında durdu. Mən də şəhid oğlumun ildönümü üçün yığdığım 800 manat yas pulunu ona verdim.
Həmin şəxs hasardan tullanaraq getdi. Qorxdum, əsə-əsə qaldım. Qızım zəng vuranda cavab verdim və ağladım”.
Zərərçəkmiş qeyd edib ki, hadisə vaxtı Aqili tanımayıb.
Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb, Aqil Sadıqov 8 il 7 ay 29 gün müddətə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.
Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan cinayət işinə yenidən baxılmasını və ədalətli qərar qəbul edilməsini xahiş edib.
Şikayətə Şirvan Apellyasiya Məhkəməsində baxılıb və təmin olunmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:32
Bu xəbər 27 Oktyabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















