Şəhid anasının “şəhid laylayı”
Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Beşik başından şəhadət zirvəsinə
Biləsuvar rayonunun Bağbanlar kənd qəbiristanlığındayıq. Ətrafa səs salan “laylay balam ay laylay” harayını eşidirik. Məğrur Ana sanki beşikdə yatan oğluna laylay oxuyur.
Doğru deyirlər, insan həyatının ilk musiqisi, ilk şeiri və duaları ananın pıçıltısında gizlənir. Əsrlər boyu Azərbaycan anası körpəsinin beşiyi başında dayanaraq öz sevincini, kədərini, gələcəyə olan ümidlərini məhz bu zərif misralarla söyləmişdir. "Laylay, balam, ay laylay" sadəcə yuxu çağırışı deyil, bir xalqın genetik yaddaşının, dilinin və mənəviyyatının ilk dərsliyidir.
Anaların dözümlülük simvoluna çevrilən şəhid laylayları, bu fədakarlığın milli yaddaşımızdakı yeri və əbədi qürur salnaməsi. Bir ananın övladına oxuduğu ilk avaz həyat bəxş edirsə, şəhidinin tabutu başında oxuduğu laylay bütöv bir xalqın tarixi yaddaşına, azadlıq dastanına çevrilir.
"Laylay balam, ay laylay..." sadəcə fəğan deyil, bu, Vətən torpağına tapşırılan igidin ruhuna ananın son duası, şərəfli şəhadətinə fəxarət pıçıltısıdır.
Laylay balam ay laylay. O laylaylarda ana fədakarlığı, Böyük Zəfərin bədəli və bir xalqın əyilməz mənəvi ruhu pıçıldanır. Şəhid anası göz yaşı töksə də, başını dik tutur, övladının müqəddəs qanının torpağa azadlıq bəxş etdiyini dərk edir.
"Laylay dedim, balam ay laylay, soyuq daşa sarılan balam...”
Vətən Müharibəsi şəhidi Elməddin Əlizadənin məzarı önündə anası Mehrac xanımla söhbətləşirik. Mehrac ana deyir: fəxr edirəm ki şəhid anasıyam. 30 il həsrətində olduğumuz torpaqlar işğaldan azad olundu. 22 yaşında pəhləvan cüssəli bir oğul itirmək və bu dərdə dözmək olduqca çətindir.
Elməddin 2020-ci ildə Türkiyədə kəşfiyyat təlimləri keçib. Müharibə başlayan kimi təlimi yarımçıq saxlayıb Vətənə dönüb. Ərizə ilə müraciət edib. Müsbət cavab alan kimi oktyabrın 1-də cəbhəyə yola düşüb.
Mehrac ana qamətini dik tutaraq daha sonra qürurla söyləyir: “Elməddinin şəhid olması xəbərini isə ilk dəfə Türkiyə kanalları verib. Onun şəhidlik zirvəsi unudulmayan bir tarixdir-8 noyabr. Elməddin tez-tez yuxuma gəlir. Üzü hər zaman gülür. Hər gün ziyarətindəyik. Adını daşıyan 5 yaşında nəvəmiz bizim təsəlli yerimizdir. Sanki oğlumun ətrini balaca nəvəm Elməddindən alırıq”.
Şəhidimizin atası Sübhi söhbətə qoşulur: “Elməddin gülərüz, şən, zarafatcıl biri idi. Hamı ilə mehriban yola gedərdi, kin saxlamağı xoşlamazdı. Çox danışmağı sevmirdi, az danışıb çox iş görərdi. Ailəsinə bağlı insan idi. Dostluğa sadiq və dürüst idi. Vətəni yolunda hər an canından keçməyə hazır olduğunu hər zaman deyirdi”.
Şəhidin ata və anası məzarı qucaqlayır. Bir zamanlar isti beşik başında bükülən arzuların, indi sovuşmuş qəbir daşları üzərində fəğana çevrildiyi o məşum an. Şəhid anasının ürəkdağlayan pıçıltısı, heç vaxt böyüməyəcək oğulunun arxasında qalan boynubükük xatirələr və yarımçıq qalmış ömürlərin ağıya bürünmüş laylayı:
"Laylay balam, ay laylay,
Şəhid balam, ay laylay...
Gül-çiçəkli torpağım,
Sənə olsun pay, laylay..."
Bu laylaylar gələcək nəsillərə Vətənin necə, hansı qurbanlar bahasına qorunduğunu xatırladan canlı tarixdir. Şəhid anasının səsi bütöv Azərbaycanın səsidir. Ananın körpə ikən şirin yuxular dilədiyi o zərif nisgil illər sonra Vətən müdafiəsində canından keçən cəsur döyüşçünün əbədiyyət oxusuna çevrilir. Şəhid analarının laylayı həm ağrının, həm də sonsuz ucalığın ifadəsidir.
O laylaylarda ana fədakarlığı, Böyük Zəfər, Qələbə və bir xalqın əyilməz mənəvi ruhu pıçıldanır. Şəhid anası göz yaşı töksə də, başını dik tutur, övladının müqəddəs qanının torpağa azadlıq bəxş etdiyini dərk edir.
Şəhid evlində hər gün sükut yağır. Divardan asılmış şəkil təbəssümü gənc, baxışları əbədi qalan bir oğul. Ananın hər sabah o şəklin tozunu silərkən çəkdiyi ah-nalə otağın aurasını tamamilə yeniləyir. Körpə ikən barmaqlarından tutub yeriş öyrətdiyi balasını indi yalnız şəkillərdə sığallayan ananın fəğanı heç bir kitaba, heç bir sözə sığmır. Gəlinlik otaqları boş qaldı, toy xonçalarının yerini matəm xalıları aldı.
Ananın pıçıldadığı hər laylay oxunmamış toy mahnılarının, yarımçıq qalmış sevgilərin ağıya dönmüş əks-sədasıdır. Məzarıstanda daşın soyuqluğunu öz qaynar göz yaşları ilə qızdırmaq istəyən analar da gördük. Qazılmış qəbirə atdanıb məni balamla birgə dəfn edin, deyəni də…
Onlar balalarının üstünü örtmək üçün yenə də laylay deyirlər-elə bil ki, qara torpaq altında yatan o cəsur oğul hələ də üşüyür...
Deyirlər zaman hər şeyin dərmanıdır, amma şəhid anası üçün zaman o qara xəbərin gəldiyi anda dayanıb. Günlər keçir, aylar dolanır, illər dəyişir, amma ananın ürəyindəki o dərin yara heç vaxt qapanmır.
Səhid qanın tökülən torpaqlarda bu gün körpələr azad və təhlükəsiz gülümsəyir. Bu gün azad torpaqlarımızda gülümsəyən hər bir körpənin təbəssümündə şəhidlərimizin əbədiyaşar ruhu var. Onların xatirəsi hər zaman uca tutulacaq, azad və qüdrətli Azərbaycanımız əbədi var olacaqdır!
Şəhidlərimizin cəsarəti və Müzəffər Ordumuzun qüdrəti sayəsində bu gün o torpaqlarda böyüyən körpələr müharibə qorxusu ilə deyil, azad səma altında, öz doğma yuvalarında təhlükəsiz şəkildə böyüyürlər.
Nəhayət, qəbiristanlığı tərk edirik. Şəhid anasının fəryadı hələ də ətrafda dolaşır:
Mən övlad itirmişəm, belim bükülüb,
Dərdin götürmüşəm, belim bükülüb,
Cavan balam, mənim yaram sağalmaz,
Gedən övladdan bir də doğulmaz.
Rahat yat, şəhid balam...
Ucaltdığınız bayraq Şuşanın, Laçının, Xankəndinin başı üzərində dalğalanır. Sən öz borcunu şərəflə verdin. Rahat yat...
Müşfiq MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 08 Noyabr 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















