Icma.az
close
up
RU
“Nərgiz Süleymanova kimi idmançılar hər nəsildə bir yetişir” Coyi Rassellin ə EKSKLÜZİV MÜSAHİBƏSİ

“Nərgiz Süleymanova kimi idmançılar hər nəsildə bir yetişir” Coyi Rassellin ə EKSKLÜZİV MÜSAHİBƏSİ

Icma.az, Idman.biz portalına istinadən məlumat verir.

Yeni daxil olan 2026-cı il azərbaycanlı fiqurlu konkisürən Nərgiz Süleymanova üçün xüsusi əhəmiyyət daşıyır. O, Avropa çempionatında çıxış edən ilk azərbaycanlı qadın fiqurlu konkisürən olub. İdmançı final mərhələsinə vəsiqə qazana bilməsə də, qitə birinciliyində iştirakı həm ölkə idmanı, həm də üç illik fasilədən sonra fiqurlu konkisürməyə nisbətən yaxın zamanda qayıdan Süleymanovanın özü üçün mühüm nailiyyət sayılır.

İdman.Biz fiqurlu konkisürənin keçdiyi yol və perspektivlərini onun məşqçisi, kanadalı xoreoqraf Coyi Rassell ilə müzakirə edib.

Keçmiş idmançı “Toronto Cricket Skating and Curling Club”da Olimpiya mükafatçıları Brayan Orser və Treysi Uilsonun komandasında çalışır. Həmin mütəxəssislər dünya fiqurlu konkisürməsinin ulduzlarını yarışlara hazırlamaqla tanınırlar.

- Nərgizlə işləməyə necə başladınız?

- İlk dəfə Lüksemburqda keçirilən toplanış zamanı tanış olduq. O vaxt, səhv etmirəmsə, o, təxminən üç il idi ki, konki sürmürdü, amma çox aydın bir arzusu var idi - Brayan Orserlə işləmək və əvvəlki formasını bərpa etmək.

Mən onu dərhal tanıdım, çünki mənim bir idmançım var idi ki, o da Nərgizlə eyni gənclər arasında dünya çempionatında çıxış etmişdi. Həmin yarışlara baxdığımı və səviyyənin məni necə heyrətləndirdiyini xatırlayıram — ilk olaraq buz üzərinə çıxan fiqurlu konkisürən ikiqat üçlü tullanışdan ibarət kaskadı və tək üçlü tullanışı qüsursuz yerinə yetirmişdi. Bu, məndə çox güclü təəssürat yaratmışdı.

Lüksemburqda məni ən çox heyrətləndirən təkcə Nərgizin texnikası yox, onun fiqurlu konkisürməyə olan səmimi sevgisi oldu. Uzun fasiləyə baxmayaraq, onun idmana yüksək səviyyədə qayıtmaq ehtirası və istəyi açıq-aydın hiss olunurdu.

- İstanbulda keçirilən “Bosphorus Cup”da qazandığı qələbə sayəsində Nərgiz Avropa çempionatında çıxış edən ilk azərbaycanlı oldu. Türkiyədəki bu uğur sizin üçün gözlənilməz idimi?

- Mən həmişə Nərgizi inanılmaz dərəcədə istedadlı fiqurlu konkisürən hesab etmişəm. Onda dünyanın ən güclü idmançılarına xas olan bütün keyfiyyətlər var. Bu səviyyədə olan atletlərlə işləyən məşqçinin əsas vəzifələrindən biri onlara doğrudan da elitanın bir hissəsi olduqlarına inanmağa kömək etməkdir.

Türkiyədəki yarışlar müəyyən mənada bir xeyir-dua oldu. Turnir ərəfəsində o, çoxlu təmiz qısa proqramlar nümayiş etdirirdi, baxmayaraq ki, biz ikiqat üçlü kaskadı proqramına cəmi yaxın zamanda daxil etmişdik. Üzərində çox çalışdığı elementdə yol verdiyi səhv ona əlavə motivasiya verdi. O, özünü ələ aldı, qısa proqramın qalan hissəsini inamla yerinə yetirdi və bu vəziyyəti güclü sərbəst proqramına da daşıdı. Həmin andan etibarən hər bir elementi tam inamla icra etdi. Mənim üçün onun yarışı məhz bu cür başa vurduğunu görmək çox vacib idi.

- Nərgizin hazırkı proqramı üçün ilham mənbəyi nə olub?

- Mən həmişə fiqurlu konkisürənlərdən onları nəyin ilhamlandırdığını soruşmaqla başlayıram - hansı ifaçılar, filmlər və ya ovqatlar onlara yaxındır. “Shallow” mahnısı (Ledi Qaqa və Bredli Kuper ifa edir – red.) qeyri-müəyyən giriş hissəsi ilə dərhal diqqətimi çəkdi; burada izdiham və baraban səsləri tədricən güclənir. Bu, dərhal atmosfer və emosional gərginlik yaradır.

Nərgizin də mənim kimi Ledi Qaqanın pərəstişkarı olduğunu biləndə, bu seçim tam təbii göründü. Nərgiz yaradıcılıq prosesində fəal iştirak edirdi və məqsədimiz proqramın səmimi görünməsi idi. Ən sevdiyim məqam isə refrenin kulminasiyasında onun diz üzərində etdiyi imza sürüşməsidir. Bu, güclüdür, musiqilidir və onun səhnə obrazına ideal uyğun gəlir.

- Hazırda hansı elementlər üzərində işləyirsiniz?

- Avropa çempionatından əvvəl biz qısa proqramda üçlü+üçlü kaskadın sabitliyinə fokuslanmışdıq və Nərgiz bu elementi “Golden Spin of Zagreb” turnirində uğurla yerinə yetirdi. İndi isə növbəti yarışlarda bu kaskadı mərhələli və düşünülmüş inkişafın bir hissəsi kimi sərbəst proqrama da daxil etməyi planlaşdırırıq.

Bununla yanaşı, mən və Brayan tez-tez qeyd edirik ki, onun salxovu və akseli (fiqurlu konkisürmədə iki əsas tullanış; onlar bir-birindən buzdan havalanma və hazırlıq hərəkəti ilə fərqlənirlər – red) böyük potensiala malikdir. Hər iki tullanışın hündürlüyü və keyfiyyəti çox yüksəkdir ki, bu da zamanla uyğun məqam yetişəndə dördlü salxov və üçlü akselə iddia etməyə imkan verə bilər.

- Yəqin ki, bu mövsüm Nərgiz üçün əsas məyusluq Olimpiadaya cəmi bir addım qalmış ora vəsiqə qazana bilməməsi oldu. Siz məşqçi kimi həmin an nə hiss edirdiniz?

- Bir çoxları Olimpiya lisenziyasını cəmi 0,01 bal çatışmazlığı səbəbindən itirməyin nə qədər sarsıdıcı olduğunu düzgün qiymətləndirmir. İdmanda keçirdiyim bütün illər ərzində mən şəxsən belə bir vəziyyətlə rastlaşmamışdım. Bu qədər zəhmət və tam fədakarlıqdan sonra bunu qəbul etmək inanılmaz dərəcədə çətindir.

Mən Nərgizi vəziyyətə daha geniş baxmağa inandırmağa çalışdım: nəzərə alsaq ki, o, idmana cəmi yaxın zamanda qayıdıb, bütün amillərin ideal şəkildə üst-üstə düşməsini gözləmək demək olar ki, nağıl idi. Bəzən idmançının yolu daha uzun olur və onun vəziyyətində bu yol 2026-cı ildən kənara da çıxa bilər.

Bununla yanaşı, mən səmimi şəkildə onun ağrısını bölüşürdüm. Nərgiz Bostonda keçirilən dünya çempionatında əsl ulduz idi və hesab edirəm ki, o, dünya çempionatında buz üzərinə ilk çıxan fiqurlu konkisürən kimi güclü çıxış edərək çox böyük iş gördü.

- Sizin fikrinizcə, Nərgizin potensialı nə qədər böyükdür?

- Nərgiz mənim fikrimcə nəsildə bir dəfə yetişən idmançıdır. Biz tez-tez özlərini tapmaq üçün idmandan uzaqlaşan və sonra konkisürməyə qayıdaraq onu yenidən kəşf edən fiqurlu konkisürənlər - məsələn, Alisa Liu haqqında danışmışıq (amerikalı fiqurlu konkisürən Alisa Liu təxminən iki il idmandan uzaqlaşıb və qayıtdıqdan sonra 2025-ci ildə dünya çempionu olub – red.). Mən Nərgizin yolunda da oxşar dərinlik görürəm.

Daha erkən illərdə onu ilk növbədə texniki fenomen kimi qəbul edirdilər. İndi isə, 21 yaşında, o, həqiqi ehtirasla, yetkinliklə və buz üzərində hekayə danışmaq bacarığı ilə çıxış edir — mənim xoreoqraf kimi fiqurlu konkisürmənin ürəyi hesab etdiyim məhz budur. Nərgiz məni hər gün ilhamlandırır və ümid edirəm ki, o, arzularına doğru yolunu davam etdirəcək. Çünki onun yolu həm texniki, həm də bədii baxımdan çox şey vəd edir.

- Olimpiadaya qayıdaraq, Oyunlar ərəfəsində kişi və qadınların tək proqramında rəqabəti necə qiymətləndirirsiniz?

- Mən texniki sərhədləri genişləndirən və eyni zamanda artistizmi inkişaf etdirən gənc fenomenlərlə maraqlanıram — məsələn, fiqurlu konkisürmədə mümkün olanı yenidən düşünən İlya Malininlə (amerikalı fiqurlu konkisürən, “dördlü tullanışların tanrısı” kimi tanınır – red.).

Digər tərəfdən, özünü inkişaf etdirmə və özünü qəbul etmə hekayələri də çox böyük əhəmiyyət daşıyır. Alisa Liunun fasilə verib, böyüyüb və idmana öz şərtləri ilə qayıtmasını izləmək inanılmaz idi. Bu mövsüm Kaori Sakamotonun NHK Trophy-dəki çıxışı məni həqiqətən çox təsirləndirdi. Düzü, mənim üçün 2026-cı il Olimpiadasında kimin qalib gəlməsi o qədər də vacib deyil — ümid edirəm ki, Olimpiya tarixinə düşəcək anların şahidi olacağıq. Bu idmançılar möhtəşəmdir və həlledici anlarda necə açıldıqlarını izləmək ilham verir.

- Dördlü tullanışlar medallar uğrunda mübarizəni müəyyən edən əsas elementlərdən biri olacaq. Belə bir fikir var ki, tullanışlara həddindən artıq diqqət fiqurlu konkisürmənin onu xüsusi edən bədii mahiyyətini tədricən arxa plana keçirir. Siz bu barədə nə düşünürsünüz?

- Şübhəsiz ki, gənc idmançıların texniki sərhədləri genişləndirmə bacarığı məni heyran edir — bu, vacibdir və ilham verir. Amma xoreoqraf kimi mən əminəm ki, fiqurlu konkisürmənin həqiqi davamlılığı storitelinqdədir — müxtəlif nəsillərdə əks-səda doğuran çıxışlarda. Kaori Sakamoto və Yudzuru Hanyu kimi fiqurlu konkisürənlər texnika ilə artistizmi mükəmməl balanslaşdırırlar.

Mən Mişel Kvanın çıxışlarına baxaraq böyümüşəm, yarış karyeram isə Patrik Çanla eyni dövrə təsadüf edib. Bu idmançılar sadəcə elementlər yerinə yetirmirdilər — onlar yadda qalan hekayələr danışırdılar. Mənim üçün fiqurlu konkisürməni sənət kimi qorumaq son dərəcə vacibdir və bu, idmanın yaradıcı tərəfi üzrə fəaliyyətimin əsas məqsədlərindən biridir.

- Brayan Orser kimi tanınmış məşqçilərin müasir fiqurlu konkisürməyə təsirini necə qiymətləndirirsiniz?

- Hələ də başa düşə bilmirəm ki, Brayan Orser və Treysi Uilsonla çiyin-çiyinə işləmək mənə necə nəsib olub. Onların yanında olanda görürsən ki, idmançıları hər mərhələdə necə aparırlar - Olimpiya çempionlarından tutmuş fiqurlu konkisürmənin gələcəyini təmsil edən ən gənclərə qədər.

Şəraitdən asılı olmayaraq, onlar həmişə bir fəlsəfəyə sadiq qalırlar: fiqurlu konkisürməni onu qəbul etdiklərindən daha yaxşı vəziyyətdə tərk etmək. Bu ardıcıllıq və prinsipiallıq müasir konkisürməyə böyük təsir göstərib. Toronto Cricket Skating and Curling Club-dakı mühit həqiqətən sehrlidir və idmanda inkişaf və məsuliyyət anlayışımın formalaşmasında mühüm rol oynayıb.

- Sonda hansı gənc fiqurlu konkisürənləri xüsusi qeyd edərdiniz?

- Kanadada çoxlu inanılmaz dərəcədə istedadlı gənc fiqurlu konkisürən var. İllər keçdikcə onlara çox erkən “gələcəyin ulduzu” statusu verməmək lazım olduğunu öyrənmişəm. Vaxtilə yeniyetmə yaşlarında hələ tam açılmamış idmançılara böyük ümidlər bəsləyərək səhvlər etmişəm.

Fiqurlu konkisürmə fiziki, mənəvi və emosional baxımdan uzun bir yoldur. Zaman həmişə ən doğru göstəricidir. İdmanı bu qədər dəyərli edən də məhz budur: idmançıların necə böyüdüyünü, uyğunlaşdığını və uzun mövsümlər ərzində konkisürməyə olan sevgini qoruyub saxladıqlarını izləmək.

Leyla Eminova

İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 19 Yanvar 2026 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see156

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see154

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see130

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see129

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see126

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri