Icma.az
close
up
RU
Nikahlar niyə azalır?

Nikahlar niyə azalır?

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Gənclər ailə qurmağa tələsmirlər

Son illərin mənzərəsi həm ölkəmizdə, həm də dünyada rəsmi nikahların sayında nəzərəçarpan azalma olduğunu göstərir. Əvvəllər müəyyən yaşa çatdıqda ailə qurmaq təbii və gözlənilən addım sayılırdısa, bu gün gənclərin çoxu məsuliyyətdən yayınır, evliliyə tələsmir, şəxsi azadlıqlarına üstünlük verirlər.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2022-ci ildə ölkədə 61 min 939 nikah qeydə alındığı halda, 2023-cü ildə bu rəqəm 54 min 200-ə, 2024-cü ildə isə 46 min 146-ya qədər geriləyib. Azalma meyli sonrakı dövrlərdə də davam edib. Belə ki, 2026-cı ilin ilk 8 ayında əhalinin hər 1000 nəfərinə düşən nikah göstəricisi ötən ilin eyni dövrü ilə müqayisədə 4,6-dan 3,9-a (hər 1000 nəfərdən orta hesabla təxminən 4 nəfər) enib.

Maraqlıdır ki, bənzər tendensiya Avropa İttifaqı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) üzvü olan ölkələrdə də qeydə alınıb. Son 50 ilin statistikasına əsasən, bu regionlarda əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı iki dəfə azalıb. Bəs insanlar niyə evlənmək istəmirlər? Onları evlilikdən uzaqlaşdıran əsas səbəblər nələrdir?

Mövzu ilə bağlı XQ-yə açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin ailə məsələləri şöbəsinin aparıcı məsləhətçisi Ləman Mahmudova nikahların azalmasını sosial dəyişikliklər, artan təhsil və karyera imkanları fonunda gənclərin evliliyə daha məsuliyyətlə yanaşması ilə izah etdi:

– Ailə institutu milli-mənəvi dəyərlərin qorunmasında, sağlam nəsillərin yetişdirilməsində və cəmiyyətin davamlı inkişafında xüsusi rol oynayır. Müasir dövrdə baş verən sosial dəyişikliklər, təhsil və məşğulluq imkanlarının genişlənməsi, gənclərin həyat prioritetlərinin və ailə qurmağa baxışının yenilənməsi ailə institutunun inkişafında yeni meyillər formalaşdırır.

Son illərdə nikahların sayında müşahidə olunan azalmalar və nikaha daxilolma yaşının yüksəlməsi bir sıra sosial amillərlə əlaqələndirilə bilər. Gənclərin ali təhsilə, peşəkar inkişafa daha çox önəm verməsi, ailə qurmaq qərarına daha düşünülmüş və məsuliyyətli yanaşması bu prosesə təsir göstərən amillərdəndir. Əsas məsələ gənclərin ailə həyatına hazırlıqlı olması, nikah münasibətlərinin qarşılıqlı hörmət, anlaşma və məsuliyyət prinsipləri əsasında qurulmasıdır.

Bu baxımdan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətində ailə institutunun möhkəmləndirilməsi, sağlam ailə münasibətlərinin təşviqi, gənclərin ailə həyatına hazırlanması və ailədaxili münasibətlərdə qarşılıqlı məsuliyyətin artırılması mühüm yer tutur. Eyni zamanda, ailələrlə və uşaqlarla çalışan mütəxəssislərin peşəkar bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədilə mütəmadi təlimlər təşkil olunur, ailələrə göstərilən dəstəyin keyfiyyətinin yüksəldilməsi və müvafiq sahədə çalışan kadrlar arasında təcrübə mübadiləsinin genişləndirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

Müsahibimiz bildirdi ki, komitə cəmiyyətdə müsbət ailə modelinin təşviqi, milli-mənəvi dəyərlərin yaşadılması və qabaqcıl təcrübələrin paylaşılması istiqamətində müxtəlif layihələr icra edir:

– Komitənin cəmiyyətdə müsbət ailə modelinin təşviqi məqsədilə icra etdiyi “Könüllü ailələr” və “Ailələrimizi tanıyaq” kimi layihələri milli dəyərlərin yaşadılmasına, qabaqcıl təcrübələrin paylaşılmasına və ailələrin ictimai həyatda fəal iştirakına xidmət edir. Bununla yanaşı, sağlam ailə mühitinin formalaşdırılması, valideyn-övlad ünsiyyətində müsbət dinamikanın gücləndirilməsi və birgə məsuliyyətin aşılanması istiqamətində aidiyyəti qurumlarla koordinasiyalı fəaliyyət göstərilir. Bu mövzular üzrə sosial çarxlar, maarifləndirici materiallar və müxtəlif çap vəsaitləri hazırlanaraq geniş ictimaiyyətə təqdim olunur.

Təşkil olunan layihələr sırasında “Parlayan ZİYA: təbliğat-təşviqat qrupu” mühüm əhəmiyyət kəsb edir. Layihə ölkənin tanınmış ziyalılarını, elm, mədəniyyət və digər sahələrin nüfuzlu nümayəndələrini regionlarda əhali ilə bir araya gətirməklə ictimai dialoqun genişləndirilməsinə, milli-mənəvi dəyərlərin təbliğinə, ailə institutunun möhkəmləndirilməsinə və gənc nəslin sağlam, savadlı, məsuliyyətli vətəndaş kimi formalaşmasına töhfə verir. Layihə çərçivəsində təşkil olunan görüşlər aktual sosial məsələlərin müzakirəsinə, nəsillərarası təcrübə mübadiləsinə və cəmiyyətin müxtəlif təbəqələrinin maarifləndirmə prosesində fəal iştirakına imkan yaradır.

Ailələrin ailə institutunun möhkəmləndirilməsində fəal iştirakçı və güclü tərəfdaş kimi çıxış etməsi də Dövlət Komitəsinin fəaliyyətində önəmli yer tutur . Bu yanaşma əsasında həyata keçirilən “Ailə saatı” və “Çempion ailələr” kimi layihələr ailələrin müsbət təcrübələrinin ictimaiyyətə təqdim olunmasına, ailə üzvləri arasında qarşılıqlı dəstək və həmrəyliyin gücləndirilməsinə, eləcə də ailələrin özlərinin müsbət sosial dəyişikliklərin təşviqində iştirakına imkan yaradır.

Bu istiqamətdə gənclərin ailə həyatına hazırlanmasına da xüsusi diqqət yetirilir. Dövlət Komitəsi tərəfindən təşkil olunan “Ailə həyatına hazırlıq” proqramı gənclərin nikahdan əvvəl və ailə həyatının ilkin mərhələsində qarşılaşa biləcəkləri çətinliklərə daha hazırlıqlı olmalarına, sağlam ünsiyyət, qarşılıqlı anlaşma və münaqişələrin konstruktiv həlli bacarıqlarının inkişafına xidmət edir. Cari ildə yeni evlənən 484 nəfər bu təlimlərdə iştirak edib və proses hazırda da davam edir. Bilavasitə Dövlət Komitəsinin tabeliyində olan Uşaq və Ailələrə Dəstək mərkəzləri tərəfindən ailədaxili münaqişələrin həlli məqsədilə ailə məsləhət xidmətləri, zorakılıq hallarında şəxslərə, o cümlədən uşaqlara psixoloji dəstək xidmətləri təşkil edilir.

Nəticə etibarilə, ailə institutunun möhkəmlənməsi yalnız mövcud ənənələrin qorunması deyil, həm də həmin prinsiplərin yeni nəsillərə ötürülməsi, sağlam münasibətlərin inkişafı və evlilik təsisatının cəmiyyət həyatındakı rolunun artırılması deməkdir. Dövlət Komitəsinin bu sahədəki fəaliyyəti vətəndaşların ehtiyaclarına həssas yanaşma, mütəxəssis dəstəyi, ictimai maarifləndirmə və qurumlararası sıx əməkdaşlıq əsasında qurulur. Başlıca məqsəd isə ailəni sağlam cəmiyyətin formalaşmasında, milli-mənəvi dəyərlərin yaşadılmasında və gələcək nəsillərin inkişafında fəal iştirak edən güclü tərəfdaşa çevirməkdir.

Sosioloq Üzeyir Səfiyev isə nikahlarda geriləməni gənclərin sayca azalması, onların azad yaşamaq istəyi, mənzil problemi, boşanma qorxusu və sosial şəbəkələrin real ünsiyyəti əvəzləməsi kimi obyektiv və psixoloji amillərlə əlaqələndirdi:

– Məsələn, 10 il əvvəl gənclər ölkə əhalisinin 29-30 faizini təşkil edirdisə, hazırda bu göstərici 21-22 faizə düşüb. Bu, nikahların sayına təsir edən obyektiv səbəblərdən biridir. İkincisi, 30-40 il qabaq toplumda “Tez duranla tez evlənən uduzmaz” kimi stereotip bir yanaşma var idi. Bu səbəbdən gənclər 18 yaşına çatan kimi ailə qurmağa can atırdılar. İndi isə gənclər öncə təhsil almaq, karyera qurmaq və mənzil sahibi olmaq, yalnız bundan sonra evlənmək istəyirlər. Məhz buna görə də həm qızlar, həm də oğlanlar arasında nikah yaşı bir qədər yuxarı qalxıb.

Digər mühüm səbəb artan boşanma statistikası fonunda yaranan psixoloji narahatlıq və təşvişdir. Uğursuz ailə modellərini görən gənclərdə eyni taleyi yaşamaq qorxusu formalaşır və bu da onların evliliyə olan marağını azaldır. Bundan əlavə, gənclər ünsiyyət ehtiyaclarını canlı təmasdan daha çox sosial şəbəkələr üzərindən qarşılayırlar. Hətta bu hal Yaponiya və Çin kimi Asiya ölkələrində “subaylıq sindromu”nun yaranmasına gətirib çıxarıb. Oxşar vəziyyət artıq ölkəmizdə də müşahidə olunur.

Müasir gənclər ciddi düşüncə transformasiyası yaşayır. Onlar ailə, uşaq qayğısı çəkmək istəmir, daha rahat, komfortlu həyata üstünlük verirlər. Nəticədə, cəmiyyətdə ailə institutuna maraq nəzərəçarpan dərəcədə azalıb. Şübhəsiz ki, bu yanaşmanın formalaşmasında sosial şəbəkələrdəki bəzi bloger və influenserlərin qeyri-adekvat çağırışları, təbliğ etdikləri saxta həyat standartları da az rol oynamır.

Ona görə də sosial şəbəkələrdə belə mənfi çağırışların qarşısı alınmalı, milli-mənəvi dəyərlər və ailə institutu təbliğ edilməlidir. Əvvəllər, məsələn, ailəli şəxslərə karyera pillələrində müəyyən üstünlüklər, imtiyazlar verilirdi. Hesab edirəm ki, ailə modelinə bu cür dəstəkləyici münasibətin bərpa olunması və stimulverici mexanizmlərin tətbiqi mövcud vəziyyətin müsbətə doğru dəyişməsinə ciddi təsir göstərə bilər.

Bundan başqa, gənclərin mənzil təminatı ilə bağlı əlavə tədbirlərin görülməsinə ehtiyac var. Doğrudur, Azərbaycanda Mənzil İnşası Dövlət Agentliyi (MİDA) xətti ilə güzəştli mənzillər təqdim olunur və müəyyən kateqoriyadan olan şəxslər bu imkandan yararlanırlar. Lakin əhatə dairəsini genişləndirmək lazımdır ki, daha çox gənc ev sahibi ola bilsin. Digər tərəfdən, məşğulluq amili də ailəqurma prosesinə birbaşa təsir göstərir. Çünki işsizlər arasında gənclərin payı daha yüksəkdir. Bu baxımdan gənclər üçün xüsusi məşğulluq marafonlarının təşkil olunması məqsədəuyğundur.

Məsələn, Türkiyədə 2025-ci idə “Ailə ili” çərçivəsində təqdirəlayiq bir addım atıldı. Aztəminatlı gənclərin toy xərclərini bələdiyyələr və dövlət qurumları öz üzərinə götürdü. Oxşar təcrübə Azərbaycanda da tətbiq edilə bilər. Digər tərəfdən, qardaş ölkədə yeni ailə quranlar üçün 2 il güzəştli dövr olmaqla 4 illik faizsiz kreditlər ayrılır. Gənclər bu vəsaitlə mənzil ehtiyaclarını qarşılayır və ödənişi sonradan hissə-hissə həyata keçirirlər.

Eyni zamanda, rayonlardan paytaxta axının qarşısını almaq üçün bölgələrdə gənclərin yaş psixologiyasına və müasir tələblərə uyğun yeni iş yerləri açılmalı, onlara pay torpaqları və güzəştli mənzil kreditləri təqdim olunmalıdır. Bu halda gənclər öz bölgələrində məskunlaşaraq rahatlıqla ailə qura bilərlər. Düşünürəm ki, bu istiqamətdə əlavə dəstək mexanizmlərinə böyük ehtiyac var. Bütün bunlarla yanaşı, cəmiyyətdə, xüsusən də gənc nəsil arasında ailə dəyərlərinin geniş təbliği mütləqdir.

Göründüyü kimi, evliliklərin azalması yalnız ayrı-ayrı fərdlərin seçimi deyil, cəmiyyətin dəyərlər sistemində, ünsiyyət formalarında və həyat tərzində baş verən köklü transformasiyanın göstəricisidir. Ailə institutunun zəifləməsi isə, ilk növbədə, cəmiyyətin daxili həmrəyliyinə, nəsillərarası bağlara və mənəvi varisliyə birbaşa təsir göstərir.

Bu prosesin qarşısını almaq üçün cəmiyyətin mənəvi dəstəyi, müsbət ailə nümunələrinin önə çıxarılması, gənclərin evlilikdən qorxmaması və boşanma təşvişini aşaraq gələcəyə inamla baxması vacibdir. Unutmayaq ki, ailə yalnız nikah kağızından ibarət deyil; o, insanın və cəmiyyətin ən mühüm sığınacağı, nəsilləri birləşdirən mənəvi körpü və gələcəyimizin bünövrəsidir. Ailə dəyərlərini qorumaq, gənclərə düzgün istiqamət vermək və sağlam münasibətlər mühiti yaratmaq bütövlükdə, cəmiyyətin məsuliyyətidir.

Elenora HƏSƏNOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:49
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2026 14:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see417

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see360

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see322

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see277

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see264

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see260

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see244

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see238

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see235

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see225

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see218

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see217

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see215

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see213

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see211

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see200

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see198

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see193

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see192

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri