Nobel mükafatlarının açıqlanacağı tarixlər və məkanlar məlum olub
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Bu il "Nobel" mükafatları 6–13 oktyabr tarixlərində elan ediləcək.
APA bu barədə mükafatın rəsmi saytına istinadən xəbər verir.
Qeyd edilib ki, Fiziologiya və Tibb üzrə Nobel mükafatının qalibləri 6 oktyabr Karolinska İnstitutunda (Stokholm yaxınlığındakı Solna şəhərində), Fizika üzrə mükafat 7 oktyabr, Kimya üzrə mükafat isə 8 oktyabr İsveç Elmlər Akademiyasında elan ediləcək.
Ədəbiyyat üzrə Nobel mükafatı 9 oktyabr İsveç Akademiyasında açıqlanacaq. Sülh mükafatı isə 10 oktyabr Norveç Nobel Komitəsi tərəfindən Osloda elan ediləcək.
Alfred Nobelin xatirəsinə iqtisadiyyat üzrə İsveç Bankı mükafatı isə 13 oktyabr İsveç Elmlər Akademiyasında təqdim olunacaq.
Qeyd edək ki, bütün mükafat elanları Nobel mükafatının rəsmi rəqəmsal kanallarında canlı yayımlanacaq. Mükafatlarla bağlı ətraflı məlumat isə nobelprize.org saytında dərc ediləcək.
Xatırladaq ki, ötən il “Nobel” Sülh mükafatı Yaponiyanın Nihon Hidankyo təşkilatına təqdim edilib. Ədəbiyyat üzrə Han Kang, iqtisadiyyat üzrə Daron Əcəmoğlu, Saymon Conson, Ceyms A.Robinson, fizika üzrə John J. Hopfield, Geoffrey E. Hinton, kimya üzrə David Beyker, Demis Hassabis, Con M. Camper, fiziologiya və ya tibb üzrə Victor Ambros və Gary Ruvkun 2024-cü ilin Nobel mükafatı laureatları elan edilib.


