Icma.az
close
up
RU
NOVRUZ KOSMOQONİK VƏ MİFOLOJİ XALQ TƏFƏKKÜRÜNDƏ

NOVRUZ KOSMOQONİK VƏ MİFOLOJİ XALQ TƏFƏKKÜRÜNDƏ

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xalqımızın milli bayramları onun ənənəvi mədəniyyətinin elementlərindən hesab olunur. İnsanların inancını əks etdirən bayramlardan da biri Novruzdur. Xalqımızın qədim ənənələrinin daşıyıcısı olan Novruz bayramı xalq inanclarını özündə əks etdirir. Əsasında insana, təbiətə həyat verən ünsürlər durur. Bu bayram  həm xalq  adət-ənənəsini, həm mifoloji dünyagörüşünü, həm də sakral bilikləri özündə cəmləyir.

Novruz  qədim tarixə malik olan bayramlarımızdandır. Novruz nə bir məzhəb, nə də bir dinin bayramı deyil. Bu bayram baharın gəlməsi münasibətilə qeyd edilir. Novruz astronomik hadisə ilə bağlı gündür. Həmin gün şimal yarımkürəsində astronomik yaz girir, gecə-gündüz bərabərləşməsi baş verir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlayır, bu münasibətlə şənliklər keçirirlər. Azərbaycanda, Türkiyədə, Özbəkistanda, Türkmənistanda, Qaza?ıstanda, Qırğızıstanda, Albaniyada, Makedoniyada bayram kimi qeyd edilir. Hətta İraqda və Əfqanıstanda Novruz martın 21-də astronomik Günəş təqviminə əsasən, rəsmi şəkildə yeni ilin başlanğıcı kimi qeyd olunur. Lap qədimlərdən astronomik Günəş təqviminə əsasən, Novruz yeni ilin başlanğıcı sayılır. Ömər Xəyyamın “Novruznamə”sində, Səlcuqlu Vəzir Nizami Əl-Mülkün “Siyasətnaməsi”ndə, Mahmud Kaşğarlının “Divan-i-Lüğət-it-türk”ündə, Nizami Gəncəvinin əsərlərində, Məlikşahın təqvimində, Qazi Bürhanəddinin, Səfəvi şahı Şah İsmayılın divanında türklərin yaşam tərzini,  adət-ənənəsini əks etdirən Novruz bayramı haqqında məlumatların yer alması bu bayramın qədim tarixə malik olduğunun sübutudur. Məlik şahın Ömər Xəyyama təqvim hazırlanması göstərişini verərkən onun qarşısına qoyduğu şərt ilin başlanğıc gününün məhz yaz gecə-gündüz bərabərliyi ilə üst-üstə düşməsi idi.  Ömər Xəyyam 1074-cü ildə hazırladığı və Məlik şahın şərəfinə  “Məlik şah cədvəli”, “Sultan təqvimi”, “Təqvimi-cəlaliyyə” adlandırdığı təqvimdə ilin başlanğıc günü Novruz bayramı ilə üst-üstə düşür.  Novruz bayramı Azərbaycanda  olmuş Avropa səyyahlarının xatirələrində  də əks olunmuşdur. Alman alimi Adam Oleari XVII əsrin birinci yarısında Səfəvilər dövlətinin tərkibində olan Şamaxıda Novruz bayramında iştirak etmişdir. Adam Olearinin xatirələri Novruz bayramının geniş şəkildə keçirildiyini təsdiq edir. Tədqiqatçının sözlərinə görə, həmin gün astroloq Günəşin gecə ilə gündüzün bərabərləşəcəyini izləyir, həmin an çatanda isə bunu bərkdən elan edirdi.

Bu bayram  həm xalq  adət-ənənəsini, həm mifoloji dünyagörüşünü, həm də sakral bilikləri özündə cəmləyir. Türk xalqlarının qədim dastanlarından olan “Ergenekon” dastanında da türklərin Ergenekondan çıxdıqları gün məhz 21 marta təsadüf edir.  Bu günə Hürmüz günü, yəni Tanrı günü deyilərdi. Həmin günə hazırlaşan insanlar dörd müqəddəs ünsürlə paklanardılar. Axır Çərşənbə isə  ən əziz bayramlardan hesab olunardı.  Həmin adətlərdən bəziləri indiyə qədər öz aktuallığını qoruyur. Məhz buna görə də bu bayramın qədim adlarından da biri Ergenekondur. Bundan başqa Novruza Bozqurd, Çağan, Nevruz, Sultan Nevruz, Mart Doqquzu, Novruz və s. də deyilmişdir. “Novruz” anlayışı bəzi deyiliş fərqlərilə bir çox türk xalqlarının dillərində işlənməkdədir. Bir çox mənbələrdə bu bayramı dinlə də bağlayaraq, Novruzu  “Adəmin yaradıldığı gün”, “Atəşpərəstlikdən qalan bir bayram”, “Yunus peyğəmbərin balığın qarnından çıxdığı gün”, “Həzrəti Məhəmmədin peyğəmbərlik xələtini geydiyi gün”, “İmam Əlinin xilafətə gəldiyi gün”, “İmam Əlinin doğum günü”, “Küsülülərin barışması üçün imam Əli tərəfindən elan edilən bayram”, “İmam Əli ilə Fatimayi-Zəhranın evləndikləri gün” və  başqa adlarla da göstərilir.

Novruz bayramı  qabağı  Çərşənbə axşamlarının keçirilməsi ilə bağlı da bir sıra maraqlı məqamlar özünü göstərir. Bəzi tədqiqlərə görə, e.ə. 487-ci ildə Şərq alimləri  ayları, illəri göstərən təqvimi  çərşənbə  axşamında  tərtib ediblər. Çərşənbə axşamlarının da qeyd olunması bununla bağlıdır. İnanca görə isə bəzi xalqlarda çərşənbə günü ağır gün hesab olunur. Dədə-babalarımız da bayrama dörd Çərşənbə qalmış onu şadyanalıqla qarşılayırlar. Astronomiya və münəccimliyin böyük bilicisi, dahi Azərbaycan şairi Şeyx Nizami Gəncəvi “Yeddi gözəl” poemasında həftənin çərşənbə axşamını bayramın rəmzi olan qırmızı rəngdə verib.

Novruz şənliklərinin əsas personajları Kosa və Keçəldir. Keçəllə Kosanın məzhəkəli tamaşası müqabilində yazla qışın bir-birilə mübarizəsi əks olunur. Qış öz yerini yaza təhvil vermək istəmir, yaz isə bu yeri əldə etməyə çalışır.

Tamaşa zamanı kosanın “ölüb-dirilməsi” əski inanclardan gəlir. Şaman ritualı zamanı da fiziki hərəkəti ilə ruhi hərəkətin çulğalaşmasının şahidi oluruq. Bu oxşarlıq həm də Kosanın geyimində özünü göstərir. Belə ki, Kosanın geyimindəki bəzi əlamətlər - qurşağındakı və boynundakı zınqrovlar, başındakı şiş papaq, əynindəki tərsinə çevrilmiş kürk  qam-şaman geyiminin rəmzlərindəndir. Səməni sözünün etimologiyasını da məhz şamanlarla bağlayırlar. Belə ki “sümen/suma” sözü Altayca və monqolca “şaman” mənasını daşıyır. Səməni də bolluğun, bərəkətin, cücərmiş torpağın rəmzidir. Səmənidən hazırlanmış halva  insana enerji verir. Səməninin göyərdilməsi Novruz bayramının əsas mərasimlərindəndir.  İnanca görə, səməni ailəyə, elə ruzu, xeyir-bərəkət, güc gətirir. Səmənini müqəddəs hesab etdikləri üçün saralandan sonra da onu axar suya axıdırlar, arxasınca isə şirni atırlar. 

Mərasim yeməkləri, eləcə də Novruz şirniyyatları xalqın əməli bilikləri, zövqü, təsərrüfat məşğuliyyəti, mifoloji dünyagörüşü ilə əlaqədar yaranmışdır. Novruz şirniyyatlarında  türk kosmoqonik dünyagörüşünün simvolları öz əksini tapmışdır. Novruzda ayın rəmzi kimi şəkərbura, badambura, günəşin rəmzi kimi qoğal, şəkərçörəyi simvolizə olunur. Paxlavanın romb şəklində bişirilməsi də türk kosmoqonik təfəkkürü və sakral bilikləri özündə birləşdirən mifoloji dünyagörüşlə bağlıdır. Paxlavanın romb şəklində verilməsi ulduzun rəmzidir. Lakin Şumerlərdə Günəş romb işarəsi ilə verildiyi üçün günəşin simvolu kimi də götürülür. Bundan başqa, romb inkişaf və doğuluşun rəmzi olub, sakral mənasına görə qadın başlanğıcıyla bağlanır. Paxlavanın mərkəzinə qoyulan fındıq, qoz, badam bu oxşarlığı gücləndirir. Bəzi bölgələrdəki inanclara görə, paxlavanı məhz qadın bişirməlidir, bunu isə doğuluşla bağlılıq ilə əsaslandırırlar. Bayram günü aş bişirilməsi, qazan asılması isə həmin evin il boyu bərəkətli olması inancından doğur.

Yumurta boyamaq da qədim adətlərdəndir. Yumurtanı həyatın rəmzi kimi götürürlər. Qırmızı rəngə boyanmış yumurtalar torpağın dirilməsi, canlanmasını ehtiva edir. Yumurta döyüşdürülməsi isə iki dünyanın-qışla yazın, soyuqla istinin, xaosla-kosmosun mübarizəsini əks etdirir. Bəzi mənbələrdən aydın olur ki, yumurta döyüşdürülməsi zamanı onun çiy olması əsas şərtlərdəndir. Hazırda isə yumurta döyüşdürülməsi zamanı bişmiş, rəngli yumurtalardan istifadə olunur. İnanca görə, bişmiş yumurta onu yeyən insanlara həyat verir.

Tonqal üstündən atlanmaq isə qədimdən gələn bir ritualdır. Onu çox zaman Tanrılara qurban vermə ritualı ilə eyniləşdirirlər. Bununla da insanlar tonqal üstündən atlanaraq öz ağırlıqlarını, uğursuzluqlarını tonqalda yandıracaqlarına inanarlar.

Etnoqrafik materiallardan aydın olur ki, lap qədimlərdən Azərbaycanın əksər bölgələrində hələ ili tamam olmamış mərhuma Novruz bayramı ərəfəsində “qara bayram” verilirdi. Bu mərasimdə halva, plov və digər ətli xörəklər bişirilir, qadınlar qəbiristanlığa gedir, matəm səciyyəli səhnələr icra edir, gətirdikləri “pay”ı - səmənini, şirniyyatı qəbrin üsütünə qoyurdular. Bununla həm mərhumun xatirəsini yad etdiklərinə, həm də qarşıdan gələn bayramın daha yaxşı keçməsinə inanardılar.  Bu mərasim bir çox bölgələrimizdə hələ də icra olunmaqdadır.

Azərbaycan xalqı milli dəyərlərə, milli ənənələrə sadiqdir. Azərbaycan dövlətini bu dəyərlər üzərində quran Ümummilli Lider Heydər Əliyev Novruz bayramını xalqımızı tarixən bütövləşdirən, onun varlığını birlik, böyüklük və yaşam gücü ilə qidalandıran fenomen kimi qiymətləndirmişdir: “Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdir”. Bu dəyərlər Azərbaycan Prezidenti İlham Əliyevin siyasi kursunda davam etdirilir. Cənab Prezident Novruz bayramını birmənalı şəkildə milli xüsusiyyətlərin - milli varlığın qorunma vasitəsi hesab edir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyətinin Dostları Fondunun prezidenti, İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2009-cu ilin sentyabrında Novruz bayramı YUNESKO-nun Qeyri-maddi  mədəni irs siyahısına daxil edilmişdir. BMT-nin Baş Məclisi isə martın 21-ni “Beynəlxalq Novruz  Günü” elan etmişdir.

Səhər Hidayət qızı Orucova,

filologiya elmləri doktoru,

professor

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 Mart 2026 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see342

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see321

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see287

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see280

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see276

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see271

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see260

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see257

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see251

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see251

Bitkoinin qiyməti 66 min dollardan aşağı düşdü

15 Noyabr 2026 01:34see222

Həftədə bir məşq fiziki formanı və sağlamlığı yaxşılaşdıra bilərmi?

14 Noyabr 2026 21:54see220

Məşhur model milyarderə ərə getdi

15 Noyabr 2026 00:26see213

Yuxusuzluq infarkt və insult riskini artırır Həkimdən xəbərdarlıq

15 Noyabr 2026 14:28see205

Türkiyəli aktyor ev sahibi ilə məhkəməni uddu Kirayə qalmaqalı

14 Noyabr 2026 22:18see202

Bakını qoyub Ağstafaya köçdü 87 yaşlı Xalq artistinin həyatı necə keçir?

15 Noyabr 2026 15:50see201

Azərbaycanın İKT sektorunda rekord artım: Region ölkələri ilə fərq nə qədərdir?

15 Noyabr 2026 13:53see199

Dublin səfəri Azərbaycanın Avropa siyasətinin yeni istiqamətlər üzrə paralel şəkildə inkişaf etdiyini göstərdi ŞƏRH

15 Noyabr 2026 13:13see198

Kayli Cennerin keçmiş işçisi məhkəməyə müraciət etdi Ağır ittihamlar

14 Noyabr 2026 23:23see186

SÖZÜN İŞIĞINDA KEÇƏN ÖMÜR Qazi şair Ədalət Nicatın 60 illiyi qeyd olunub

15 Noyabr 2026 13:40see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri