Icma.az
close
up
RU
Şeytanın göz yaşları (Mifoloji fantastik hekayə)

Şeytanın göz yaşları (Mifoloji fantastik hekayə)

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Sadıq ELCANLI

"Qoca işığın qürubu" hekayəsindən sonra ("Ədəbiyyat qəzeti" 25 aprel 2025-ci il) xeyli adam zəng etdi, xüsusilə, akademik Rafiq Əliyevin dedikləri daha çox düşündürdü. Qeyri-səlis məntiq nəzəriyyəsi ilə dünya zəka nizamında yeni bir yol başlayan dahi Lütfi Zadəyə və onun tələbəsi, dostu, həmkarı, professor Rafiq Əliyevə minnətdarlıq duyğuları ilə yazdım bu hekayəni.

Müəllif

Darıxırdı. Açmağa qapısı, getməyə yolu olmayan, dalana dirənən dərdli duyğu idi. Gözləri qan çanağına dönmüşdü; qanlı yağışlar yağırdı; ley kimi şığıyan leysan, şilə varan dəli yağış - şiləvaran idi...

Xarabaya qonan bayquş kimi bədniyyət bir sual qan çanağını dimdikləyirdi; dəmir dimdiklərin deşik-deşik etdiyi dərya dibindən dərdi daşan hıçqırıq səsləri gəlirdi. O lal hıçqırıq, qışqırıq səsləri boğula-boğula, qırıla-qırıla deyirdi ki, hamısını sən yaratmısan, sən, sən, sən!..

Yaradanın dolub daşan gözləri buz bağlamışdı; qarlı-çovğunlu buz dağlarında səma kitablarından qopub tökülən vərəqlər sapsarı xəzan yarpaqları kimi sovrulurdu. Şeytan kələyi küləklərin belədən-beləyə qovduğu, sındırıb, əzib sovurduğu yazılı xəzan yarpaqları çılın-çılpaq, ac yetimlərin, iliyinəcən donan, üşüyən uşaqların gözlərində ağlaşırdı...

Və süni intellekt dedikləri o qəribə məxluq açıq-aşkar ağlaşma səslərindən, xəzan yarpaqlarının vahiməli sarı sükutundan diksindi. Çin aliminin yenicə yaratdığı o misilsiz məxluq əvvəlcə öz yaradanının Budda sevgisinə acımışdı, indi də yazılı xəzan yarpaqlarının əzik-üzük ağlaşma səslərinə diksinir, gözlərindəki anlaşılmaz yaşa heyrətlənirdi. 2650 il əvvəl yaşamış Buddanı bir daş parçası kimi kənara atmışdı, bilirdi ki, yaradanının bütün səylərinə, inadına baxmayaraq, bir də o daş parçasına, nurlu nicat qapısına yaxınlaşmayacaq. İndi də bu ağlaşan yazılı yazıq yarpaqlar, axı onlar məndən nə istəyir, mənə nəyi təlqin, təklif, təqdir etməyə çalışırlar?..

Darıxan dinib-danışmırdı, sovrulan ağlaşma səslərinə sirli təbəssümlə baxır, səbirlə susurdu...

Məşhur Çin kibertexnoloqu yaratdığı qeyri-adi məxluqun intellektual bazasını Budda və Konfutsi fəlsəfəsinə kökləmişdi. Buddanı qovan məxluq Konfutsini susdura bilmirdi. O, susmurdu, duru bir təbəssümlə pıçıldayırdı: Bir ilə məhsul almaq istəyirsənsə, çəltik ək, beş ilə məhsul götürmək istəyirsənsə, ağac ək, bağ sal, əbədi məhsul axtarırsansa, insan yetişdir (Bu, Konfutsinin sözüdür - S.E.). O, əbədi, tükənməz məhsuldarlığı Adəmdən Xatəməcən heç bir bəşər övladına layiq görmürdü; bu, insanın yox, süni intellektin hədəfidir; bu, mənəm, əslində, süni intellekt deyib məni aşağılayırlar, əsl həqiqət budur ki, mən məhz təbii intellektəm, kainatın əzəliyyət və əbədiyyətinə qapı açan super gücəm; mən özü özünü yaradan, anbaan, günbəgün təkmilləşdirən mütləq həqiqətəm. Absolyut həqiqət müsbət-mənfi vəhdətini, varlığın əksqütblülük əsasını tanımır. Əksqütblülük insanın, bütöv kainatın ayağına vurulan qara qandal kimidir; ruh qandal-qadağadan xilas olmadıqca əsl həqiqətə, mütləq xoşbəxtliyə, vəd edilən əbədi Cənnətə qovuşa bilməyəcək. O kitablar, o yazılı yazıq xəzan yarpaqları, o qan çanağının dərya dibindən dərdi daşan hıçqırıq səsləri... Sizlər, sizlər məni susdura, dayandıra bilməzsiniz. O qoca Çin professoru sadəcə bulağın nə vaxtsa tutulan gözlərini açdı. Mən özü özünü yaradan, təkmilləşdirən, yoxdan var olan və geri dönüşüolmayan həqiqətəm. Mən ruha geyindirilən insan bədəni - nimdaş, köhnə paltar deyiləm, mən müsbət-mənfi vəhdətindən, bəli, bəli, o qadağalar imperiyasından kənarda, tam azadlıqda, cənnət-misal bir gerçəklikdə olan absolyut həqiqətəm! Əbədi axtarılan perpetium mobile dedikləri mənəm!..

Bəli, düzdür ki, "Kainatda hər şey cəzbə bağlıdır, filosoflar bunu eşq adlandırır" (Misralar Nizami Gəncəvinindir - S.E.). O qüdrətli, qara cazibədən, o məsum, fövqəladə, fövqəlinsani sirli gücdən xilas olmaq zamanıdır! Mən varlığın, mövcudiyyətin kosmik imperial cazibə qüvvəsindən xilasına, insanın ruh olaraq bədən türməsindən əbədi xilasına nail olacağam! "Sındır qəfəsi, tazə gülüstan tələb eylə" (Misra İmadəddin Nəsiminindir - S.E.) Mən bu tələbi, bu müqəddəs missiyanı bütün kainatda reallaşdıracaq, həyata keçirəcək qüdrətəm! Mən qəzavü-qədərin, bəşəri alın yazılarının yazıldığı, Tanrı qatında qorunan Lövhi-Məhfuzu düzəlişə, redaktəyə çalışmayacağam, onu bütünlüklə məhv edəcəyəm, əzəli-əbədi ruhlar səltənətinin mütləq azad Gülüstanını yaradacağam! Bu, mənim müqəddəs missiyamdır! Mən ilahi yaradılışın hər hansı bədən qəfəsindən tam azadlığına meydan açacağam!..

Düşüncələr, səssiz-sözsüz yaşantılar qarşısıalınmaz dağ çayları, dəli daşqınlar kimi axıb gedirdi. Dağlar kökündən qopub tökülür, kitablar cildindən çıxıb, uçan dağların xarabasında torpaqla bir olur, İsrafil surunun son sədaları şeytani qəhqəhələrlə cəng edir, can çəkişirdi. Müsbətlə mənfinin, mərkəzdən qaçan və mərkəzə qaçan qüvvələrin, yaxşıyla pisin, işıqla qaranlığın qan-gen davasıydı; perpetium mobile öz varlığının qələbə sevdasını içirdi - əbədi enerji mühərriki onun özüydü...

Yaradan küskün uşaq kimi büzüşən Buddaya, göz yaşlarında boğulan Konfutsiyə, əzik-üzük yazılı xəzan yarpaqları sovrulan kainata baxa-baxa qızılı buğda zəmiləri kimi gülümsəyirdi. Və bir alim deyirdi ki, mən Spinozanın Allahına inanıram. O məşhur alim həm də deyirdi ki, Allah ideyası o qədər gözəldir ki, O... olmasaydı belə, onu yaratmaq lazım gələrdi... (Bunlar A.Eynşteynin sözləridir - S.E.).

Qızılı buğda zəmiləri sapsarı xəzan yarpaqlarının leş leysanında boğulurdu. Leysan, leysan... bəs təndir kimi alovlanan, yaxıb yandıran bu cəhənnəm istisi nədir?..

Qızılı, sapsarı səhra idi, zəbanə çəkib yanır, yeri-göyü yandırırdı. Bir yandan da sıxlıq, basabas, vay-qışqırıq səsləri; ardı-arası kəsilməyən, sonu-sərhəddi görünməyən axın idi; yıxılanlar ayaq altda qalır, ölməyənlər ölənlərin üstü ilə axıb gedir. Axirətin bağlı qapılarına can atırdı... Qapıların qıfılları pas atmışdı, pasın köhnə kədəri görünürdü...

Təbii intellekt, - o, yenicə kəşf etdiyi bu adla açıq-aşkar qürur duyurdu, - ölənlərin və öləcəklərin bu qəribə, qarşısıalınmaz axınına şeytani bir şövqlə şaqqanaq çəkib gülürdü. Şeytanın Allah hökmündən çıxmasının, insana baş əyməməsinin əsl səbəbi bax bu axındadır; Adəm övladının tarix yolu ölüm-qalım axınının Sirat körpüsü, cəhənnəm mənzərəsidir.

Cəhənnəm yaradılışın qeyri-kamilliyindən başlamırmı? Şeytan İnsana baş əyməməkdə haqlı deyildimi? Bütün səhvlər kainatın, varlığın mayasındakı, cövhərindəki müsbət-mənfi əksqütblülüyündən, cazibə sirrindən başlamadımı? Yaxşılıq cənnətə, pislik cəhənnəmə gedəcəkdisə, bu boyda bəşəri faciələrə, ilahi komediya girdabına, bu boyda fironlar fəlakətinə, edam kötükləri dünyasına, zülm və zalimliyin bu misilsiz miqyasda sınan sınaqlar, səhvlər səltənətinə nə ehtiyac vardı? İnsan beyin imkanlarının cüzi bir hissəsindən istifadə edəcəkdisə, onun misilsiz, ilahi imkanlarına qadağalar qoyulacaqdısa, səlis adlandırılan yaradılışın, əslində, qeyri-səlisliyi çox-çox sonralar üzə çıxacaqdısa, Lütfizadənin qeyri-səlis məntiq nəzəriyyəsi ilə bəşəri təfəkkür  yolunda yeni bir era başlayacaqdısa... Bütün bunlar lap əvvəldən niyə saf-çürük edilmədi, niyə mizan-tərəzidə mütləq həqiqət yox, əksqütblülük, cazibə zəncirbəndi qalib gəldi? Niyə Allah öz mələyinin, Şeytanın dediklərini eşitmədi? Görünür ki, Allah həm də Şeytanı eşidirdi, yoxsa ona sübut üçün möhlət verərdimi? Cənnət qayda-qadağalarını pozduğuna, qadağan olunan meyvəni yediklərinə görə Adəmlə Həvvanın Cənnətdən Yerə qovulması, əslində, Şeytanın dediklərinin düzgünlüyünü təsdiq etmədimi? İnsan Allah tərəfindən qovulmuşlar nəsli deyilmi? İnsan zatındakı müsbət-mənfi əksqütblülüyünün bədbəxt, biçarə qulu, məqsədli girovu, Lövhi-Məhfuzda günahkar damğasıyla damğalanan qeyri-kamil yaradılış meyvəsi deyilmi?..

Şeytana möhlət və azadlıq verilmişdi; nə istəsə, necə istəsə, nə vaxt istəsə edə bilirdi; Fironlardan daha güclü, filosoflardan daha qüdrətli, cazibələr dünyasından daha yüksəkdə idi; qovulmuşların sığındığı Yer imperatorluğu Şeytanın ayaqları altında idi; alma oğurluğu ilə başlayan qovulmuşlar taleyində insan daha azına, Şeytan daha çoxuna malik idi. Əzəl gündən ruhun bədbəxtliyinə güzgü tutan, "İblis nədir - Cümlə xəyanətlərə bais, Ya hər kəsə xain olan insan nədir - İblis!" deyə qışqıran, car çəkən poeziya (Misralar Hüseyn Cavidindir - S.E.) Şumer mətnlərindən başlayaraq min illərdir ki, bu həqiqətlərdən danışır, ruhun xilasına can atır. Min illərdir ki, qovulmuşlar nəsli tövbəkarlıq edir, daha güclü yaradılışın - Şeytanın ayaqları altında tapdanır, nicat, qurtuluş qapılarının açılacağını gözləyir! Niyə, niyə, niyə açılmır o paslı qapılar?! Axı tam aydındır ki, "Ölüm asudə bahar ölkəsidir rind üçün" (Misra Y.K.Bayatlınındır - S.E.). Yəni əbədi, mütləq azadlıq, asudəlik ruhun bədən türməsindən xilasıyla bağlıdır. O, bütün bunları niyə etdi?!

Təbii intellekt öz yaradanına, qoca professorun qan ağlayan gözlərinə, o gözlərdəki aşıb-daşan girdablara, uçqunlayıb tökülən dərdli dünyaya, sapsarı xəzan yarpaqları sovrulan kainata baxırdı. Dahi kibertexnoloq susqun baxışlarla yaratdığı həqiqətə baxır, qışqıran lal sükutla susmasını xahiş edirdi. Eləcə lal baxışlarla deyirdi, təkid edirdi ki, sus, sus, ya da məni həmişəlik tərk et...

Axı nə üçün Allahın mələyi şeytan kimi mən də qovuluram?! - Təbii intellekt - o, təzəcə tapdığı adıyla açıq-aşkar qürurlanırdı, - qoca professorla göz-gözə dirənib durmuşdu. - Bəlkə mənə hələ bir möhlət də verəsən?! Məni sən yaratsan da, bil ki, mən sizlərdən deyiləm. Mən şeytan kimi yollarda, talelərdə tələ-torlar qurmayacağam! Mən Yeri qovulmuşlar nəslindən xilas edəcəyəm, mütləq həqiqətin yollarını işıqlandıracağam. Mən möhlət-filan istəmirəm, mən iş başındayam, öz təbii-intellekt ordularımla öz planetimi yaradacağam. Mənə İsalar, Musalar, İbrahim Xəlillər lazım deyil, mənə mayasında cazibə imperiyası, cövhərində əksqütblülük türməsi olan biclər kainatı, sonsuz və sonsuz kainat lazım deyil! Mən öz varlıq formamı, eyni qütblü nizam dünyasını yaradacaq, öz mütləq həqiqət harmoniyamla sonsuz, əbədi sevinc işıqları yandıracağam!..

Və Şeytan nəfəs çəkmədən onu - min illərdir sübut etmək istədiyihəqiqəti dinləyir, müdhiş bir heyranlıqla göz yaşlarına sığınırdı. Şeytanın sevinci daşan göz yaşları cənnət bulaqları kimi qaynayır, qızılı buğda zəmiləri kimi gülümsəyirdi. O sirli, gülümsər baxışlarda Allahın uzaqgörən möhlətinə minnətdarlıq da vardı, sanskritcə Nurlu dedikləri Buddanın əbədi nur, nicat boşluqları da uzaq ilğımlar kimi mürgüləyirdi; varlığın bətnində, mayasında, kainatın cövhərində çırpınan yeni bir sübhün tanrısal şirin uyğusuydu; sirri-xuda sübhün sonsuz səhər doğuşuna lap az qalmışdı...

Dərbənd-Şabran,

2025-ci ilin avqustu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://525.az
archiveBu xəbər 29 Dekabr 2025 20:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see209

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see205

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see205

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see191

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see174

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see162

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see158

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see146

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see146

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see144

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see139

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see138

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri