Icma.az
close
up
RU
O filosofdur, yoxsa neomolla? Sosiologiyasız cəmiyyətin molla filosofları haqqında

O filosofdur, yoxsa neomolla? Sosiologiyasız cəmiyyətin molla filosofları haqqında

Kulis.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kulis.az Yalçın İslamzadənin "Neomollalar, qərəz və təhlükə" essesini təqdim edir.

Franses Arnold Nobel mükafatına layiq görülmüş biokimya mühəndisidir. Kəşf etdiyi “idarəolunan təkamül” metodu ilə yeni xassələri olan fermentlər dizayn etmək mümkün olacaq. Həmin fermentlərdən bioyanacaq, xərçəngin və avtoimmun xəstəliklərin müalicəsi üçün dərmanlar və digər əhəmiyyətli kimyəvi birləşmələr əldə olunması üçün istifadə ediləcək.

Fransesin hobbiləri arasında səyahət, dalğıclıq və alpinizm var. Şəxsi həyatında bir çox çətinliklə üzləşib. Birinci yoldaşı xərçəng xəstəliyindən ölüb, ikincisi intihar edib. Oğlu avtomobil qəzasında həlak olub, özü isə xərçəng xəstəliyi ilə mübarizə aparıb və qalib gəlib.

Kaliforniya Texnologiya Universitetindəki çıxışında “Həyatımda o qədər çətinliklərlə qarşılaşdım ki....” demişdi. Franses Arnold heç şübhəsiz ki, fiziki, koqnitiv və emosional baxımdan rol-model olacaq qədər güclü insandır. Klassik mollaların və qalstuklu mollaların təbliğ etdiyi kimi, nə kiminsə üçüncü “arvadı” olmağı, nə də kişidən bir addım geridə addımlamağı özünə sığışdırmaz.


Franses Arnold

Hipatia “Encyclopedia Britannica”ya görə dövrünün ən tanınmış astronomu, filosofu və riyaziyyatçısı sayılırdı. Rəflərində siyahısı tutulmuş 500 min rulon-kitabın olduğu kitabxananın və elm mərkəzinin yerləşdiyi İskəndəriyyə şəhərinə, Hipatiadan astronomiya, riyaziyyat və fəlsəfə öyrənmək üçün dünyanın hər tərəfindən tələbələr gəlirmiş. Hipatianın dövrünün qabaqcıl fikir insanı kimi formalaşmasında İskəndəriyyə kitabxanasının da daxil olduğu Muzeyon elm mərkəzinin direktoru, atası İskəndəriyyəli Teonun rolu olub. Şəhərin valisi bütün vacib qərarları almazdan əvvəl Hipatia ilə məsləhətləşirmiş. 1610 il bundan əvvəl, mart ayında İskəndəriyyə valisi vəzifəsini ələ keçirmək istəyən keşiş Kirilin siyasi ambisiyaları uğruna qızışdırdığı fanatik xristiyanlar tərəfindən saxsı parçalarıyla doğranaraq vəhişicə öldürülüb. Kütlədə ona qarşı qəzəb yaratmaq üçün inanc baxımından paqan, cins baxımından qadın olmasını “qəbuledilməz” saymaq bəs edib.


Hipatia

Roma İmperiyasının xristiyanlaşması ilə antik dövr sona çatdı və insan zəkasının ən qeyri-məhsuldar dövrü sayılan, dini mətnlərin şərhinə həsr olunmuş 1000 illik qaranlıq dövr başladı. Bu dövr inancın ağla qalib gəlməsinin az qala baş tutacağı çağ idi. “10 əsr ərzində qürur duyulacaq, ya da insanların rifahını artıracaq bircə kəşf belə edilmədi. Antik dövrlərin fəlsəfi sistemlərinə bircə ideya belə əlavə olunmadı. Səbrli tələbələr bir sonrakı həqir nəslin doqmatik müəllimlərinə çevrildilər”. (tarixçi Edvard Gibbon).
Umberto Ekonun “Qızılgülün adı” romanında gənc rahib Adso, bu ümumi prinsipin fərdin həyatındakı təzahürünü belə təsvir edir, “Hər inanclı rahibin vəzifəsi əzəli və əbədi həqiqəti nəqarət kimi təkrarlamaqdır”. Orta əsrlərdə azad düşüncəni təmsil edən bütün qadınlar və kişilər təqib edilib İnkvizisiya tərəfindən ağır şəkildə cəzalandırıldılar. “Cadugər ovu” təkcə fərqli inanc və düşüncələri deyil, həmçinin mamaçalıq və türkəçarəlik edən qadınlar sinifini də hədəf almışdı. Meşəyə şəfalı bitkilər yığmağa gedən qadınların orada cin-şeytanla ünsiyyətdə olduqları iddia edilir, iddia fakt kimi nəzərə alınır və tonqalda yandırmaqla edam cəzasının verilməsi üçün istifadə olunurdu. Əslində, mamaçalıq və türkəçarəlik peşə idi və bu peşə ilə məşğul olan qadınlar maddi qazanc əldə edir, nəticədə Kilsə doktrinindən, yəni total nəzarətdən kənarda qalırdılar. Bu isə, təkcə axirətə deyil, dünyəvi gücə də iddialı olan Kilsə üçün qəbuledilməz idi.

İnsanların düşünməyə yenidən cəsarət etmələri modern çağla, antik Yunan mədəniyyətindən alınan impulsla başlayır. Hipatianın qətlindən 1400 il keçdikdən sonra belə, elm qadınları artıq fiziki şiddətə məruz qalmasalar da, görməzdən gəlinirdilər. Orta Əsrin feodal refleksləri yeni bir çağın gəlməsi ilə avtomatik olaraq sıfırlanmadı.

Sofiya Cermen 19-cu əsrdə yaşamış fransız riyaziyyatçı, fizik və filosofdur. Adına Fransız Elmlər Akademiyası tərəfindən mükafat təsis olunub. Bu mükafat fundamental nəticələr əldə edən riyaziyyatçılara verilir.
Qadın olduğu üçün heç vaxt riyaziyyatçı kimi rəsmi karyerası olmayıb. Məşhur riyaziyyatçı Qaussun israrlarına baxmayaraq, Sofiya Cermenə elmi dərəcə verilməyib.
Qadınlara qarşı ayrı-seçkilik olduğu üçün işlərini “Monsinyor Löblan" imzası ilə nəşr etdirib.
“Monsinyor Löblan”-ın işlərindən yaxşı mənada təəccüblənən məşhur riyaziyyatçı Laqranj onunla görüşmək istəyir və yalnız görüş zamanı “Löblanın” qadın olduğunu bilir.

Karolayn Hörşel məşhur astronom Vilyam Hörşelin bacısı idi. Üç nebula, səkkiz komet kəşf etmişdi.
Astronomiyada riyazi metodların tətbiqinə dair məruzələri Kral Elm Cəmiyyətində oxunsa da, özünü Cəmiyyətə üzv qəbul etməmişdilər.

1900-cu ildə britaniyalı təbətşünas Marianna Farkuson Kral Cəmiyyətinin Elmi Şurasına məktub yazaraq, kompitent qadınların da cəmiyyətə üzv olmalarına icazə verilməsini xahiş etmişdi. 1902-ci ildə britaniyalı elektrik mühəndisi Herta Eyrton Cəmiyyətə üzvlük üçün müraciət etmiş, ancaq qadın olması əsas gətirilərək müraciəti qəbul olunmamışdı. İngiltərə parlamentinin 1919-cu il tarixli xeyli gecikmiş qərarına əsasən qadınların hər hansı cəmiyyətə üzv olmasının cinsi ayrıseçkilik əsasında rədd edilməsi qeyri-qanuni sayıldı.

Hüquqi-normativ aktlar olduqda belə, stereotiplər uzun müddət zehinlərdə yaşayır və insanların qərarına öz təsirini göstərir. Qanunla və qınaqla insan zehnini qərəzdən xilas etmək olmur.
Gender əsaslı ayrı-seçkiliyi qadağan edən Azərbaycan Respublikası qanunu mövcuddur, ancaq televiziya kanallarında kişilərin qadınlardan üstün olması, sanki faktmış kimi, əsasən, müasir görünüşlü molla təfəkkürlü insanlar tərəfindən açıqca təbliğ edilir.

Son dövrlərdə yeni həyəcan dalğası yaratmış neomollardan biri belə deyir, “Qadınlar dərin düşünə bilmirlər.” Rəyə yazılan “Qəbul imtahanlarında maksimum nəticə göstərən qızların sayı oğlanların sayından üç dəfə çoxdur” şərhinə isə, “Əzbərləri güclüdür” cavabını verir.
Emmi Noter “Noter teoremi”nin müəllifidir. Bu qanun fizikadakı fundamental qanunlardan biridir və simmetriyalar ilə saxlanma qanunları arasındakı dərin əlaqəni izah edir. Kifayət qədər dərin düşüncənin nəticəsidir. Noterə universitetdə dərs deməyə qadın olduğu üçün icazə verilmədikdə, məşhur riyaziyyatçı Hilbert “Hamamda deyilik, universitetdəyik” deyərək etiraz etmiş və öz mühazirə vaxtından Noterə vaxt ayrımışdı.

Yuxarıdakı misallar riyaziyyat sahəsində mühüm nəticələr əldə etmiş bir neçə qadın riyaziyyatçı haqqındadır. Onların qərəzli kişilər arasında qəbul görmələri üçün qərəzsiz kişilər tərəfindən dəstəklənmələri şərt idi.

Yaxşı ki, Qauss, Laqranj və Hilbert kimi görkəmli riyaziyyatçılar, bizim özünü filosof adlandıran şəxs kimi, dayaz “Riyaziyyatı hər idiota öyrətmək olar” qənaətində olmayıblar.

Elm tarixçilərinin qadınların elmi nailiyyətlərinin israrla görməzdən gəlinməsini araşdırmağa başlamaları yeni tendensiyadır. “Gizli ədədlər” filmi olmasa, NASAda işləyən qaradərili alim qadınların irqi və cinsi ayrıseçkiliyə məruz qalmalarından necə xəbər tutmaq olar? Yaxud, “elmdə cinsi-ayrıseçkilik” mövzusunda araşdırmalar olmasaydı, Rosalin Franklinin metodundan istifadə edərək DNT-nin strukturunu kəşf edən, daha sonra isə genetik mühəndislik sahəsində şirkət qurub küllü miqdarda qazanc əldə edən Vatson və Krikin heç vaxt Rosalinə borclu olduqlarını demədiklərini, hətta adını ötəri də olsa çəkmədiklərini kim bilə bilər?

Özünü doğruldan kəhanət

Hərhansı akademik il ərzində çoxsayda “filologiya üzrə fəlsəfə doktoru” alimlik dərəcəsinin verilib, sosiologiya üzrə elmi işlərin müdafiə olunmadığı, qlobal miqyasda ən çox istinad edilən müasir sosioloq Antoni Giddensin “Sosiologiyaya giriş” kitabının tərcümə olunmadığı ölkəmizdə, insanların sosioloji anlayış və proseslərdən bixəbər olmaları sürpriz deyil. Bu fakt onu göstərir ki, cəmiyyət refleksiya etməyi sevmir. Şəxslər daha çox Orta Əsrlərdəki kimi asan yoldan status qazanmağa çalışırlar. “Sabir və müasirləri” kimi inşa mövsusunda elmi iş müdafiə edib doktor olmaq, sonra isə 100 ildən ardıq müddətdə araşdırılan “Füzuli yaradıcılığına” müraciət edib “elmi məqalə” yazmaq, bu qədər araşdırmaya baxmayaraq, hələ də Füzulidə nəsə tapıldığını iddia etmək varkən, özünü niyə əziyyətə salasan?
Halbuki filologiyanın başlıca faydası oxuyub-anlama və tənqidi təfəkkür bacarıqlarını inkişaf etdirmək olmalıdır. Oxuyub-anlama və tənqidi təfəkkür olmadıqda, qaş-gözlə, mimika ilə, səs tonu ilə, yerində yırğalanaraq nağıllar danışan şəxslər qənaət öndərlərinə çevrilirlər. Qənaət öndəri bəzən türkiyəli bir neo-molladır, bəzən yerli yazıçı-“filosof” və ya şair-“filosof”dur.

Sosiologiyada “özünü doğruldan kəhanət” anlayışı var. İnsanın stereotipləri onun düşüncəsini və davranışını elə dəyişdirir ki, məhz bu davranış nəticəsində həmin şəxsin əsassız şəkildə inandığı vəziyyət yaranır. Məsələn, tutaq ki, bank menecerlərinin müəyyən sosial qrupa dair qərəzli qənaəti formalaşıb. Həmin qrup üzvlərinin biznesi bacarmadıqlarına inanır və onlara kredit vermirlər. Nəticədə hədəf qrupun üzvləri kredit alıb biznes qura bilmirlər. Bank menecerləri deyirlər, “Gördünüz?
Həmin qrupa mənsub olan iş insanı heç görmüsünüz? Biznes bizim, ağ adamların işidir”. Təbii ki, “ağ adam” kateqoriyası vəziyyətə görə dəyişir. Tutaq ki, mədəni ayrı-seçkilik səbəbi ilə şirkətlərdə yuxarı vəzifələrə ancaq müəyyən dildə danışan insanlar təyin olunur. Bir müddət sonra bütün şirkət rəhbərləri həmin dildə danışan şəxslərdən ibarət olur. İnsanlarda qənaət formalaşır, “”X” dili, ana dilimizdən üstündür. Çünki bu dildə danışan hərkəs vəzifəyə yüksəlir”. Bu “üstünlüyün”, əslində, mədəni ayrıseçkilik nəticəsində əvvəlcədən “sifariş” edildiyi isə dərk olunmur və insanlar panika halında övladlarının o dildə təhsil almasına can atırlar.

Özünü doğruldan kəhanətdən siyasi və iqtisadi məqsədlər üçün də istifadə olunur. Türkiyədəki böyük banklardan birinin sahibi özünün medya orqanları vasitəsiylə rəqib bankın iflas edəcəyi şaiyəsini yaymağa başladı. Əmanətçilər panika vəziyyətində banka axışıb vəsaitlərini götürdülər və həmin bank, həqiqətən də, iflas etdi.

“Özünü doğruldan kəhanət” bu gün bizim cəmiyyətdə getdikcə rəğbətlə qarşılanan “üstün kişi” çağırışlarının başlıca səbəbidir. Qadınlar imkanlardan məhrum edilir və təbii olaraq müxtəlif sahələrdə daha az təmsil olunurlar. Sonra isə bu hal, kişilərin qadınlardan üstün olmasının sübutu kimi təqdim olunur.

10 il əvvəl İngiltərə, Almaniya, İtaliya və İspaniya kimi inkişaf etmiş ölkələrdə aparılmış sorğunun nəticələrinə görə, respondentlərin 25%-i bircə qadın alim adı belə çəkə bilməyib. 1970-ci illərdən bu yana uşaqlar arasında aparılan “Bir alim çək” araşdırmasına görə isə, qadınların elmdə təmsil olunma nisbəti yavaş da olsa artır və uşaqların təsəvvüründəki alim obrazına təsir edir. 70-ci illərlə müqayisədə, müasir dövrdə uşaqlar daha çox qadın-alim şəkilləri çəkirlər.

Flinn effekti

Ceyms Flinn son 100 ildə bəzi ölkələrdə IQ ortalamasının yüksəlməkdə olduğunu qeyd edir. Maraqlıdır ki, qadınların IQ-sü daha sürətlə artır və həmin ölkələrdə qadınların IQ ortalaması kişilərin IQ ortalamasından 5 bal yüksəkdir. Flinn, “Zəng əyrisi” kitabının müəlliflərinin əksinə, zəkanın anadangəlmə deyil, mühitlə əlaqədar olduğu fikrini dəstəkləyir. Onun fikrinə tamamən fərqli bir sahədən dəstək tapmaq olar. Beynəlxalq şagird nailiyyətlərinin qiymətləndirilməsi proqramı olan PISA, oxuyub-anlama, riyaziyyat və elm savadı kimi sahələrdəki bilik və bacarıqları ölçür. Bundan başqa, imtahan zamanı təqdim olunan anketlər də iqtisadi və sosial vəziyyətlə akademik uğur arasındakı əlaqəni göstərir. İmtahanların birində şagirdlər “Sizcə, zəka anadangəlmədir, yoxsa onu inkişaf etdirmək olar?” sualına cavab veriblər. “İnkişafı mümkündür” deyən, yəni zəkalarının özlərindən asılı olduğunu düşünən şagirdlərin qiymətləri, “Əlimizdən nə gəlir ki?” deyə düşünüb “Zəka anadangəlmədir” cavabı verən şagirdlərdən daha yüksək olmuşdu.

Bu fakt bir daha sübut edir ki, dilindən, dinindən, irqindən və cinsindən asılı olmayaraq, insanın uğurunu cəmiyyətin ondan gözləntiləri və cəmiyyətin fərd üçün yaratdığı şərait müəyyən edir. Ayrıseçkiliyi həqiqət kimi müəyyən bir qrupa qəbul etdirmək, həmin qrupa qarşı ədalətsizlikdir və onu məhkum etməkdir; “özünü doğruldacaq kəhanət” mollalığı etməkdir.

Ümumiləşdirərək belə demək olar: bir sosial qrupun daxilindəki zəka və bacarıq fərqləri, qruplar arasındakı zəka və bacarıq fərqlərindən daha böyükdür. Qiymətləndirmə və mükafatlandırma stereotiplərə görə deyil, ədalətli ölçü meyarlarına görə obyektiv aparılmalıdır.

Azərbaycan ziyalısı niyə modernizmə qarşıdır?

İstər sosial şəbəkələrdə və internet kanallarında və televiziyalarda, istər yazılı mətbuatda stereotiplər həqiqətmiş kimi təbliğ olunur. Çox təəssüf ki, bu təbliğatın önündə müasir görünüşlü, qalstuklu, gülümsəyən və qərəzlərini fakt kimi təqdim edən neo-mollalar gedirlər. Ancaq yazar, alim, jurnalist, filosof qılığında. O kanalda bir jurnalist, bu televiziyada bir “filosof”, o biri podkastda bir “alim”. Eyni çeynənmiş mövzudur: əxlaq (təbii ki, bioloji konteksdə, geyim və bədənlə məhdudlaşdırılmış) qadın-kişi müqayisəsi (kişilərin üstünlüyü birbaşa və ya dolaylı vurğulanaraq), şərq müdrikliyi (“Qədimdə hərşey daha yaxşıydı” tezisi əsasında).
Ekonun təsvir etdiyi Orta Əsrlərin zehni fəaliyyətinin analoqu.

Azərbaycan ziyalısı çoxluğun fikrini dəyişməyə çalışaraq təklənmək və maddi sıxıntı riski ilə üzləşmək yerinə, çoxluğa uyğunlaşmağı seçir. Çünki bizim cəmiyyət onu daha yüksək prinsiplərə layiq görən ziyalılarını ən yaxşı halda görməzdən gələrək həmişə cəzalandırıb.

Qənaət öndərliyinə iddia edən şəxs çoxluğun bəzi qərəzlərini müəyyən edir və müasir geyimdə qədimdə yaşamış şəxslərdən sitatlar gətirərək bu qərəzi təsdiqləyən, dəstəkləyən fikirlər səsləndirməyə başlayır. Nəticədə məşhurluq, “müdrük” , “akıl hocası”, “qənaət öndəri” statusu və əlbəttə, maddi mənfəət qazanır. Çoxsayda insan prosesə qoşulanda və hərkəs öz qrupuna bu qərəzləri sırıyanda, nəticə olaraq çoxluğun sifarişi kimi Orta Əsrin fikir dünyası yaranır.
Halbuki Orta Əsrlər düşüncə dünyasının başqa coğrafiyada nümunələri mövcuddur: İran, Səudiyyə Ərəbistanı və Əfqanıstan kimi. Ancaq neomollaların məqsədi o ölkələrdə yaşamaq deyil, onlar avrostandartlarda yaşamaq istəyir, bunun üçün Orta Əsr qərəzlərindən istifadə edir, belə davranmaqda problem görmürlər. Çünki uzun müddətdir ki, cəmiyyətdə “əsas qazanmaqdır, necə qazanmaq prinsipial məsələ deyil” qənaəti formalaşıb.

Burada əziyyət çəkmədən, oxumadan-araşdırmadan zehni möhtəkirlik etmək və asan yoldan komfort zonasında yaşamaq istəyi də rol oynayır. Cəmiyyətin fikri standartları aşağı olduqda, ziyalısını da özünə oxşadır. Dövrə qapanır, özləri çalıb-özləri oynayır, bir-birlərinə “bəy tərifi” deyirlər.

Azərbaycan ziyalı çoxluğunun böyük əksəriyyəti üçün status və maddi qazanc qarşısında “sosial məsuliyyət” hissi qətiyyən təsir gücünə malik deyil. Elmi institutların və universitetlərin müəllimləri sosial məsələlərdə mövqe bildirməkdən uzaqdırlar. Onlar fəaliyyətlərini işlə məhdudlaşdırdıqları üçün meydan boş qalır. Nəticədə, özünü “filosof” adlandıran və heç bir sahəni təmsil etməyən insanlar köhnəlmiş, quldarlıq və feodalizm dövrlərindən qalmış tezisləri bəzəyib təqdim edirlər.
Hətta alimlərin nəinki sosial məsuliyyət hissi ilə hərəkət etdiklərini, əksinə neo-mollaların tezislərini təsdiqləmək üçün sıraya düzüldüklərini də görürük.

Cəhənnəmin temperaturunu və mələklərin sürətini hesablayan, türkiyəli universitet bitirməmiş mollanı biologiya alimi kimi təqdim edən, Uri Geller adlı illüzionistin tryuklarını elmin cavab tapmadığı hadisələr kimi təqdim edən elmlər doktorları tez-tez mətbuatdan boylanırlar.

Bir neçə il əvvəl tanınmış bir jurnalist metroda “əxlaqsız hərəkət” edən oğlan və qıza təpik atdığını, onları vaqondan qovduğunu öyünərək yazmışdı. Sonradan “əxlaqsız hərəkətin” əl-ələ tutmaq olduğunu, əslində, təpik atmayıb, təpindiyini yazdı. Həmin gün mən jurnalisti “Düz eləmisən!”, “Halaldı!”, “Dəyərlərin əjdaha qoruyucusu!” deyə dəstəkləyən 80 nəfəri dostluqdan çıxardım. Müasir görünüşlü, işi-gücü olan insanlar idi. Təəssüf ki, bu və digər faktlar çoxsayda insanın müasir görünüşünün altında feodal-patriarxal təfəkkürünün gizləndiyini və üzə çıxmaq üçün cəsarətləndirici fürsət axtardığını göstərir.

Mən bu yazını niyə yazdım?

Son dövrün modda olan “filosofu” Müşfiq Şükürov - Ötgünün sürətlə məşhurlaşması, mümkün bütün tribunalara dəvət olunması və onun hökmlə-əminliklə qərəzli fikirlər bəyan edib alqışlanması məni xeyli məyus edir. “Hamınız qəbul etməlisiniz!”- belə deyir. Nəyi qəbul etməlidirlər? İzah etməyə çalışaq.

Müşfiq Ötgün uzun müddət feysbukda qərəzli insanlar üzərində dramatik effektlərə hesablanmış əsassız fikirlər yazdı. “Riyaziyyatı hər idiota öyrətmək olar”, “Fəlsəfə elmdən üstündür”, “Kişilər qadınlardan üstündür”- dərin düşünən filosofun hikmətli nəticələrindən bəziləridir. Mən isə düşünürdüm ki, bu cür fikirlər, ən azından, savadlı və məsuliyyətli oxucular tərəfindən etirazla qarşılanacaq. Mən də daxil olmaqla, etiraz edən bir-iki nəfəri blok edən “filosof”, öz auditoriyasına qovuşdu və kvant sıçrayışı ilə böyük səhnəyə addım atdı.

Müşfiq Şükürovun çoxsaylı zərərli tezislərinin hər birindən bəhs etmək mümkün deyil. Fikir bəyan etmə standartları aşağı olan şəxslər, qısa müddətdə çox məhsuldar işləyib, xeyli “fikir” bəyan edə bilirlər.

Onun maarifçiləri tənqid etməsini (maarifçilərn yazdığı əsərlər, əslində, bizim keçmişdə ideal dəyərlər dünyasında yaşamadığımızı göstərdiyi üçün Müşfiq Şükürovun nağıllarına uyğun gəlmir), qadınların dərin düşünə bilmədikləri (dəstəkçiləri arasında yuxarıda sadaladığım qadın alimlər qədər dərin düşünə bilən neçə kişi var?) üçün kişilərdən bir addım geridə olduğunu deməyini, "qadınların vəzifəsi kişilərə güclü olduqlarını hiss etdirməkdir" fikrini neomollalıq kimi qiymətləndirirəm.
Əsl mollaların düşüncələri ilə neomollaların düşüncələri arasında fərq yoxdur, görünüş və üslubları fərqlidir, sadəcə.

Burada bir analogiya aparmalıyıq. Arabesk janrı dünyanı lənətləyir (“Batsın bu dünya”- bütün arabesk mahnılarının mövzusunu bu başlıq altında toplamaq olar) və əyalətdən kütləvi şəkildə İstanbula köçən, ancaq metropolda yaşamaq üçün zəruri bilik və bacarıqları olmayan insanların günahının, əslində, zalım dünyada olduğu qənaətlərinə tərcüman olurdu, buna görə də ən populyar musiqi janrına çevrildi.

Görünür, Müşfiq Şükürovun yazdıqları da kompleksli, əziklik hissi yaşayan kişilərin hisslərinə tərcüman olur. O da belə kütlənin necə böyük olduğunu görüb, məmnunluqla gülümsəyir. Özünə “filosof” deyir, onların komplekslərinin səbəbi kimi qadınları göstərir, mütaliəyə, fikrini əsaslandırmağa və əks arqumentlərə cavab verməyə zərurət görmür. Çünki fərqindədir ki, hər tribuna özünə borc bilir: “Gəl bir də bizim tribunamızdan bəyan eylə: “Kişi qadından üstündür!”.

Çıxışından bir tezisə baxaq: “Qədim dövrdə müdriklər dünyanı kişilərə tapşırmışdılar”.

Əlbəttə, inanmaq üçün bəhanə axtaran birinin sual vermək ağlına gəlməz, “düzdür, doğrudur, həqiqətdir” deyə təsdiq edər.

Konkret hansı dövrdə? Hansı ölkədə? Hansı müdriklər, hansı kişilərə?


Müşfiq Şükürov

Bunlara cavab yoxdur, çünki danışılan həqiqət yox, nağıldır. Sanki “Dreamworks” studiyası animasiya çəkib: Vadidə sakit, harmonik həyat hökm sürür, hamı bir-birinə hörmət edir, böyük-kiçik yerini bilir. Sonra bir şər qüvvə gəlir, gücü ələ keçirmək istəyir və ahəng pozulur. Nağıl xoşbəxt sonluqla bitməlidir: el birliyi ilə həmin şər qüvvəni məğlub edirlər və harmonik cəmiyyət bərpa olunur.

Müşfiq Şükürovun fikirlərində azad qadın “lampadan çıxmış cindir” və onun müstəqil proqramı olmamalı, kişilərin istəyini yerinə yetirməlidir. Əslində, kişilərin hiss etdikləri kompleksin səbəbi qadınlar deyil, digər “güclü” kişilərdir, qadınlar, sadəcə, “günah keçisi”dir. Flinn effektinə görə, münbit şərait olduğu üçün qadınlar daha çox uğur qazanır və bu da kişilərdə, ədalətsiz olduqları üçün, uğuru təqdir etmək yox, qısqanclıq yaradır.

Bərabərlik əvəzinə “güc” anlayışına istinad etdikdə, həmişə kişilər arasında güclü və zəif kişilər olacaq və əziklik ortadan qalxmayacaq. Çünki refleksiya etməyən insanın əsas motivləri biolojidir. Primatlar isə güc iyerarxiyası qurmağa proqramlanıb.

Vəziyyəti düzgün təhlil etmək lazımdır, “günah keçisi” axtarmaq yox. Güc əvəzinə, fürsət bərabərliyi təbliğ edilərsə, kimin müəyyən mövqeyə daha layiq olması bilik və bacarıq əsasında müəyyən olunar. Bu halda, əlbəttə, kişi və ya qadın olmasından asılı olmayaraq, bacarıqlı qadınlar və ya bacarıqlı kişilər önə çıxacaq. Aydındır ki, ədalətli kriteriya ilə ölçülmüş sınağın nəticəsindən heç kim şikayət etməz, daha çox öyrənmək və çalışmaq istəyər.

PISA proqramının qiymətləndirməsinə görə, bir çox ölkədə qız şagirdlər oğlan şagirdlərdən daha yaxşı performans göstərirlər. Bu siyahıda Finlandiya, İsveç, Norveç, Koreya kimi inkişaf etmiş ölkələr var. Azərbaycan da qızların oğlanlardan daha yaxşı performans göstərdiyi ölkələr arasındadır. Ancaq bizim nəticəmizdə, digər ölkələrə nisbətən, qızların və oğlanların performansı bir-birinə çox yaxındır.
“Qadınlar kişilərdən bir addım geridə dursunlar!” göstərişini təbliğ edən neo-mollalar süni şəkildə bu fərqi qızların əleyhinə artırmağa çalışırlar. Heç bir şəxsin qərəzi kütləvi şəkildə dəstəklənib bacarıqlı insanlara mane olmamalıdır.

“Təbii ki, onları (qadınları nəzərdə tutur), oxutdurmaq, onlara savad vermək böyük lütfdür.
Çox düşüncəli qadınlara da rast gəlmək olar, ancaq nadirən..."

Və Konfutsidən sitat gətirir: "Konfutsi deyirmiş ki, filankəsin 11 naziri var idi, biri qadın idi, onu saymıram”.

Konfutsi dövründən 2500 il keçdi.
İntibah dövrü, Elm inqilabı, Sənaye İnqilabı baş verdi, şəriət hüququnun yerinə sekulyar hüquq gətirildi, ancaq Orta Əsrlər təfəkkürü təəssüf ki, dəyişmədi.
Bu gün Müşfiq Şükürovun istinad etdiyi mədəniyyənlərdən biri olan Hindistanda qadınlar küçəyə çıxanda, 10-15 kişilik qrupların zorakılığına məruz qalırlar. Qədim hind mədəniyyətinin kasta sistemi hələ də zehinlərdə yaşayır və qərarlara təsir edir.

Bu qədim mədəniyyətdə elementar gigiyeniya anlayışı yoxdur. Ancaq hind quruları öz ölkələrindəki problemi həll etmək əvəzinə, qərblilərə yaşamağın sirlərini öyrədilər. Çünki qərblilərdə onların səthi rahatlıq gətirən fikirlərinə ödənəcək maddi vəsait var.

Bəs bizim klassik mollalar və neomollalar nə üçün İslam ölkələrindəki problemlərdən danışmırlar? Çünki dini sistemlər özlərini ideal sayırlar. Tənqid etmək tərəfdar itirməklə nəticələnər.

Balaca ayaqlar kişilərin xoşuna gəldiyə görə Qədim Çində qızların ayağını uşaqlıqdan balaca taxta qəliblərə salırdılar.
Bu şəkildə inkişafdan qalan, deformasiya olunan ayaqlara romantik ad da vermişdilər, “lotus ayaqlar”.

Müasir dövrün istismar metodları isə daha incədir.
Çoxluğun tələbi ilə qərəzi həqiqət kimi göstərib cəmiyyətin yarısını zehni və sosial baxımdan məhdudlaşdırmağa çalışmaq yox, çoxluğu sivil dünyaya səsləmək lazımdır. Sosial-psixologiyadakı bir qanunauyğunluğu da qeyd etmək yerinə düşər.
Danniq-Kruqer effekti və ya paradoksuna görə, “Bir insan nə qədər az bilirsə, bilik və bacarıqlarına dair o qədər şişirdilmiş təsəvvürə malik olur”.

Nəticə:

1. Azərbaycanın qonşuluğunda iki siyasi İslam ölkəsi, bir siyasi İslam muxtariyyəti var. Ayrı-ayrı şəxslər dini çağırışların kütlə tərəfindən bəyənildiyini görüb müxtəlif tribunalardan bu çağırışları artırırlar. Onlar “əməklərinin” nə ilə nəticələnəcəyindən naharat olmasa da, ümumi effekt çoxluqda problemlərin həllinin din olduğu qənaətinin formalaşmasına səbəb olacaq. Bir neçə il sonra ölkə xarici siyasi islami təsirlərə daha həssas hala gələcək. İndiyə qədər dövlətə nüfuz edən dinin hansısa problemi həll etdiyi görülməyib, əksinə, həll olunmayan problemlər yaradıb. Doğrusu dövlətin bütün dinlərin tezislərinə məsafəli davranmağıdır.
Kişilərin qadınlardan üstün olmağını iddia etmək, bu fikri təbliğ etmək və əsaslandırmaq üçün dinə istinad etmək, əslində, malalanmış şəriət tələbidir.

2. Aydınlanmış insan öz qərəzlərinin fərqində olan insandır. Psixologiyada onlarla insani qərəz sadalanır ki, refleksiya etməmiş insan bu qərəzləri obyektiv şəkildə formalaşmış qənaət kimi qəbul edir və onlardan bərk-bərk yapışır. Bu qərəzlərin təbliği müəyyən bir qrupun, ümumilikdə isə cəmiyyətin tərəqqisinə mane olur. Cəmiyyət real problemləri elmi disiplinlərin anlayış və metodları ilə təhlil etmək əvəzinə, psevdoproblemləri və onların “həllini” nəqarət kimi təkrar etməyə ciddi resurs sərf edir. Bu isə insanların iqtisadiyyat, sosiologiya, psixologiya kimi elmi disiplinlərin gətirdiyi vizyondan məhrum edir.

3. Qədim dövr heç vaxt ideal olmayıb. İnsanın hüquqi, iqtisadi və informasiya almaq və fikir formalaşdırmaq baxımından bütün nailiyyətləri modernizmlə mümkün olub. Ziyalı qərəz yaymamalı, cəmiyyətə xəyanət etməməlidir. Ziyalının ən böyük iki dəyəri cəsarəti və savadıdır. Çoxluğa qarşı çıxa bilməli, dayanmadan mütaliə və müzakirə aparmalıdır. Cəmiyyətə vizyon təqdim etməli və onun immunitet sistemi kimi fəaliyyət göstərib müasirliyin əksinə olan düşüncələrə qarşı xəbərdarlıq və etiraz etməlidir.

"Sustalı Ceylan"la bağlı dəyişiklik "Heç vaxt aktyorlarla dostluq etməmişəm, sürüşkəndirlər" - Aydın Kazımzadə ilə müsahibə Bəstəkar Adil Bəbirovun 90 illiyinə həsr olunmuş tədbir keçirilib
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az-ı izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://kulis.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

2025-ci il bayram tətil günləri: Novruz, Ramazan və Qurban bayramı tarixləri açıqlandı

14 Mart 2025 00:31see751

Meyxanaçı Samirə yenə estetik əməliyyat etdirdi VİDEO

13 Mart 2025 01:12see290

Taksi qiymətləri artacaq?

13 Mart 2025 18:47see202

Rusiya bunu heç vaxt qəbul etməyəcək

13 Mart 2025 00:49see120

Səhərlər hansı qidaları yemək olmaz?

12 Mart 2025 22:27see117

“2 APREL BÖYÜK GÜN OLACAQ” Tramp anons edir

12 Mart 2025 21:46see115

Forumda iştirak etmək üçün Azərbaycana gəldilər Yenilənib

12 Mart 2025 21:29see114

“Orta Dəhlizlə daşımaların həcminin 6 dəfəyə qədər artırılması planlaşdırılır”

12 Mart 2025 22:49see113

Bakıda küçədə kütləvi dava: həbslər var (Yenilənib)

12 Mart 2025 23:48see112

“Rusiyadan atəşkəslə bağlı müsbət siqnallar almışıq”

13 Mart 2025 00:31see109

Sırski Ukrayna qoşunlarının Sudjadan çıxarılmasını əmr edib

13 Mart 2025 08:18see109

Zaur Paşayevlə bacarmadıq Lənkəran ın baș məşqçisi

14 Mart 2025 02:37see109

ABŞ nin atəşkəs təklifi: Sülh, yoxsa strateji hesab?

13 Mart 2025 18:31see108

Ciddədən ciddi mesajlar...

13 Mart 2025 08:31see107

Volkswagen və Audi elektromobillərini geri çağırır

13 Mart 2025 08:41see107

Bu metalın qiyməti 17 min manata yüksələcək Səbəb

13 Mart 2025 11:30see106

Bosniya və Herseqovina ABŞ, Fransa və ya digər bir ölkənin müstəmləkəsi deyil Jelka Tsviyanoviç

13 Mart 2025 11:37see105

Əgər lazımi miqdarda su içilməsə,... ŞƏRH EDİLDİ

13 Mart 2025 16:21see105

Bakının bir çox yollarında tıxac müşahidə edilir SİYAHI

13 Mart 2025 08:29see105

Füzulidə Prius qəzaya DÜŞDÜ

13 Mart 2025 11:46see105
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri