O, öz adını doğruldur ƏHSƏN RƏHMANLI YAZIR
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fərhad Cahangir oğlu Əliyev 1983-cü il oktyabr ayının 24-də Bakıda anadan olub. Ata Cahangir Camal oğlu Əliyev (1950-1993) neftçi idi, Sənqəçal terminalında işləyirdi. Ana Səkinə Lətif qızı Əkbərova-Əliyeva çox bacarıqlı, hünərvər, öz sənətinə vurğun olaraq 34 il Bakıdakı məşhur Volodarski adına tikiş fabrikində çalışıb.
Bu mehriban, səmimi, zəhmətkeş, nümunəvi ailədə üç övlad-iki oğul, bir qız boy ataraq, layiqli tərbiyə, təhsil ilə həyata, cəmiyyətə vəsiqə alıblar. Fərhad üçüncü övladdır. O, 1989-cu ildən Bakıdakı 251 saylı ümumtəhsil məktəbdə oxuyub. 1993-cü ildən, III sinifdən Bakı Xoreoqrafiya Məktəbində təhsilini davam edib. Burada dörd il klassik rəqs sənəti üzrə təhsil alıb. İxtisas üzrə müəllimləri Roza Əliyeva və Lyudmila Qasımova olub. Fərhad 1997-ci ildən, VIII sinifdən milli rəqs sənəti üzrə oxuyub və 2001-ci ildə böyük uğurla təhsili başa vurub. Bütün fənlərdən əla qiymətlər alıb. Artıq onun üçün hər şey gün kimi aydın idi, ömrünü çox sevdiyi, lakin çətin bir işə, rəqs sənətinə həsr edəcəkdi. Odur ki, burada o, bacardığı qədər ixtisas müəllimi, xalq artisti Yusif Qasımovdan sənətin bütün incəliklərini, nizamı, qaydaları və sirlərini öyrənməyə çalışırdı.
Haşiyə: “Bu sətirlərin müəllifi Əhsən Rəhmanlı olaraq bildirirəm ki, Fərhadgilin təhsil aldığı zaman, 1997-2000-ci illərdə BXM-də Yusif Qasımovun sinfində konsertmeyster idim. Fərhadın istedadı, zirəkliyi, dərslərə ciddi yanaşması, bacarığı, müəllimin verdiyi tapşırıqları dərhal, layiqincə yerinə yetirməsi, yoldaşlarından seçilməsi, bundan əlavə rəftarı, əxlaqı, tərbiyəsi indi də yadımdadır. Son zamanlar hər dəfə mən ona deyəndə:-Fərhad, məktəb illərində yaxşı uşaq idin-o, ürəkdən gülür. Bəli, Fərhad da gözlərimiz qarşısında əsl rəqqas kimi yetişirdi”.
Onu da qeyd etməliyik ki, Fərhad BXM-də xalq rəqs sənəti fənni üzrə xalq artisti Xumar Zülfüqarovanın sinfində dərs alıb.
F.Əliyev 1997-ci ildə BXM-nin xəttilə Türkiyənin Ankara, İstanbul və digər şəhərlərində konsertlərdə olub. Bundan başqa o, oxuduğu məktəbin özündə verilən konsertlərdə, tədris illərinin sonlarındakı imtahanlarda, şəhərdəki bədii-kütləvi tədbirlərdə xüsusi bacarıqla rəqs edərək daha da bərkiyirdi.
Fərhad T.İsmayılov adına uşaq və gənclərin yaradıcılıq mərkəzinin rəqs kollektivinin də məşqlərinə və konsertlərinə gedirdi. Həmin zaman burada rəqs ansamblının rəhbəri Nəriman Kərimov olub. Əziz oxucular, siz uşaqda sənət həvəsinə baxın. O, Uşaq Filarmoniyasında Etibar Zeynalov və assistent Yaqubun rəhbəri olduğu rəqs ansamblının da üzvü idi. Hələ Nizami rayon uşaq və gənclərin yaradıcılıq mərkəzindəki özfəaliyyət rəqs ansamblında da oynayırdı. Burada uşaqların rəqs rəhbəri Fərhad Vəliyev və Fərman Məmmədov idi. Fərhad Əliyevin özfəaliyyət ansambllarındakı fəaliyyəti 1988-1994-cü illərə aid idi. O, həmin ansamblların tərkibində 1993-cü ildə Türkiyənin İzmir, 1994-cü ildə Adana şəhərlərində sənət səfərlərində olub.
Beləliklə, istər özfəaliyyət ansambllarındakı fəaliyyəti, istərsə də BXM-dəki yüksək təhsil alması mövzumuzun qəhrəmanını peşəkar sənətə tam hazırlamışdı. O, 2001-ci ildə “Cəngi” estrada-folklor ansambla gələrək rəqs qrupunda çalışmağa başlayıb. Həmin vaxt rəqs ansamblının direktoru Yusif Məmmədov, baletmeysteri əməkdar artist Xanlar Bəşirov idi. Xanlar müəllim ansamblın bütün rəqs sənətçiləri, bu sırada Fərhadla ciddi iş qururdu. Fərhad repertuardakı bütün rəqs quruluşlarında əla oyunu ilə seçilir, sevilir və dəyərləndirilirdi. Burada onun qol-qanadı tam açılmışdı. Yaxşı sənət göstərmək üçün münbit şərait və imkan vardı. Xanlar Bəşirovun fikirlərindən: “Fərhad Əliyev istər kütləvi rəqslərdə, istər duetlərdə ona verilən tapşırıqları, səhnə mizanlarını layiqincə yerinə yetiirir, sərbəst olur, yaxşı solo oynayır və maraqlı, daim tamaşaçı alqışları qazanan tryuklar edirdi. Tullanmalar, dizlərlə sürünmələr və ayaq barmaqları üstə tryukları bacarıqlı halda göstərirdi”.
Baletmeyster Qəhrəman Nəsirovun vaxtılə quruluş verdiyi rəqslər də repertuardan çıxarılmamışdı. Xanlar Bəşirov xalq artisti, ustad sənətkar Əlibaba Abdullayevin həmişəyaşar rəqs quruluşlarını da daim repertuara daxil edirdi.
Nümunə olaraq qeyd edirik ki, konsert proqramındakı “Qaytağı” (T.Quliyev) və “İgidlər” rəqsindəki sololarda Fərhad tam şəkildə yüksək peşəkarlıq göstərirdi. Bəli, bu başqa bir aləm idi.
“Cəngi” ansamblı səmərəli, çox samballı çalışmaqda, fasiləsiz olaraq konsertlərdə və bütün dövlət tədbirlərində çıxışları ilə seçilib. Belə konsertlərin hər birində təbii ki, Fərhad Əliyevin gümrah, şux, məntiqli, təmtəraqlı rəqsləri özünəxas məna kəsb edirdi.
Fərhadın öz ixtisası üzrə ali təhsil almaq arzusu da vardı. 2000-ci Mədəniyyət və İncəsənət Universitetin baletmeyster fakültəsinə qəbul olunmaq istəsə, testdən normal bal yığsa da, ona qəsdən aşağı qiymət yazmışdılar ki, qəbul olunmasın. Bəli, çox əfsus ki, bizdə bəzən belə hallar olur.
Onun rəqs sənətindəki fəaliyyəti adi deyil, əslində genişdir və zənginliyə bürünmüşdür. Məqaləni diqqətlə izləsək bir daha bunun şahidi olarıq. Bu barədə Fərhad fəxarət hissi keçirərək qürurlana bilər.
F.Əliyev 2014-ilin mart ayında Novruz bayramı ilə əlaqədar Türksoyun Ankarada və İstanbulda, sonra isə ABŞ-nın Vaşinqton DC-də keçirilən konsertlərində çıxış etmişdir. Həmin ilin may ayında Azərbaycan Gənclər və İdman Nazirliyinin xəttilə Dağıstanda Heydər Əliyevin doğum gününə həsr olunmuş konsertdə onun çıxışı güclü alqışlara qərq edilmişdi. 2015-ci ildə Türkmənistanın Mərv şəhərində Türk dünyası paytaxtı seçilməsi ilə əlaqədar baş tutmuş möhtəşəm tədbirdə də Fərhadın rəqsləri böyük marağa səbəb olmuşdu. 2015-ci ildə o yenə uğurlarla qarşılaşmışdır. Türksoyun dəvəti ilə Ankarada, ardıcıl olaraq Parisdə UNESCO-nun baş qərargahında, Almaniyada Kölndə, Belçikanın Brüssel, Avstriyanın Vyana şəhərində Novruz bayramı konsertlərində gözəl rəqslər nümayiş etdirmişdir. Həmçinin orada bu işlərdə rejissor köməkçisi kimi də fəaliyyət göstərmişdir.
2015-ci ildə Azərbaycanda keçirilən 1-ci Avropa oyunlarının açılış mərasimində F.Əliyevin rəqsləri böyük marağa səbəb olmuşdur. 2016-cı ilin mart ayında Türkiyənin Ankara şəhərində və daha sonra ABŞ-ın New-York, Merriland, New-Jersey ştatlarında gözəl çıxışları ilə dərin rəğbət qazanmışdır. O, 2016 ildə U-17 futbol üzrə dünya çempionatının açılış mərasimində bədii hissəyə bacarıqla rəhbərlik etmişdir. Həmin ildə sənətçimiz Formula -1 yarışmasının bədii hissəsinı hazırlayan heyətin tərkibində də olmuşdur.
2016-cı ildə Şəki şəhəri Türk dünyasının paytaxtı seçilmişdir. Həmin zaman F.Əliyev oradakı konsert proqramının tərkibində də layiqincə çıxış etmişdir. Həmın ildə “Cəngi” estrada-folklor ansamblın təşəbbüsü ilə keçirilən “Dost qapısı” Beynəlxalq festivalda Fərhad tədbir rejissoru idi. O, 2017-ci ildə Qazaxıstanın Türküstan şəhərində çıxış etmiş və eyni zamanda Qızıl Orda şəhərində böyük bir konsertin rejissoru olmuşdur.
F.Əliyev ömrünü milli rəqs sənətinə həsr edərək bu sahəyə sədaqətlə xidmət göstərib, ardıcıl şəkildə daim uğurlu, zəngin fəaliyyətdə olaraq səfərlərdə də həmişə yüksək nailiyyətlər əldə etmişdir.
2017-ci ildə Qazaxıstanda keçirilən Buran Bell Beynəlxalq yarışmada iyirmi üç ölkədən dəvətli sənətçilər var idi. Fərhadgil bu qədər sənət adamları arasından birinci yerə layiq görülmüşdülər. O, həmin ilin aprel ayında Bakıda keçirilən Şopping festivalda da iştirakçı olaraq nailiyyət əldə etmişdir.
Fərhad 2017-ci ildən bu günə qədər Azərbaycan Rəqs Assosiasiyasında uşaqlar arasında keçirilən Beynəlxalq müsabiqələrdə hakim kimi iştirak etməkdədir. 2018-ci ildə Birləşmiş Ərəb Əmirliklərinin Fujeyrə şəhərində keçirilən festivalda iştirakçı olan Fərhad diqqəti cəlb edən sənətkar kimi böyük rəğbət qazanmışdır. 2018-ci ildə Türksoyun dəvəti əsasında bir daha Novruz bayramı ilə əlaqədar ardıcıl tədbirlərdə onun çıxışları məhəbbətlə qarşılanmışdı. 2019-cu ildə Türksoyun Türkiyədə Əskişəhərdə, sonra Belçikada və Almaniyada keçirdiyi tədbirlərə F.Əliyevin də dəvəti olmuş və sənətçimiz gözəl rəqslərlə tamaşaçıların alqışlarını qazanmışdı.
Fərhad Əliyev 2019-cu il sentyabr ayının 17-dən "Cəngi” estrada-folklor ansambla baş baletmeyster vəzifəsinə təyin olunmuşdur. 2019-cu ilin dekabr ayı və 2020-ci il fevralın 3-ü arasında Abu-Dhabi şəhərində keçirilən Şeyx Zayed festivalında da iştirak edən Fərhad yaxşı işə imza atmış və rəqslərimizi sevdirmişdi. Bu bir danılmaz faktdır ki, Azərbaycan rəqsləri dünyanın hər yerində bəyənilir və sevilir.
2020-ci ildə Covid-19 pandemiyası ilə əlaqədar olaraq Azərbaycan Mədəniyyət Nazirliyi və Bakı Mədəniyyət Baş idarəsi tərəfindən “Evdə qal, sağlam qal” layihəsi çərçivəsində F.Əliyev distant olaraq rəqs hərəkətlərini tamaşaçılara göstərərək məşğələlər keçmişdir. 2021-ci ildə Misir Ərəb Respublikasının İsmailiyyə şəhərində 31-ci Beynəlxalq festival keçirilmişdir. Həmin festivalda da Fərhadın rəqsləri xüsusi əhəmiyyət kəsb etmişdir. O, 2021-ci ilin dekabr ayında Qətər ölkəsində keçirilən FİFA-ın Arab CUP futbol çempionatının açılış mərasimdə iştirak edərək vətənimizin başını uca etmişdir. 2022-ci ilin mart ayında Bakı şəhər icra hakimiyyəti və Səbail rayon icra hakimiyyəti tərəfindən keçirilən Novruz bayramı şənliklərini Fərhadın rəqsləri də bəzəmişdir. Həmin ilin mayında Şuşa şəhərində keçirilən 5-ci Beynəlxalq “Xarı bulbul” festivalı ölkəmiz və bütünlükdə Türk dünyası üçün böyük sevinc, fərəh və qürur mənbəyi oldu. F.Əliyev həmin möhtəşəm festivalda da iştirakçı olmuşdur. 2001-2022-illər arasında AzTV, Space, ANS, Xəzər, Lider və Mədəniyyət kanallarının səhər verilişlərində və bir sıra digər müxtəlif konsertlərdə F.Əliyevin rəqsləri daim xoş ovqat və dərin sevincə bürünən zövq bəxş etmişdir. Belə nailiyyətlər, uğurlu işlər və səmərəli fəaliyyət davam etməkdədir.
Mövzunun qəhrəmanı Fərhad Əliyev əsl xoşbəxtliyi sevdiyi sənətdə əldə etdiyi kimi, bunu ailə quranda da tapa bilib. Bu, Uca Rəbbimizin ona bəxş etdiyi ən böyük bəxtəvərlikdir. O, 2004-cü ildə çoxdan tanıdığı, könül verdiyi, özü qədər inandığı rəqqasə xanım, onunla eyni kollektivdə çalışan Natəvan Rüstəm qızı Bayramova-Əiyeva ilə ailə qurub. Bu xoşbəxt ailənin iki bəxtəvər qız övladı var. Əminə 2005-ci il dekabrın 6-da dünyaya gəlib. Bakı Xoreoqrafiya Akademiyasında kollec təhsilini bitirib. Bakalavr üzrə I kursda oxuyur. Cəmilə 25 yanvar 2010-cu ildə anadan olub. Xırdalandakı 2 saylı tam orta məktəbin VIII sinfində oxuyur.
Fərhadı yaxşı tanıyanlar onun vətən sevgili bir insan olduğunu yaxşı bilirlər. Onun bir neçə dostundan eşitdiklərimi də yazıya daxil etməli oldum. Fərhad 44 günlük müharibədə könüllü olaraq öz avtomobili ilə müntəzəm olaraq Füzuli-Cəbrayıl cəbhə bölgəsində döyüşən əsgərlərə pal-paltar və siqaretlərin çatdırılmasında çox fəal olub. O apardığı ləvazimat onun öz maddi hesabı ilə əldə edilirdi. Bunun məqaləyə daxil edilməsini o özü istəməsə də, Fərhadın dostlarından eşitdiyimi yazmalı oldum. Hərbi hissələrin komandirlərinin ona təqdim etdikləri fəxri fərmanlar və təşəkkürnamələr Fərhad Əliyevin arxivindədir.
Fərhad-bu adın izahına da nəzər salsaq yaxşı olar. Bəli, Fərhad sözünün anlamı belədir: 1.qalib, qələbəçalan. 2.Başa düşən, anlayan. 3.İgid, cəsur. Fərhad Əliyevin sənət fəaliyyətinə, ömür yoluna, qazandığı nailiyyətlərə diqqətlə nəzər salsaq, onun öz adını doğrulduğuna tam əmin olarıq. Bəh-bəh. Burada yerinə düşər, deyək afərin sənətkar.
Əhsən RƏHMANLI
Tədqiqatçı, Sənətşünaslıq üzrə fəlsəfə doktoru




