Oftalmoloq: Uşaqlarda miopiyanın sürətlə artması müasir həyat tərzi ilə bağlıdır
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 24 dekabr, Pərvanə Qafarova, AZƏRTAC
Son illərdə uşaqlar arasında miopiyanın yayılma tezliyində ciddi artım müşahidə olunur. Mütəxəssislər bu tendensiyanı əsasən müasir həyat tərzi və vizual yüklənmənin artması ilə əlaqələndirirlər.
Bu barədə AZƏRTAC-a müsahibəsində oftalmoloq Nigar İlyasova məlumat verib.
Onun sözlərinə görə, miopiya gözün refraksiya qüsuru olub, görüntünün torlu qişa üzərinə deyil, onun önünə fokuslanması ilə xarakterizə olunur və bu vəziyyət əsasən göz almasının ön–arxa oxunun uzanması ilə bağlıdır.
“Uşaqlarda miopiyanın sürətli artmasının əsas səbəblərindən biri yaxın məsafəli vizual yüklənmənin artmasıdır. Erkən yaşlardan elektron cihazlardan intensiv istifadə, uzunmüddətli oxu və yazı fəaliyyəti gözün akomodasiya sistemini həddindən artıq yükləyir. Davamlı akomodasiya spazmı zamanla funksional dəyişiklikdən struktur dəyişikliklərə keçərək aksial miopiyanın formalaşmasına səbəb olur”, – deyə N.İlyasova bildirib.
Oftalmoloq açıq havada vaxtın azalmasını da mühüm risk faktoru kimi qeyd edib. Onun sözlərinə görə, gün işığı şəraitində retinal dopamin sekresiyası artır və bu mexanizm göz almasının patoloji uzanmasının qarşısını alır. Açıq havada kifayət qədər vaxt keçirməyən uşaqlarda isə miopiyanın inkişaf riski yüksəlir.
Mütəxəssis vurğulayıb ki, genetik faktorlar da miopiyanın yaranmasında rol oynasa da, son illərdə müşahidə edilən kəskin artımı yalnız irsi amillərlə izah etmək mümkün deyil: “Yanlış vizual vərdişlər və qeyri-sağlam həyat tərzi genetik meyilliliyin klinik təzahürünü xeyli sürətləndirir”.

Elektron cihazlardan uzunmüddətli istifadə zamanı göz qırpma tezliyinin azalmasının quru göz sindromuna və vizual yorğunluğa səbəb olduğunu bildirən N.İlyasova qeyd edib ki, bu hallar uşaqların obyektləri daha yaxın məsafədən görməyə çalışmasına və miopiyanın proqressiyasına gətirib çıxarır.
Oftalmoloq miopiyanın erkən mərhələdə aşkarlanmasının xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, uzağı bulanıq görmə, lövhəyə yaxın oturma, baş ağrıları, gözlərin tez yorulması və tez-tez ovuşdurulması miopiyanın ilkin əlamətləri hesab olunur. Bu hallarda vaxtında aparılan refraksiya, biometrik və fundus müayinələri xəstəliyin gedişini nəzarətdə saxlamağa imkan verir.
“Müasir oftalmologiyada miopiyanın proqressiyasının qarşısını almaq üçün atropin 0.01% damcıları, miopiya nəzarətli eynək və kontakt linzalar, eləcə də ortokeratoloji linzalar tətbiq olunur. Bu metodlar düzgün seçildikdə və müntəzəm nəzarət altında istifadə edildikdə miopiyanın irəliləməsini əhəmiyyətli dərəcədə ləngidə bilir”, – deyə o əlavə edib.
Nigar İlyasova bildirib ki, erkən diaqnoz, düzgün vizual gigiyena, açıq havada fiziki aktivliyin artırılması və müntəzəm oftalmoloji nəzarət gələcəkdə yüksək dərəcəli miopiya və onun ağır fəsadlarının qarşısının alınmasında əsas rol oynayır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 24 Dekabr 2025 19:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















