“Operativ Dil Mərkəzi yaradılmasa, Azərbaycan dili sürətə uduzacaq” Şəmil Sadiq
Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Dil canlıdır, amma özbaşına buraxıla bilməz – dövlət strateji idarə etməlidir”
Son illərdə qloballaşma və rəqəmsal mühitin sürətlə genişlənməsi milli dillər üçün yeni çağırışlar yaradıb. Bu baxımdan Azərbaycan dilinin ədəbi saflığının qorunması məsələsi dövlət səviyyəsində xüsusi önəm daşıyır. Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibədə bu mövzuya yenidən diqqət çəkməsi təsadüfi deyil. Dövlət başçısı vurğulayıb ki, xarici sözlərin və internet təsirlərinin nəzarətsiz şəkildə dilə daxil olması ədəbi dilin saflığını sarsıdır və bu təhlükənin qarşısının alınması həm dövlətin, həm də hər bir vətəndaşın vəzifəsidir.
Prezident müsahibəsində noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncağında da dillə bağlı mühüm məqamlara toxunduğunu xatırladıb. Ölkə başçısının fikrincə, müstəqil Azərbaycan dövləti bu dilin əsas qoruyucusu kimi çıxış etməli, xüsusilə xaricdə yaşayan azərbaycanlılar arasında ana dilinin unudulmaması üçün onlayn məktəblər və tədris imkanlarını genişləndirməlidir: “On il bundan əvvəl mən bu kürsüdən, eyni zamanda, Azərbaycan dili haqqında danışmışdım, öz narahatlığımı ifadə etmişdim. Deyə bilərəm ki, son 10 il ərzində bu istiqamətdə lazımi addımlar atılıb. Ancaq desəm ki, vəziyyət məni tam qane edir, əlbəttə ki, səmimi olmaram. Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik - müstəqil Azərbaycan dövləti. Mən azərbaycanlıların yaşadıqları müxtəlif bölgələrdə vəziyyətlə müntəzəm surətdə olaraq tanış oluram, diqqətdə saxlayıram, lazımi tədbirlər görürəm. Görürəm ki, bəzi yerlərdə bizim ədəbi dilimiz digər ölkələrdə yaşayan azərbaycanlılar arasında itirilir. Daha çox məişət dili kimi istifadə olunur, xarici kəlmələrlə dolu olur. Ona görə biz öz dilimizi qorumasaq, dilimizi təmiz, saf saxlamasaq, onda yavaş-yavaş dilimizi itirə bilərik. Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır. Bizim dilimiz qədimdir. Yenə də deyirəm, 50 milyondan çox insan üçün Ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur. Düzdür, beynəlxalq leksikon var və hər birimiz bu leksikondan istifadə edirik. Amma əgər Azərbaycan dilində əzəli bir kəlmə varsa, başqa dildən kəlməni gətirib əvəzləmək nə məqsəd daşıyır? Bu, ya səhvdir, ya təxribatdır. Hər ikisi də qəbuledilməzdir”.
Dövlət başçısı eyni zamanda bildirib ki, ədəbi dilin yalnız məişət səviyyəsində deyil, təmiz və düzgün formada yaşadılması milli kimliyin qorunmasının əsas şərtidir. Bu çağırışlar Azərbaycan dilinin gələcək nəsillərə saf şəkildə ötürülməsi üçün cəmiyyətin bütün təbəqələrinin birgə məsuliyyətini ön plana çıxarır.
Azərbaycan Nəşriyyatları Assosiasiyasının sədri, Hədəf Şirkətlər Qrupunun qurucu direktoru dosent Şəmil Sadiq “Sherg.az”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin mövqeyi Azərbaycan dilini təkcə mədəni dəyər deyil, milli təhlükəsizlik, dövlətçilik və strateji davamlılığın əsas sütunu kimi təqdim edir.
Onun sözlərinə görə, bu yanaşma açıq şəkildə göstərir ki, dilin qorunması artıq yalnız alimlərin, müəllimlərin və ya ədəbiyyat adamlarının işi deyil; bu, dövlətin və cəmiyyətin ortaq məsuliyyət sahəsidir: “ Daha mühüm məqam isə dövlət başçısının Azərbaycan dilinin saflığı ilə bağlı narahatlığını açıq və qətiyyətli şəkildə ifadə etməsi oldu. Bu fikirlə Prezident cəmiyyətin qarşısına sadəcə problem qoymur, eyni zamanda məsuliyyət bölgüsünü də açıq şəkildə müəyyənləşdirir. Yəni məsələ yalnız “narahatlıq ifadəsi” ilə bitmir; bu, konkret addımların, sistemli dəyişikliklərin və institusional qərarların tələb olunduğu bir çağırışdır. Bu çağırışdan sonra müxtəlif qurumlarda müzakirələrin başlanması, təkliflərin səsləndirilməsi təqdirəlayiqdir. Bəli, dilin statusu, tədris həcmi, terminoloji siyasət və yanaşma fərqləri bu çağırışın mahiyyətinə uyğun şəkildə yenidən nəzərdən keçirilməlidir.
Azərbaycan dilinə sahib çıxmaq hər bir vətəndaşın vazkeçilməz mənəvi borcudur. Elə bu səbəbdən də mən bir müəllim olaraq, bu çağırışa cavab vermək üçün özümüzə sual etməyi zəruri sayıram: Biz bu çağırışa necə cavab verməliyik? Hansı addımları atmalıyıq? İllərdir yol verdiyimiz hansı səhvləri açıq şəkildə etiraf edib aradan qaldırmalıyıq?”
Ş. Sadiq hesab edir ki, zamanın sürətinə cavab verən dil siyasəti zərurətdir. Müasir dünyanın əsas xüsusiyyətlərindən biri sürətdir. Texnologiya, süni intellekt, sosial media və qlobal kommunikasiya hər gün, hətta hər saat yeni anlayışlar, terminlər və sözlər yaradır:
“Lakin etiraf etməliyik ki, bu sürətə dil baxımından operativ cavab verə bilən institusional və işlək mexanizmimiz yoxdur.
Bu gün Azərbaycan dilinə daxil olan yeni sözlərin rəsmi status alması illərlə vaxt aparır. Bir termin əvvəlcə qeyri-rəsmi şəkildə danışıq dilinə keçir, sonra uzun müddət mübahisəli formada işlədilir, daha sonra isə bəlkə də illər sonra lüğətə düşür: necə yazılacağı, necə səslənəcəyi, qəbul olunub-olunmayacağı aydınlaşana qədər cəmiyyətdə ciddi çaşqınlıq yaranır. Halbuki müasir dil siyasəti reaktiv yox, proaktiv olmalıdır. Əslində olmalı olan budur: yeni söz məişət dilinə, mediaya və ya elmi üsluba daxil olduğu anda onunla bağlı aydın və rəsmi mövqe ortaya qoyulmalıdır. Ya həmin anlayış üçün Azərbaycan dilində qarşılıq təklif edilməli, ya qardaş türk dillərindəki uyğun variant seçilməli, ya yeni söz yaradılmalı, ya da həmin termin olduğu kimi qəbul edilərək yazılış və tələffüz qaydası ictimaiyyətə açıqlanmalıdır.
Bu məqsədlə dövlət dəstəyi ilə rəsmi şəkildə bir Operativ Dil Mərkəzinin yaradılması zəruridir. Bu mərkəz ölkənin aparıcı dilçi alimlərindən, yazıçılarından, ədəbiyyatşünaslarından və terminoloqlarından ibarət olmalı, müntəzəm – həftəlik və ya aylıq toplantılar keçirməli, dilə daxil olan yeni sözləri müzakirə etməli və qəbul edilən qərarları operativ şəkildə cəmiyyətlə paylaşmalıdır”.
Naşirin fikrincə, bu qurumun əsas funksiyası yeni alınma sözün Azərbaycan dilində qarşılığını tapmaq, ehtiyac olduqda qardaş türk xalqlarının dil təcrübəsindən yararlanmaq, dilin daxili imkanları ilə yeni söz yaratmaq və yaxud termin olduğu kimi qəbul edilirsə, onun rəsmi yazılış və oxunuşunu təsdiqləməkdən ibarət olmalıdır: “Ən vacibi isə odur ki, bu qərarlar vahid və mötəbər mənbədən açıqlansın. Belə olduqda nə media, nə müəllim, nə də vətəndaş tərəddüd içində qalmaz; dil mühitində pərakəndəlik və gərəksiz variant bolluğu yaranmaz. Bu sahədə ən uğurlu modellərdən biri qardaş Türkiyədə fəaliyyət göstərən Türk Dil Kurumudur. Bu qurum yeni terminlərlə bağlı operativ qərarları ilə tanınır. Məsələn, “selfie” sözü türk ictimaiyyətində yeni yayılmağa başlayanda, qurum qısa müddətdə bunun qarşılığı kimi “özçekim” variantını təklif etdi və rəsmi şəkildə elan etdi. Nəticədə termin həm mediada, həm də gündəlik dildə sürətlə qəbul olundu və bu gün də aktiv şəkildə istifadə edilir.
Bu nümunə göstərir ki, vaxtında verilən qərar dili qoruyur, gecikən qərar isə dili xaotik axına buraxır. Dil canlı orqanizmdir, amma bu, onun özbaşına buraxılması demək deyil. Xüsusilə dövlət dili statusu daşıyan bir dil strateji idarəetmə tələb edir. Operativ Dil Mərkəzinin yaradılması Azərbaycan dilinin müasir çağırışlara uyğun inkişafı, terminoloji sabitliyin qorunması və cəmiyyətin dil məsələsində yönləndirilməsi baxımından mühüm addım ola bilər. Zaman sürətlidir. Dil isə ya bu sürətə uyğunlaşacaq, ya da geridə qalacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 08 Yanvar 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















