Orta Asiyanın Pompeyi: Nəhəng gölün dibində itmiş İpək Yolu şəhəri tapıldı
Qaynarinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Atlantida haqqında əfsanə həmişə dünyanın dərinliklərində unudulmuş yaşayış məskənlərinin ola biləcəyi fikrini gündəmdə saxlayıb. İndi isə Rusiya Elmlər Akademiyasının tədqiqatçıları Qırğızıstandakı nəhəng İssık-Kul gölünün altında "batmış şəhər izləri” aşkar etdiklərini açıqlayıblar.
Qaynarinfo xəbər verir ki, maksimum 668 metr dərinliyi ilə dünyanın səkkizinci ən dərin gölü olan bu duzlu göldə tapıntılar təəccüblü şəkildə cəmi 4 metr dərinlikdə müəyyən edilib.
Aşkar edilənlər arasında Orta əsrlərə aid bir məzarlıq, iri keramika qabları və bişmiş kərpiclə inşa edilmiş bir binanın qalıqları var. Mütəxəssislər bu şəhərdə müsəlman ibadətgahlarının, məktəblərin, hamamların və ehtimal ki, çörək istehsalı üçün dəyirman və emal müəssisələrinin mövcud olduğunu düşünürlər.
Ekspedisiyanın rəhbəri və Qırğızıstan Milli Elmlər Akademiyasının araşdırmaçısı Valeri Kolçenko "Araşdırdığımız ərazi bir şəhər və ya böyük ticarət mərkəzi olub” deyərək, buranın əhəmiyyətli bir ticarət məskəni olduğunu bildirir. Lakin Kolçenkonun sözlərinə görə, şəhər XV əsrdə "miqyasına görə Pompey fəlakəti ilə müqayisə edilə bilən" dəhşətli bir faciədə su altında qalıb.
Tyanşan dağları ilə əhatələnmiş İssık-Kulun su səviyyəsi antik dövrlərdən bəri əhəmiyyətli dərəcədə yüksəlib. Bu geoloji dəyişiklik bir zamanlar sahil xəttində yerləşən bu mühüm yaşayış məntəqəsinin indi gölün altında qalmasının əsas səbəbi sayılır.
Arxeoloqlar gölün şimal-qərbində su altında qalan Toru-Ayğır kompleksində qazıntılar aparıblar. Tədqiqatçılar göl sahilinə yaxın, cəmi bir-dörd metr dərinlikdə yerləşən çox dayaz dörd sualtı zonanı araşdırıblar.
Birinci zonada bişmiş kərpicdən tikililər, çökmüş daş konstruksiyalar, taxta dirəklər və taxıl üyütmək üçün istifadə olunan iri dairəvi dəyirman daşı tapılıb. Tədqiqatçılar burada ehtimal ki, məscid, hamam və ya mədarəsi funksiyasını yerinə yetirmiş bir ictimai binanın qalıqlarının üzə çıxarıldığını düşünürlər.
Digər üç zonada isə erkən dövrə aid məzarlıq, 13-cü əsrə aid müsəlman nekropolu və kerpiçdən tikilmiş dairəvi və düzbucaqlı qurğular aşkar olunub. Bundan əlavə, ənənəvi islam dəfn mərasimlərinin izlərini daşıyan qəbirlər tapılıb; skeletlər qibləyə yönəlmiş halda şimala baxır. Layihəni maliyyələşdirən Rusiya Coğrafiya Cəmiyyətinin məlumatına görə, bütün bu tapıntılar burada bir zamanlar qədim bir şəhərin mövcud olduğunu qəti şəkildə təsdiqləyir.
Toru-Ayğırdakı bu itmiş yaşayış məskəni, Avropa ilə Asiyanı birləşdirən tarixi şəbəkə olan İpək Yolunun mühüm bir hissəsində yerləşən şəhər və ya iri ticarət mərkəzi idi. E.ə. 2-ci əsrdən 15-ci əsrin ortalarına qədər aktiv olan İpək Yolu Çin və Aralıq dənizi arasında ipək, ədviyyat, qiymətli metallar və ideyaların mübadiləsini təmin etmiş, sənət, sənaye və dinin yayılmasında əsas rol oynamışdı.
Kolçenkonun sözlərinə görə, İssık-Kuldakı şəhər 15-ci əsrin əvvəlində baş vermiş güclü zəlzələ nəticəsində dağılıb və sular altında qalıb. O bildirir: "Qiymətləndirmələrimizə əsasən, faciə baş verən zaman sakinlər artıq yaşayış məntəqəsini tərk etmişdi”.
Təbii fəlakətdən sonra bölgənin demoqrafiyası kəskin dəyişib və zəngin Orta əsr məskəni tənəzzülə uğrayıb. Onların yerini köçəri tayfalar alıb və bu gün gölün sahilində bir çox kiçik kəndlər yerləşir.
Tapıntılarla bağlı qeyri-müəyyənlikləri tam aradan qaldırmaq üçün götürülmüş nümunələr, üzvi materialların yaşını yüksək dəqiqliklə müəyyənləşdirən sürətləndirici kütlə spektrometriyası (AMS) analizinə göndərilib.
Aydın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 19 Noyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















