Icma.az
close
up
RU
Orta Asiyanın parlayan günəşi Özbəkistan

Orta Asiyanın parlayan günəşi Özbəkistan

Dilorom Hamroyeva ilə harda nə zaman tanış olduğumu xatırlamıram. Ancaq çox yaxın dostuq. Yaxın dostuq deyərkən yanlış anlaşılmasın, ayda ildə bir dəfə təsadüfən simpoziumlarda qarşılaşarıq. Ancaq hər qarşılaşmamızda sanki illərin səmimi dostuymuşuq kimi hiss edirəm. Bunun səbəbi də ruhun yaxınlığıdır.

Doğrusu, özbəklərlə mən çox yaxşı anlaşıram. Özbəkistandan Firuza Jumaniyazova, Dilbar Haydarova kimi qəlb dostlarım da var. Hər biri qızıl dəyərində çox gözəl dostlardır. Söhbəti çox uzatmayım. Dilorom mənə zəng etdi və beynəlxalq bir simpozium təşkil etdiklərini və ora iştirakçı lazım olduğunu dedi. Mən: "Folklorşünas kimi belə bir simpoziumda olmağım fayda verməz, yaxşısı budur səni metodist ilə tanış edim” dedim. Razılaşdıq. Bir neçə metodist ilə danışılsa da, razılaşmadılar. Sonunda Dilorom təkidlə məndən gəlməyimi istədikdə, bu dəfə mən də çıxış edə biləcəyimi düşündüm. Gözəl də bir məqalə yazdım və yolladım.

Aradan çox az zaman keçdi və məqaləmin qəbul edildiyini bildirdi. Artıq Özbəkistana hazırlaşmaq vaxtı gəlib çatmışdı. Biletim alındı. Otelim ayarlandı və mənə, sadəcə, pasportumu götürüb getmək düşdü.

Nə yalan deyim, hələ bir ay öncə Ankaraya gedərkən AJet ilə o qədər bərbad bir uçuş gerçəkləşdirmişdim ki, yenidən təyyarəyə minmək gözümə durmuşdu. Ancaq çox şükür ki, biletim Özbəkistan Hava Yolları ilə alınmışdı. Özbəkistan Hava Yolları da bizim Buta və AJet qədər özünü hörmətdən salacaq uçuş təşkil etməmişdi. Təyyarə köhnə olsa da, kreslo qismən seyrək idi, rahat idi və açılırdı. Yəni özümüzü təyyarədə pul kimi yox, insan kimi hiss edirdik. Buna da şükür.

Simpozium 22 oktyabrda olacaq, ancaq bilet 20-24 oktyabr tarixlərinə alınıb. Yəni bu o deməkdir ki, mən Özbəkistanda əlavə gəzə bilərəm. Bu mənim Özbəkistana ikinci səfərim olacaqdı. Birincisini 2019-cu ildə “Dədə Qorqudun İzi”ndə layihəsi ilə avtobusla bir aylıq gəzintimiz zamanı gerçəkləşdirmişdim. Həmin səfərdə öz aləmimizdə özümüz ilə gəzmişdik. Bir özbək bizə ölkələri haqqında məlumat vermədiyi kimi, üstəlik biz də ciddi müşahidə apara bilməmişdik. Məsələn, mənim nəzərimdə Daşkənd çox bahalı otelləri olan bir şəhər olaraq qalmışdı. Odur ki, heç vaxt itirmədən Daşkənd Dövlət Pedaqoji Universitetinin doktorantı Dilbərdən mənə şəhəri gəzdirəcək birini tanıtmasını rica etdim. Dilbər də sağ olsun, mənim ruhuma uyğun gözəl bir xanımdan – Diləfruz Mirzədən xahiş edib.

Hava limanında məni təşkilatçılar qarşıladılar və otelimə apardılar. Səliqəli, gözəl bir oteldə bir gecəlik qonaq olacaqdım və səhəri Nəvai şəhərinə qatar ilə yola düşəcəkdim. Hələlik isə günorta saat 14 idi və mən günümü oteldə qalaraq keçirmək istəmədim. Diləfruz da çox tezliklə arxamca gəldi və məni şəhərlə tanış etməyə hazır olduğunu bildirdi.

İlk iş olaraq yerli milli mətbəxdən Kaynatma şurpa yedik. Kaynatma şurpa bizim pitiyə çox bənzəyir. Piti qismən yağlı və noxudlu olur, Kaynatma şurpa isə yağsız və noxudsuzdur. Olduqca ləzzətli yemək yedikdən sonra şəhərdə gəzməyə başladıq. Dilafruzdan rica etdim ki məni metro ilə tanış etsin. Həvəslə getdik.

İlahi, necə gözəl dizayn edilmiş stansiyalar gördüm. Sanki Özbəkistan incəsənət anlayışını metro ilə nümayiş etdirməyə çalışıb. Möhtəşəm ornamentlər, əla naxışlar. Qatarlar eynən bizimki kimidir. Həm köhnə, həm də təzə vaqonlar var. Basabas isə öz yerində. Kişilər qəribə bir əda ilə qadınları sıxışdırıb oturur, hətta qadından çantasını da alıb saxlayırdılar.

Diləfruz ən gözəl stansiyalarda bizi saxlayır, mənim stansiyanın gözəlliklərini görməyimə yardımçı olurdu. Stansiyaların adlandırılması da qəribə idi. Harda nə yetişirsə, o cür adlanırdı. Məsələn, Bodomnar, Çilanar, Almanar və sair.

Başqa cür adlanan və bizə yaxın olan stansiyalar da var idi: Çinor, Xolqlor Dostligi.

Metronun sehrindən birtəhər qurtulub şəhərə çıxdıq. Teleqüllə tərəfə gedərkən lap uzaqdan işıl-işıl yanan bir qüllə bizi salamlayırdı. Yaxınlaşdıqca sehrinə düşməmək olmurdu. Dünyaya bədəl olan Eyfel qülləsinin boş propaqandasını hər zaman görüb dinləyirik, necə olub ki, bu cür gözəl bir qüllədən xəbərsiz qalmışıq?

Qüllənin içi də çölü qədər gözəldir. Dünyada məşhur olan bütün qüllələrin nümayişindən sonra özbəklərin teleqüllələrini olduqca gözəl bir şəkildə dünyaya təqdim etdiyini bir daha anladım. Şəhərin olduqca gözəl mənzərəsi var idi və bizdəki kimi teleqüllənin restoranı bir saat yarıma bir dairəni fırlanaraq başa vururdu. Yenə bizdəki kimi olduqca bahalı idi. Ancaq bizdən fərqli olaraq qüllədə idman salonu, muzey, hətta milli aksesuarların satıldığı mağazalar da var idi.

Teleqüllədən çıxıb, Anxor çayının üstündə tikilmiş möhtəşəm körpüdən keçdik. Sonra şəhidlər üçün tikilmiş abidənin önündə ruhlarına dua oxuduq. Şəkil çəkdirməyi də unutmadıq. Diləfruz Daşkənddə çox məhşur “Beş Qazan” restoranının olduğunu və burda özbək plovunun verildiyini dedi. Doğrusu, plovdan çox restoranın adı diqqətimi çəkmişdi. Unutmamısınızsa, bir zamanlar "Beşmərtəbə" tərəflərdə də var idi belə restoran. Sahibini belə orijinal ad tapdığı üçün ürəyimdə təbrik etmişdim o zamanlar. Nə biləydim ki təqliddir?

Özbək plovunun bişirilmə prosesi açıqca nümayiş etdirilir. İri qazanlarda çox ləzzətli plov bişirilir və münasib qiymətə satılır. Çox ciddi ləzzətlə o plovdan yedik. Mən çox plov sevən deyiləm, ancaq plovu bu qədər necə xəfif və ləzzətli bişirmişdilər, çox maraqlı idi.

"Beş Qazan"a da minnətdarlıq edib, yenə şəhərin ən mərkəzi küçələrindən birinə yol aldıq.

"Taşkent City" bir növ bizim Tarqovi kimidir. İşıldayan binalar, kafelər, əyləncə mərkəzləri, teatr, kino və sair. Gəzə-gəzə gəldik məşhur "Tandiriy" restoranına. Oldquca gözəl və milli dizayn bizi bizdən aldı. Çalışanlar da milli özbək paltarları geyinmişdi. Və bizim sorağına gəldiyimiz özbək xalq oyunlarından ibarət şou başladı. Düzdür, şou restorandakıları əyləndirmək üzərinə qurulsa da, bir folklorçu kimi məni gələnək qismi maraqllandırırdı. Olduqca əyləndik. Gecə Daşkənd taksisində otelimə qayıdarkən xəyallar aləmində hardasa uzaqdan Namiq Qaraçuxurlunun “Y⁷aşa Azərbaycan!” mahnısı qulağımda səslənirdi. Əvvəl xəyalın bir parçası hiss edirdim, ancaq səs yaxınlaşdıqca, anladım ki, maşınlardan birindən gəlir səs. Diqqətlə baxdım. Bir qrup özbək gənci oxudur. Həmin an ürəyimdə şəhidlərimizə ciddi bir minnət duyğusu, beynimdə isə Turana doğru iti addımlarla getdiyimi bir zamanda xalqlar arasında populyar musiqidə də yaxınlaşmanın necə önəmli olduğu düşüncəsi var idi.

Ertəsi gün çox erkən bir saatda qatara minib Nəvai şəhərinə getməli idim. Doğrusu, gecəni yata bilmədim. Qəribə bir yuxusuzluq çökdü üstümə. Şicacuanqdan Pekinə gedərkən necə lüks bir qatar ilə gedcəyimi düşünüb yata bilməmişdim, ancaq qatara minərkən köhnə Hindistan qatarlarından fərqsiz olduğunu görüb məyus olmuşdum. Üstəlik çox yüksək bir təzyiqdən əziyyət çəkib ölümdən qayıtmışdım. Nədənsə, o halın yenidən yaşanacağını düşündüm. Niyə bu qədər önyarğılı idim, bilmirəm, amma Özbəkistan qatarlarının da köhnə, sınıq-salxaq bir qatar olacağını düşünüb yata bilməmişdim.

Səhər oldu və mən vağzala getdim. Yalan yoxdur, ayaqlarım geri gedirdi. Qatara mindim, içəri girdim və gördüyüm mənzərədən ancaq qürur duydum. Özbəkistan qatarları olduqca rahat və gözəl idi. Rahat kreslolar, təmiz, işıqlı vaqonlar. Geniş və rahat stol imkan verirdi ki, 5 saatlıq yolu rahatlıqla kompüterimlə işləyərək gedim. Qatar 8:15-də yola düşməli idi. Düz vaxtında da tərpəndi. Doğrusu, önyarğılarım üçün ürəyimdə Özbəkistandan üzr istədim.

Qatarımız yola düşdü. Yolboyu bir şeydən əmin oldum ki, Türk dünyasında ən çox bənzədiyimiz özbəklərdir. Qatara üçuşaqlı ailə mindi. Ailənin kiçik oğlu ağlayırdı. Uşağı sakitləşdirmək üçün əlinə xırda qurud yumrusu verdilər. Uşaq qurudu dişlədi və sakitləşdi. Bir yandan gözündən yaş süzülür bir yandan da qurud yediyi üçün sevinirdi. Mənzərə o qədər xoşuma gəldi ki, dözməyib şəkil çəkdim. Qurud yeyən bu balaca uşağın adı Abdullah idi. 3 yaşı var idi və özbək idi. Atasının dediyinə görə, indi Daşkənddə təmiz özbək tapmaq çətinləşirmiş, ancaq o, öz soyunu qorumaq üçün özbək qızı ilə evlənib. Maraqlı yanaşma idi və mən dinlədikcə xoşuma gəlirdi. Bu minvalla gəlib, Nəvaiyə çatdıq.

Vağzalda məni universitetin qələbəlik heyəti qarşıladı. Bu heyətin içində rektor da var idi. Bu səmimi, qonaqpərvər qarşılamaya olduqca heyrətlənmişdim, amma bir o qədər də millətim ilə qürurlanırdım.

Məni otelimə apardılar. Yolda gələrəkən təşkilatçılardan Məhfuzə müəllim məndən dincəlməkmi, yoxsa gəzməkmi istədiyimi soruşdu, mən də, əlbəttə, gəzməyi seçdim. İlk olaraq Xosimçaya getdik. Olduqca iti axan çayın kənarında gözəl park salıblar. Daha sonra Kosim dərgahına getdik. Dərgah övliyalar üçün hazırlanmış dərgahlar kimidir. Analdım ki, Kosim şeyx bir övliyadır. Sonra "Kosim şeyx" muzeyini gəzdik. Kiçik muzeydə özbəklərin milli kültürü çox gözəl yansıdılmışdı. Ordan çıxdıqdan sonra Nəvai Pedaoqji Universitetinin nəzdində açılmış Repressiyalar muzeyinə doğru yol aldıq. Yenə məndən bələdçini hansı dildə istədiyimi soruşdular, mən də: "Özbəkçə olsun" dedim. Təəccüblə soruşdular: "Anlayacaqsınızmı?" Əslində haqlı sual idi. Çünki mən fikrimi izah etmək üçün rusca danışmalı olurdum. Bu da qarşı tərəfdə belə bir qənaət yaradırdı ki, onları anlamıram. Halbuki onlar aralarında danışarkən bütün sözləri tam anlamasam da, söhbətin nədən getdiyini tuta bilirdim. Ona görə də açığı repressiya haqqında danışarkən onu törədən rusların dilində yox, özbəkçə dinləmək istəyirdim.

Bu muzeydə eşitdiklərim, gördüklərim bir daha mənə izah etdi ki, Rusiya repressiyanı, sadəcə, 1937-38-ci illərdə törtəməyib. İşğal etdiyi hər ərazidə başdan-sona qədər repressiya edib. Azad fikirli, türkçü təfəkkürlü hər aydınımızı müxtəlif bəhanələrlə öldürməkdən çəkinməyib.

Ekspedisiya boyunca dişlərimi bir-birinə o qədər çox sıxmışdım ki, başıma ağrı girdi.

Muzeydən çıxdıqdan sonra axşam yeməyi təklif etdilər. Ancaq artıq mənim iştaham küsmüşdü və otelimə qayıtmaq istədiyimi bildirdim. Yol boyunca düşünürdüm ki, bu, necə bir işdir? Qosqoca Türklər necə olur ki, bir-iki rusun əlində oyuncaq olub? Necə olub ki, o rus, ümumiyyətlə, bizə diş keçirib, bizi yenə bilib? Sonra yadıma düşdü ki, tayfaçılıq ənənəsi Türkləri birləşməyə qoymayıb.

Təəssüf hissi ilə otelimə qayıtdım. Bir az kitab oxudum və artıq acdığımı hiss etdim. Şəhəri qaranlıq bürüyürdü və doğrusu, çox da kənara çıxmaq istəmədiyim üçün düşüb restoranda axşam yeməyi yedim. Ofisiant xanımdan rica etdim ki, mənə hesabı gətirsin. Xanım gülümsədi və dedi ki, sizin hesabınız universitet tərəfindən ödənilib.

Olduqca incə və şıq bir davranış idi. Minnətdarlıq hissi ilə keçdim otağıma. Bir az səhər edəcəyim çıxış üzərində çalışdım və yatdım.

Simpoziuma çox gözəl hazırlanmışdılar. Biz maşından düşən kimi universitetin öz tələbələrindən ibarət ansamblı bizim üçün mahnı oxumağa başladı. Qonaqlar üçün qırmızı xalı sərilmişdi.

Açılış sözü rektor Jurabek Movlanova verildi. Yeni açılmıış universitetin 2 ildə qazandığı uğurlardan danışdı.

Onu da deyim ki, Jurabek Movlanov olduqca sadə davranırdı. Qonaqlarla tək-tək özü maraqlanırdı. Hiss olunurdu ki, hər kəsin öz rektoruna münasibəti sevgi doludur.

Çıxışımın plenar iclasda olduğunu mən toplantıdan bir gün öncə öyrəndim. Məsuliyyəti ağır idi. Həyəcanlanmamaq əldə deyildi. Rektor qulağıma tərəf əyildi, həyəcanlanıb-həyəcanlanmadığımı soruşdu. Mən də inkar etdim və gülümsədim. Hər şey aydın idi. Ölürdüm həyəcandan.

Mən məruzəmi Türkiyə Türkçəsində yazmışdım. Ancaq rica etdilər ki, çıxışımı rusca edim. Odur ki, mümkün qısa özətində hər şeyi əhatə edəcək bir çıxış hazırladım. Mövzu “Məktəbəqədər təlim-tərbiyədə şəxsiyyət ola bilmək və yaradıcılıq duyğularının yaranmasında folklorun rolu” idi.

Nümunələri Azərbaycan folklorundan götürdüm və özbək folklorundakı qarşılığını qoydum. Məqsədim Türk dünyasının ortaq kültürünü bir daha vurğulamaq idi. Mən oxuduqca zaldakı insanların üzündəki məmnunluq ifadəsindən, doğrusu, böyük zövq aldım.

Deyəsən, az da olsa, məqsədimə çatmışdım.

Bir-birindən dəyərli və maraqlı məruzələri dinlədikdən sonra biz Nəvaiyə çox yaxın bir qəsəbədə Nuratada yerləşən Səid-əd-Din Əbul Həsən və Ar-Rumi övliyalarının dərgahında olduq. Ar-Rumi dərgahının özəlliyi ondadır ki, su buzlamır. Sudakı balıqları yemək olmaz, çünki zəhərlidir. Bunun elmi açıqlaması odur ki, sudakı suyu donmağa qoymayan piqmentlər həm də balıqların dərisinə hopur və insanı zəhərləyir. Bunu kəşf edən övliya Ar-Rumi də öz “möcüzəsini” göstərib və müqəddəs elan olunub.

Ümumiyyətlə, Özbəkistan övliyalar ölkəsidir desək, yanılmarıq. Bu, Türklərin ən böyük gözəlliklərindəndir ki, İslam qübbəsində əslində Tenqrizmin müxtəlif istiqamətlərini yaşadıb. Məsələn, Azərbaycanda pirlər, ocaqlar, Özbəkistanda övliyalar, Qazaxstanda baxşılar, Qırğızıstanda manasçılar buna ən gözəl örnəkdir. Övliyalar da Tenqrizmin atalar kultundan başqa bir şey deyildir.

Simpoziumu, adətən, ziyafət yeməyi ilə bağlayarlar. Bu dəfə ziyafət yeməyindən sonra rektorun şəxsi təşəbbüsü ilə toplantı təşkil edildi və simpoziumun mövzusu ilə bağlı layihə təkliflərinin irəli sürülməsi istənildi. Layihələr məktəbəqədər təlimdə effektli olmalı və nəticə verməli idi.

Doğrusu, bu təşəbbüs olduqca xoşuma gəldi. Deməli simpoziumun keçirilməsi bir məqsədə bağlanıb: məktəbəqədər təlimi effektli etməyin yollarını axtarmaq!

Biz də öz düşündüklərimizdən dedik və simpozium bitdi. Hər kəs sağollaşdı, biz otelimizə, təşkilatçılar da evlərinə dağılışdı. Vaxtlı yatmalı idik ki, sabah gedəcəyimiz Səmərqənd gəzintisində yorulmayaq. Elə də etdik.

Səmərqənd tarixi bir şəhərdir. Başqa millətlər bu şəhəri gəzərkən nə hiss edir bilmirəm, ancaq mən sanki atalarım ilə danışırmış kimi duyğularla qidalanıram. Şəhərin hər qarışında tarixiliyi, qədimliyi qoruyub saxlayıblar. Bu da şəhəri daha dəyərli edir. Möhtəşəm qalalar, türbələr, mədrəsələr və ən önəmlisi Teymurləngin məzarının saxlandığı muzey. Teymurləng haqqında oxuduğum tarix kitabları onun bir cani, vəhşi olduğunu yazdığı üçün münasibətim də birmənalı deyildi. 2019-cu ildə Səmərqənddə olarkən bir qrup gəncin Teymurləngin heykəli önündə Quran oxuyub, salavat çəkdiklərini görəndə, marağıma yenilib gənclərdən niyə belə etdiklərini soruşmuşdum. Gənclər övliyalarına sayğı göstərdiklərini demişdi. Sakitcə gənclərdən ayrılıb Özbəkistanlı alim tanışlarımdan Teymurləng haqqında məlumatlar aldım. Öyrəndim ki, burda hər kəs onu adil, ağıllı, mərhəmətli və qutsal biri olaraq qəbul edir. Mənim məlumat aldığım qaynaqların isə rusların bizi bizə nifrət etdirmək üçün uydurduğu tarix kitablarından başqa bir şey olmadığını anladım.

Əgər bir gün yolunuz Səmərqəndə, ya da Buxaraya düşərsə, mütləq əyin-baş alın. Həddindən artıq gözəl, naxışlı, işləməli pltarlar, çantalar, zinət əşyaları göz oxşayır. Çox zövqlüdür, çox incədir və zərifdir. Əgər baqajımda məhdudiyyət olmasaydı, yəqin ki, hər paltarın hər rəngindən almaq istəyərdim. Millilik, zəriflik, gözəllik Özbəkistan paltarlarının əsas özəllikləridir. Nədənsə, biz qədim naxışlarımızdan vaz keçib, sadəcə, butanı seçmişik və onu da heç düzəməlli dizayn edə bilmirik. Olduqca zəif qalmışıq bu sahədə. Kəşmir şallar, ipək örpəklər, gümüş gərdanlıqlar, işləməli qablar.

Bir sözlə, Özbəksitan gerçək turistik bir məkandır.

Səmərqənddə öncə Registana getdik. Uluqbəy mədrəsəsini gəzdik. Mədrəsə başdan-ayağa qızıl ilə boyanıb. Göz oxşadıqca oxşayır. İçəridə o qədər möhtəşəm bir aura var idi ki, sanki burda təkbaşına idik. Bizdən başqa kimsə yox idi. Daha sonra meydanın türbəsini ziyarət etdik. Daha sonra Teymurləngin məzarının olduğu muzeyi və mədrəsəni gəzdik. Tetmurləngin sevimli həyat yoldaşı Bibi xanımın türbəsini və mədrəsəsini də ziyarət etdikdən sonra Siyab bazarına gəldik. Bu bazarda nə yox idi ki… Bir-birindən ləzzətli quru meyvələr, çərəzlərdən badam, qoz, fındıq, püstə, kaju və sair çox ləzzətli idi. Burda diqqətimi çəkən bir məqam da yemişə bənzər meyvələr və onların qurudulmuşu idi. Çox ləzzətli rulet hazırlamışdılar bu yemişəbənzər meyvələrin qurusundan. Vaxt darlığından çox şikayət edərək bu gözəlim şəhərdən də əsla doymadan ciddi narazılıq ilə taksiyə oturduq və Bakıya qayıtmaq üçün üzü Daşkəndə yola düşdük…. Yolboyu ürəyimdə daxili bir hüzur vardı, fikrən tarixin varaqlarında gəzinərək Vətənə qayıtdım.

Doğrusu, hava limanında başqa bir ölkədən gəldiyimi əsla hiss etmirdim. Sanki ölkəmin hər hansı bir rayonundan gəlirdim. Ürəyimdə o qədər dogma duyğular var idi. Artıq heç şübhəm yoxdur: Özbəkistan dünyanın günəşidir…

P.S. Etiraf edim ki, Daşkənddə mənə bələdçilik edən xanımın rusca danışması çox məyus etmişdi və mən burda ruscanın güclü təsiri olduğunu düşünüb kədərlənmişdim. Ancaq daha sonra özbəklərlə ünsiyyət qurduqca gördüm ki, əksinə, ruscanın buradakı təsiri Azərbaycandakı təsirindən o tərəfə keçmir. Bir başqa məqam isə odur ki, hansı özbəyə azərbaycanlı olduğumu dedimsə, üzündə əsl məmnunluq ifadəsi yarandı. Gülümsədilər və bizim müğənnilərin, mahnıların adlarını saydılar. Hətta ziyafət yeməyində belə, müğənni Azərbaycandan qonağın gəldiyini eşidib bizim mahnılarımızı oxudu. Bu yaxınlıq, bu mehribanlıq, bu sevgi ürəyimi hədsiz qübarlandırdı. Özbəkistan hər bir azərbaycanlının mütləq gəzib görməli olduğu yerdir. Doğma məkandır. Öz diyarımızdır.

Dosent Aynur Qəzənfərqızı

folklorşünas, Xəzər Universiteti Mədəni Antropologiya və Folklor İnstitutunun koordinatoru

seeBaxış sayı:43
embedMənbə:https://www.bizimyol.info
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri