Icma.az
close
up
RU
Orta ixtisas təhsili və əmək bazarı

Orta ixtisas təhsili və əmək bazarı

Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.

Gənclərin peşəkar həyata hazırlığı ölkənin təhsil strategiyasının prioritetlərindən biri kimi cəmiyyətin dayanıqlı inkişafına xidmət edir. Müasir dövrdə əmək bazarının tələblərini ödəməkdə ixtisaslaşmış kolleclərin rolu artıb. 2025/2026-cı tədris ili üzrə orta ixtisas təhsili müəssisələrinə 15 min 662 nəfər tələbə qəbul olunub. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə əsasən, plan yerlərinin 98,66 faizi dolub. Cəmi 212 yer boş qalıb.

Maliyyə-İqtisad Kolleci bu baxımdan fəaliyyətini müasir və innovativ yanaşmalar üzərində qurur. Vaxtilə Hacı Zeynalabdin Tağıyevin idarəsi kimi fəaliyyət göstərən bina bu gün maliyyə sahəsində bilik və bacarıqların formalaşdığı təhsil ocağıdır. Kollecin direktoru Davud Davudov XQ-yə müsahibəsində bildirdi ki, müasir kolleclər, sadəcə diplom verməklə kifayətlənmir, gənclərin peşəkar həyata hazırlığında, gələcək karyerasına istiqamət verməkdə önəmli rol oynayır.

– Kollecdə tədris metodları günün tələblərinə necə uyğunlaşdırılır?

– Maliyyə-İqtisad Kollecinin 90 illik zəngin təcrübəsi var. Adından da göründüyü kimi, əsas istiqaməti iqtisadiyyat sahəsində maliyyə ixtisaslarının tədrisidir. Bununla yanaşı, sosial iş ixtisası da dövlətin həmin sahəyə artan diqqətinin nəticəsi olaraq proqrama daxil edilib. Bank işi, maliyyə, mühasibat uçotu və vergi işi ixtisaslarının tədrisində peşəkar kadr potensialımız var. Dərslərin keyfiyyətini artırmaq üçün təcrübəli mütəxəssisləri cəlb etmişik. Tədris proqramımız Azərbaycan Dövlət İqtisad Universitetinin proqramına tam şəkildə uyğunlaşdırılıb.

Kollecin əsas missiyası kiçik maliyyə mütəxəssisləri hazırlamaqdır. Hər il 450-500 məzun əmək bazarına göndərilir. Onların 60-65 faizi subbakalavr pilləsindən təhsillərini davam etdirirlər. Qanunvericilik imkan verir ki, bu mərhələni uğurla başa vuran tələbələr bakalavr təhsilinə keçə bilsinlər. Proses imtahan vermədən, müvəffəqiyyət göstəricisinə əsasən reallaşır. Əgər tələbənin yekun ortalama balı 75-dən yuxarıdırsa, o, müvafiq universitetlərə imtahansız qəbul olmaq hüququ qazanır. Bu il 243 tələbəmiz ölkənin 17 ali təhsil müəssisəsinə imtahansız qəbul olunub.

– Tələbələrinizin əmək bazarına çıxışı barədə nə deyə bilərsiniz?

– Məzunların işlə təmin olunması ilə bağlı vəziyyət çox da ürəkaçan deyil. Bu məsələdə işəgötürənlər daha fəal olmalı və məzunların potensialına önəm verməlidirlər. Məsələn, banklar çox vaxt operator vəzifələrinə ixtisasca uyğun olmayan, tamamilə başqa sahələr üzrə təhsil alan bakalavr məzunlarını cəlb edirlər. Təklifim odur ki, işəgötürənlər kiçik mütəxəssislərin işə cəlb edilməsində daha maraqlı olsunlar. Çünki bu gənclər ixtisas üzrə baza bilikləri ilə bank üçün daha səmərəlidirlər. Sözsüz ki, belə yanaşma həm də işəgötürən üçün sərfəlidir, çünki daha aşağı əməkhaqqı ilə ixtisaslı işçi qazanır və onu öz tələblərinə uyğun yetişdirir. Əlbəttə, ixtisası uyğun olmayan şəxsin birbaşa kredit mütəxəssisi işləməsi mümkün deyil. Amma operator vəzifəsində çalışmaq üçün yüksək səviyyəli ali təhsil tələb olunmur. Bizim bir çox məzunumuz hazırda təhsil aldıqları kollecdə işləyirlər. Onlarla tələbəni nümunə göstərmək olar ki, həm qiyabi oxuyur, həm də əmək fəaliyyətini davam etdirir. Bu praktika daha geniş yayılmalı, təhsil müəssisələri məzunlarını işə cəlb etməyi ənənəyə çevirməlidirlər. Əmək bazarında hələ də istədiyimiz göstəricilər yoxdur. Lakin gəlin qəbul edək ki, bu, təkcə kolleclərin problemi deyil, ali təhsil müəssisələri də eyni çətinliklə üzləşirlər.

Biz tələbələri əmək prosesinə hazırlayırıq, bazarın tələbləri isə bəzən məzunların hazırlıq səviyyəsindən fərqli olur. Bu uyğunsuzluq həm təhsil müəssisələrində, həm də tələbələrdə əlavə məsuliyyət yaradır. Təhsil müəssisələri məzunları daha yüksək səviyyədə hazırlamalı, tələbələr isə bacarıqlarını bazarın tələblərinə uyğun daim inkişaf etdirməlidirlər. Bu proses əmək bazarı ilə təhsil müəssisələri arasında davamlı dialoq və əməkdaşlığın vacibliyini göstərir.

Bank olmayan kredit təşkilatları – BOKT-lar ilə kollecin əməkdaşlıq müqaviləsi var. Bu, tələbələr üçün həm təcrübə proqramlarını, həm də iş imkanlarını əhatə edir. Tələbələr burada iş həyatı ilə tanış olur, eyni zamanda ixtisas üzrə bacarıqlarını sınayırlar. Bu təşkilatlar həm yüksək, həm də aşağı əmək dərəcəsi ilə işçiləri təmin edirlər. Orta ixtisas təhsili gənclərin əmək bazarına inteqrasiyasını müəyyən dərəcədə dəstəkləyir, lakin bu, hələ kifayət deyil. Orta ixtisas təhsili alan tələbələr üçün bu, daha çox ali təhsilə keçid və əmək bazarında ilkin təcrübə platforması rolu oynayır. Yəni onlar akademik biliklər və praktiki bacarıqlar qazanaraq bazara çıxırlar.

– Orta ixtisas təhsili sonrakı mərhələdə necə davam etdirilməlidir?

– Sadəcə, ali təhsil almaq kifayət deyil, magistratura səviyyəsi və ya elmi dərəcə əldə etmək də məqsədəuyğundur. Maliyyə-İqtisad Kolleci tələbələrə ali təhsilə keçid və onların ixtisas üzrə biliklərini artıraraq gələcəkdə uğurlu karyera qurmaları üçün şərait yaradır. Biz müəyyən ixtisaslarda əlavə təhsil imkanlarını təqdim edərək tələbələrin bilik və bacarıqlarını daha da genişləndiririk. Proqram kolleci bitirmiş şəxslərə şamil olunur. Müsahibə elan edildiyi zaman ilkin hədəfimiz 100 tələbə idi. Lakin müraciətlərin sayı 500-ə çatdı. Biz 218 nəfər qəbul etmişik. Bu uğurun əsasında kollecin uzun illərdir ki, formalaşdırdığı təcrübə, əmək bazarında tanınmış nüfuzu və universitetlərə keçid imkanları dayanır.

Məqsədimiz orta ixtisas səviyyəsində liderliyi qorumaq və tələbələrə keyfiyyətli tədris təqdim etməkdir.

Beynəlxalq təhsil məsələsinə gəldikdə isə uzunmüddətli planlarımız var. Biz digər ölkələrlə ikili diplom proqramları və əməkdaşlıq imkanlarını nəzərdən keçiririk. Artıq bir çox nailiyyətlər qazanmışıq. İndi isə növbəti hədəfimiz mərkəzi sistemin tam elektronlaşdırılmasıdır. Tezliklə bu sistemi tələbələrin istifadəsinə verəcəyik.

– Pedaqoji kollektivin elmi potensialı hansı səviyyədədir?

– Müəllim kontingenti məsələsində balans yaratmağa çalışırıq. Burada uzun illər təcrübəsi olan, əvvəllər kollecdə təhsil alan və sonradan İqtisad Universitetində elmi dərəcə əldə edən müəllimlər fəaliyyət göstərirlər. Məqsədimiz gənc müəllimlərin potensialını dəyərləndirmək, təcrübəli pedaqoqları tədris prosesinə cəlb etməkdir. Elmi dərəcəsi olan müəllimlər tələbələr üçün stimul yaradır və gənc müəllimləri elmi fəaliyyətə həvəsləndirir. Eyni zamanda əmək bazarında təcrübəsi olan müəllimlər praktik bilikləri tələbələrə ötürür, bu isə onların gələcəkdə iş həyatına daha hazırlıqlı olmalarına imkan verir.

– Kollecdə təhsil haqqı hansı kriteriyalar əsasında müəyyən edilir?

– Bu gün Bakı şəhərində bir tələbəni hazırlamaq aylıq minimum 500 manata başa gəlir. Bu məbləğ 10 ayda təxminən 5 min, 2 ildə isə 10 min manata çatır. Bizim kollecdə isə təhsil haqqı 1000 manatdır. Tələbənin göstəriciləri yaxşıdırsa o, dövlət hesabına da oxuyur. Hazırda 1800-dək tələbəmiz var. Eləcə də kollecdə 52 inzibati işçi və 88 müəllim fəaliyyət göstərir. Maliyyə İqtisad Kolleci cəmiyyət üçün faydalı, hazırlıqlı və məsuliyyətli vətəndaşlar yetişdirmək missiyasını uğurla həyata keçirir.

Söhbəti hazırladı:
Fidan ƏLİYEVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:298
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Sentyabr 2025 09:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see604

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see426

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see307

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see294

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see277

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see267

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see264

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see241

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see221

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see212

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see210

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see202

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see193

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see192

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see191

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see189

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see182

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see177

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see175

İngiltərə Liqa Kuboku: “Arsenal” IV Liqa klubuna məğlub oldu MÜBARİZƏNİ DAYANDIRDI

28 Oktyabr 2026 02:20see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri