Panamanın ABŞ nin təzyiqlərinə qarşı dayanmaq imkanları kifayət qədər məhduddur Politoloq
“Panamanın Çinin “Bir Kəmər, Bir Yol” təşəbbüsündən çıxacağını bəyan etməsi Vaşinqton və Pekin arasında uzun müddətdir davam edən geosiyasi rəqabətin yeni mərhələsi kimi qiymətləndirilə bilər. ABŞ-nin regiondakı təsiri və Panama Kanalı üzərindəki strateji maraqları Pekinin iri infrastruktur layihələri ilə qarşı-qarşıya gəlirdi. Qərb analitikləri hesab edirlər ki, bu addım təkcə Panama ilə Çin arasında iqtisadi əməkdaşlığın zəifləməsi deyil, eyni zamanda ABŞ-nin regiondakı təsir gücünün qorunmasına yönəlmiş geosiyasi gedişdir. ABŞ son illərdə Panama Kanalının təhlükəsizliyi və idarəçiliyi ilə bağlı narahatlığını dəfələrlə ifadə edib. Çin isə bu strateji su yolunda daha çox mövqe qazanmağa çalışırdı”.
“Panamanın Çin tərəfindən irəli sürülən “Bir Kəmər, Bir Yol” layihəsindən geri çəkilməsi təsadüfi deyil. Bu, əsasən ABŞ-ın yeni administrasiyasının təzyiqlərinin nəticəsidir. Son illərdə Çin şirkətləri Panama kanalında müəyyən imtiyazlarla fəaliyyət göstərirdi. Lakin Donald Tramp administrasiyası buna imkan verməyəcəyini açıq şəkildə bəyan etmişdi. Qeyd etmək lazımdır ki, Panama kanalı bir zamanlar ABŞ-ın inşa etdiyi və 99 il ərzində idarə etdiyi strateji bir keçid olub. Daha sonra kanal Panama dövlətinə təhvil verilsə də, tarixi kontekstdə bu ərazi vaxtilə Kolumbiyaya məxsus idi və məhz kanalın tikintisi səbəbindən ayrıca bir dövlət kimi formalaşdırılmışdı”.
Bu fikirləri AzNews.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
Politoloq qeyd edib ki, Panamanın ABŞ-nin təzyiqlərinə qarşı dayanmaq imkanları kifayət qədər məhduddur.
“Bu səbəbdən də o, Vaşinqtonun tələblərinə boyun əymək məcburiyyətində qaldı. Gələcək perspektivlərə gəldikdə isə, Donald Tramp administrasiyasının Panama kanalı ilə bağlı iddialarını gerçəkləşdirməsi ehtimalı yüksəkdir. Burada iki mümkün ssenari var: ya ABŞ öz gəmiləri üçün ən əlverişli keçid şərtlərini əldə edəcək, ya da kanal tamamilə ABŞ-ın nəzarətinə keçəcək. Çinin bu prosesə ciddi müqavimət göstərəcəyini düşünmək çətindir. Hazırkı mərhələdə ABŞ-ın yeni administrasiyası aktiv şəkildə beynəlxalq proseslərə müdaxilə edir və təzyiq, şantaj kimi vasitələrdən istifadə edərək öz maraqlarını təmin etməyə çalışır. Bütün bu amilləri nəzərə alaraq demək olar ki, ABŞ Panama kanalı ilə bağlı strateji hədəflərinə xeyli dərəcədə nail olacaq”.
Rəfiqə NAMAZƏLİYEVA,
AzNews.az