Paşinyanın seçki və konstitusiya planları: Ermənistan üçün yeni mərhələ?
Icma.az, Turkstan.az portalına istinadən məlumatı açıqlayır.
Ermənistanın Baş naziri Nikol Paşinyan son açıqlamalarında bildirib ki, 2026-cı ildə keçiriləcək növbədənkənar parlament seçkilərində hökumət yenidən qələbə qazanarsa, yeni Konstitusiyanın qəbulu üçün ümumxalq referendumu təşkil olunacaq.
Bu bəyanat həm ölkə daxilində, həm də regionda diqqət doğurub. Çünki, Konstitusiya dəyişikliyi Ermənistanın gələcək siyasi kursunu, qonşularla münasibətlərini və cəmiyyətin idarəetmə modelinə münasibətini birbaşa təsirləndirə bilər. Paşinyanın qarşısında həm seçkidə qalib gəlmək, həm də xalqı konstitusiya dəyişikliklərinə inandırmaq kimi ikiqat məsuliyyət var.
Bu mövzuda Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, Paşinyanın seçkilərdə qələbə qazanmaq şansı real olaraq qalır, çünki hazırda ölkədə güclü alternativ siyasi lider yoxdur. Onun sözlərinə görə, müxalifət parçalanmış vəziyyətdədir və seçicilərin böyük hissəsi Paşinyanı “pislər içərisində yaxşı” kimi görür:
“Müharibə məğlubiyyətindən sonra ciddi etiraz dalğaları müşahidə olunsa da, zamanla bu proses zəifləyib. Paşinyan sosial-iqtisadi problemləri tam həll etməsə də, müəyyən sabitlik görüntüsü yarada bilib. Bu isə ona minimum siyasi dəstək bazası təmin edir”.
“Erməni xalqı konstitusiya dəyişikliklərini qəbul etməyə hazırdırmı” sualına cavab verən Z.Qarayeva bildirib ki, konstitusiya məsələsi cəmiyyətdə birmənalı qarşılanmır. Belə kİ, bir tərəf bunu ölkənin gələcək inkişafı üçün zəruri hesab edir, digər tərəf isə siyasi manevr kimi görür. Dediyinə görə, xalqın dəstəyi daha çox hökumətin seçkiyə qədər təqdim etdiyi nəticələrdən asılı olacaq. Politoloq hesab edir ki, əgər Paşinyan sülh prosesi və sosial rifah istiqamətində inandırıcı addımlar ata bilsə, referendumda üstünlük qazanmaq mümkündür. Əks halda, ictimai parçalanma və etirazlar istisna deyil.

Züriyə Qarayeva: Əgər Paşinyan seçkidə məğlub olsa, ölkədə yeni siyasi qüvvələrin önə çıxması qaçılmaz olacaq
Beynəlxalq faktorların bu prosesə təsirinə gəlincə, həmsöhbətimiz deyib ki, Ermənistanın xarici siyasəti bu məsələdə mühüm rol oynayır. Onun qənaətuncə, Qərb ölkələri Paşinyanın islahatçı imicini dəstəkləsə də, Rusiya ilə münasibətlər hələ də mürəkkəbdir. Plotoloqun fikrincə, əgər hökumət balansı qoruyub həm Qərbdən, həm də Rusiyadan dəstək ala bilsə, konstitusiya dəyişikliyi üçün əlverişli mühit yarana bilər:
“Əksinə, xarici siyasətdə təcrid riski artarsa, daxili ictimai rəydə də şübhələr çoxalacaq. Bu baxımdan, beynəlxalq dəstək Paşinyanın əlini gücləndirə bilər”.
“Əgər Paşinyan seçkidə məğlub olsa, ölkədə yeni siyasi qüvvələrin önə çıxması qaçılmaz olacaq” deyən Züriyə Qarayeva qeyd edib ki, amma hazırkı müxalifətin zəifliyi nəzərə alınsa, bu, daha çox yeni koalisiyaların formalaşması ilə nəticələnə bilər:
“Bu halda konstitusiya dəyişiklikləri gündəmdən çıxacaq və siyasi qeyri-müəyyənlik arta bilər. Regionla bağlı proseslərdə isə Ermənistanın daha passiv mövqeyə sürüklənməsi mümkündür. Ümumilikdə, Paşinyanın uduzması ölkənin həm daxili, həm də xarici siyasətində boşluq yaradacaq”.


