Icma.az
close
up
RU
Paşinyanın soyqırımı etirafı: Dünya Türkiyədən nə vaxt üzr isəyəcək?

Paşinyanın soyqırımı etirafı: Dünya Türkiyədən nə vaxt üzr isəyəcək?

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rüstəm Qaraxanlı yazır...

Nikol Paşinyanın İsveçrənin erməni icması ilə görüşdə saxta "soyqırımı" ilə bağlı fikirləri Ermənistan ictimai rəyində zəlzələ effektinə səbəb olub. Kilsə, siyasi rəqiblər, ölkənin sabiq liderləri, elm dairələri, - hamı Paşinyanı tənqid edir və Ankara ilə Bakıdan gələn direktivlərin icrasında günahlandırır.

"Erməni soyqırımı" mövzusu kənardan bir sakral təəssürat bağışlasa da, Ermənistan cəmiyyəti üçün mənəvi məsələdən daha çox ölüm-dirim amilidir: müasir erməni dövləti və xalqı məhz "genosid" ideyası ətrafında formalaşıb. "Soyqırımı" erməni xalqının həyata yaşam vəsiqəsidir və bu gün Paşinyanın onu faktiki olaraq şübhə mövzusuna çevirməsi ermənilərin yüzillik çabaları üzərindən xətt çəkmiş olur.

Paşinyan nə deyib ki, həmyerlilərinin xətrinə dəyib? Ermənistanın baş naziri hesab edir ki, erməni xalqı "soyqırımı" mövzusu üzərində bir daha düşünməlidir. Axı niyə ötən əsrin əvvəllərində baş vermiş hadisələrə 30 il "soyqırımı" deyilməyib və qəflətən 1950-ci illərdə ortaya "genosid" məsələsi çıxıb?

Tarixçilərə görə, II Cahan savaşından sonra Stalin Türkiyədən onun şərq rayonlarını tələb edib. Söhbət Qars, Ardahan bölgələrindən gedir ki, ermənilər bu əraziləri "Qərbi Ermənistan" hesab edirlər. Türkiyənin SSRİ-nin iddialarına rədd cavabı verməsindən sonra ortaya "erməni soyqırımı" kartı atılıb. Necə ki, qardaş dövlətin ərazi bütövlüyünə təhdid olan PKK-nın yaradılması və ilkin illərdə kurasiyası da sovetlər tərəfindən həyata keçirilib. Stalin dövründə bu, SSRİ-nin müəlliflik etdiyi ilk və son geosiyasi avantüra deyildi. Sovetlər Güney Azərbaycan torpaqlarına da göz dikmişdi və sonda buradakı əsas etibarilə azərbaycanlılardan ibarət olan sol hərəkatın fəallarını tərk edərək şah rejimi ilə üz-üzə qoymuşdu.

Hərçənd, Ermənistanın elmi dairələrində hesab edirlər ki, "erməni soyqırımı" kampaniyasının ötən əsrin 50-ci illərində qızışması "genosid" termininin 1943-cü ildə peyda olması ilə əlaqədardır. Kilsə isə ümumiyyətlə, bəyan edir ki, ermənilər saxta "genosid"i 1921-ci ildən qeyd etməyə başlayıblar.

Paşinyanın həm son bəyanatı, həm də erməniləri narazı salmış 2024-cü ilin aprel müraciəti "realpolitik" gerçəkliyinin diktə etdiyi şərtdir. Türkiyə ilə münasibətlərin normal məcraya yönəlməməsi ssenarisində Ermənistanın bir dövlət olaraq mövcudluğunu nə qədər davam etdirə biləcəyi həm ritorik, həm də cavabı asan tapılmayan sualdır. Qərbə doğru kurs götürən Paşinyanın Ankara ilə münasibətlərini sahmana salması dövrün başlıca tələblərindədir. Xüsusilə də Ağ Evin yeni sahibi - Donald Trampın kökündən fərqli xarici siyasəti fonunda.

Aydındır ki, Ermənistanın baş naziri sülh mələyi deyil. 44 günlük müharibədən öncəki ritorikası bir yana, internetdə azacıq axtarış onun da Levon Ter-Petrosyan kimi maskalanmış simasının üzə çıxmaq üçün yetərlidir. Paşinyanın vaxtilə işğal altında olan Ağdamdan durub ermənilərin şərqə doğru ekspansiya arzularını əks etdirən kitabını yazması, "Ağdam bizim vətənimiz deyil" deyən Sarqsyanı şiddətlə qınaması, ən sadiq silahdaşlarından biri, tarix müəllimi olan müdafiə naziri Suren Papikyanın Ağdamın nar bağlarından "vətən həsrətli" paylaşımlar etməsi faktdır. Paşinyanın ətrafında Papikyan kimi maskalanmış faşistlər az deyil. Onun 2024-cü ildən öncə, hər il qeyd etdikləri "soyqırımı ildönümü"ndəki paylaşımları, verdiyi bəyanatları unudulmayıb. Baydenin illik müraciətində 1915-ci ildə baş vermiş olayları "soyqırımı" kimi tanıyan nitqindən cuşa gələn də məhz Paşinyan olub.

Bununla belə, erməni liderin "soyqırımı" etirafı real siyasət baxımından daha çox digər amilə görə ibrətamizdir: ötən əsrin 60-cı illərindən başlayaraq dünya dövlətləri parlamentləri vasitəsilə saxta "erməni soyqırımı"nı tanımağa başlayıblar. İlk addımı təşkilatlanmış erməni diasporunun at oynatdığı Uruqvay atıb və proses zəncirvari şəkildə davam edib. "Genosid" minlərlə saxta dəlillərə əsaslanan kitabların çap olunmasına, tədbirlərin keçirilməsinə, müxtəlif dövlətlərdə parlamentarilərin pulla alınıb səs vermələrinə, ASALA kimi terror təşkilatının peyda olmasına və nəticə etibarilə Ankaraya qarşı təzyiq vasitəsi qismində istifadəsinə səbəb olub. Türkiyə illərlə güc mərkəzləri ilə münasibətlərini sahmanlamaq yolunda erməni amilini nəzərə almaq məcburiyyətində qalıb. Avropada çox nadir sayda dövlət var ki, bu saxta tarixi, əslində isə siyasi avantüraya qoşulmamış olsun. Fransa və İsveçrədə hətta "erməni genosidi"ni inkar edən şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi, cinayətkar sayılması praktikası da var. Nə qədər ironik olsa da, Paşinyan etirafını da məhz bu ölkələrdən birində - İsveçrədə edib...

Yeri gəlmişkən, 2015-ci ildə İsveçrə məhkəməsi "erməni soyqırımını inkar" etdiyinə görə Türkiyənin ovaxtkı İşçi Partiyasının lideri, Tələt Paşa komitəsinin qurucu koordinatoru Doğu Perinçekə 90 gün həbs cəzası və 16 873 İsveç frankı məbləğində cərimə kəsib. Özünümüdafiə üçün beynəlxalq məhkəməyə üz tutan Perinçek İsveçrə hökumətinin qərarından Avropa İnsan Haqları Məhkəməsinə göndərdiyi şikayətdə bildirib ki, "genosid" iddiaları BMT-nin 1948-ci ildə qəbul etdiyi soyqırımının təyin edilməsi prinsiplərinə ziddir və bu səbəbdən tanına bilməz. Odur ki, İsveçrə hökuməti bu qərarı ilə heç bir əsas olmadan Doğu Perinçeyin ifadə azadlığını pozub. Avropa İnsan Haqları Məhkəməsinin qərarı gözlənildiyi kimi, Doğu Perinçeyin lehinə olub. Bu məhkəmə və onun nəticələri faktiki olaraq "erməni soyqırımı" iddialarının tarixi fiksiya olduğunu isbatlayıb.

Bu, o deməkdir ki, dünya parlamentlərində qəbul edilən qərarların hamısı yalan dəlillərə əsaslanıb və bu kimi problemlər qanunverici orqanların deyil, elmi mərkəzlərin, tarixçilərin müzakirə mövzusudur. Ankaranın onillər boyu tutduğu əsas xətt də məhz bundan ibarətdir. İndi Ermənistan liderinin durub "axı niyə ötən əsrin 40-cı illərədək biz bunu genosid saymırdıq, amma 50-ci illərdən etibarən saymağa başladıq" deməsi faktiki olaraq Türkiyənin əks-dəlillərinin qəbulu deməkdir. Paşinyanın bu bəyanatı problemi siyasi müstəvidən elmi, tarixi diskurs kontekstinə keçirir. Görəsən, "erməni soyqırımı"nı qəbul etmiş dövlətlər bu etirafdan sonra Türkiyədən üzr istəyəcəklərmi?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Fevral 2025 16:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see231

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see207

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see201

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see144

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see141

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see134

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri