Paşinyanın ümidləri puç olur
News24-dan alınan məlumata görə, Icma.az xəbər verir Paşinyanın ümidləri puç olur.
Tavtologiya təsiri bağışlaya bilər, amma Ermənistanın vurnuxmaları və sapıntıları olmasaydı, Cənubi Qafqazda normallaşma prosesi çoxdan irəliləyə bilərdi. Real sülhün əldə olunması üçün gərəkli qərarlar qəbul edərək, lazımi və labüd addımlar atmaq əvəzinə, Ermənistanın baş naziri Nikol Paşinyan ölkəni geosiyasi xaosa sürükləməyə davam edir. Məntiqi qərarlar əvəzinə təhlükəli oyunlar, praqmatizm yerinə illüziyalar, məsuliyyət əvəzinə isə siyasi akrobatika və populizm var.
Ötən həftə erməni parlamenti "Ermənistanın Avropa İttifaqına üzvlük prosesinə başlaması haqqında" qanun layihəsini birinci oxunuşda qəbul etdi. İlk baxışda bu, əhəmiyyətli bir addım kimi görünə bilərdi, lakin baş verənlər, əslində, Vaşinqtonda tam uğursuzluğa düçar olmuş Nikol Paşinyanın ictimai diqqəti yayındırmaq üçün atdığı növbəti ümidsiz addımdan başqa bir şey deyil. ABŞ-də heç nəyə nail ola bilməyən Paşinyan indi Brüsselin siyasi elitasından dəstək umaraq çarəsiz şəkildə Avropaya yönlənir.
Paşinyanın parlamentdən keçirdiyi "Avropa İttifaqına üzvlük prosesinə başlamaq haqqında" qanun layihəsi də məhz bu məqsədə xidmət edir. Əslində, bu, Brüssel məmurlarına verilən hədiyyədən başqa bir şey deyil - məqsəd "Avropa inteqrasiyasının uğurla davam etdiyini" göstərməkdir. Halbuki bu, heç bir real məzmun daşımayan, sadəcə formal bəyanatdan ibarət olan bir təşəbbüsdür. Lakin Paşinyanın siyasi reytinqinin tam çökməsi fonunda o, hətta belə bir süni "qələbəyə" də ehtiyac duyur.
Ancaq burada da onu yalnız illüziyalar gözləyir. Avropa İttifaqının liberal dairələri hazırda strateji proseslərə təsir edə bilmir. Onlar özləri siyasi süqut təhlükəsi ilə üz-üzədirlər: yetər ki, ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Münhendəki təhlükəsizlik konfransındakı "sensasion" nitqini xatırlayaq.
Avropa İttifaqının məmuratı Ermənistanın revanşist qüvvələri ilə oyun oynayaraq, bölgədə sabitliyi sarsıdırlar. Fəqət bu, artıq öz siyasi ömrünü başa vurmaqda olan köhnə avroelitanın son çırpınışlarından başqa bir şey deyil.
N.Paşinyanın ümid etdiyi "Avropa inteqrasiyası" İrəvanda belə, soyuq qarşılandı.
Onlar da anladılar ki, bu, sadəcə növbəti siyasi avantüradır və heç bir real nəticəyə gətirib çıxarmayacaq. "Şərəfim var" bloku qanun layihəsinə qarşı çıxdı, "Ermənistan Alyansı" isə ümumiyyətlə, səsvermədə iştirak etmədi. Bəhs olunan məqamlar sadəcə daxili fikir ayrılıqları yox, Paşinyan hakimiyyətindəki çatların və parçalanmaların artmasının göstəricisidir.
Durumun absurdluğu qanun layihəsinin arxasında duran şəxsləri araşdırdıqda daha da aydın görünür. Onun əsas təşəbbüskarlarından biri fırıldaqçı erməni siyasətinin "sima"larından biri Artak Zeynalyan idi. 1990-cı illərdə Azərbaycana qarşı hərbi təcavüzdə iştirak edən bu şəxs sonradan "hüquq müdafiəçisi" adı altında USAID-lə əməkdaşlıq etməyə başladı. A.Zeynalyan etnik təmizləmələrin iştirakçısı olduğu halda, indi "Avropa dəyərlərinin" carçısı kimi təqdim edilir. Qərbin sponsorları isə bu "hüquqi və mənəvi kolliziya"lara göz yummağa üstünlük verirlər.
Amma avroməmurlar da ermənilərin şovinizminə və həyasızlığına heyrətlənməyə bilmirlər. Belə ki, Ermənistan parlamentində səsə qoyulmuş sənədin preambulasında "Ermənistanın sivil ölkələr ailəsinə daxil olmağa can atdığı" açıq şəkildə qeyd olunub. Bu açıq irqçi ideologiyanın təsdiqi deyilsə, nədir? Yoxsa məzkur ifadə Ermənistanın indiyə qədər sivil olmadığını bir daha təsdiqləyir?
İfadə ilə bağlı Paşinyanın dəstəsinin mənsubları arasında da etiraz edənlər oldu, amma onlar bu müddəanın irqçi mahiyyətinə görə yox, sadəcə gülünc göründüyünə görə narazılıq bildirdilər.
Daha təhlükəli olan başqa bir məqam var: Paşinyan Avropa İttifaqı ilə yaxınlaşma şüarı ilə çıxış etdiyi halda, Ermənistan hələ də Rusiya tərəfindən idarə olunan Avrasiya İqtisadi Birliyinin (AİB) tərkib hissəsidir. Bəlli, AİB Ermənistan iqtisadiyyatına böyük imkanlar verir - azad bazar imkanı, Rusiya sanksiyalarını aşmaq üçün kanallar və sair. Hətta Ermənistan rəhbərliyi AİB-dən çıxmağı düşünmədiyini bir neçə dəfə açıq şəkildə bəyan edib. Belədirsə, "Avropa inteqrasiyası" nədir? Sırf daxili auditoriya üçün düşünülmüş ucuz bir tamaşa.
Paşinyan Moskva və Brüssel arasında manevr edərək, hər iki tərəfdən qazanc əldə etməyi düşünür. Amma bu mümkün deyil. Kreml onun oyunlarına sadəcə dözür, çünki Ermənistanın iqtisadiyyatı, energetikası, müxalifəti və əlbəttə ki, Rusiya hərbi bazası onun əlində güclü təzyiq vasitələri olaraq qalır.
Moskva isə sadəcə fürsət gözləyir və o fürsət tezliklə yaranacaq.
Ermənistan getdikcə geosiyasi manipulyasiyalar üçün vasitəyə çevrilir. Onu yalnız bölgədə yeni gərginliklər yaratmaq istəyənlər idarə edir. Qərbin liberal dairələri Ermənistanı Rusiyaya qarşı təzyiq vasitəsi kimi görürlər. Onlar hətta ən radikal revanşistləri də dəstəkləməyə hazırdırlar, yetər ki, Ermənistan Rusiya və Türkiyəyə qarşı istifadə oluna bilsin. Əvəzində isə İrəvana heç vaxt yerinə yetirilməyəcək vədlər verilir.
Avropada baş verən uğursuzluqlara paralel olaraq Paşinyan ABŞ istiqamətində də tam məğlubiyyətə uğradı. Onun sonuncu Vaşinqton səfəri bunun bariz nümunəsidir. Formal olaraq, Paşinyan "Beynəlxalq Din Azadlığı Sammiti" və "Milli Dua Səhəri" tədbirlərində iştirak edirdi. Ancaq reallıqda o, bu görüşlərdə yeganə xarici lider idi - prezident Donald Tramp administrasiyasının heç bir (!) önəmli fiquru Nikol Paşinyanla görüşərək danışıqlar aparmaq istəmədi.
O, yalnız vitse-prezident Cey Di Venslə dəhlizdə birgə foto çəkdirməyə nail oldu.
Bu, Ermənistanın ABŞ qarşısında tam dəyərsizləşdiyini göstərən alçaldıcı diplomatik uğursuzluq idi.
Situasiya, təbii ki, sadalananlarla məhdudlaşmır. Paşinyanın ABŞ-də ona dəstək verən siyasi dairələri də ciddi şəkildə zəifləyib. Erməni lobbisinin əsas fiqurlarından biri - senator Bob Menendez korrupsiya ittihamı ilə həbs edilib. Bundan başqa, ABŞ-nin Ermənistanı dəstəkləmək üçün istifadə etdiyi əsas mexanizmlərdən biri olan USAID də sərt tənqidlərə məruz qalır və artıq zəifləməyə başlayıb.
Bunun ardınca isə yeni bir zərbə gəldi - amerikalı milyarder İlon Mask Nümayəndələr Palatasının sabiq spikeri, Ermənistanın əsas siyasi havadarlarından biri olan Nensi Pelosinin maliyyə maxinasiyalarını ifşa etdi. Mask açıq şəkildə soruşdu: rəsmi maaşının illik məbləği 223 min dollar olan Pelosi 220 milyon dollarlıq sərvəti necə yığıb?
Cavab aydındır - burada Ermənistan lobbisinin də iştirak etdiyi siyasi korrupsiya sxemləri ifşa olunmağa başlayır.
ABŞ istiqamətində tam iflasa uğradığını anlayan Nikol Paşinyan ümidini Avropaya bağladı. Amma burada da o, artıq zəifləyən və siyasi səhnədən çəkilməkdə olan köhnə elitalara güvənir. Münhendə Avropa Şurasının sədri Antoniu Koşta ilə keçirdiyi görüş sanki böyük əhəmiyyət daşıyırdı. Amma Koşta kimdir? O, korrupsiya qalmaqalları fonunda başıaşağı Portuqaliyanın baş naziri postunu tərk edən və Brüsselə "siyasi təqaüdə" göndərilən bir bürokratdır. Yəni Avropa İttifaqının illərdir tətbiq etdiyi standart sxemdir: öz ölkəsində nüfuzunu itirmiş siyasətçiləri Aİ strukturlarında qorumaq və bəsləmək istəyirlər.
Paşinyanın görüş keçirdiyi digər şəxs isə keçmiş NATO baş katibi Anders Foq Rasmussen oldu. Amma bu da absurddan başqa bir şey deyil: Rasmussen artıq uzun müddətdir real siyasi gücə malik deyil, sadəcə özəl konsaltinq şirkəti vasitəsilə müəyyən dairələrin sifarişlərini yerinə yetirir. Hətta o, son vaxtlar Qərb elitalarını ABŞ prezidenti Donald Trampa qarşı mübarizəyə çağıran bir manifest dərc edib. Yəni Paşinyanın Avropa ilə əlaqə yaratmaq üçün seçdiyi əsas simalar - ya korrupsiya bataqlığında boğulanlar, ya da öz siyasi mövcudluğunu süni şəkildə qorumağa çalışan fiqurlardır.
Bütün bu çaxnaşma içində Paşinyanın diplomatiya adı altında apardığı siyasət bir həqiqəti göstərir: o, xilas yolu axtarır, lakin güvəndiyi qüvvələr yalnız boş vədlər verə bilən, real gücə malik olmayan siyasi iflasa uğramış dairələrdir.
Bu, Almaniya bundestaqının xarici əlaqələr komitəsinin sədri Mixael Rotun çıxışında açıq şəkildə görünür:
"Biz Ermənistanı Rusiyanın imperializminə uduzmamalıyıq". Yəni Qərbin liberal elitalarının zəiflədiyi bir vaxtda həm Brüssel, həm də Vaşinqton Ermənistanı sadəcə Rusiyaya qarşı siyasi oyun aləti kimi nəzərdən keçirir və onun əsl müstəqilliyi heç bir Qərb mərkəzinin marağında deyil.
Bu açıqlamanın arxasında nəyin dayandığını başa düşmək çətin deyil. Ermənistanın gələcəyi heç bir halda onun öz maraqları çərçivəsində nəzərdən keçirilmir - o, sadəcə Moskva ilə qarşıdurmada bir element kimi istifadə olunur. Ukrayna ilə fərq ondadır ki, Qərb Ermənistanı tammiqyaslı hərbi münaqişəyə sürükləmək əvəzinə, onu yumşaq anti-Rusiya siyasətinin bir aləti kimi görür. Bu, Ermənistanı Avrasiya İqtisadi İttifaqından qoparmağa və Rusiyaya qarşı diplomatik təzyiqləri gücləndirməyə yönəlmiş bir plandır.
İrəvan əsas gerçəkliyi unudur: Kreml sadəcə müşahidəçi mövqeyində deyil. Moskva Ermənistanın iqtisadiyyatını, energetikasını və müxalifətini nəzarətdə saxlayır. Rusiya Paşinyanın ikiüzlü manevrlərinə dözməyəcək və onu cəzalandırmaq üçün əlində kifayət qədər güclü vasitələr saxlayır.
Bütün bu hadisələr açıq şəkildə göstərir ki, Paşinyanın siyasəti yalnız xaosa və fəlakətə aparır.
Avropaya ümidlər tam çökür - Brüsseldə liberal elita zəifləyir, Trampın yeni geosiyasi doktrinası Qərbin siyasətində radikal dəyişikliklər edə bilər.
Paşinyan isə nə edir? Ermənistanı xilas etmək əvəzinə, onu getdikcə daha dərin bir siyasi bataqlığa sürükləyir. Onun avantüraları ölkənin öz dövlətçiliyini itirmək təhlükəsini artırır. Nə qədər ki, Ermənistan qonşuları ilə real barışıq yolunu seçmir, nə qədər ki, Qərbin illüziyalarına inanmağa davam edir, bir o qədər sürətlə tam geosiyasi iflasa yaxınlaşacaq.
Əsas sual budur: Paşinyan Ermənistanı daha nə qədər bu fəlakət yolunda sürükləyəcək? O, nə qədər gec deyil, real siyasətlə məşğul olmalıdır, yoxsa Ermənistan yalnız başqalarının siyasi oyununda istifadə olunan vasitəyə çevriləcək. Ermənistan yalnız öz ayıq siyasəti ilə qurtula bilər - əgər bu fürsət də əldən verilməsə...
Bu avantüralar fonunda Paşinyanın hökuməti daha da zəifləyir. Onun rəhbərlik etdiyi "Mülki Müqavilə" partiyasının reytinqi tarixi minimuma - cəmi 11 faizə qədər enib. Bu isə o deməkdir ki, Paşinyan hətta daxildə də cüzi dəstəyini itirir. Onun avantürist siyasəti nə ölkəyə iqtisadi dividendlər gətirir, nə də Ermənistanın real təhlükəsizlik problemlərini həll edir.
Vaxt sürətlə ötür. Qərb Ermənistanı xilas etməyəcək. ABŞ Ermənistanı qorumayacaq. Ermənistan ancaq real siyasət yürütməklə, qonşuları ilə normal münasibət qurmaqla bu bataqlıqdan çıxa bilər. Əks halda, ölkə tamamilə nəzarətdən çıxacaq və bütün geosiyasi oyunçular üçün sadəcə istifadə ediləcək bir vasitəyə çevriləcək.
İrəvanın təkid etdiyi xətt onu tam beynəlxalq təcridə aparır. Ermənistan bir-birinin ardınca yanlış seçimlər edir və hər dəfə bataqlığa daha çox batır. /news.milli.az

