Pensiya kapitalı: “Orta aylıq əməkhaqqı artsa, pensiyalar da...”
Icma.az bildirir, Cebheinfo portalına istinadən.
“Azərbaycanda bu il əmək pensiyalarında artım 9 % ətrafında olacaq”.
Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Zəka Mirzəyev Fondun 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu il orta pensiya məbləğinin 543 manatdan 590 manata, yaşa görə pensiya məbləğlərinin isə hazırkı 578 manatdan 629-630 manata çatacağı proqnozlaşdırılır.
Z. Mirzəyev qeyd edib ki, ötən il əmək pensiyalarında 8,1 %-lik indeksləşdirilmə aparılıb, lakin orta aylıq göstərici həmin faiz göstəricisindən də yuxarı olub, yəni 9 %-dən də yuxarı:
“Əmək pensiyalarında artım bildiyiniz kimi əsasən "Əmək pensiyaları haqqında" qanunda nəzərdə tutulduğu kimi indeksləşdirmə yolu ilə həyata keçirilir. Bu Dövlət Statistika Komitəsinin elan etdiyi əvvəlki ilin orta aylıq əməkhaqqı məbləğinin nominal artım göstəricisinə uyğun şəkildə həyata keçirilir.
Hələ ki, bu göstərici rəsmi şəkildə açıqlanmayıb. Lakin çox güman ki, yaxın günlərdə bununla bağlı rəsmi açıqlama olacaq və gözləntimiz ondan ibarətdir ki, operativ məlumatlara görə əmək pensiyalarında artım, indeksləşdirmə tətbiq ediləcək artım hesabına 9 % ətrafında olacaq".
O xatırladıb ki, ötən il əmək pensiyalarının illik indeksləşdirilməsi (8,1 %) ilə bağlı DSMF-nin büdcəsindən əlavə 520 milyon manat vəsait ayrılıb.
Azərbaycanda pensiyaların artımı hər il diqqət mərkəzində olur. Ötən dövrdə dövlət tərəfindən aparılan indeksləşdirmə nəticəsində pensiya məbləğlərində artımlar qeydə alınsa da, vətəndaşlarda bununla bağlı bir sıra sual yaranır.
Bu artım yalnız aylıq ödənişləri əhatə edir, yoxsa pensiya kapitalına (uzunmüddətli yığımlara) da təsir göstərir?
Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, Azərbaycanda pensiya kapitalı anlayışı mövcud deyil:
“Media və bəzi dövlət qurumlarının bu ifadədən istifadə etməsinə baxmayaraq, əslində söhbət sığorta kapitalından gedir. Kapital termini isə likvid və ya əmlak şəklində mövcud olan vəsaiti ifadə edir.
Azərbaycan vətəndaşlarının hesabında göstərilən rəqəmlər isə yalnız sığortanın qeydiyyatıdır və fiziki olaraq mövcud kapital deyil. Bu rəqəm yalnız vətəndaş pensiyaya çıxanda, onun pensiyasının hesablanması üçün istifadə olunur”.
Onun sözlərinə görə,Azərbaycan qanunvericiliyinə görə, pensiyalar artırılmır, onlar indeksləşdirilir:
“Yəni əmək pensiyalarının məbləği hər ilin sonunda əvvəlki ildə orta aylıq əməkhaqqının artım tempinə uyğun olaraq yenilənir. Orta aylıq əməkhaqqı artsa, pensiyalar da artır, azalarsa pensiyalar da azalır. Bu proses Azərbaycan Respublikası “Əmək pensiyaları haqqında” Qanunu ilə tənzimlənir və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir”.
O qeyd edib ki, hələ pensiyaya çıxmamış və sığorta məbləği yığan şəxslərin hesabında göstərilən məbləğlər isə ötən ilki inflyasiyanın səviyyəsinə uyğun indeksləşdirilir:
“Məsələn, Azərbaycan hökuməti 2025-ci ilin inflyasiyasını 7 % elan edərsə, vətəndaşların illik ödədiyi sığorta məbləği həmin rəqəmə uyğun olaraq 7 % artırılacaq.
Azərbaycanda pensiya sistemi iki ayrı mexanizm üzrə işləyir. Əmək pensiyaları orta aylıq əməkhaqqının artım tempinə uyğun indekləşdirilir, hələ pensiyaya çıxmamış şəxslərin hesabındakı sığorta məbləği isə inflyasiya səviyyəsinə uyğun artırılır.
Bu, Azərbaycan qanunvericiliyinə uyğun və vətəndaşların sosial müdafiəsinin təmin olunması məqsədilə aparılan rəsmi prosesdir”.
Gülər Həsənli
“Cebheinfo.az”
Açar sözlər: Pensiya kapitalı Akif Nəsirli
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:107
Bu xəbər 15 Yanvar 2026 16:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















