Prezident İlham Əliyev Yaponiyanın yeni Baş nazirinə təbrik ünvanlayıb
Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prezident İlham Əliyev Yaponiyanın Baş naziri xanım Sanae Takaiçiyə təbrik ünvanlayıb.
APA xəbər verir ki, təbrik məktubunda deyilir:
“Hörmətli xanım Baş nazir,
Yaponiyanın Baş naziri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.
Biz Azərbaycan-Yaponiya münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk. Hazırda iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələrdə yeni məzmunla zənginləşməsi üçün yaxşı imkanlar mövcuddur.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsi, mövcud potensialdan istifadə edərək ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığımızın bundan sonra da genişləndirilməsi yolunda birgə səylər göstərəcəyik.
Bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı məsul dövləti fəaliyyətinizdə uğurlar arzulayıram”.


