Icma.az
close
up
RU
Prezidentin media prioriteti: strateji maraqlar və peşəkarlıq

Prezidentin media prioriteti: strateji maraqlar və peşəkarlıq

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Prezident İlham Əliyevin milli mətbuatımızın 150 illiyi münasibətilə Azərbaycanın media nümayəndələrinə müraciəti jurnalistikanın daha dinamik fəaliyyət göstərməsinin vacibliyinə dair əlahiddə çağırışdır. Yazımızda bu barədə söz açacaq, bəzi xarakterik məqamların üzərində dayanacağıq.

Əvvəla onu deyək ki, dövlətimizin başçısı iyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı da mediamıza yüksək dəyərini ifadə etdi və bu sahədəki inkişafı qiymətləndirdi, ən başlıcası isə məmnunluğunu dilə gətirdi: “Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb və bunu tam səmimiyyətlə deyirəm”.

Əslində, Prezident İlham Əliyev mediaya, onun cəmiyyət həyatında oynadığı rola hər zaman yüksək dəyər verib. Bu dəyər Azərbaycanda mövcud istiqamətdəki siyasətin hədəflərinin müəyyənləşməsində müstəsna əhəmiyyətə malikdir. Nəzərə alaq ki, hazırda sahəyə dövlət dəstəyi media orqanlarının və jurnalistlərin əməyini cəmiyyət həyatının ən müxtəlif istiqamətləri üzrə stimullaşdırmaq yönümlüdür.

Əlbəttə, cəmiyyətimizin mənafelərinin qorunması ölkəmizin maraqlarının beynəlxalq miqyasdakı müdafiəsindən də asılıdır. Təsadüfi deyil ki, dövlətimizin başçısı III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Azərbaycana qarşı daxildə hansısa təhdid ocağının mövcud olmadığını vurğulayıb. Deməli, başlıca diqqət xaricə yönəlməlidir.

Başlıca diqqət, eyni zamanda, mediamızın beynəlxalq miqyasdakı fəaliyyətinin gücləndirilməsinə yönəlməlidir. “Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur”, - deyən Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı onu da bildirib ki, mediamız artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli reallıqdır.

Qeyd edək ki, Prezident İlham Əliyev “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Sərəncamında ötən dövr ərzində müstəqil siyasi kursun qətiyyətlə və ardıcıl həyata keçirilməsi nəticəsində ölkəmizin dinamik inkişafının təmin edildiyini, qarşıda duran strateji vəzifələrin uğurla gerçəkləşdirildiyini vurğulayıb. Dövlətimizin başçısı bu fikrin ardınca Azərbaycanın Vətən müharibəsində şanlı Zəfər qazanaraq, unikal antiterror əməliyyatı ilə hərb tarixinə yeni səhifə yazaraq, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdiyini xatırladıb və əlavə edib ki, müharibə dövründə mediamız əsl vətənpərvərlik, həmrəylik nümunəsi ortaya qoymuş, haqq səsimizin dünya ictimaiyyətinə çatdırılması, düşmənin və onun havadarlarının saxta məlumatlarının ifşası üçün xüsusi səy göstərmiş, Milli Ordumuzun, əsgər və zabitlərimizin rəşadəti, qəhrəmanlığı ilə bağlı zəngin salnamə yaratmışdır.

Bəli, Azərbaycan dövləti mediaya həm də ölkəmizin strateji vəzifələrinin icrasındakı mühüm vasitə olaraq yanaşır. Tam əminliklə demək olar ki, hazırda həmin maraqların qorunmasında hakimiyyət-media vəhdəti var. Bu vəhdət bənzərsiz tandem təşkil etməklə, məqsədyönlü güc statusu qazanıb. Bu status isə tariximizin heç bir dövründə əldə edilməmiş böyük nailiyyətdir. Heç şübhəsiz, belə bir nailiyyət hakimiyyətin – Ümummilli lider Heydər Əliyevin, sonra isə Prezident İlham Əliyevin jurnalistlərə, ümumən media amilinə yanaşmasından, onun potensialına dəyər verməsindən irəli gəlib. Bu nəailiyyət həm Heydər Əliyev dühasının, həm də İlham Əliyev şəxsiyyətinin jurnalistlərə dost münasibətindən qaynaqlanıb. Jurnalistlər də bu iki fenomeni özlərinin dostu elan ediblər.

Müstəqilliyini qazandıqdan sonra Azərbaycan dövlətinin ən böyük strateji hədəfi işğal altında olan torpaqlarımızın azadlığı olub. Haqqında söz açdığımız hakimiyyət-media tandeminin ən mühüm özünütəsdiq mərhələsi 44 günlük Vətən müharibəsi zamanı yaşanıb. Buna görə də Prezident İlham Əliyev “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamındakı kimi, milli mətbuatın 150 illiyi münasibətilə Azərbaycanın media nümayəndələrinə müraciətində də jurnalistlərimizin müqəddəs savaşdakı iştirakı üzərində dayanıb: “Azərbaycan mediası 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı dövründə hadisələrin operativ işıqlandırılmasını təmin etmək üçün həm ön, həm də arxa cəbhədə fədakarlıqla və əzmlə çalışmışdır. Ölkəmiz və xalqımız üçün bu tarixi və taleyüklü mərhələdə Azərbaycan mediası cəmiyyətimizin operativ və düzgün məlumatlandırılmasında, kütləvi dezinformasiya hücumlarının qarşısının alınmasında böyük rol oynamış, haqq səsimizin və mövqeyimizin beynəlxalq ictimaiyyətə çatdırılmasında yüksək peşəkarlıq, əsl vətənpərvərlik və həmrəylik nümayiş etdirmişdir. Heç şübhəsiz ki, informasiya məkanında qazandığımız zəfər döyüş meydanında qazandığımız və bu il 5-ci ildönümünü qeyd edəcəyimiz şanlı Zəfərimizin ayrılmaz parçasıdır”.

Prezidentin media nümayəndələrinə müraciətində o da bildirilib ki, bu gün Azərbaycan Respublikası tam müstəqil xarici siyasət yürüdən, regionun siyasi və iqtisadi mərkəzi statusunu qazanmış, beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir. Ölkəmizin mövcud inkişaf dinamikası Azərbaycan mediasının da ümumdünya informasiya şəbəkəsindəki çəkisini artırmış, rəqabət qabiliyyətini yüksəltmişdir. Əlbəttə, nailiyyətlər arxayınlıq üçün əsas olmamalıdır. Çünki media dinamik inkişaf strukturuna malikdir. Ona görə də Prezident İlham Əliyev müraciətində bu məqamı da vurğulayıb ki, qarşıdan gələn dövrdə milli mətbuatımızın qlobal informasiya məkanında yerinin daha da möhkəmlənməsini təmin etmək məqsədilə media savadlılığının yüksəldilməsi, ən qabaqcıl kommunikasiya texnologiyalarının tətbiqi, effektiv və çevik kommunikasiyanın həyata keçirilməsi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellektin tətbiqi, dezinformasiya və saxta xəbərlərlə mübarizə kimi amillər aparıcı rol oynayacaq.

Dövlətimizin başçısı jurnalistlərə yubiley təbriki mahiyyəti daşıyan müraciətində bildirib ki, dünyada yeni media landşaftının bərqərar olduğu mürəkkəb rəqabət mühitində fəaliyyət göstərən milli mətbuatımızın üzərinə xüsusi məsuliyyət düşür: “Belə ki, qlobal informasiya məkanının sürətlə transformasiya olunduğu, beynəlxalq təbliğat fəaliyyətinin ölkələrin imicinə, daxili həyatına ciddi təsir göstərdiyi, süni intellektin imkanlarının genişləndiyi, hibrid təhdidlərin və “deepfake”lərin geniş vüsət aldığı müasir dövrdə bizim mediamız peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə əməl edərək, söz və məlumat azadlığından sui-istifadənin qarşısını qətiyyətlə almalı, Azərbaycanın milli maraqlarını və mənafeyini hər şeydən uca tutmalıdır”.

Sonda onu da deyək ki, 150 illik tarixi canlandıran Azərbaycan mətbuatı və ümumən jurnalistikası şanlı mərhələni fəxrlə başa vuraraq əsl salnamə yaradıb. Keçmiş gələcəyin bazasıdır. Bu mənada indiyədək əldə edilmiş uğurlar da qarşıdakı müddət üçün mayakdır. Gələcək isə sınaqlarla doludur. İnformasiya texnologiyalarının media məkanına sürətli inteqrasiyası şəraitində jurnalistikanın hadisə və proseslərə yanaşmasındakı dinamika təkcə onun ənənəvi funksionallıq göstəriciləri ilə deyil, həm də müasir dövrün ritmi ilə müəyyənləşməlidir. Yəni, sınaqlar da mahiyyətini və təzahür formalarını dəyişib. Əslində, Prezident İlham Əliyevin də jurnalistlərə müraciətindəki başlıca çağırış yükü bu məqamın vurğulanmasıdır. İndi qalır, mediamızın dövlətimizin başçısının çağırışına adekvat fəaliyyət göstərməsi. Əminik ki, bu fəaliyyət tələblər çərçivəsində olacaq və media müstəvisində ölkəmizin strateji kursunun müdafiəsi sahəsində daha böyük uğurlar qazanılacaqdır.

Ə.CAHANGİROĞLU
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:129
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 İyul 2025 23:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see535

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see496

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see368

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see283

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see278

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see271

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see269

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see263

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see261

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see242

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see240

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see240

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see236

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see224

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see215

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see211

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see206

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see188

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see182

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri