Prezidentin “mərkəzdə oturan bəzi məmurlar” ifadəsi kimə aiddir? “Dərin dövlət qurmuşdu”
Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İlham Əliyev noyabrın 12-də Ceyhun Cəlilovu Naxçıvan Muxtar Respublikasında Prezidentinin səlahiyyətli nümayəndəsi, Elxan İbrahimovu Nəsimi, Natiq Ağayevi Balakən, Orxan Mürsəlovu Göyçay, Elvin Paşayevi Qax, Vüqar Novruzovu Göygöl, habelə Elşən Həsənlini Kürdəmir rayon icra hakimiyyətinin başçısı vəzifələrinə təyin olunması ilə əlaqədar qəbul etdiyi zaman bildirib ki, vaxtilə bölgələrdəki problemlərin əsas səbəbi mərkəzdəki bəzi məmurların qanunsuz tapşırıqları olub.
O vurğulayıb ki, aparılan islahatlar nəticəsində həmin şəxslər artıq vəzifədən uzaqlaşdırılıb. Dövlət başçısı bildirib ki, bu cür hallar təkrarlansa, dərhal ciddi tədbirlər görüləcək.
Bu bəyanat cəmiyyətdə həmin məmurların kimliyi və prosesin davam edib-etməyəcəyi ilə bağlı suallar yaradıb.
Mövzu ilə bağlı politoloq Cümşüd Nuriyev “Yeni Sabah”ın suallarını cavablandırıb:
– Prezident “mərkəzdə oturan bəzi məmurlar” dedikdə, Sizcə, konkret kimləri nəzərdə tutub?
- Görünür, söhbət Ramiz Mehdiyevdən gedir. Çünki bir neçə rayonda onun üçün xüsusi mülklər tikilib. Hər birinin dəyəri bir neçə milyon manatdır. Bildiyimə görə, həmin mülklərdən Göyçayda, Zaqatalada, Qaxda, Abşeronda da var. Adamın gözü doymurdu…
- Yeni təyin olunan icra başçılarından nə gözləmək olar?
– Azərbaycanda islahatların başlayacağını çoxdan gözləyirdik. Gənclərin irəli çəkilməsi, vəzifəyə gətirilməsi yaxşı haldır. Bu məsələdə rayonlara xüsusi diqqət yetirilməlidir. Həmin rayonların potensiallarını nəzərə alınmalıdır. Məsələn, Göygöl, Qax kimi rayonların turizm potensialları var. Aran rayonlarında isə aqrar sahəni inkişaf etdirmək lazımdır. Sözügedən rayonlara təyin edilən icra başçıları yaxşı olar ki, peşəkar kənd təsərrüfatı işçilərini rayona dəvət və həmin sahəni inkişaf etdirsinlər.
Naxçıvandan üzü bəri xeyli dəyişikliklər oldu, yeni komandadan bir çox müsbət addımlar gözləyirəm. Çünki onların əksəriyyəti ziyalı ailədən çıxmış şəxslərdir. Yeni təyin olunan şəxslərdən heç birinin adı bu günə kimi rüşvətlə bağlı məsələlərdə hallanmayıb. Birinci mərhələdə təyin olunanlar hər biri peşəkar işini yüksək səviyyədə bilən adamlardır. İnanıram ki, bundan sonra da belə olacaq. Hər bir halda, cənab Prezident daha yaxşı bilir bunları, çünki onlar haqqında ən məlumatlı şəxs odur. Həm də Cənab Prezident yeni təyin olunan başçılara dedi ki, gedin, xalqa xidmət edin, pul yığmayın.
- Mərkəzdə oturan köhnə komandanın başında kimlər dayanırdı?
– Ramiz Mehdiyev. Onun ətrafında kimlər olub, - dəqiq bilmirəm, amma onlar da bir-bir üzə çıxacaq. İstintaq prosesində də hər gün yeni bir ad ortaya çıxır. Mehdiyev dövlət içində dövlət qurmuşdu – “dərin dövlət”. Heç “beşinci kolon” da bu qələti edə bilmədi. Mehdiyev “qoca qurd”dur, amma onun düşünmədiyi bir şey var idi: qarşısında peşəkar, dünya səviyyəli bir siyasətçi – İlham Əliyev durur. Mehdiyev böyük yanlışlığa yol verib. Niyə bu səhvi buraxıb, bircə onu müəyyən edə bilmirəm…
– İslahatların növbəti mərhələsində ən ciddi dəyişiklik gözlənilən sahələr hansılardır?
– Azərbaycanın bu gün ən çox tənqid olunan sahəsi təhsildir. Səhiyyə də pis gündədir. Bundan başqa, aqrar sahə, kənd təsərrüfatı ürəkaçıcı vəziyyətdə deyil. Sadaladığım hər 3 sahə qeyri-peşəkarların əlindədir.
Mənə elə gəlir ki, milli dəyərlər həddən artıq aşağı düşüb. Bu sahəyə ciddi diqqət etmək lazımdır. Ailə problemlərinə qayıtmaq lazımdır, təlim-tərbiyə ilə bağlı ciddi problemlərimiz var.
- Bəs, ziyalıların və elm adamlarının vəziyyəti?
– Ramiz Mehdiyev ziyalıların əksəriyyətini onsuz da məhv edib. Etmədikləri isə bir kənara çəkilib, küsüblər. O ziyalıları gündəmə gətirmək lazımdır, çünki Azərbaycanın çox yaxşı ziyalı potensialı var. Onların hamısı Prezidentin yanındadırlar. Amma əsl alimlər bir az küsəyən olurlar, əməkləri qiymətləndirilməyəndə kənarda dayanmaq istəyirlər ona görə də həmin küskün alimləri dəvət etmək lazımdır, onlar inciyiblər. İnanın ki, həmin adamların dövlətə də, millətə də çox böyük xeyri dəyəcək. Xüsusilə, elm, mədəniyyət sahəsində çox güclü ziyalılarımız var. Elmimiz yaman gündədir, heç danışılası deyil… Əvvəl Akif Əlizadə, daha sonra Ramiz Mehdiyev bu sahəni məhv etdi, indi heç nə qalmayıb.
– Sizcə, sadaladığınız sahələrdə problemlərin yaranmasının əsas səbəbi nə olub?
– Cənab Prezidentin başı müharibəyə, onun nəticələrini aradan qaldırmağa qarışdı. Onlar da həmin məqamdan istifadə etməyə çalışdılar, ölkədə nə qədər savadsız, oğru varsa, gəldi vəzifəyə! Hərə öz adamını qabağa çəkdi. Ona görə də bəzi sahələrdə vəzifə tutanlar həmin sahəni dağıdırlar. Bu sahələr düzəlsə, əmin olun ki, Azərbaycanda bir çox sahə də avtomatik düzələcək. Sosial sahədə problemlərimiz çoxdur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 13 Noyabr 2025 15:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















