“Putin Merkelin kansler dövründə Ukraynanı ram etmək qərarı vermişdi”
Icma.az bildirir, Adelet.az portalına istinadən.
“Almaniyanın kansleri Anqella Merkel son müsahibəsində deyib ki, Rusiya ilə Ukrayna arasında hərbi münaqişənin başlanmasının əsas səbəblərindən biri guya koronavirus olub. Merkelin fikrincə, koronavirus Avropa İttifaqı liderləri ilə Rusiya prezidenti arasında təkbətək məsləhətləşmələri və görüşləri qeyri-mümkün etdiyndən böhran daha da dərinləşib. Əlbəttə, koronavirus səbəbindən ölkələr qapanmaya getdilər və liderlər arasında görüşlərin sayı azaldı. Ancaq koronavirus başlayanda hələ müharibə başlamamışdı və Putinin Ukraynaya hücum qərarı verilən tarixdə xəstəlik sönməyə doğru gedirdi”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, Putin koronavirus illərində qapalı şəraitdə fəaliyyətə üstünlük verirdi:
“Ancaq bu o demək deyil ki, koronavirus olmasaydı və Kreml sahibi avropalı həmkarlarıyla tez-tez görüşsəydi, Rusiya Prezidenti Ukraynaya hücum əmri verməyəcəkdi. Putini heç bir görüş dayandırmayacaqdı. Məgər 2014-cü ildə koronavirus var idi? Putin həmin il Krımı ilhaq etdi. Avropa liderləri, o cümlədən Merkel həmin il tez-tez görüşdükləri Rusiya Prezidentini durdura bildilərmi? Ona görə koronavirus bəhanədir. Serbiya prezidenti Aleksandr Vuçiçin “Merkel vəzifəsində qalsaydı, Ukraynada münaqişənin qarşısını alardı” fikri ilə də razılaşmaq çətindir. Putin Merkellə tez-tez görüşürdü və Kreml sahibi elə Merkelin kansler dövründə Ukraynanı ram etmək qərarı vermişdi. Bu bir növü ABŞ Prezidenti Donald Trampın az qala hər həftə təkrarladığı “Bayden deyil, mən Prezident olsaydım, Rusiya-Ukrayna müharibəsi olmazdı” fikrinə bənzəyir. Tramp indi Prezidentdir də, müharibəni dayandıra bilirmi? Tramp Putini Alyaskaya çağırdı, görüşdülər, Ağ Ev sahibi ümid edirdi ki, ən azı atəşkəs elan olunacaq, əksinə Kreml sahibi müharibəni genişləndirməyə qərar verdi”.
Vasif ƏLİHÜSEYN


