Putinin Ukraynaya hücumu imperiya ambisiyasının nəticəsidir Analitik
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Savaşın nəticələri ağır olacaq
Rusiya qələbə qazansa, Cənubi Qafqaz və Mərkəzi Asiyaya təzyiqlər artırılacaq
Putinin imperiya ambisiyaları artıq uzun müddətdir ki, beynəlxalq siyasi müzakirələrin mərkəzindədir və bu ambisiyalardan geri çəkilmək niyyətində olduğuna dair heç bir real əlamət müşahidə olunmur. Rusiya Prezidenti açıq şəkildə SSRİ-nin bərpasını xülya adlandırsa da, mahiyyət etibarilə Rusiyanın bir imperiya kimi mövcudluğunu qorumaq və postsovet məkanında, eləcə də dünyanın müxtəlif regionlarında təsir imkanlarını saxlamaq siyasətindən imtina etmir.
Bu səbəbdən də Kreml imperiya maraqlarını artıq “SSRİ” adı altında deyil, birbaşa “Rusiya” brendi üzərindən formalaşdırmağa çalışır. Rəsmi Moskva bu mövqeyini gizlətmir, əksinə, açıq şəkildə bəyan edir və həm postsovet məkanında, həm Yaxın Şərqdə, həm də digər geosiyasi böhran ocaqlarında bunu praktik addımlarla nümayiş etdirir.
“Atlantic Council”in analitik materialında bildirilib ki, imperiya ambisiyasını davam etdirən Rusiyanın bugünkü potensial hədəfləri sırasında Ukrayna ilə yanaşı, Finlandiya, Polşa, Estoniya, Latviya, Litva, Belarus, Moldova, Ermənistan, Gürcüstan, Azərbaycan, Qırğızıstan, Tacikistan, Qazaxıstan, Özbəkistan və Türkmənistan ola bilər. Mənbə bildirib ki, siyahı tam deyil, bura XX əsrin ikinci yarısında Şərq blokuna daxil olmuş bir çox keçmiş sovet dövlətlərini də əlavə etmək olar. Nəşrin yazdığına görə, Rusiya lideri Vladimir Putin aydın şəkildə göstərib ki, onun ekspansionist iştahası qətiyyən doymayıb: “Vladimir Putinin dekabrın 17-də Müdafiə Nazirliyinə müraciətində Ukraynaya qarşı işğalın maksimalist məqsədlərinin qeyd-şərtsiz həyata keçiriləcəyini bildirməsi və müharibəni Rusiyanın postsovet məkanında geriləməsinə son qoymaq uğrunda bir “səlib yürüşü” kimi təqdim etməsi buna sübutdur”. Qeyd edilib ki, Kreml sahibinin Ukraynaya qarşı davam edən müharibəsini nəzərə aldıqda, Qərbdə çoxları onun imperiya ambisiyalarını getdikcə daha ciddi qəbul etməyə başlayır. Xüsusilə, ABŞ kəşfiyyatının proqnozları Vladimir Putinin bütün Ukraynanı ələ keçirmək və vaxtilə SSRİ-nin təsir dairəsində olmuş Avropanın bəzi ölkələrinə nəzarəti yenidən geri qaytarmaq məqsədlərindən imtina etmədiyini təsdiqləyir. “Avropalılar Kremlin niyyətlərindən əmindir. Polyaklar da buna tam əmindir. Baltik ölkələri (Finlandiya, Latviya, Litva və Estoniya) isə özlərini ilk hədəf hesab edirlər”, - kəşfiyyat hesabatında deyilir. Bununla belə, skeptiklər Putinin Qərbə qarşı müharibə aparmaq qabiliyyətinə şübhə edir və Ukraynada Rusiya ordusunun uğursuzluqlarını hərbi məhdudiyyətlərin sübutu kimi göstərirlər. “Bu, təsəllivericidir, amma təhlükəli dərəcədə aldadıcıdır”, - nəşr vurğulayıb. Mənbə hesab edir ki, müharibə Ukraynanı devirsə, Avropa ölkələri hazır olmadığı bir çağırışla üz-üzə qalacaq: “Mövcud geosiyasi şərait Rusiyanı hərəkətə keçməyə təşviq edə bilər, çünki bu durum Rusiyanın imperiya gündəmini irəli aparmaq üçün unikal imkan yaradır. Donald Trampın Ağ Evə qayıdışı ABŞ-nin Ukrayna müharibəsinə və ümumilikdə Avropanın müdafiəsinə yanaşmasında kəskin dəyişikliklərə səbəb olub. NATO-nun 5-ci maddəsinə uyğun olaraq, Rusiyanın Baltik ölkələrinə hücumu ABŞ-nin müvafiq cavab tədbirləri ilə nəticələnəcəkmi? Trampın NATO-ya münasibəti və administrasiyasının Avropaya ikili yanaşması fonunda bəziləri bunun artıq əvvəlki kimi təminatlı olmadığını düşünür”.
Siyasi ekspert Məhəmməd Əsədullazadə Sherg.az-a açıqlamasında bildirib ki, 2022-ci ildə Rusiyanın Ukraynaya hücumu məhz onun imperiya ambisiyalarından irəli gəlirdi:
“Putinin əsas məqsədi Ukraynanı işğal etməklə keçmiş SSRİ məkanında dominantlıq mövqeyini möhkəmləndirmək və Rusiyanın təsir zonasını genişləndirmək idi. Bu ambisiya yalnız Ukrayna ilə məhdudlaşmırdı; Kremlin uzunmüddətli strategiyası digər keçmiş sovet ölkələrinə – o cümlədən Cənubi Qafqaz, Baltikyanı ölkələr, Mərkəzi Asiya respublikaları və hətta Polşa, Moldova kimi dövlətlərə də təzyiq göstərmək potensialını nəzərdə tuturdu.Rusiya Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməklə sadəcə regional gücünü nümayiş etdirmək və Fövqəldövlət statusu qazanmaq niyyətində deyildi, həm də Avropa və dünya arenasında strateji mövqeyini gücləndirmək istəyirdi. Bu planlar heç kəsə sirr deyil; ABŞ kəşfiyyat orqanları, Avropa dövlətləri və digər beynəlxalq aktorlar Kremlin bu hədəflərindən əvvəlcədən xəbərdar idilər və Rusiyanın uzunmüddətli regional strategiyasını yaxından izləyirdilər”.
M.Əsədullazadənin sözlərinə görə, Rusiya Ukraynada qələbə qazanarsa, onun təsir dairəsi daha da genişlənəcək, Polşa, Moldova və Cənubi Qafqaz, eləcə də Mərkəzi Asiya ölkələrinə qarşı təzyiqlərini artıracaq:
“Lakin əksinə, əgər Ukraynada arzuladığı qələbəni əldə edə bilməsə, Kremlin imperiya ambisiyalarından müəyyən mənada əl çəkməsi gözləniləndir. Bu, onun regional siyasətində məhdudlaşma, beynəlxalq təcrid və daxili resursların tükənməsi kimi nəticələrə yol açacaq, həmçinin Rusiyanın strateji planlarının icrasını əhəmiyyətli dərəcədə çətinləşdirəcək. Bir sözlə, Ukraynadakı müharibənin gedişi yalnız bu ölkənin taleyini deyil, bütün regionun geopolitik balansına da birbaşa təsir edir və Kremlin gələcək ambisiyalarının məhdudlaşması və ya genişlənməsi məhz bu savaşın nəticələrindən asılı olacaq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 25 Dekabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















