Qadın və kişilərdə diqnoz bərabərsizliyi: səbəb nədir?
Icma.az, Ses qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünyada milyonlarla insanın həyatına təsir edən autoimmun xəstəliklərin diaqnostikasında qadınlarla kişilər arasında fərqlər mövcuddur. Qadınlara xəstəlik əlamətlərinin psixoloji və ya psixosomatik səbəblərlə bağlı olduğu kişilərlə müqayisədə daha çox bildirilir. Kembric Universiteti və Şərqi İngiltərə Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırmada autoimmun xəstəlikləri olan 6 600-dən çox insanın məlumatları təhlil edilib. İştirakçıların əksəriyyətini qadınlar təşkil edib.
Autoimmun — immun sisteminin orqanizmin öz hüceyrələrini səhvən yad və təhlükəli hesab edərək onlara hücum etməsi ilə bağlı vəziyyətdir. Normalda immun sistemi bizi viruslardan, bakteriyalardan və digər zərərli amillərdən qoruyur. Autoimmun xəstəliklərdə isə bu müdafiə sistemi bəzən öz sağlam toxumalarına qarşı işləyir.
Araşdırmaya əsasən, qadınların 43 faizi xəstəliklərinin psixiatrik səbəblərlə əlaqələndirildiyini bildirib. Kişilərdə bu göstərici 33 faiz olub. Qadınların 34 faizi simptomlarının psixosomatik hesab edildiyini qeyd edib. Kişilərdə isə bu göstərici 22 faiz təşkil edib. Psixosomatik əlamətlər dedikdə psixoloji amillərin fiziki simptomların yaranmasına və ya güclənməsinə təsir göstərməsi nəzərdə tutulur. Lakin bu, fiziki xəstəliyin mövcud olmadığını göstərmir.
Tədqiqatçılar yaş, xəstəlik qrupu, yaşanılan qitə və ailənin maddi vəziyyəti kimi amilləri də nəzərə aldıqdan sonra qadınların psixiatrik yanlış diaqnoz barədə məlumat vermə ehtimalının 46 faiz, psixosomatik yanlış diaqnoz barədə məlumat vermə ehtimalının isə 74 faiz daha yüksək olduğunu müəyyən ediblər.
Autoimmun xəstəliklər zamanı immun sistemi səhvən orqanizmin öz hüceyrələrinə hücum edir. Bu xəstəliklər yorğunluq, əzələ və oynaq ağrıları, dəri səpgiləri və digər əlamətlərlə müşayiət oluna bilər. Simptomların bir çox başqa xəstəliklərdə də müşahidə edilməsi diaqnozu çətinləşdirir.
Araşdırmada qadınların diaqnoz almaq üçün daha uzun müddət gözlədikləri də müəyyən edilib. Kişilər arasında ən çox bildirilən diaqnostika müddəti üç aydan az olduğu halda, qadınlar üçün bu müddət bir ildən iki ilədək dəyişib. Qadınlar arasında Haşimoto xəstəliyi və Qreyvs xəstəliyi kimi autoimmun qalxanabənzər vəzi xəstəlikləri, eləcə də sistemli qırmızı qurdeşənəyi geniş yayılmış nümunələr sırasında olub.
Tədqiqatın aparıcı müəllifi, Kembric Universiteti və Şərqi İngiltərə Universitetində çalışan tədqiqatçı Melani Sloan bildirib ki, yanlış diaqnoz qadınların həkimlərə inamına və özünə münasibətinə uzunmüddətli mənfi təsir göstərə bilər. Tədqiqatçılar hesab edirlər ki, tibbdə qadınların şikayətlərinin daha emosional və ya etibarsız qəbul edilməsi ilə bağlı tarixi yanaşmalar bəzi hallarda hələ də özünü göstərə bilər.
Mütəxəssislərin fikrincə, fiziki simptomların səbəbi dərhal psixoloji amillərlə izah edilməməli, xəstənin şikayətləri diqqətlə qiymətləndirilməli və zəruri müayinələr aparılmalıdır. Araşdırmanın əsas nəticəsi budur ki, autoimmun xəstəliklərin vaxtında aşkarlanması üçün pasiyentlərin şikayətlərinə ciddi yanaşmaq və yanlış diaqnoz riskini azaltmaq vacibdir.
Lalə Mehralı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 19 Oktyabr 2026 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















