Icma.az
close
up
RU
Qafqaz İslam Ordusunun zəfər yürüşü 1918 ci il 15 sentyabr

Qafqaz İslam Ordusunun zəfər yürüşü 1918 ci il 15 sentyabr

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

15 sentyabr Bakının işğaldan azad olunmasından 107 il ötür. Tarixin müxtəlif dönəmlərində, 70 il sovet dövründə yaşadığımız zamanda Azərbaycan xalqının tarixi saxtalaşdırılıb və bir çox məqamlar qaranlıq qalmışdır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra tarixin oxunmamış səhifələri aşkarlandı və ölkəmizin tarixinin araşdırılmasına və yaşanılan ictimai-siyasi proseslərin üzü çıxarılmasına geniş meydan verildi. Hər zaman təbii sərvətləri və strateji-coğrafi mövqeyinə görə, güclərin diqqət mərkəzində olan Azərbaycan təzyiqlərə məruz qalaraq mücadilə edib və öz azadlığı, müstəqilliyi uğrunda qanlı savaşlarda olub. Gərgin ictimai-siyasi proseslərdə xalqın müstəqillik arzusu və mübarizəsi heç vaxt tükənməyib. Ölkəmizin çoxəsrlik tarixində 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk demokratik, parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması yeni səhifə oldu. AXC müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmağın yolunu göstərib, onlar üçün nümunə oldu. AXC qısa müddətdə genişmiqyaslı demokratik islahatlar həyata keçirib və xalqımızın qədim dövlətçilik ənənələrini yaşadaraq, həmin dövr üçün mütərəqqi hesab edilən dövlət təsisatlarının yaradılmasına nail oldu. Cümhuriyyət dövründə xalqımızın taleyinə ciddi təsir edə biləcək qanun və qərarlar qəbul olundu və milli ordumuzun yaradılması, atributlarımızın, dövlət dilimiz haqqında qanunun qəbul olunması, maarif və səhiyyə sahəsində geniş tədbirlərin həyata keçirilməsi, Azərbaycanın sərhədlərinin və təhlükəsizliyinin təmini istiqamətində böyük işlər reallaşdı. Azərbaycan Xalq Cümhuriyyəti elan olunandan sonra xarici qüvvələr onun devrilməsi üçün bütün imkanlardan istifadə etməyə çalışarkən Osmanlı Türkiyəsinin göstərdiyi hərbi və siyasi yardım milli dövlətçilik tariximizdə çox mühüm rol oynadı.

OSMANLI ƏSGƏRİNDƏN İBARƏT OLAN QAFQAZ İSLAM ORDUSU

Tarixdən bizə məlumdur ki, 1918-ci il sentyabrın 15-də Qafqaz İslam Ordusu Azərbaycan xalq könüllü dəstələrinin köməyi ilə Bakını azad edib. Şəhər Stepan Şaumyanın bolşevik-daşnak rejimindən sonra hakimiyyəti ələ keçirmiş menşevik-daşnak tör-töküntülərindən – "Sentrokaspi diktaturası"ndan təmizləndi. 1918-ci il sentyabrın 17-də Fətəli xan Xoyski kabinetinin təşkilindən üç ay sonra Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Bakıya köçdü. Bakı paytaxt elan olundu. Azərbaycan Xalq Cümhuriyyətinin hakimiyyət dairəsi genişləndi.

Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və sonrakı mövcudluğunda Bakının azad edilməsi mühüm rol oynamışdır. Çox böyük strateji mövqeyə malik olan Bakıya o dövrdə olan maraq və diqqəti nəzərə alsaq, onun azad edilməsinin də heç də asan olmadığını anlamaq olar. Belə bir tarixi yaşamış Azərbaycan mövcud olan zaman kəsiyində yaşantılarını salnamələrə köçürüb. Xatırladaq ki, 1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar hələ də erməni-bolşevik işğalı altında idi. 1918-ci il iyunun 4-də Batumda Osmanlı Türkiyəsi ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq müqaviləsinin imzalanması Azərbaycan xalqı üçün həyati əhəmiyyətli sənəd olmaqla yanaşı, Cümhuriyyət hökumətinin imzaladığı ilk dövlətlərarası müqavilə idi. Müqavilə şərtlərinə uyğun olaraq, Mürsəl paşanın komandanlığı altında Beşinci Qafqaz firqəsi (diviziyası) Azərbaycana göndərildi. Həmin diviziya və general-leytenant Əliağa Şıxlınskinin komandanlığı ilə əsası hələ 1917-ci ilin dekabrında qoyulan, lakin mürəkkəb tarixi şəraitdə lazımınca formalaşa bilməyən Azərbaycan hərbi qüvvələri Qafqaz İslam Ordusu adı ilə vahid sturukturda birləşdirildi. Bu struktura rəhbərlik Nuru Paşaya həvalə olundu. Hərbi nazir Ənvər Paşanın əmri ilə yaradılmış və tamamilə müsəlmanlardan ibarət olan ordu Birinci Dünya müharibəsi zamanı Qafqaz cəhbəsindəki döyüşlərdə iştirak etmişdir. Onunla bağlı olan mənbələrdə göstərilir ki, bu orduya Nuru Paşa rəhbərlik edirdi. 12–14 min osmanlı əsgərindən ibarət olan Qafqaz İslam ordusu, Azərbaycan türklərindən və Dağıstan müsəlmanlarından ibarət könüllülərin qatılması ilə təqribən 20 min sayında olmuşdur. Azərbaycanın türk-müsəlman əhalisinə qarşı həyata keçirilən kütləvi qırğınların qarşısını almaqda böyük rol oynayıb. Məhz ən çətin ictimai-siyasi vəziyyətdə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Bakının işğaldan azad olunmasında rolu əvəzsizdir.

BAKI AZAD OLUNDU

Mənbələrdə qeyd olunduğu kimi, Nuru paşanın verdiyi əmrə əsasən, şimal Cəbhəsində yerləşən 15-ci piyada diviziyası komandanının sərəncamında 38 alay, 2 süvari alayı, Azərbaycan türklərindən ibarət süvarilər və milis batareyaları var idi. Qalan bütün hərbi qüvvələr 13–14 sentyabr gecəsində qərb cəbhəsinə göndərildi. Bakı cəbhəsindən əsl hücuma keçəcək 5-ci Qafqaz piyada diviziyasının tabeliyindəki 9, 10, 13 və 56-cı piyada alaylarının orduları bütün günü bölgədəki dəmir yolunun ətrafında olan vadilərdə düşmən kəşfiyyatçılarından gizlənərək keçirdi. Cəbhədəki topçu dəstəsinin böyük bir bölüyü də 5-ci Qafqaz piyada diviziyasının tabeliyinə verildi. İki diviziyanın sərəncamındakı hərbi qüvvələrin münasibətində də böyük bir qeyri-sabitlik var idi. Qərb cəbhəsindəki 1.500 metrlik sahədə dörd alay döyüşəcəkdi. Belə dar bir sahədə bu qədər ordunun döyüş qabiliyyətini tam göstərərək müharibədə iştirakı bir qədər çətin olardı.

Bakı işğaldan azad edilməsəydi, bu şəhərin indi Azərbaycanın paytaxtı olması sual altında qalardı. Çünki bolşeviklər Bakını Azərbaycandan ayıraraq, onu muxtar şəhərə çevirmək istəyirdilər. Qafqaz İslam Ordusu sentyabrın 13-dən 14-nə keçən gecə Bakı üzərinə başlanan növbəti hücumla qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdi. Elə həmin günün axşamı Denstervilin qoşunu gəmilərlə Bakını tərk edərək Ənzəliyə qayıtdı. Sentyabrın 15-də isə döyüşlər o qədər də uzun sürmədi. Həmin gün Sentrokaspi Diktaturası məğlub oldu. Bakının azad olunması üçün türk-Azərbaycan qüvvələrinin apardıqları iki günlük əməliyyat parlaq qələbə ilə başa çatdırıldı. Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin ilk sədri Fətəli xan Xoyski Bakının azad edilməsi uğrunda türk hərbçilərinin göstərdiyi xidmətləri Nuru paşaya müraciətində belə qiymətləndirmişdir:"Millət sizə minnətdardır".

Qafqaz İslam Ordusunun zəfər yürüşünün zirvəsi isə 1918-ci il sentyabrın 15-də Bakının azad olunması oldu. Qafqaz İslam Ordusu Gəncədən azadlıq yürüşünü başlamaqla, bolşevik-daşnak qüvvələrini darmadağın etməklə, nəhayət, 1918-ci il sentyabrın 15-də Bakı camaatı Qafqaz İslam Ordusu ilə birgə şəhərə daxil olub. Yüksək hərbi peşəkarlıqla planlaşdırılan əməliyyat qısa zamanda müstəqil Azərbaycan dövlətinin paytaxtı Bakının azad edilməsi ilə nəticələndi.

BAKI UĞRUNDA DÖYÜŞLƏRDƏ 1300-Ə QƏDƏR ŞƏHİD VERİLDİ

107 il bundan əvvəl, 1918-ci il sentyabrın 15-də Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu və Azərbaycan Korpusu Bakıya daxil olaraq şəhəri erməni-bolşevik işğalından azad etmişdir. Təbii ki, Qafqaz İslam Ordusu bu azadlıq yürüşünə başlayarkən, azərbaycanlı əhali də ərzaqdan tutmuş silaha qədər kömək edirdi. Çoxları da öz cavan övladlarını Qafqaz İslam Ordusunun tərkibinə vuruşmağa göndərirdi. Ona görə təbii ki, bir tərəfdən dinc əhali, bir tərəfdən Qafqaz İslam Ordusu mənfur düşməni Azərbaycan torpağından çıxarmaq üçün əlindən gələni etdi. Bakının erməni-bolşevik işğalından azad edilməsində düşmənin çoxlu sayda silah-sursatı da müsadirə edildi. Bakı üzərinə hücumu uğurla başa çatdırmaq üçün Qafqaz İslam Ordusunun əsgər və zabitlərinin sayı 14 minə çatırdı. Bunların 8 mini osmanlı, 6 mini isə azərbaycanlı əsgər və zabit idi. Bakı uğrunda döyüşlərdə 5-ci Qafqaz diviziyası 1300-ə qədər şəhid vermişdir. Ümumilikdə isə iyunun ortalarından sentyabrın 15-dək Qafqaz İslam Ordusunda döyüşlər zamanı şəhid olanların sayı isə təxminən 4000 nəfər olmuşdur.

Türk və Azərbaycan hərbi qüvvələrinin Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi məqsədi ilə həyata keçirdiyi birgə döyüş əməliyyatlarının uğurlu nəticələrindən biri də Qafqaz İslam Ordusunun Qarabağ hərəkatı olmuşdur. Yəni, Bakının azad edilməsindən bir neçə gün sonra Qafqaz İslam Ordusu Qarabağ bölgəsində erməni-daşnak qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qırğınların qarşısını almaq üçün ora köməyə yollandı. Qafqaz İslam Ordusunun bir hissəsi isə Dağıstan istiqamətində xilaskarlıq yürüşünü davam etdirməyə başladı. Fəaliyyət göstərdiyi dövrdə Qafqaz İslam Ordusu Göyçaydan Bakıya qədər olan əraziləri bolşevik-daşnak qüvvələrindən, Qarabağı erməni-daşnak quldurlarından, Cümhuriyyətin şimalını isə biçeraxovçu rus müdaxiləçilərindən azad etdi. Ümumilikdə, Qafqaz İslam Ordusu Azərbaycan xalqına qarşı S.Şaumyanın başçılıq etdiyi daşnak-bolşevik rejiminin həyata keçirdiyi soyqırımların dayandırılmasında və Azərbaycan Xalq Cümhuriyyətinin tarixində, xüsusilə milli ordunun yaranmasında və formalaşmasında mühüm rol oynamışdır.

Sentyabrın 16-da parlaq qələbə münasibətilə türk-Azərbaycan hərbi hissələrinin paradı keçirildi. Paradda Nuru paşa, Xəlil paşa, general Əlağa Şıxlinski, polkovnik Həbib bəy Səlimov, Azərbaycan parlamentinin, hökumətinin üzvləri və Bakı və ətraf kəndlərin sakinləri iştirak edirdilər. Paraddan sonra adları çəkilən şəxslər və hökumət rəsmiləri qoşun bölmələrinin müşayiəti ilə Bakıya daxil oldular. Möhtəşəm və tarixi qələbədən sonra Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin paytaxtı sentyabrın 17-də Gəncədən Bakıya köçürüldü. Beləliklə, Azərbaycanda dövlət quruculuğunun əsas mərhələsinə start verildi.

1918-ci il sentyabrın 15-də Bakının işğaldan azad edilməsi Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı tarixinə yazılan şanlı səhifələrdəndir. 2018-ci il sentyabrın 15-də keçirilən və Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad da iki qardaş dövlətin 100 il bundan əvvəl olduğu kimi, hər zaman bir-birinin yanında olmasını bir daha sübut etdi və bu hadisə Azərbaycanın Türkiyə ilə dost və qardaş münasibətlərinin ən yüksək zirvədə olduğunun bariz göstəricisidir.

"TÜRKİYƏ İLƏ AZƏRBAYCANIN BİRGƏ GÜCÜ DAHA DA TƏSİRLİ OLACAQ"

1918-ci il 31 Mart soyqırımı qurbanlarının, 1990-cı il 20 Yanvar, Ermənistanın təcavüzünə qarşı ölkəmizin ərazi bütövlüyü uğrunda aparılan müharibədə həlak olan şəhidlərimizin dəfn olunduğu və hər bir azərbaycanlı üçün müqəddəs olan Şəhidlər xiyabanında Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə Bakı Türk Şəhidliyi abidəsi ucaldılıb. Bu, Azərbaycan və Türkiyə xalqlarının qardaşlığının, əbədi birliyinin rəmzidir. Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq əlaqələri bu gün daha da möhkəmlənib, əməkdaşlıq genişləndirilib. Qarşılıqlı etimad, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri müasir dövrümüzdə yüksələn xəttlə inkişafdadır. Siyasi, iqtisadi, enerji, nəqliyyat - bütün sahələrdə çox böyük nailiyyətlər əldə edilib. Müasir dövrümüzdə Türkiyə və Azərbaycanın təşəbbüsü ilə ölkələrimiz və bütövlükdə bölgə üçün önəmli bir sıra layihələr həyata keçirilir.

44 günlük Vətən müharibəsində Türkiyənin qardaş, dost ölkə olaraq Azərbaycanın yanında olması əlaqələrin möhkəm təməl üzərində qurulmasına söykənir. Bütün dünyaya dostluq və qardaşlıq nümunəsi olan Azərbaycan Türkiyə birliyi hər ötən gün daha da möhkəmlənir. Türkiyə 44 günlük Vətən müharibəsində də böyük fəallıq göstərdi, ölkəmizin ədalətli mövqeyini müdafiə etdi. Dövlətlərarası münasibətlər həqiqətən də dostluğa, qardaşlığa söykənir. Türkiyə Prezidentinin 44 günlük Vətən müharibəsi zamanı çıxışlarında səsləndirdiyi fikirlər, atdığı qətiyyətli addımlar, Azərbaycanın yanında olması bu dostluğun, qarşılıqlı münasibətlərin göstəricisidir. Çətin sınaq günlərində Azərbaycan ilə Türkiyənin möhkəm və etibarlı dostluğu özünü göstərmiş oldu. Əsl qardaşlıq münasibəti dünyaya nümunəyə çevrildi.

Bu gün artıq Azərbaycan Zəfər qazanımış dövlətdir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində İkinci Qarabağ savaşının ilk saatlarından son dəqiqələrinə qədər Türkiyənin Azərbaycanın yanında olduğunu bildirib: "Əziz qardaşım, hörmətli Cümhurbaşqanı ilk saatlarda Azərbaycana dəstək göstərdi, bütün dünyaya bəyan etdi ki, Azərbaycan tək deyil, Türkiyə Azərbaycanın yanındadır. Bu, bizə çox böyük siyasi və mənəvi dəstək, əlavə güc verdi". Bu gün işğaldan azad olunan ərazilərdə aparılan quruculuq işlərində də qardaş dövlət Azərbaycanın yanındadır. Azərbaycanın azad edilmiş torpaqlarında bir çox Türkiyə şirkətləri fəaliyyət göstərir. Belə ki, işğaldan azad olunan ərazilərdə yolların salınmasında, dəmir yollarının çəkilməsində və digər layihələrin görçəkləşdirilməsində öz töhfələrini verirlər. Cənab Prezidentin bildirdiyi kimi, "Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Beləliklə, Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq".

Nəzakət ƏLƏDDİNQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 12 Sentyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qətər aldadıldığını başa düşür

11 Sentyabr 2025 08:20see499

İsaril Səudiyyə Ərəbistanının və İordaniyanın razılığını alıb Siyasi şərhçi

10 Sentyabr 2025 17:57see368

Etirazçılar magistral yolları bağlayıblar, onlarla saxlanılan var

10 Sentyabr 2025 22:31see168

Ən varlı amerikalılar onlardır Siyahı açıqlandı

10 Sentyabr 2025 22:34see163

Pentaqondan ABŞ ın Çinlə müharibəyə hazırlaşmasına REAKSİYA

11 Sentyabr 2025 00:29see141

İcbari Tibbi Sığorta Agentliyi ƏƏSMN ya birləşdirilir?

10 Sentyabr 2025 21:42see139

Mirzoyan Azərbaycanla delimitasiya prosesindən danışdı

10 Sentyabr 2025 21:44see138

Xronika: Böyük Ermənistan xülyası Hitlerlə ermənilərin gizli planı idi

11 Sentyabr 2025 01:12see136

Bakı metrosunda sərnişinləri sevindirəcək YENİLİK: Sentyabrın 15 dən...

12 Sentyabr 2025 10:54see134

Günün qoroskopu: öz ruhunuza bircə dəfə “eşidirəm səni” desəniz...

11 Sentyabr 2025 00:02see133

Yeni telefon modelləri Azərbaycanda təxminən neçə manata satışa çıxacaq?

11 Sentyabr 2025 16:00see133

Astronomlardan maraqlı kəşf: Kosmosda ulduzu yeyən müəmmalı obyekt aşkar edildi

11 Sentyabr 2025 03:16see130

Tökülən dişləri yenidən çıxardan dərman hazırlanıb

11 Sentyabr 2025 06:07see125

Təcrübəli futbolçularımız da sözlərini dedilər Rüstəm Məmmədov

12 Sentyabr 2025 00:01see123

Dollar və manatın məzənnəsi: vacib qərar verildi, bundan sonra...

11 Sentyabr 2025 08:02see122

Paşinyan Putin və Pezeşkianla görün nələrdən danışıb Özü açıqladı

10 Sentyabr 2025 18:18see121

Arıqlamağa kömək edən İÇKİ Effekti təsdiqləndi

12 Sentyabr 2025 03:32see120

Puqaçova: Vətənim məni satdı

11 Sentyabr 2025 01:17see120

“Çarli Kirk cəmiyyətin qəlbini qazandığı üçün öldürülən lider“ “Washington Examiner“

11 Sentyabr 2025 21:02see118

Formula 1 lə görə bu küçələr avtomobillər üçün bağlanır

11 Sentyabr 2025 10:09see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri