Qafqazdan Mərkəzi Asiyaya dostluq və qardaşlıq körpüsü
Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çolpon-Ata Bəyannaməsi Azərbaycanın “C6” formatında rolunu gücləndirəcək
Prezident İlham Əliyevin iyulun 30–31-də Qırğızıstana dövlət səfəri çərçivəsində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi Məşvərət Görüşündə iştirakı xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın artıq bu platformada tamhüquqlu üzv kimi təmsil olunması əməkdaşlıq formatına yeni məzmun qazandırmaqla yanaşı, Xəzər hövzəsində, eləcə də Orta Dəhliz boyunca siyasi, iqtisadi və nəqliyyat əlaqələrinin daha da dərinləşməsinə mühüm töhfə verir.
Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə tamhüquqlu iştirakı barədə qərar 2025-ci il noyabrın 16-da Özbəkistanın paytaxtı Daşkənddə keçirilən VII Məşvərət Görüşündə qəbul edilib. Bu qərar Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əməkdaşlığın inkişafı baxımından tarixi hadisə hesab olunur. Azərbaycanın qoşulması ilə indiyədək “C5” kimi tanınan əməkdaşlıq formatı, faktiki olaraq, “C6” formatına çevrilib. Bu isə iki region arasında vahid əməkdaşlıq məkanının formalaşmasına və qarşılıqlı inteqrasiyanın daha da dərinləşməsinə geniş imkanlar açır.
Prezident İlham Əliyev qeyri-rəsmi Məşvərət Görüşündə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə münasibətlərinin mahiyyətini belə ifadə edib: “Mərkəzi Asiya ölkələri ilə münasibətlər Azərbaycanın xarici siyasətinin prioritetlərindən biridir. Sadəcə qarşılıqlı səfərlərin dinamikasını söyləmək kifayət edər. Mən 2023-cü ilin əvvəlindən bu günə qədər Mərkəzi Asiyanın qardaş ölkələrinə ümumilikdə 16 dəfə səfər etmişəm, həmin ölkələrdən həmkarlarım isə 26 dəfə Azərbaycanda səfərdə olublar. Yəni statistika münasibətlərin dinamikası və yaxınlığından daha yaxşı xəbər verir, həm də göstərir ki, bu gün Mərkəzi Asiya və Azərbaycan artıq vahid geosiyasi və geoiqtisadi məkana çevrilib”.
Azərbaycanın bu əməkdaşlıq formatında rəsmi şəkildə təmsil olunması regionun beynəlxalq nüfuzunu və geosiyasi çəkisini daha da artırır. Xüsusilə rəsmi Bakının iştirakı Mərkəzi Asiya ölkələri üçün beynəlxalq nəqliyyat, logistika və energetika sahələrində yeni əməkdaşlıq imkanları yaradır. Azərbaycanın əlverişli coğrafi mövqeyi Mərkəzi Asiyanı Avropa bazarları ilə birləşdirən ən etibarlı marşrutlardan birini formalaşdırır ki, bu da həm Azərbaycanın, həm də region ölkələrinin iqtisadi inkişafına mühüm töhfə verir.
Bu gün Azərbaycan və Mərkəzi Asiya ölkələri Şərqlə Qərbi, eləcə də Şimalla Cənubu birləşdirən mühüm nəqliyyat qovşağı rolunu oynayır. Regiondan keçən beynəlxalq nəqliyyat marşrutları strateji əhəmiyyət daşıyır. Bu baxımdan Orta Dəhlizin rolu xüsusilə diqqət çəkir. Son illərdə nəqliyyat və logistika infrastrukturunun modernləşdirilməsi, gömrük prosedurlarının uyğunlaşdırılması və rəqəmsallaşdırılması istiqamətində görülən işlər yükdaşımaların həcminin artmasına, iqtisadi dayanıqlılığın möhkəmlənməsinə və beynəlxalq bazarlara çıxış imkanlarının genişlənməsinə şərait yaradıb. Təkcə 2022–2025-ci illər ərzində Orta Dəhliz vasitəsilə Azərbaycandan keçən yükdaşımaların həcmi 90 faiz artıb, marşrut üzrə daşınma müddəti isə əhəmiyyətli dərəcədə azaldılıb.
Qeyd edilməlidir ki, Azərbaycan artıq geniş tranzit və logistika imkanlarına malik beynəlxalq nəqliyyat qovşağı kimi tanınır. Ölkə əlverişli coğrafi mövqeyi ilə kifayətlənməyərək son illər nəqliyyat infrastrukturuna milyardlarla dollar investisiya yatırıb. Buraxılış qabiliyyətinin yaxın illərdə 25 milyon tona çatdırılması planlaşdırılan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük yük aviaşirkəti və Xəzər dənizində ən böyük ticarət donanması Azərbaycanın bu sahədə lider mövqeyini daha da möhkəmləndirir.
Bundan başqa, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizi də (TRIPP) Orta Dəhlizin əsas arteriyalarından birinə çevriləcək. İlkin mərhələdə 15 milyon ton yükdaşıma gücünə malik olacaq bu marşrut Avropa ilə Asiya arasında yük axınını daha da sürətləndirəcək. Məhz buna görə də Orta Dəhlizin inkişafı Məşvərət Görüşünün əsas prioritet istiqamətlərindən biri kimi diqqət mərkəzində saxlanılır.
Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıq nəqliyyat sahəsi ilə yanaşı, regionun uzunmüddətli inkişafını müəyyənləşdirən geniş məsələlər spektrini əhatə edir. Burada siyasi dialoqun dərinləşdirilməsi, Xəzər hövzəsində əməkdaşlığın genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması, nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi, enerji layihələrinin reallaşdırılması, rəqəmsal transformasiya, “yaşıl enerji”, iqlim dəyişikliklərinə uyğunlaşma, su ehtiyatlarının idarə olunması, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi və humanitar əməkdaşlıq kimi strateji istiqamətlər müzakirə edilir. Bu mövzular üzrə qəbul olunan qərarlar regionun gələcək inkişaf prioritetlərini müəyyənləşdirir.
Əməkdaşlığın mühüm istiqamətlərindən biri də rəqəmsal bağlantıların gücləndirilməsidir. Bu baxımdan “Rəqəmsal İpək Yolu” layihəsi xüsusi əhəmiyyət daşıyır. Layihə çərçivəsində Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilməsi nəzərdə tutulur. Eyni zamanda, Xəzərin dibi ilə elektrik kabelinin inşası layihəsi Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin “yaşıl enerji” potensialının dünya bazarlarına çıxarılması üçün yeni imkanlar yaradır.
Məşvərət Görüşü yalnız çoxtərəfli əməkdaşlıq baxımından deyil, ikitərəfli münasibətlərin inkişafı üçün də mühüm siyasi platformadır. Görüş çərçivəsində keçirilən ikitərəfli təmaslar zamanı müxtəlif sahələr üzrə yeni sazişlər, memorandumlar və investisiya layihələri razılaşdırılır. Təcrübə göstərir ki, bu cür platformalar dövlətlər arasında qarşılıqlı etimadın möhkəmlənməsinə, siyasi dialoqun genişlənməsinə və əməkdaşlığın konkret nəticələr verməsinə əlverişli şərait yaradır.
Məşvərət Görüşünün builki iclasını əlamətdar edən əsas məqamlardan biri isə Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri ilə eyni vaxta təsadüf etməsi oldu. Səfər Azərbaycan–Qırğızıstan münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyan mühüm siyasi hadisə kimi yadda qaldı. Dövlət səfəri çərçivəsində aparılan danışıqlar və imzalanan sənədlər iki ölkə arasında əməkdaşlığın müttəfiqlik səviyyəsinə yüksəldiyini bir daha nümayiş etdirdi.
Prezident İlham Əliyev qeyri-rəmi Məşvərət Görüşündə çıxışı zamanı bu barədə deyib: “Əvvəlcə, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının Məşvərət Görüşündə iştirak etmək üçün dəvətə görə Qırğızıstan Prezidentinə təşəkkürümü bildirirəm... Eyni zamanda, Qırğızıstanda dövlət səfərindəyəm. Bu gün həmkarım Sadır Nurqojoyeviç ilə ikitərəfli qarşılıqlı fəaliyyətimizin geniş gündəliyinə dair ətraflı müzakirələr apardıq. İkitərəfli əlaqələrin uğurlu inkişafını müəyyənləşdirəcək böyük sənədlər zərfi imzalandı. Amma imzalanan sənədlər arasında müttəfiqlik münasibətləri haqqında Müqaviləni xüsusi qeyd etmək istərdim. Bu, iki qardaş ölkə arasında münasibətləri müttəfiqlik səviyyəsinə qaldıran qarşılıqlı fəaliyyətin ən yüksək dərəcəsidir”.
Dövlət başçısı Azərbaycan ilə Qırğızıstan arasında iqtisadi əməkdaşlığın da dinamik inkişaf etdiyini vurğulayaraq bildirib: “Bu gün imzaladığımız sənədlərdən biri də birgə Azərbaycan–Qırğızıstan İnkişaf Fondunun vəsaitlərinin 100 milyon dollardan 200 milyon dollara çatdırılmasını nəzərdə tutur. Görülən işlər, birgə fondun maliyyələşdirilməsi çərçivəsində artıq həyata keçirilən layihələr haqqında bizə məlumat verildi. Bir neçə müəssisə artıq fəaliyyət göstərir, amma potensial da kifayət qədər böyükdür”.
Qeyd edək ki, Qırğızıstanda keçirilən Məşvərət Görüşünün yekunu olaraq Çolpon-Ata Bəyannaməsi imzalanıb. Bəyannamə tərəflərin ortaq siyasi iradəsini əks etdirən, əməkdaşlığın prioritet istiqamətlərini müəyyənləşdirən və gələcək qarşılıqlı fəaliyyətin əsas prinsiplərini təsbit edən mühüm siyasi sənəd kimi qiymətləndirilir. Sənəd Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın daha da institusionallaşdırılmasına, regional inteqrasiyanın dərinləşdirilməsinə və qarşılıqlı fəaliyyətin uzunmüddətli strateji əsaslar üzərində qurulmasına xidmət edir.
Azərbaycan və Mərkəzi Asiya arasında ticarət, investisiya və nəqliyyat-logistika əməkdaşlığıdır. Sənəd ticarət dövriyyəsinin artırılması, sənaye kooperasiyasının genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi və nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi regionun iqtisadi potensialından daha səmərəli istifadə üçün əlverişli imkanlar yaradır.
Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) inkişafına verilən önəm Azərbaycanın Avropa ilə Asiyanı birləşdirən etibarlı tranzit mərkəzi kimi mövqeyini daha da möhkəmləndirir. Bu marşrut yükdaşımaların sürətlənməsinə, beynəlxalq ticarətin genişlənməsinə və Mərkəzi Asiya ölkələrinin qlobal nəqliyyat şəbəkələrinə inteqrasiyasına mühüm töhfə verir. Alternativ nəqliyyat marşrutlarının qarşılıqlı əlaqələndirilməsi isə regionun logistika imkanlarını daha da genişləndirəcək.
Energetika sahəsində əməkdaşlığın, xüsusilə “yaşıl enerji” istiqamətinin ön plana çəkilməsi tərəflərin qlobal enerji keçidi prosesində ortaq maraqlarını nümayiş etdirir. Azərbaycanın bərpaolunan enerji sahəsində həyata keçirdiyi layihələr, Mərkəzi Asiya ölkələrinin zəngin enerji resursları ilə birlikdə, gələcəkdə genişmiqyaslı regional əməkdaşlıq üçün möhkəm zəmin formalaşdırır. Bununla yanaşı, enerji təhlükəsizliyinin gücləndirilməsi və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi regionun iqtisadi dayanıqlılığını artıran əsas amillərdən biri kimi çıxış edir.
Bəyannamədə rəqəmsal transformasiya da prioritet istiqamətlər sırasında yer alır. Rəqəmsallaşma, innovasiya, elm və texnologiya, süni intellekt, rəqəmsal infrastruktur və kosmik texnologiyalar sahələrində əməkdaşlığın genişləndirilməsi müasir inkişaf modelinin ayrılmaz tərkib hissəsi kimi qiymətləndirilir. Bu istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsi, elmi bilik və qabaqcıl texnologiyaların mübadiləsi region ölkələrinin iqtisadiyyatlarının şaxələndirilməsinə, innovasiya potensialının artırılmasına və insan kapitalının inkişafına mühüm töhfə verə bilər.
Musa BAĞIRLI
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:165
Bu xəbər 01 Avqust 2026 13:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















