Qarabağ fatehinin “Böyük Qayıdış” missiyası
Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.
Zəngəzur və Araz dəhlizləri bərpa-quruculuğa əlavə qapı açacaq
Biz “Böyük Qayıdış” Proqramının başlanğıcını da Zəngilan rayonunda qoyduq. Birinci kənd – Ağalı kəndində artıq üç il yarımdır ki, insanlar yaşayır və çox gözəl şərait yaradılmışdır və gözəl də saxlanılır. Mən indi Ağalının içi ilə keçdim və yeni binalarla tanış olarkən gördüm ki, bütün həyətyanı sahələr, sanki, gözəl bir bağa çevrilib. Biz buranı keçmiş köçkünlərə təhvil verəndə qupquru bir yer idi. Necə ki, indi Məmmədbəyli kəndində də hələ ki, o qədər də çox ağac yoxdur. Ancaq illər keçdikcə vətəndaşlar özləri qurub-yaradırlar, əkib-becərirlər.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Zəngilan, 28 oktyabr 2025-ci il
Dövlət başçımızın oktyabrın 28-də Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündən hazırlanmış televiziya verilişinə baxanda, daha doğrusu, qarşılıqlı təbəssümləri görəndə, Prezidentin əminliyinə, sakinlərin məmnunluğuna şahidlik edəndə istər-istəməz sinəmizi qürur hissi ilə dolduran başqa bir fakt yada düşdü. Bu il iyulun 19-da Prezident İlham Əliyev Türkiyənin Kahramanmaraş şəhərində dəhşətli zəlzələdən sonra tikilmiş “Azərbaycan məhəlləsi”nin açılış mərasimində iştirak edirdi. Dövlət başçımızın oradakı çıxışında Azərbaycanın hər zaman Türkiyənin yanında, Türkiyənin də daim Azərbaycanın yanında olduğunu xatırlatmasından sonra yerli sakinlər İlham Əliyevin ünvanına sürəkli olaraq “Qarabağın fatehi” ifadəsini səsləndirmişdilər. Yeri gəlmişkən, Ali Baş Komandanımızın tarixi Zəfərinə həsr edilmiş “Qarabağın fatehi” adlı mahnı da son zamanlar dost və qardaş ölkələrdə dalğa-dalğa yayılır.
Ancaq Azərbaycan Prezidentinin özünün fikrincə, bizim ən böyük uğurumuz otuz il ata-baba yurdundan didərgin salınmış insanların öz ev-eşiklərinə qaytarılmasını təmin etməyimizdir. Çünki bu qayıdış yüz minlərlə insanın hüquqlarının bərpası, Azərbaycan torpaqlarında haqq-ədalətin bərqərar edilməsidir. Oktyabrın 28-də biz həmin istiqamətdə atılmış növbəti addımların da şahidi olduq.
Dövlət başçımız fəxrlə söylədi ki, bu gün Ağalı və Məmmədbəyli kəndlərinin sakinləri üçün çox sevincli bir gündür: “Ağalı kəndində əlavə 100 ailə yerləşəcək. Ağalının hüdudları demək olar ki, daha da böyük olur. Məmmədbəyli kəndində isə 180 ailə üçün gözəl evlər, yaraşıqlı binalar inşa edilib. Mən bilirəm ki, siz bu gün buraya gəlmisiniz, hələ demək olar ki, yerləşməmisiniz. Ancaq, əlbəttə ki, gələn günlər ərzində burada tam yerləşib öz doğma dədə-baba torpağınızda rahat, firavan həyat yaşayacaqsınız. Sizi bu münasibətlə ürəkdən təbrik edirəm”.
Bəli, həmin sakinlər, həqiqətən, təbrik edilməlidir və təbii ki, öz aralarında bir-birinə min dəfələrlə gözaydınlığı veriblər. Ancaq bu qayıdışla bağlı təbrikin məhz qalib sərkərdənin dilindən eşidilməsi nəinki Ağalı və Məmmədbəyli kəndlərinin sakinləri üçün, hətta bütün qaçqın və məcburu köçkünlərimiz üçün, sözün həqiqi mənasında, qürur mənbəyidir. Onlar on ildən, iyirmi ildən sonra nəvələrinə danışacaqlar ki, biz otuz il həsrətini çəkdiyimiz, düşmənin viranəyə çevirdiyi doğma torpaqlarımıza qayıdanda nə qədər xoşbəxt idiksə, yeni tikilmiş evlərin açarlarını bizə verən Prezidentlə səmimi söhbət edəndə də elə o qədər qürurlu idik. Deyəcəklər ki, həmin gün biz adi bir prezidentlə görüşməmişdik, biz bütün dünyadakı haqsızlıqlara çəkinmədən sinə gərən və Ermənistana himayədarlıq edən güclü dövlətlərin siyasətinə mərdliklə qalib gəlmiş Prezidentlə görüşmüşük.
Xalqımızın qarşısında üzüağ, qaçqın və köçkünlərimizin yanında başıuca olan dövlət başçımız oktyabrın 28-də xatırlatdı ki, bu gün Zəngilan şəhərində də birinci yaşayış kompleksinin tikintisi yekunlaşmaq üzrədir. Eləcə də məktəb və xəstəxananın tikintisi başa çatmaqdadır. Zəngilan məscidi isə artıq istifadəyə verilmişdir: “Konqres Mərkəzi, Zəngilan Beynəlxalq Hava Limanı. Yəni bura, bu bölgə çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi buradan keçəcək. Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq – qurduğumuz şəhərlər və kəndlər bunu göstərir”.
Dövlət başçımızın həmin gün Cəbrayıl rayonunun Horovlu kəndinin sakinləri ilə görüşü isə başqa bir baxımdan maraqlı idi. Rəsmi mənbələrdə bildirilir ki, rayonun düzənlik ərazisində yerləşən bu yaşayış məntəqəsini XVIII əsrin əvvəllərində Cənubi Azərbaycanın Horov kəndindən gələn ailələr saldığı üçün kənd belə adlandırılıb. Burada əsrlər boyu əhalinin əsas məşğuliyyət sahəsi üzümçülük, heyvandarlıq və taxılçılıq olub. Bu kənddə, eyni zamanda, bir sıra tarixi-dini abidələr, o cümlədən Cinlitəpə yaşayış yeri, “Çələbi ocağı” və “Qarı ocağı” ziyarətgahları yerləşib.
Prezidentin Horovlu kənd sakinləri ilə görüşündə xatırladıldı ki, dövlət onlar üçün gözəl binalar, məktəb, uşaq bağçası, tibb məntəqəsi tikib və yeni iş yerləri yaradılır. İstifadəyə verilən 334 evdə birinci mərhələdə 1400 insan məskunlaşacaq. Dövlət başçımız xatırlatdı ki, işğala qədər Horovlu kəndində 1500 adam yaşayırdı: “İndi təbii ki, ailələr böyüyüb və horovluluların sayı 2 mindən bir qədər çoxdur. İkinci mərhələdə digər vətəndaşlar üçün də evlər tikiləcək. Ancaq hesab edirəm ki, birinci mərhələdə görülən bu işlər təqdirəlayiqdir. Burada rahat, xoşbəxt həyat sürmək üçün bütün imkanlar var”.
Xatırladaq ki, bu gün bütün Qarabağ və Şərqi Zəngəzur tikinti meydançasına çevrilib. Artıq 50 mindən çox insan Qarabağda, Şərqi Zəngəzurda yaşayır, çalışır, təhsil alır. Onlardan təqribən 20 mini keçmiş köçkünlərdir ki, öz vətəninə, doğma torpağına qayıdıblar. Qalanlar isə müxtəlif işlərdə çalışan vətəndaşlardır.
Prezidentin Horovlu kənd sakinləri ilə görüşü barədə açdığımız söhbətin əvvəlində tarix boyu burada yaşayan insanların əsas məşğuliyyətini yada salmağımız təsadüfi deyildi. Çünki Prezident bu kəndin sakinləri ilə söhbət əsnasında aqrar məsələlərə xüsusi yer ayırmışdı: “İndi kənd təsərrüfatını daha müasir üsullarla inkişaf etdirmək üçün imkanlar var. Burada həm aqroparklar yaradılır, eyni zamanda, kənd təsərrüfatı ilə məşğul olanlar üçün torpaq sahələri, əkin-biçin və heyvandarlıqla bağlı şərait də yaradılacaq. Artıq azad edilmiş bir çox kəndlərdə kənd təsərrüfatı ilə məşğul olanlar var. Həm maldarlıqla, arıçılıqla məşğul olan var, həm də meyvə bağları, üzüm bağları salınır. Yəni bu kəndin ətrafı da kəndin özü kimi gözəl olmalıdır. Onu da siz etməlisiniz. Dövlət də təbii olaraq sizə öz dəstəyini verəcək”.
Sonda xatırladaq ki, bu görüşlər təkcə bərpa, tikinti, quruculuq, qayıdış məsələləri ilə yekunlaşmadı. Dövlət başçımız bu görüşlərdən həm də beynəlxalq aləmdəki bədxahlarımıza mühüm mesajlar göndərilməsi üçün də istifadə etdi: “Qarabağ bundan sonra daha çox inkişaf edəcək. Əsas odur ki, burada insanlar yerləşsin, uşaqlar çoxalsın, ailələr böyüsün, işlər getsin. Abadlıq-quruculuq, xoşbəxt həyat və sülh. Bundan sonra heç kim bizə qarşı baş qaldıra bilməz. Heç kim, heç kim!”.
Sakinlər: Sayənizdə, “Dəmir yumruq” sayəsində.
Prezident İlham Əliyev: “Əgər kimsə baş qaldırsa, yenə də “Dəmir yumruğu” görəcək”.
İttifaq MİRZƏBƏYLİ,
Əməkdar jurnalist
Baxış sayı:35
Bu xəbər 30 Oktyabr 2025 10:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















