Qarabağ mövzulu əsərlər: ədəbi tənqidin gözü ilə
Icma.az bildirir, 525.az saytına əsaslanaraq.
Ədəbiyyatşünas alim Vaqif Yusiflinin "Qarabağ şeirimizdə, nəsrimizdə" kitabı Qarabağ problemini, Qarabağ kədərini və Qarabağ sevdasını özündə əbədiləşdirən söz-sənət salnaməsidir desək, yanılmarıq. Sözün layiqli dəyərini verən müəllif adıçəkilən əsərində: "Ədəbiyyat zaman qarşısındakı sınaqdan neçə qiymətlə çıxdı? Ümumiyyətlə çıxa bildimi?" kimi sualları cavablandırır. Bəxtiyar Vahabzadənin, Xəlil Rza Ulutürkün, İsmayıl Şıxlının, Yusif Səmədoğlunun, Sabir Rüstəmxanlının, eləcə də başqa şair və yazarların meydan hərəkatında milyonlarla insanı sözün arxasınca apara bilməsini ədəbiyyatın öz missiyasını yerinə yetirməsi kimi dəyərləndirir. Onun fikrincə, xalqı müstəqilliyə və qələbəyə aparan yol həm də ədəbiyyatdan keçirdi. Əgər Qarabağ ədəbiyyatda bir vaxtlar "Külli Qarabağın abi həyatı, Nərmü nazik bayatıdır, bayatı", - deyən Vidadinin, yaxud Mir Möhsün Nəvvabın, Molla Pənah Vaqifin qələmi ilə vəsf və tərənnüm olunurdusa, başının üstünü qara duman alanda onun tarixindən, keçmişindən danışılır, qarı düşməndən müdafiə və himayəsi barədə düşünülürdü. Qarabağın qara günlərində şeirin intonasiyası da, temp və tonu da dəyişir, nidaların sayı artırdı. Məmməd Araz "Ayağa dur, Azərbaycan!", Zəlimxan Yaqub "Dur ayağa, məmləkətim!" deyirdi. 30 illik poeziya tarixində bu dəyişən, gah çağırışa, haraya, səfərbərliyə, gah ağıya, mərsiyəyə, bayatıya çevrilən nidaları izləyən müəllif elə şairlərin özü qədər həyəcanlanır, onları qəlbən hiss edir, həmin ağrıları öz içindən də keçirir. Vətənin ağrıları övladların sinəsində də hiss olunur.
Nidaların içində İsa İsmayılzadənin bir övlad qayğıkeşliyi ilə səslənən "Haran ağrıyır, Vətən?" - sualı eşidilir. Ələmdar Quluzadənin "Qadan mənə, Qarabağ!" xitabının sədası dalğalanır. Bu o zaman idi ki, ədəbiyyatşünaslıq Yaşar Qarayevin qələmi ilə Vətənin ağrılı yerini düzgün təsbit edirdi: "Taledə, milli qismətdə infarktın tarixi vətəninə, ürəkdə eksperimental cərahiyyə poliqonuna Azərbaycan sonralar da çevrildi. Axırıncı infarkt Qarabağda baş verdi. Dünya bizim üçün bu dəfə Şuşada məhvərindən çıxdı. Hamlet demişkən, zamanın bağları Qarabağda qırıldı. O vaxtdan Şuşasız (məhvərsiz) dünyada yaşayırıq. Əli xaç nişanlı, bıçaqlı yad cərrah bu dəfə də zərbənin ən dəqiq ünvanını - Vətənin bağrını seçdi". Ədəbiyyatşünaslığın dəqiq diaqnoz qoyduğu Vətən ağrılarına qələm əhli sözlə məlhəm çəkməyə başladı.
"Haçansa, televiziya kanallarından birində kimsə deyirdi ki, son illər Qarabağ mövzusunda əsərlərimiz yoxdur. Amma görünür, o adamın bu mövzuda yazılan əsərlərdən xəbəri yoxdur", - deyən Vaqif Yusifli "Qarabağ şeirimizdə, nəsrimizdə" kitabında xalqımızın 1990-2020-ci illərdə Qarabağ hadisələrinin hər məqamı haqqında yazılmış əsərlərdən bəhs edir. Bu həm də yarım əsrdən bəri fəaliyyəti bədii yaradıcılıq mühiti ilə qovuşaraq irəliləyən görkəmli ədəbi tənqidçimizin möhtəşəm qələbəmizin beş illik tarixinə ədəbiyyatşünaslıq hesabatıdır. Kitabda Qanlı Yanvar və Xocalı faciələrindən başlayaraq tarixi hadisələrin təqdim olunduğu bədii nümunələrin ardıcıllıqla verilməsi baş verən olayların xalqımızın iç dünyasında yaşanma tərzinin əks-sədasıdır.
Həmin dövrün bədii əsərlərində yüksək vətənpərvərlik hissləri aparıcı motiv idi. Şairlər kiçik bir dövlətin xam xəyallarına qol-qanad verən güclü dövlətləri kəskin qınağa çəkir, köməksiz qalmış vətən oğullarına: "Ümid sənədir ancaq, Azərbaycan əsgəri" (Qabil), - deyə üz tuturdular. V.Yusifli poeziyanın ən səciyyəvi nümunələrində qanlı vuruşların məğlubiyyət acılarını yaşayanlara: "Qeyrət, a vətəndaşlar, Hümmət, a vətəndaşlar" (Qabil), - deyə təpər verən şeirlərin ardınca:
Barışqanlıq cinayətdir,
Alışqanlıq cinayətdir,
Çadırlara alışmayın! -
kimi poetik nidaların zamanın əzablı, xəcalətli səsi, harayı kimi yaddaşlara yazıldığını xatırladır. İsa İsmayılzadənin kövrək, həssas duyğularla dolu çox təsirli "Haran ağrıyır, Vətən?!" poemasının da məhz o günlərdə yarandığını nəzərə çatdırır.
Kitabı oxuduqca xalqın otuz ildən bəri iç dünyasında yaşananları milli yaddaşda əbədiləşdirən şairlərimizi ehtiramla yad etməklə bərabər, həm də tariximizin çox ağrılı dönəminin bədii səlnaməsini hazırlayanların zəhmətinə yüksək dəyər verildiyini görürük.
Bu şeirlər elə bir ardıcıllıqla təhlilə cəlb olunur ki, sanki xalqın 30 ildən bəri Qarabağ yaşantılarının poetik kardeoqrammasını izləyirik.
Şeir sərrafı Vaqif Yusifli ötəri yazdığı bir qeydi ilə əsərlərindən bəhs etmədiyi şairlərə də sözünü deyir: "...əksər şeir nümunələri üzərində dayanmaq istəmirik, çünki başqa mövzularda olduğu kimi burada da xaltura çoxdur". Yaxud: "Ona görə poetik yanğı deyirəm ki, bu gün Qarabağdan söz açan şairlərin çoxunda məhz bu yanğı görünmür. İstəməzdim ki, dərdli Qarabağa dərdsiz ürəklərin sönük işartısı qarışsın".
Vaqif müəllim ömrü qələbəni görməyə vəfa etməyən şair və ədiblərimizi də ehtiramla yad edir. "Doğrudur, indi üstündən illər keçib, o dövr şairlərinin bir çoxu dünyasını dəyişiblər, amma yazdıqları şeirlər Qarabağın yaxın tarixinin lirik dastanı olaraq qalır".
O, Cabir Novruzun "Azərbaycan" poemasında xalqın qeyrətli oğullarının məğlubiyyətlə barışmadıqlarını, mübarizə əzmlərinin çox kəskin hissiyyatla qələmə alındığını vurğulayır:
Düz on ildir, nə gecəm,
Nə gündüzüm yox.
Düz on ildir, el içində
görünməyə bir üzüm yox.
...qovruluram, odlanıram, hayqırırıam,
Düz on ildir, "Şuşa!" - deyib qışqırıram...
Düz on ildir, göz yaşları ürəyimə
Gildir-gildir axır mənim.
Kitabda Qarabağ bədii salnaməsinin yeni bir yarpağı kimi Əşrəf Veysəllidən də nümunə verilir:
Gözəl Qarabağın acı həsrəti
Ömrümü talayır, könlümü didir.
Orda uşaqlığım əsirlikdədir,
Burda qocalığım xəcalət çəkir.
Yaradıcılığını müasir dövrün "Qarağnamə"si adlandırdığı Ələmdar Quluzadənin:
Dünyada kişi varsa,
Dünya gədənin deyil...
Bu alova bürünüb,
Bu inamla yanıram,
O gün dan yerindədir -
O günə inanıram -
səpkili, sabaha ümid və inam aşılayan şeirləri təhlilə cəlb edilir, onun əsərləri müharibə dövrünün ictimai-siyasi, mənəvi ab-havasının, həqiqətlərin poetik əksini tapdığı nümunələr kimi təqdim olunur.
Tədqiqatçı alim 90-cı illərdə yaranmış poeziyanı ümumiləşdirərkən belə bir arzusunu ifadə edib: "Atəşkəs rəsmi şəkildə elan edilsə də, poeziyamızda atəşkəs olmasın". Vaqif müəllim bilirdi ki, sərhəddə, cəbhədə atəşkəs ola bilər. Amma humanitar təfəkkürdə, ədəbiyyat və mədəniyyətdə atəşkəsin olması yaddaşın öləziməsinə, manqurtluğa qədər gətirib çıxara bilər. Yaddaşın zəifləməsi isə tarixin uduzması demək idi, coğrafiyanın uduzması demək idi. Qabil atəşkəs elan olduğu vaxtlarda:
Tayfa deyil, millətik biz.
Bir evik, bir kütləyik biz,
Saraylara şöhrətik biz,
Çadırlara alışmayın -
deyə həyəcan təbili çalırdı.
Dövrün poeziyasında məhəbbət, təbiət, dostluq mövzularına az təsadüf edilirdi. Şeirin ana mövzusu Qarabağ idi. Sanki qələm adamları Qarabağdan başqa mövzuda yazmağı özlərinə yasaq bilirdilər, az yazdıqları üçün özlərini ittiham edirdilər. Rizvan Nəsiboğludan verilən nümunədə oxuyuruq:
Gündə bir az unuduruq Qarabağı,
Hər gün bir az unudulur o dağ, o daş.
Unuduruq kitab-kitab, unuduruq yaddaş-yaddaş...
Şair özü unutmamağın yolunu öyrədir:
Yurd yerinə yürüş eylə,
Dizin-dizin öp torpağı.
Bələkdəki çağana da,
- Yatanda da "Qarabağ" de!
Duranda da "Qarabağ" de!
Əsir düşsən, girov düşsən -
Qarı düşmən
Dizlərini qıranda da,
"Qarabağ" de!"
"Qarabağ dərdini poeziya dərdinə çevirənlər"in hamısı - Hüseyn Kürdoğlu, Fikrət Qoca, Əbülfət Məmmədoğlu, Əli Mahmud, Mətləb Misir, Elçin İsgəndərzadə və digər söz adamlarının yaratdığı nümunələrin əksəriyyəti haqqında danışdığımız kitabda təhlilə cəlb olunub.
Kitabda təkcə poeziya deyil, həm də müharibədən bəhs olunan nəsr əsərlərindən bəhs olunur. Tənqidçi 1990-2010-cu illərdə nəsrdə Qarabağ mövzusunda yazan təcrübəli tanınmış yazıçıların roman və povestlərinin təhlili ilə yanaşı, nisbətən gənc yazıçıların da əsərlərinə müraciət edir. Aqil Abbasın, Elçinin bu mövzuya gətirdikləri yeni süjetlərdən bəhs edən V.Yusifli Mustafa Çəmənlinin, Səyyad Aranın, Elçin Hüseynbəylinin, Sevinc Nuruqızının, Vüsal Nurunun müəllifi olduqları povest və romanların müstəqillik dövrü nəsrimizdəki tutduqları mövqedən söz açır.
Qəribə bir tarixi dövr yaşadıq və xalqımızın tarix boyu can atdığı milli müstəqilliyimizə qovuşduq; igid oğullarımızın sayəsində gözəl torpaqlarımızı geri qaytardıq, ədəbiyyat müqəddəs ideal naminə yazıldı-yaradıldı.
İndi beş illiyini qeyd etdiyimiz şanlı zəfərin, qələbənin müəlliflərindən biri də məhz ədəbiyyatdır, yaddaşı oyaq və diri saxlayan ədəbiyyat. Sözün estetik tutumu, fəlsəfi yükü tarixi torpaqlarımızın azad olunmasında silah qədər fəal oldu. Biz köksümüzü qabardan qələbəmizi qılıncın və qələmin birgə gücüylə əldə etdik. İndi ədəbiyyatdan qələbəmzin, zəfərimizin doğurduğu böyük sevincin vəsfini gözləyirik. Məşhur bir fikirdə deyildiyi kimi: müharibədən, zəfərdən ən yaxşı əsərlər müharibədən çox sonralar yazılır.
Safurə QULİYEVA,
Aygün BAĞIRLI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:37
Bu xəbər 19 Noyabr 2025 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















