Qarabağda tapılan kütləvi məzarlıqlar
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bu günədək işğaldan azad edilmiş ərazilərdə itkin düşmüş şəxslərin dəfn olunduğu ehtimal edilən 28 kütləvi məzarlıq müəyyənləşdirilərək qazıntı və ekshumasiya işləri aparılıb. Həmin 28 kütləvi məzarlıqdan bütövlükdə 218 şəxsə aid olduğu ehtimal olunan meyit qalıqları aşkarlanaraq ekshumasiya edilib. Aparılan anatomik və molekulyar-genetik ekspertizaları nəticəsində onlardan 60 nəfərinin şəxsiyyəti müəyyənləşdirilərək ailələrinə təhvil verilib.
Vətən müharibəsində əldə olunan böyük zəfərdən sonra Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının qarşısına Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində itkin düşmüş vətəndaşların taleyinin müəyyən edilməsi kimi mühüm vəzifə qoyulub. 2021-ci ildən etibarən işğaldan azad olunan ərazilərdə bu işin icrasına başlanılıb. İtkin düşmüş şəxslərə aid məzar yerlərinin axtarışı, qazıntı və aşkarlanmış meyit qalıqlarının ekshumasiyası işi Dövlət Komissiyasının sədri Əli Nağıyevin rəhbərliyi və gündəlik nəzarəti altında aidiyyəti dövlət qurumlarının, o cümlədən İşçi qrupunun mütəxəssisləri tərəfindən həyata keçirilir.
Dövlət Komissiyası tərəfindən aparılan araşdırmalarla Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Birinci Qarabağ müharibəsində ölkənin 20 şəhər və rayonu ərazisində təxminən 31 qəbiristanlıqda tanınmadan dəfn edilən şəhidlərə aid 200-dən çox məzar müəyyən edilib. Həmin məzarlar Dövlət Komissiyasının İşçi qrupu tərəfindən Vətən müharibəsinədək olan dövrdə müəyyən edilərək qeydiyyata alınıb.
Dövlət Komissiyası sədrinin müvafiq tapşırığı ilə 2021-ci ildən etibarən Baş Prokurorluqla birlikdə həmin məzarların ekskumasiya işlərinə başlanılıb. Ekshumasiya prosesində 210 nəfərə aid meyit qalıqları aşkarlanaraq götürülmüşdür. Naməlum məzarlıqlar üzrə 90 itkin-şəhidin şəxsiyyəti eyniləşdirilərək ailələrinə təhvil verilib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev bildirib ki oktyabrın 1-nə olan məlumata əsasən, 800-ə yaxın itkin düşmüş şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb. Bu kontekstdə həmin ərazilərdə aparılan qazıntılar zamanı aşkarlanan 29 kütləvi məzarlıqdan 218 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları müəyyən olunaraq istintaq orqanları nümayəndələrinin iştirakı ilə ekshumasiya edilib: "Həmin ərazilərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri və həyata keçirilən digər təxirəsalınmaz tədbirlər nəticəsində 342 şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkar olunaraq ekshumasiya edilib. Bundan başqa, I Qarabağ müharibəsində həlak olmuş və respublikanın 20 şəhər və rayonunun ərazisində yerləşən 31 qəbiristanlıqda tanınmadan dəfn edilən naməlum şəhid məzarlarından 210 nəfərə aid meyit qalığı ekshumasiya edilib".
Ə.Nağıyevin sözlərinə görə, sadalananlar fonunda aşkarlanmış meyit qalıqlarının məhkəmə molekulyar-genetik ekspertizasının nəticəsi olaraq, I Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 187 nəfərin şəxsiyyəti eyniləşdirilərək ictimaiyyətə açıqlanıb, ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli-dini ənənələrə uyğun dəfn ediliblər. Dövlət Komissiyasının sədri xatırladıb ki, 3 min 990 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb: "Onlardan 3 min 984 nəfəri XX əsrin 90-cı illərində, yəni I Qarabağ müharibəsində, 6 nəfəri isə 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində itkin düşüblər. 3 min 990 nəfərdən 3 min 211 nəfəri hərbçi, 779 nəfəri mülki şəxslərdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 284 nəfəri qadın, 316 nəfəri qocalardır. Eyni zamanda hazırda 3 min 800-dən çox itkin şəxslə bağlı 11 mindən artıq donordan bioloji nümunələr toplanılıb sistemləşdirilib".
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadənin dediyinə görə, 2020-ci ildən bəri aparılan araşdırmalar nəticəsində Qarabağ və ətraf rayonlarda bir sıra məkanlarda kütləvi məzarlıqlar aşkar olunub. Edilli kəndində 3 metr dərinlikdə insan qalıqları tapılıb. Araşdırmalar nəticəsində bu şəxslərin 1990-cı illərdə itkin düşmüş azərbaycanlılara məxsus olduğu müəyyənləşdirilib. Başlıbel kəndində 1993-cü ildə erməni silahlı dəstələrinin hücumu zamanı qətlə yetirilən mülki şəxslərin qalıqları burada aşkarlanıb. Şuşa və Xocalı ətrafı - yol tikintiləri zamanı aşkar edilən iki ayrı məzarlıqda 5-7 nəfərin sümükləri tapılıb, bəzilərində işgəncə izləri müəyyən olunub. Ağdam, Füzuli, Laçın və Zəngilan rayonları - burada da müxtəlif sayda kütləvi məzarlıqların izləri üzə çıxarılıb. Bu faktlar göstərir ki, Qarabağ münaqişəsi təkcə siyasi və hərbi qarşıdurma deyil, həm də insanlıq əleyhinə cinayətlərin baş verdiyi faciəvi bir dövr olub. İşğaldan azad olunan ərazilərdə tapılan kütləvi məzarlıqlar sübut edir ki, ermənilər Azərbaycan ərazilərini işğal etdikləri dövrdə əsir və girov götürdükləri azərbaycanlılara, dinc mülki insanlara qarşı əsl faşist, əsl vandallıq nümayiş etdiriblər. Əsir və girovları işgəncə ilə qətlə yetiriblər, maşınlara bağlayıb parça-parça eləyiblər və kütləvi şəkildə harada gəldi xəndəklər qazıb basdırıblar: "Azərbaycanın işğal edilmiş bütün ərazilərində ermənilər bu cür cinayətləri həyata keçiriblər. Ona görə də hələ bundan sonra da kütləvi məzarlıqların aşkara çıxdığını çox görəcəyik. İtkin hesab edilən 4 min azərbaycanlının böyük hissəsini ermənilər işgəncə ilə qətlə yetiriblər və kütləvi şəkildə basdırıblar. Kütləvi məzarlıqların yerini isə ermənilər bu günədək açıqlamır. İşğaldan azad etdiyimiz ərazilərimizdə aşkarlanan kütləvi məzarlıqlardan başqa, Ermənistan ərazisində də azərbaycanlıların kütləvi məzarlıqları var. Ermənistan beynəlxalq konvensiyaları pozaraq onların yerini açıqlamır. Bir insanın ölümünə görə bəzən dünya dövlətləri, beynəlxalq təşkilatlar hansısa dövlətlərə iradlar bildirirlər, hüquqi addımlar atırlar. Hazırda bizim 3890 nəfər əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşımızın taleyinə beynəlxalq ictimaiyyət təəssüf ki, hələ də biganədir. İkili standartlar mövcuddur. Beynəlxalq konvensiyalar və qanunlar bir sıra dünya dövlətləri və beynəlxalq təşkilatları üçün yalnız özlərinə sərf edəndə işə salınır. Özlərinə sərf etməyən məsələlərdə isə kağız parçası hesab edilir. Digər tərəfdən, ermənilərin, erməni lobbisinin dünyada uzun illərdir apardığı təbliğat, reallıqların təhrifi azərbaycanlıların kütləvi məzarlıqları ilə bağlı faktlara dünyanın susqun yanaşmasında rol oynayır. Daha bir səbəb isə xristian təəssübkeşliyi amilidir. Xristian erməniləri müsəlman türklərin kütləvi qətlində ittiham edib cəzalandırmaq istəmirlər. Ona görə də həqiqətlərə göz yummaq yolunu tuturlar. Necə ki, 30 il ərzində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalda saxlanmasına, talan edilməsinə göz yumurdular, Ermənistana buna görə heç bir təzyiq etmirdilər, indi də kütləvi məzarlıqlar məsələsinə - Ermənistanın aşkara çıxan bu cinayətlərinə göz yumurlar, reaksiya vermirlər".
Ekspert qeyd edib ki, Azərbaycan dövləti kütləvi məzarlıqlar məsələsi ilə bağlı hüquqi addımlar atır, təbliğat aparır, məsələni dünya birliyinin gündəminə çıxarmaq istiqamətində işlər görür
Millət vəkili Azər Badamov bildirib ki, Ermənistanın azərbaycanlılara qarşı törətdiyi vəhşiliklər insanlığa xas deyil və hər dəfə yeni bir məzarlıq aşkar olunanda insanlarda bu topluma qarşı nifrət böyüyür: "Qarabağda kütləvi məzarlıqların aşkar olunması insanlıq əleyhinə cinayətlərin unudulmamasını təmin edən mühüm tarixi hadisədir. Bu məzarlıqlar, yalnız ötən əsrin faciələrinin deyil, həm də gələcək nəsillərə sülhün, ədalətin və yaddaşın qorunmasının vacibliyini xatırladan abidələrdir. Araşdırmalar davam edir və hər yeni tapıntı uzun illər gizlədilmiş həqiqətləri üzə çıxarır. Birinci Qarabağ müharibəsindən bu günə qədər Ermənistanın əsir və girov götürdüyü azərbaycanlıların taleyi məlum deyil. Ermənistandan bu insanların basdırıldığı ərazilər haqqında məlumat dəfələrlə sorğulansa da, təəssüf ki, hələ də bir cavabı olmayıb. İşğaldan azad olunan ərazilərdə tikinti-qazıntı işləri aparılanda, belə ərazilər zaman-zaman üzə çıxır. İndiyədək Ağdam rayonunun işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Şuşa rayonunun Daşaltı, Xocavənd rayonunun Edilli, Xocalı rayonunun Fərrux, Füzuli rayonunun Yuxarı Seyidəhmədli kəndlərində, Kəlbəcərdə, Ağdamda və digər yaşayış məntəqələrində kütləvi məzarlıqlar aşkarlanıb".
A.Badamov hesab edir ki, işğaldan azad olunmuş ərazilərdə belə kütləvi məzarlıqlar və insanların atıldığı quyular müşahidə olunmaqda davam edəcəkdir. Çünki bu gün taleyi məlum olmayan əsirlikdə və girovluqda hesab olunan 4 min azərbaycanlıya qarşı eyni vəhşiliklər işlədilib: "Biz bu faktları video və fotosübutlarla əsaslandırılmış şəkildə beynəlxalq təşkilatlara, o cümlədən ermənilərə dayaq olan Fransa başda olmaqla, digər ölkələrin rəsmilərinə göndərməliyik. Laçın yolunu bağlamaqda Azərbaycanı ittiham edənlər Ermənistanın iç üzünü yaxşı görsünlər. Bu dəlillər və faktlar informasiya mübarizəmizdə əsas silahımız olmalıdır. Biz bütün dünyaya erməni vəhşiliklərini tanıtmalı və bu millət haqqında real fikir formalaşdırmalıyıq".
Sevinc QARAYEVA


