Qarabağın havasıyla ucalanlar
Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Xan Şuşinski və maestro Niyazinin anım günləridir
Azərbaycan incəsənətinin 2 kariyef sənətkarı – Xan Şuşinski və maestro Niyazinin anım günləridir. Həyatda təsadüf yoxdur, hər şey zərurətdən, məntiqi əsaslardan doğur. Bu iki böyük sənətkarın dünyaya gəlişi müxtəlif illərdə, amma təqvimin eyni günündə baş verib; 20 avqustda. Hər iki sənətkar qarabağlı – şuşalıdır. Qafqazın konservatoriyası deyilir, Qarabağımıza. Nə qədər kiçildilir bununla dahi sənətkarların doğulduğu torpağın dünya mədəniyyətinə bəxş etdiyi əvəzsiz töhfələr. Qarabağda - Şuşada dünyaya göz açıb yurdun fövqəladə zənginliklərindən bəhrələnərək möhtəşəm əsərlər yaradan, bəşəriyyətə dəyəri ölçüyəgəlməz mədəni nemətlər bəxş edən şəxsiyyətləri sadalamağa qalxsaq, uzun bir siyahı alınar. Bu gün onlardan yalnız ikisi barədə - Xan Şuşinski – Xan əmi və maestro Niyazi haqqında danışacağıq. Aralarında 11 yaş fərqi olan bu iki şəxs təkcə Azərbaycan mədəniyyətini, incəsənətini deyil, ümumən xalqımızı təmsil etməyə layiq şəxsiyyətlər idi. Azərbaycan muğam sənətinin “Xan”ı adlandırılan İsfəndiyar Aslan oğlu Cavanşirin anadan olmasından 124 il ötür. O, 1901-ci il avqustun 20-də Şuşa şəhərində dünyaya göz açıb. “Xan” ləqəbinin tarixçəsinə görə İsfəndiyar ustadı - Segah İslam kimi tanınan İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və onlar təbrizli Əbülhəsən xanın ifasında “Kürdü Şahnaz”ı dinləyirlər. Hamının heyranlıqla qulaq asdığı bu ifadan sonra Segah İslam gözlənilmədən üzünü İsfəndiyara tutaraq: “Bəlkə sən də bizim üçün “Kürdü Şahnaz”ı oxuyasan?” - deyir. İsfəndiyar 12-13 yaşından başlayaraq saatlarla Cabbar Qaryağdıoğlunun, Seyid Şuşinskinin, Əbülhəsən xanın vallarını dinləyib, onların ifasının ən incə məqamlarını belə olduğu kimi təqlid etməyə çalışsa da, birdən-birə, özü də Əbülhəsən xanın ifasından sonra oxumağa tərəddüd edir, lakin ustadının sözünü yerə salmır. “Kürdü Şahnaz”ı İsfəndiyar elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın adının birinci hissəsini ixtisara salıb, heyrətlə “Əsl xan elə bu imiş ki!” - deyir. Vəcdə gələn İslam Abdullayev isə “Bu gündən sənin adın oldu Xan Şuşinski”, – deyərək ona ustad xeyir-duasını verir. Xan Şuşinski 1920-ci illərdə Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirib. O, muğamların mahir bilicisi və ifaçısı idi. Xanın repertuarında “Mahur-Hindi”, “Bayatı-Qacar”, “Qatar” muğamları, “Qarabağ şikəstəsi”, “Arazbarı”, “Heyratı” zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyub, onları yeni çalarlarla zənginləşdirib. Görkəmli xanəndənin bir sıra bəstələri də olub. Çox zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın dağları”, “Ay gözəl”, “Məndən gen gəzmə”, “Al yanağında”, “Dağlarda çiçək”, “Gözəl yarım”, “Ölürəm, a Ceyran bala” mahnılarının müəllifi, əslində, Xan Şuşinskidir. “Şuşanın dağları” mahnısının musiqisi ilə yanaşı, sözləri Xan Şuşinskinindir. Görkəmli xanəndə 1979-cu il martın 18-də vəfat edib. Onun yaratdığı ölməz sənət əsərləri Azərbaycan musiqisinin ən dəyərli inciləri kimi əsrlər boyu yaşayacaq, öz müəllifini hər zaman yaşadacaq, onu unudulmağa qoymayacaq.
Avqustun 20-si həm də dünyaşöhrətli dirijor, bəstəkar, ictimai xadim, Xalq artisti, xalqımızın sevimlisi Niyazi Tağızadə-Hacıbəyovun anım günüdür. Gözəl Qarabağımızın xalqımıza bəxş etdiyi karifey sənətkar, maestro Niyazi isə dahi Üzeyir Hacıbəyovun qardaşı Zülfüqar bəyin ailəsində dünyaya gəlib. O, Azərbaycan bəstəkarlarının bir çox simfonik və musiqili səhnə əsərlərinin kantata və oratoriyalarının ilk ifaçısı olmaqla yanaşı, bu əsərlərin təqdimatında özünəməxsus orijinal ifaçılıq üslubu yaradıb. Azərbaycan milli dirijorluq məktəbinin formalaşması onun adı ilə bağlıdır. Bəli, maestro Niyazinin traktirovkasında milli bəstəkarların bir çox əsərləri, o cümlədən Üzeyir Hacıbəylinin “Koroğlu” operası Azərbaycan musiqisinin qızıl fonduna daxil edilib. Niyazinin yeniyetməlik illəri Azərbaycanın səfalı guşələrindən olan Şuşada keçib. O, Azərbaycanın ikinci konservatoriyası, musiqi məktəbi kimi tanınan bu diyarın ab-havasında sənətə ilk addımlarını atıb. Uşaqlıq illərindən Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Nəcəf bəy Vəzirov, Hüseyn Cavid, Süleyman Sani Axundov, Abdulla Şaiq, Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Abbas Mirzə Şərifzadə, Mirzağa Əliyev, Sidqi Ruhulla kimi Azərbaycan incəsənətinin yaradıcıları arasında böyüyüb, onlardan çox mətləblər əxz edib. Kiçik yaşlarından musiqi ilə məşğul olmasına baxmayaraq, hərbçi olmaq arzusunda idi. İlk musiqi təhsilini Y.A.Şefferlinq adına məktəbdə skripka sinfində almışdı. Sonradan atası Zülfüqar Hacıbəyov və əmisi Üzeyir Hacıbəyovun tövsiyəsi ilə təhsilini Moskvada Mixail Fabianoviç Qnessinin bəstəkarlıq sinfində davam etdirdi. Q.Popov, P.Ryazanov, L.Rudolf, S.Ştrasserin bəstəkarlıq məşğələlərində də iştirak edən Niyazi dirijorluq fəaliyyətinə 1934-35-ci illərdə başlayıb. Bu sahədə xüsusi təhsili olmayan gənc bəstəkar ilk illər Neftçilər İttifaqı Dram Teatrının, Radio Komitəsinin orkestrində çalışmağa başladı. 1935-37-ci illərdə Azərbaycan Dövlət Estrada Orkestrinə rəhbərlik edən Niyazi 26 yaşında artıq adını keçmiş SSRİ məkanında məşhur insanların siyahısına daxil edə bildi. Niyazi 1948-ci ildən həyatının son gününə qədər simfonik orkestrin baş dirijoru və bədii rəhbəri olub. Niyazinin rəhbərliyi ilə orkestr ən yüksək peşəkarlıq zirvələrinə qalxmış, neçə-neçə musiqiçilər nəslini yetişdirən əsl sənət məktəbi olmuşdur. Neçə-neçə musiqiçi Niyazini özünün ustadı və himayədarı hesab edir, onun adını milli musiqi sənətində “qızıl mərhələ”nin simvolu kimi xatırlayırlar. O, daha çox dirijor pultu arxasında dursa da, bəstəkarlıq fəaliyyətini də unutmayıb. Karifey sənətkar Azərbaycan mahnılarından “Kəklik”, “Qaragilə”, “Xumar oldum”, “Ay bəri bax” və digər simfonik orkestr üçün işləmiş, 1935-ci ildə “Rast” və “Şur” muğamlarını nota köçürüb, “Xosrov və Şirin” operasını yazıb. 1961-ci ildə Leninqrad Opera və Balet Teatrının baş dirijoru təyin olunan Niyazinin SSRİ-nin ən məşhur teatrlarından birinə rəhbərlik etməyi o dövrdə onun bir musiqiçi kimi böyük nüfuzundan xəbər verirdi. O, burada A.Məlikovun “Məhəbbət əfsanəsi” baletinin ilk tamaşasını hazırlamaqla yanaşı, P.Çaykovskinin “Yatmış gözəl” və S.Prokofyevin “Daş çiçək” baletlərinin yeni quruluşuna dirijorluq etmiş, həmin baletlərlə Parisin “Qrand-Opera”, Londonun “Kovent-Qarden” teatrlarında qastrol tamaşaları verib və böyük uğur qazanıb. Niyazi 1961-ci ilin ayağı sayalı günlərindən birində Londona səfər etmişdi. O zaman maestronun konsert proqramında Baxın, Bethovenin, Çaykovskinin və neçə-neçə dünya sənətkarlarının əsərləri vardı. Onun bütün konsertləri uğurla keçib. 1965-ci ildə maestro Niyazi Türkiyə səfərinə gedib. O, həmin məmləkətin ən böyük konsert birliklərindən biri olan Prezident orkestri ilə çıxış etməli olub. Böyük sənətkar Çaykovskinin “Qaratoxmaq qadın” operasına dirijorluq edib. Sonra yenə də həmin orkestrlə dünya sənətkarlarının, Azərbaycan bəstəkarlarının əsərlərini səsləndirib. Türkiyənin mərkəzi qəzetləri bu böyük sənətkarın uğurlu sənət səfəri haqda geniş məqalələr dərc ediblər. Onun əbədiyaşar sənət naminə çəkdiyi zəhmətlər layiqincə qiymətləndirilib. Maestro ən yüksək mükafatlara layiq görülüb. O, müxtəlif vaxtlarda Dövlət mükafatlarına, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı adlarına layiq görülüb, bir çox orden və medallarla təltif olunub, Tbilisinin fəxri vətəndaşı seçilib. Bu gün Niyazinin adı dünyaşöhrətli dirijorlarla, bəstəkarlarla qoşa çəkilir. Onun yaradıcılığı əsl örnəkdir. Hələ neçə-neçə nəsillər Niyazi məktəbindən bəhrələnəcək. Xan Şuşinski, maestro Niyazi və daha neçə-neçə görkəmli şəxsiyyətlər Azərbaycan mədəniyyəti və incəsənətinin milli əsaslar üzərində inkişafında misilsiz xidmətlər göstəriblər. Onların adı tarix durduqca yaşayacaq. Xalqımız onları daim ehtiramla yad edəcək.

