Icma.az
close
up
RU
Qarabağın tarixi və təbii irsi bərpa edilir, qorunur

Qarabağın tarixi və təbii irsi bərpa edilir, qorunur

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Azıx-Tağlar Arxeoloji və Qarabağ milli parklarının yaradılması regionun turizm marşrutunu genişləndirir

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən bərpa və quruculuq siyasəti təkcə şəhər və kəndlərin yenidən qurulması, müasir infrastrukturun yaradılması və əhalinin doğma yurdlarına qayıdışının təmin edilməsi ilə məhdudlaşmır. Bu siyasətin mühüm istiqamətlərindən birini də xalqımızın minilliklər boyu formalaşmış tarixi-mədəni irsinin qorunması, zəngin təbiətinin bərpası və gələcək nəsillərə çatdırılması təşkil edir.

Qarabağın tarixən özünəməxsusluğu ilə seçilən arxeoloji abidələri, nadir landşaftları, meşələri, su ehtiyatları və biomüxtəlifliyi, bütövlükdə, Azərbaycanın milli sərvətidir. Onların mühafizəsi və səmərəli istifadəsi isə həm elmi, həm ekoloji, həm də sosial-iqtisadi baxımdan böyük önəm daşıyır.

Prezident İlham Əliyevin oktyabrın 21-də imzaladığı sərəncamla Xocavənd rayonu ərazisində yerləşən Azıx və Tağlar mağara düşərgələri ərazisinin “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu elan edilməsi bu baxımdan mühüm tarixi addımdır. Qərarın başlıca məqsədi bəşəriyyətin qədim yaşayış məskənləri sırasında xüsusi yer tutan bu abidələrin tarixi-mədəni irs obyekti kimi qorunmasını, bərpasını və elmi əsaslarla tədqiqini təgerçəkləşdirmək, eyni zamanda, onların yerli və beynəlxalq səviyyədə tanıdılmasına nail olmaqdır.

Bundan bir gün əvvəl, oktyabrın 20-də dövlət başçısının “Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında” sərəncam imzalaması isə regionun təbii sərvətlərinin mühafizəsi və ekoloji turizm imkanlarının genişləndirilməsi istiqamətində yeni mərhələnin əsasını qoyub.

Hər iki qərar mahiyyət etibarilə vahid məqsədə – Qarabağın tarixi-mədəni və təbii irsini qorumağa, bu sərvətləri elmi tədqiqatlar, maarifləndirmə, beynəlxalq əməkdaşlıq və dayanıqlı turizm vasitəsilə ölkənin inkişafına töhfə verən mühüm resursa çevirməyə xidmət edir.

Azıx və Tağlar mağaraları – ulu insan məskənləri

Azərbaycan ərazisi qədim insan məskənlərinin zənginliyi ilə seçilən coğrafiyalardan biridir. Ölkəmizin müxtəlif bölgələrində aşkar edilmiş arxeoloji abidələr burada insanın məskunlaşma tarixi, ilkin əmək alətlərinin hazırlanması, ovçuluq təsərrüfatı, eləcə də qədim icmaların həyat tərzi haqqında mühüm elmi məlumatlar verir. Bu abidələr arasında Azıx və Tağlar mağaraları xüsusi yer tutur.

Xocavənd rayonunda, Qarabağın füsunkar təbiəti ilə seçilən bir ərazidə yerləşən Azıx mağarası təkcə Azərbaycanın deyil, bütövlükdə, dünyanın qədim arxeoloji məkanlarından biri kimi tanınır. Burada aşkar edilmiş maddi-mədəniyyət nümunələri, daş əmək alətləri və qədim insan fəaliyyətinin izləri Alt Paleolit dövründə bölgədə insan həyatının öyrənilməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Azıx mağarasının elmi əhəmiyyəti onun təkcə qədimliyindən irəli gəlmir. Bu məkan müxtəlif dövrlərdə burada yaşamış insanların həyat şəraitini, təbii mühitlə qarşılıqlı münasibətlərini, əmək alətlərinin hazırlanma üsullarını və insan cəmiyyətinin təkamül prosesinin ayrı-ayrı mərhələlərini araşdırmaq üçün qiymətli materiallar təqdim edir.

Mağarada aparılmış arxeoloji tədqiqatlar nəticəsində əldə olunan tapıntılar Azərbaycanın qədim insan məskənlərinin öyrənilməsində mühüm yer tutur. Azıxın elmi əhəmiyyəti həm də onunla bağlıdır ki, burada müxtəlif dövrlərə aid mədəni təbəqələrin mövcudluğu qədim insanların yaşayış tarixini uzun zaman kəsiyində araşdırmağa imkan verir.

Azıx mağarası ilə bağlı tədqiqatların beynəlxalq elmi ictimaiyyət üçün əhəmiyyəti də böyükdür. Çünki insanın ilkin məskunlaşma areallarının, qədim icmaların miqrasiya istiqamətlərinin və onların təbii mühitə uyğunlaşma xüsusiyyətlərinin müəyyənləşdirilməsi müasir arxeologiyanın əsas tədqiqat istiqamətlərindən biridir.

Azıxdan, təxminən, 3 kilometr məsafədə yerləşən Tağlar mağarası isə Orta Paleolit dövrünün öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Burada aşkar edilmiş daş alətlər və digər arxeoloji materiallar qədim insanların əmək fəaliyyəti, ovçuluq üsulları və həyat tərzi haqqında təsəvvürləri genişləndirir. Tağlar mağarasının uzunmüddətli məskunlaşma tarixini əks etdirməsi onu regionun qədim arxeoloji irsinin mühüm tərkib hissəsinə çevirir.

Bu iki abidənin elmi əhəmiyyətini artıran əsas xüsusiyyət onların bir-birinə yaxın ərazidə yerləşməsi və fərqli tarixi dövrləri əks etdirməsidir. Azıx və Tağlar mağaralarının birgə tədqiqi qədim insanların bölgədə məskunlaşma proseslərini müqayisəli şəkildə araşdırmağa, arxeoloji materialların ümumi mənzərəsini yaratmağa və Qarabağın tarixdən əvvəlki dövrlərdəki rolunu daha dolğun müəyyənləşdirməyə imkan verir.

Məhz bu baxımdan “Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğunun yaradılması təkcə ayrı-ayrı abidələrin mühafizəsi kimi qiymətləndirilməməlidir. Bu qərar vahid arxeoloji məkanın formalaşdırılması, elmi tədqiqatların əlaqələndirilməsi və Azərbaycanın qədim tarixinin beynəlxalq səviyyədə daha geniş təqdim olunması üçün yeni imkanlar yaradır.

Dövlət mühafizəsi və beynəlxalq tanınma

Xatırladaq ki, “Azıx və Tağlar mağaraları – Azərbaycanın tarixdən əvvəlki yerləri” adlı nominasiya 2023-cü ilin sentyabrında UNESCO-nun Ümumdünya İrs Komitəsi tərəfindən qurumun ilkin siyahısına daxil edilib. Bu addım həmin abidələrin beynəlxalq səviyyədə tanıdılması və gələcəkdə Ümumdünya İrs Siyahısına daxil edilməsi istiqamətində mühüm mərhələdir.

Yeri gəlmişkən, UNESCO-nun ilkin siyahısına daxil edilmə abidənin avtomatik olaraq Ümumdünya İrs Siyahısına qəbul edilməsi demək deyil. Bununla belə, ilkin siyahı gələcək nominasiya prosesinin əsasını təşkil edir və abidənin beynəlxalq irs meyarları baxımından qiymətləndirilməsi üçün zəmin yaradır. Azıx və Tağlar mağaralarının bu prosesdə perspektivlərinin gücləndirilməsi üçün sistemli elmi tədqiqatlar, arxeoloji materialların müasir metodlarla sənədləşdirilməsi, abidələrin qorunma vəziyyətinin qiymətləndirilməsi və beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Arxeoloji irsin qorunmasında əsas məsələlərdən biri də abidələrin yalnız zahiri görkəminin saxlanılması deyil, həm də onların elmi dəyərini müəyyənləşdirən təbəqələrin, tapıntıların və təbii mühitin bütövlüyünün qorunmasıdır. Qədim mağaralarda aparılan hər hansı bərpa, təmizləmə və ya infrastruktur işi arxeoloji xüsusiyyətlər nəzərə alınmaqla həyata keçirilməlidir. Əks halda, ehtiyatsız müdaxilə elmi baxımdan əvəzolunmaz məlumatların itirilməsinə səbəb ola bilər. Yeni Dövlət Qoruğunun yaradılması belə risklərin qarşısının alınması, mühafizə rejiminin müəyyənləşdirilməsi və tədqiqatların vahid idarəetmə prinsipləri əsasında təşkili baxımından əhəmiyyətlidir.

Qoruğun fəaliyyəti çərçivəsində arxeoloqların, tarixçilərin, antropoloqların, geoloqların və digər mütəxəssislərin iştirakı ilə kompleks tədqiqatların aparılması məqsədəuyğun olardı. Rəqəmsal xəritələşdirmə, üçölçülü modelləşdirmə, coğrafi informasiya sistemləri, yüksək dəqiqlikli fotoqrammetriya və müasir laboratoriya üsulları abidələrin vəziyyətinin izlənilməsinə, tapıntıların daha dəqiq sənədləşdirilməsinə və elmi məlumatların gələcək nəsillər üçün qorunmasına kömək edə bilər.

Eyni zamanda, arxeoloji materialların rəqəmsal kataloqunun yaradılması, elmi nəşrlərin beynəlxalq dillərdə hazırlanması, xarici universitetlər və tədqiqat mərkəzləri ilə birgə layihələrin həyata keçirilməsi Azərbaycanın qədim tarixinin dünya elmi ictimaiyyətinə çatdırılması baxımından mühüm nəticələr verə bilər. Beləliklə, Azıx və Tağlar mağaralarının qorunması məsələsi həm milli irsə münasibətin göstəricisi, həm də Azərbaycanın beynəlxalq elmi və mədəni əlaqələrinin inkişafı üçün əlavə imkan kimi diqqət çəkir.

Qarabağ Milli Parkı – təbiətin qorunmasına sistemli yanaşma

Prezident İlham Əliyevin oktyabrın 20-də imzaladığı “Azərbaycan Respublikasının Qarabağ Milli Parkının yaradılması haqqında” sərəncamı isə regionun ekoloji təhlükəsizliyinin təmin olunması və təbii sərvətlərinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Sərəncama əsasən, Ağdərə, Xocalı, Kəlbəcər, Şuşa və Laçın rayonlarının dövlət mülkiyyətində olan torpaqlarının bir hissəsi xüsusi mühafizə olunan təbiət əraziləri kateqoriyasına aid edilərək Qarabağ Milli Parkının tərkibinə verilib. Parkın yaradılması bu ərazilərdə biomüxtəlifliyin qorunması, təbii ekosistemlərin bərpası, ekoloji tarazlığın möhkəmləndirilməsi və dayanıqlı turizm imkanlarının genişləndirilməsi üçün yeni institusional zəmin yaradır.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin monitorinq və qiymətləndirmə şöbəsinin müdir müavini Əbdülrəhim Dadaşovun sözlərinə görə, Qarabağ Milli Parkının yaradılmasına ekoloji mühafizə tədbiri olmaqla bərabər, həm də regionun uzunmüddətli sosial-iqtisadi inkişaf modelinin tərkib hissəsi kimi yanaşılmalıdır. Milli Parkın iki iqtisadi rayonu və müxtəlif təbii-landşaft zonalarını əhatə etməsi ekosistemlərin daha sistemli və vahid yanaşma əsasında idarə olunması üçün geniş imkanlar yaradır.

Milli parkların əsas funksiyası təbiətin qorunmasıdır. Bu ərazilər nadir və nəsli kəsilmək təhlükəsi ilə üzləşən növlərin yaşayış mühitinin saxlanılması, meşə və su ekosistemlərinin mühafizəsi, torpaq eroziyasının azaldılması və ekoloji proseslərin təbii axarının qorunması baxımından mühüm rol oynayır.

Qarabağ və Şərqi Zəngəzur regionlarının təbii şəraiti bu baxımdan xüsusi əhəmiyyətə malikdir. Dağlıq ərazilər, meşələr, çay hövzələri və müxtəlif yüksəklik qurşaqları çoxsaylı bitki və heyvan növlərinin yaşayışı üçün əlverişli mühit yaradır. Bu təbii sistemlərin qorunması təkcə yerli ekoloji tarazlıq üçün deyil, həm də su ehtiyatlarının, torpaqların və landşaftların uzunmüddətli dayanıqlılığı baxımından vacibdir.

Milli Parkın yaradılması həmin ərazilərdə təbii sərvətlərdən istifadənin mühafizə tələbləri ilə uzlaşdırılmasına imkan verir. Burada təsərrüfat fəaliyyətinin məhdudlaşdırılması və ya tənzimlənməsi konkret ərazilərin hüquqi statusundan, təsdiq edilmiş idarəetmə planından və qüvvədə olan qanunvericiliyin tələblərindən asılı olacaq.

Bu baxımdan parkın idarə edilməsində elmi əsaslı zonalaşdırma aparılması mühüm əhəmiyyət daşıyır. Həssas ekosistemlərin daha ciddi mühafizə olunduğu sahələrlə elmi-tədqiqat, maarifləndirmə və ekoturizm üçün nəzərdə tutulan ərazilərin düzgün müəyyənləşdirilməsi həm təbiətin qorunmasına, həm də turizm imkanlarından səmərəli istifadəyə şərait yaradır.

Ekoturizm və “yaşıl” iqtisadiyyat

Qarabağ Milli Parkının yaradılması regionda təbiət əsaslı turizmin inkişafı üçün yeni resurs bazası formalaşdırır. Şuşa, Laçın, Kəlbəcər və digər ərazilərin zəngin təbii landşaftı, dağlıq relyefi, meşələri və su ehtiyatları müxtəlif turizm məhsullarının yaradılmasına imkan verir. Bununla belə, ekoturizm sadəcə təbiət ərazilərinə səfərlərin təşkili demək deyil. Onun əsas mahiyyəti təbii mühitə mənfi təsiri minimuma endirmək, ətraf mühit haqqında maarifləndirməni gücləndirmək və yerli əhalinin sosial-iqtisadi rifahına töhfə verməkdir.

Bu prinsip əsasında Qarabağ Milli Parkında müəyyən edilmiş marşrutlar üzrə piyada gəzintilər, təbiət müşahidəsi, fotoqrafiya turları, ekoloji maarifləndirmə proqramları və elmi-ekspedisiya fəaliyyətlərinin təşkil ediləcəyi gözlənilir. Müvafiq ərazilərdə isə dağ və təbiət turizminin digər növlərinin inkişafı da nəzərdən keçirilir.

Yerli sakinlərin bələdçilik, yerləşdirmə, iaşə, nəqliyyat, kənd təsərrüfatı məhsullarının satışı və sənətkarlıq kimi sahələrə cəlb edilməsi regionda kiçik və orta sahibkarlığın inkişafına dəstək verəcək. Bu, həm də turizmdən əldə olunan gəlirlərin yerli iqtisadiyyatda qalmasına və yeni məşğulluq imkanlarının yaranmasına şərait yaradacaq.

Burada bir məqamı da xatırlatmaq yerinə düşər. Milli Parkın iqtisadi təsirini təkcə turist sayının artımı ilə ölçmək düzgün deyil. Əsas məsələ ekoloji bələdçilik, kənd və ailə tipli yerləşdirmə, yerli qida məhsulları, sənətkarlıq, nəqliyyat xidmətləri və təbiət müşahidəsi kimi fəaliyyətləri əhatə edən daha geniş dəyər zəncirinin formalaşmasının nəzərə alınmasıdır.

Bu yanaşma ekoturizmin regionun iqtisadiyyatına çoxşaxəli təsirini üzə çıxarır. Belə ki, bir turistin səfəri yalnız yerləşdirmə obyektinə gəlir gətirmir. Turist, eyni zamanda, yerli nəqliyyatdan, bələdçilik xidmətindən, iaşə obyektlərindən və yerli istehsalçıların məhsullarından istifadə edə bilir. Nəticədə, turizmin yaratdığı iqtisadi dəyər müxtəlif sahibkarlıq subyektləri arasında bölüşdürülür.

V.BİNYATOĞLU
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2026 11:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see321

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see321

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see319

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see259

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see253

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see252

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see249

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see245

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see245

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see232

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see212

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see207

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see207

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see206

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see205

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see204

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see202

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see201

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see199

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri