Qarabağın qoruq və yasaqlıqları bərpa olunur
525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Zəngilan rayonundakı Bəsitçay Dövlət Təbiət Qoruğu 1974-cü ildə Ulu öndər Heydər Əliyevin tapşırığı ilə yaradılıb. Burada 100 hektardan çox sahədə nadir çinar ağacları dövlət tərəfindən qorunurdu. Bu, nadir çinar ağacları meşəsi idi. İşğaldan sonra mənfur düşmən çinarların böyük hissəsini kəsib, doğrayıb, talayıb və yandırıb. Bu, erməni vandalizminin növbəti əlamətidir. Burada kəsilmiş ağacların yaşı təqribən 200-300 ilə bərabər idi.
Qoruğa aid olan 85 hektar meşə ilə örtülü sahəsinin 42 hektardan çox hissəsi tamamilə məhv edilib. Çox yaşlı, qiymətli Şərq çinarı ağacları kəsilmiş, köklərinin itirilməsi üçün müxtəlif partladıcı maddələrdən istifadə edilmiş, ərazidə yanğınlar törədilib və Qoruğun inzibati binası dağıdılıb.
İşğaldan azad edilən ərazilərə Böyük Qayıdış çərçivəsində qarşıda duran əsas vəzifələrdən biri də məhz həmin ərazilərdə təbii və keyfiyyətli ekosistemin, bioloji müxtəlifliyin, habelə nadir və itməkdə olan bitki növlərinin bərpa edilərək sağlamlaşdırılması olub. Bu ərazilərdə müasir yanaşmaların tətbiqi əsasında unikal meşə fondunun və mühafizə olunan təbiət komplekslərinin fəaliyyətinin bərpa edilməsi bütövlükdə regionun "yaşıl zona"ya çevrilməsinə şərait yaradacaqdır.
Bu istiqamətdə mühüm addımlar atılıb və nəticədə Bəsitçay Dövlət Təbiət Qoruğunun və Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti bərpa olunub, eləcə də ərazi və sanitariya-mühafizə zonalarının xəritələri təsdiq edilib. Hazırda Arazboyu Dövlət Təbiət Yasaqlığının fəaliyyətinin bərpası çərçivəsində Yasaqlığın ərazi xəritəsinin layihəsi aidiyyəti dövlət qurumları ilə razılaşdırılır.
Ekologiya və təbii sərvətlər nazirinin müavini, İşçi qrupun rəhbəri Vüqar Kərimov deyib ki, işğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyin qorunması, o cümlədən xüsusi ekoloji əhəmiyyət daşıyan təbiət komplekslərinin mühafizəsi məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müvafiq işlər aparılır.
Ermənistan 30 ildən çox işğalı altında saxladığı Qarabağda böyük ekoloji terror əsdirib. Bu illər ərzində böyük meşə zolaqları qırılaraq və ya yandırılaraq məhv edilib. İşğal illərində, xüsusilə Vətən müharibəsi zamanı mənfur düşmən tərəfindən meşələrin yandırılması Qarabağın təbiətinə böyük zərbə vurub. Eyni zamanda, bəzi ərazilərdə torpaqlarımızın flora ilə zəngin olan üst qatı yandırılıb və məhv edilib.
İşğaldan azad edilən ərazilərdə aparılan monitorinq və qiymətləndirmələrə əsasən, 260 311 hektar meşə fondu sahəsində sıx meşə ilə örtülü 54 327 hektar yaşıllığın, eləcə də meşə fondu torpaqlarına aid olmayan ərazilərdə isə 1 milyonadək müxtəlif cinsli ağac və kolların məhv edildiyi müəyyən edilib. Məhv edilən meşə və qeyri-meşə sahələrində aparılmış monitorinqlər zamanı, ağac cinslərindən əsasən palıd, çinar, sərv, akasiya, ağcaqayın, göyrüş, fısdıq, cökə qoz, alma, ərik, armud, tut və digərlərinə ciddi ziyan dəyib. Ot bitkilərindən isə İtikənarlı süsən, Kamilla süsəni, Kuznetsov əsməsi, Komarov birəotu, Qarabağ dağ laləsi, Sağsağan gülxətmisi, Şoranyer qarğasoğanı və digər bitkilərə də böyük həcmdə zərərin vurulduğu müəyyən edilib.
İşğal dövründə məhv edilmiş yaşıllıqların və meşə sahələrinin bərpası məqsədilə mina təhlükəsizliyi məsələləri nəzərə alınmaqla, nazirlik tərəfindən ilkin mərhələdə 2022-2026-cı illərdə 1400 hektara yaxın ərazidə yeni yaşıllıqların salınması və meşəbərpa tədbirlərinin həyata keçirilməsi planlaşdırılıb.
Bəsitçay Dövlət Təbiət Qoruğu Azərbaycanın cənub-qərbində, Zəngilan rayonu ərazisində Bəsitçayın dərəsində yerləşir. Qoruq ərazisinin landşaft kompleksini, xüsusilə nadir təbii çinar meşəliyini qorumaq məqsədilə təşkil edilib.
Qoruğun adı dərəsində yerləşdiyi çayın adı ilə bağlıdır. Bəsitçayın adı isə monqol mənşəli olub, beysut tayfasının adını daşıyır. Görünür, həmin regionda vaxtilə beysut tayfası məskunlaşıb.
Qoruğun yerləşdiyi ərazi əsasən dağlıq olub, dəniz səviyyəsindən hündürlüyü 600-800 m-ə qədərdir. Sağ sahil dik yamaclı dağlardan, sol sahil isə təpəliklərdən ibarətdir. Əsasən Üçüncü dövr çöküntüləri yayılıb. Çay dərəsi boyunca ensiz allüvial düzənlik uzanır. Buradakı dağlar Bəsitçayın qolları ilə xeyli parçalanıb.
Qoruq ərazisi qışı quraq keçən mülayim-isti iqlim tipinə aiddir. Yayının isti olması səciyyəvidir. Havanın orta illik temperaturu 130-dir. İllik yağıntının miqdarı 600 mm-dir. Ərazinin iqlim şəraiti çinar meşəliyinin təbii bərpası və inkişafı üçün çox əlverişlidir.
Bəsitçay Dövlət Təbiət Qoruğunun ərazisində əsasən allüvial-meşə torpaqları yayılıb. İşğaldan əvvəl qoruqda əsasən bir meşə tipi - müxtəlif otlu çinar meşələri formalaşmışdır. Çay dərələrinin yamaclarında, qoruğun ətraf sahələrində qəhvəyi dağ-meşə torpaqları inkişaf etmişdir. Çayın yatağı boyu və kiçik terraslarda inkişaf etmiş allüvial torpaqlar əsasən çinar meşələri altındadır. Burada daşlı-çınqıllı (yüksək skeletli) ərazilər də müəyyən sahəni tutur. Bunların hamısında çinar bitir və inkişaf edir. Çünki o, torpağa tələbkar deyil. Lakin çinar meşələri gillicəli, yaxşı su-fiziki xassəli və münbit torpaqlarda yüksək məhsuldarlığa və bonitetə malikdir.
Dünyada çinarın 7 növü vardır. Azərbaycanda isə onun yalnız bir növü - şərq çinarı inkişaf edir. Şərq çinarının çoxsahəli əhəmiyyətini, dünyada az yayılmasını, nadir bitki olmasını və son əsrlərdə xeyli azalmasını nəzərə alaraq, onun adı Azərbaycanın "Qırmızı Kitabı"na yazılıb.
İşğaldan öncə Bəsitçay Dövlət Təbiət Qoruğunun 100 hektarını çinar meşələri tutur. Onlar Bəsitçayın və onun qolu Şıxauzçayın dərəsində yerləşir. Burada həm təmiz, həm də qarışıq çinar meşəliyi yayılmışdır. Qarışıq çinarlıqlarda qoz, dağdağan, tut, söyüd, qovaq, və s. ağac, yemişan, itburnu, murdarça, qaratikan və s. kollar inkişaf edib. Qoruqdakı çinar ağaclarının orta yaşı 165 il, orta hündürlüyü 35 m, orta diametri isə 1 m-dir.
Qoruğun ətraf sahələrində, bəzən də özündə canavar, çöl donuzu, porsuq, cüyür, dovşan, müxtəlif gəmiricilər və sair məməlilərə, kəklik, turac, göyərçin və sair quşlara rast gəlinib.
Fəaliyyəti bərpa olunan Daşaltı Dövlət Təbiət Yasaqlığı 1988-ci ildə Şuşa şəhərinin ətrafında yaradılıb. Sahəsi 450 hektar olub. Şuşa şəhəri və Şuşa rayonu Qarabağın, Azərbaycanın ən səfalı və füsunkar təbiətli, zəngin tarixi abidəli sahələrindən biridir. Onların qorunmasının, etalon ərazi kimi saxlanılmasının təbiət və tarixi baxımdan mühüm əhəmiyyəti vardır. Yasaqlığın ərazisi zəngin meşə, kol və ot bitkilərinin təbii muzeyidir. Burada palıd (Quercus), vələs (Carpinus), ağcaqayın (Acer), cökə (Tilia), göyrüş (Fraxinus), yemişan (Crataegus), itburnu (Rosa), zoğal (Cornus), əzgil (Mespilus), alma (Malus), armud (Pyrus), alça (Prunus) və s. ağac və kol bitkiləri inkişaf edir. Ərazi endemik və nadir bitkilərlə, həmçinin dərman əhəmiyyətli bitkilərlə zəngindir.
Burada Avropa cüyürü (Capreolus capreolus), çöl donuzu (Sus scrofa), daşlıq dələsi (Martes foina), boz dovşan (Lepus europaeus), boz canavar (Canis lupus), adi çaqqal (Canis aureus) və müxtəlif quş növləri məskunlaşıb.
İşğal dövründə Daşaltı Dövlət Təbiət Yasaqlığının ərazisi mənfur ermənilər tərəfindən dağıdılıb, məhv edilib. 2020-ci il noyabrın 8-də Şuşa şəhəri erməni işğalından azad edilmişdir. 30 ilədək işğal dövründə erməni işğalçıları tərəfindən ərazinin təbii sərvətlərinə və təbii mühitinə ciddi ziyan vurulub, meşələr qırılıb, təbii ekosistemlər məhv edilib və vəhşi heyvanlar öz yaşayış areallarını tamamilə itirib.
İşğaldan azad edilmiş ərazilərdə bioloji müxtəlifliyin mövcud vəziyyətinin öyrənilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılmış İşçi qrupun fəaliyyəti çərçivəsində həmin ərazilərdə fauna və flora aləminin növ tərkibinin yenidən öyrənilməsi və təbiət abidələrinin invertarlaşdırılması istiqamətində monitorinq işləri aparılıb. Yasaqlığın yenidən bərpa edilməsi istiqamətində mühüm addımlar atılıb. Daşaltı Dövlət Təbiət Yasaqlığının fəaliyyəti Nazirlər Kabinetinin 2024-cü il 8 iyun tarixli 306s nömrəli Sərəncamı ilə bərpa edilib. Əsasnaməsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyasının 2024-cü il 21 avqust tarixli 4/01 nömrəli Qərarı ilə təsdiq edilib.
Vüqar Kərimov bildirib ki, Azərbaycan ərazilərinin 30 illik işğalı dövründə həmin torpaqlarda ekoloji problemlər yaranmış, biomüxtəlifliyə ciddi ziyan dəyib, yaşıllıqlar vəhşicəsinə məhv edilib, yandırılıb, yaxud təbii sərvətlərimiz qəddarcasına talan edilib. Azərbaycan ərazilərində törədilən ekoloji terror əhalinin sudan məhrum edilməsi, transsərhəd çayların qabağının kəsilməsi və çirkləndirilməsi, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri və yüz minlərlə əhalinin təhlükə altında qalması Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüzdür. Milli Ordumuzun əzmi sayəsində işğaldan azad edilən bütün Azərbaycan torpaqlarında təbii ekostemin bərpası da bu gün dövlətimiz qarşısında duran təxirə salınmaz vəzifələrdən biridir: Azad edilən ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma prosesində ətraf mühitin qorunması prioritetdir: "Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Təsadüfi deyildir ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunub".
Sevinc QARAYEVA
Baxış sayı:60
Bu xəbər 18 Dekabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















