Icma.az
close
up
RU
Qardaşım Aydın, biz ki, yaza vurğunduq...

Qardaşım Aydın, biz ki, yaza vurğunduq...

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qardaşım Aydın, lap əvvəl onu deyim ki, söylənilənlərə görə, Hadi şeirlərini kağıza köçürüb ona-buna paylayarmış, hətta satarmış! Aydın, sözüm bunda da deyil, bizim nəslin faciəsi həm də onda oldu ki, bizdən Hadi də çıxmadı. Amma bircə bənzərlik var: indi də nəsə yazmaq azdır, gərək, ismarış göndərib, zəng edib deyəsən ki, filankəs, sənin haqqında filan saytda filan sözləri yazmışam. Daha dəhşətlisisə bilirsən, nədir? Bu yazılar nəyisə dəyişirmi?..

Aydın, qardaşım, mən çoxdan sənin imzanı "itirmişdim”. Həbsdən çıxandan sonra Nəşriyyatın çayxanasında gördüm səni. Bir az sonra saytların birində üç tanınmış jurnalist haqqında yazını ozudum: mən dostların yazılarını həmişə oxuyuram. 

Sonra böyük fasilə yarandı mənim üçün. Nəhayət, lap yaxın vaxtlarda bir Can imzası gördüm: bir xeyli fikirləşdim ki, görən, axı bu, kimdir?

Nə başını ağrıdım, axır yəqin oldum ki, sənsənmiş. Doğrusu, kitabını görməmişəm. Bir az səni də güldürmək üçün deyim ki, alimlər adətən kitab oxumur, onlar hər şeyin, necə deyər, "svejizisini”, yəni məqalələri oxuyarlar, kitablar daha çox tələbələr-filanlar üçündür: inan, bu, dəqiq bir elmi faktdır, necə deyərlər...  

Səni hələ "Azadlıq” qezetinin bölgə müxbiri olandan oxuyuram. Demirəm ki, dahiyanə yazılar idi, yox, amma bunlar sənin yazın, sənin üslubun idi, daha belə şey qalmayıb jurnalistikada – lap elə jurnalistikanın özü kimi...   

Amma rastıma çıxan, oxuduğum son yazılarında "siyasət” çoxdur, yekəxana çıxmasın, sən hətta özünü jurnalistdən çox siyasi–ictimai fəal hesab edən mən qardaşından da daha "siyasi” görünürsən. Təvəllüdünü, yaşını bilmirəm, hətta bilmirəm ki, bundan sonra yazacaqsanmı?.. 

Amma oxucun kimi deyirəm ki, çalış, "siyasəti” azalt. Bilirsən, niyə deyirəm? Aydın, "paqonlu ziyalılar”, daha nə bilim, kimlər, bezdirdi, məhv etdi milləti! İnan, "paqonlar” indi də qalır, dəyişən ulduzlardır!..

Neçə il bundan əvvəl bir rus kanalında keçmiş fizik, həm də jurnalist maraqlı veriliş açmışdı. Adını da bilirsən, nə qoymuşdu? "Mülki geyimli generallar"! Ən çox da elə ad maraqlı idi! Düşünürəm, şərhə ehtiyac yox!    

Millətin ona yenə də "sən” deyən, böyük Mirzə Cəlil kimi "ay cırıq-mırıq qardaşlarım” müraciət edən ziyalılara ehtiyacı var. Sovetin vaxtında Bulat Okucavaya ruslar "ağlayan ziyalı” deyirdilər. Sonradan xarici ədəbi sxemlər əsasında yerli ədəbi "improvizasiyalar” edən bəzi "böyük ədiblər” bunu da lağ predmetinə çevirdilər! Amma ziyalı ağlamayıb, nə etməlidir? Daş atıb, kiminsə başını yarmalıdırmı, yoxsa tüfəng götürüb kimisə öldürməlidirmi?.. 

Bir dəfə oxumuşdum ki, polyaklar bilərəkdən Şopeni siyasətdən, inqilabdan uzaqlaşdırmışdılar ki, sən daha böyük gələcək üçün lazımsan. Səhv etmirəmsə, rus dekabristləri də eyni hərəkəti Puşkinlə bağlı da etmişdilər ki, Rusiyaya sənin şeirlərin lazımdır! Bilirsən, hərdən ağlıma nə gəlir? Hərdən güldüyümüz 18-19-cu əsrlər belə zadəgan insanların, aristokratların əsri olubdur...

Aydın, başa düşürəm, çox çətindir. Yaşadığın acılardan bir az məlumatlı idim, tamam-kamal da bu yaxınlarda öyrəndim və çox ağrıdım, inan! Qardaşım, dərd də ondan ötrüdür ki, kimsə onu çəksin. 

Mənim artıq rəhmətə getmiş bir ağsaqqal tanışım vardı. Deyirdi ki, hətta türmə-məhbəs də kişi üçündür.

Belədəsə, əli qələm tutan cəmi azərbaycanlıların həmişə daha bir böyük dərdi də olub, anlaşılmaq dərdi. Bunu bəlkə yalnız Şeyx Nizami yaşamayıb. Hətta Füzuli "dərd çox, həmdərd yox” deyirdi. Böyük Sabir də yazırdı ki:

Yox yeni bir dinə yəqinim mənim, 

Köhnə müsəlmanam, a şirvanlılar...

Əli qələm tutan hər bir azərbaycanlının ən böyük dərdi budur: bəli, çoxluq daim "fluktasiyaları” sevməyib, "qeyri-standart adamlara” nifrət edib ki, imkan ver, mane olma, qoy, istədiyimiz naqislikləri edək...

Bəlkə yazının adı da mücərrəd görünəcək sənə. Neçə illər bundan əvvəlin söhbətidir. Rəsmi mərasim keçirilirdi. Rəhmətlik Qədir Rüstəmov da ordaydı. Ona dedilər ki, bir-iki ağız oxu. Qədir Rüstəmov da dedi ki, Bəxtiyar müəllimdən bir-iki misra oxuyaram və oxudu da:

Mən yaza vurğunam, qışı neylərəm, 

Sinəmdən asılan daşı neylərəm...

Yadımda qalanları budur! İnan, Aydın, o vaxtlar hələ Qarabağ alınmamışdı və mən bu sözlərdə çox incə bir işarə, eyham hiss etdim! 

Sözüm bunda da deyil. Ötən əsrin yetmişlərindən rəhmətlik Bəxtiyar müəllimi sistemli şəkildə oxuyanlardanam. Bir oxucu sözü deyəcəm, bəlkə də subyektiv olacaq, amma mənə elə gəlir, rəhmətlik Bəxtiyar müəllim bir azca "siyasətçi”- şair idi, bu, onu əksər şeirlərini formal qəliblərə salmağa vadar edirdi. 

Bir daha deyirəm: subyektiv fikirdir! Bilmirəm, bundan əvvəl idi, ya sonra, amma onun bir şeirini də oxumuşdum, adı deyəsən, "Axı fırlanır idi...”. Gözəl şeir idi, amma ortasında "mənəm-mənəm” başlayırdı və hər şeyi korlayırdı. Mənə bəzən "qəddar oxucu” da deyirlər, amma fikirləşirəm ki, şair yox, şeir "mənəm-mənəm” deməlidir! Ona görə də bu yaz–payız şeiri çox tutdu məni, hətta rəhmətlik Bəxtiyar müəllimdən oxuduğum sonuncu şeir oldu. Belədəsə, həqiqətən də sinəmizdən asılan daşlar yox, bəzən bircə səmimi təbəssüm lazımdır bizə...

Aydın, nə deyim, nə yazım sənə? Təəssüf ki, bizim insanlara yaşamaq üçün bəzən böyük söz yox, "spavka” lazım olur! Bu məsələdə çox təəssüf, mən acizəm, gücsüzəm. Mənim kiməsə təsəllidən savayı təklif edəcəyim bir şey yox... 

İnan, Aydın, qardaşım, bu ölkədə bəziləri adamın dərdinə də q..bə arvadlar kimi hırıldaya-hırıldaya, az qala, qımışa-qımışa "qulaq asırlar”! 

Mənim tələbəliyim Rusiyada, ruslar arasında keçib. Açığı, bizi sevmirdilər. Səbəbini çalışırdım öyrənim, anlayım, hətta rus qızlarından, qadınlarından soruşurdum. Sən bilən, nə deyirdilər? Söyləyirdilər ki, siz insan kimi çox qəddarsınız! Bununla bağlı bir rusun mənə ağlaya-ağlaya danışdığı "əsgərlik xatirələri” yadıma düşür. Amma demək istəmirəm...

Yox, qardaşım, mən millətinə asi olacaq dərəcədə nadürüst insan deyiləm. Əsla! İnan, türkiyəlilərdən narazılıq edən çox azəri-türkü görmüşəm, amma hər dəfə onlara deyirəm ki, qardaşlar, Türkiyədə az qala, yüz milyon insan var! Bunların içində alimi də var, ziyalısı da, oğrusu da, kriminalı da, hətta "anasının əmcəyini kəsəni” də! 

Heç bir xalq nə tamam yaxşılardan, nə də pislərdən ibarət olmur. İnan, hərdən mənə elə gəlir, bir Mirzə Cəlilə görə bu millətin bütün günahlarından keçmək olar...

Amma insan çox inciyir. Siyasi yazar olduğuma görə Ukraynadakı prosesləri də izləyirəm. O gün də bununla məşğul olanda birdən yadıma Taras Şevçenkonun məşhur şeiri düşdü. Sən də bilirsən onu, məktəbdə keçmisən, "Vəsiyyət” şeirini deyirəm. Yox, Aydın, mən də nə Taras deyiləm, nə də Şevçenko, kiçik bir ölkənin kiçicik bir jurnalistiyəm, kicik, özü də keçmiş siyasi fəalıyam. Amma adamın istəyinə, inan, qibtə edirəm hərdən...

Sonda nə demək istəyirəm? Bilmirəm, bunu oxuyacaqsan, ya oxumayacaqsan! Bir az əvvəldə dedim ki, sənə "spavka” vermək imkanım yoxdur. Bilmirəm, bundan sonra beş gün yaşayacam, yoxsa beş il? Amma bil, bu ölkədə bir adam da var ki, cibində iki manat olsa belə, onun birini həmişə sənə verməyə hazırdır...

Bir də bikef olma, qardaşım! Problemlərlə mübarizə aparmağa nə var ki? Adamı dərd çökdürür...

Bəlkə də deyəcəksın ki, bu, ədəbiyyat haqda yazı oldu, yoxsa jurnlalistika? Amma mən bir siyasi yazar kimi bəlkə də otuz ildi bu xətti aparmağa çalışmışam. 

Başqa səbəb də var. Bilirəm, sən də ədəbiyyat həvəskarısan, çox da mütaliə edirsən. Yadındadır, neçə illər bundan əvvəl sənə xəstəxanaya baş çəkməyə gəlmişdik. O vaxt sənin əlində bir kitab gördüm, deyəsən, rəhmətlik, gözəl tərcüməçi Natiq Səfərovun kitabı idi. Diqqətimi o da çəkdi ki, kitabı qələmlə oxuyurdun. Ona görə də sənin şəxsən məndə olmayan daha bir keyfiyyətini də deyim: bəli, oxucular bilsin ki, Aydın həm də çox gözəl korrektordur. Nə isə, başağrısı oldusa, üzürlü say...

Hüseynbala Səlimov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 31 Dekabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see361

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see204

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see195

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see185

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see180

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see171

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see160

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see157

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see149

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see145

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see144

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see138

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see136

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see133

Tramp Ukraynaya “Tomahawk” raketlərinin tədarükünü şəxsən dayandırdığını deyib

30 Dekabr 2025 02:02see132

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri