Qazidən general polkovnik Vilayət Eyvazova publik müraciət
Icma.az, Hurriyyet portalına istinadən məlumat yayır.
22.02.2024-cü ildə Saatlıda keçirilən qəbulunuzda DİN MPİ və DQ-nin pensiyamı düz hesablamamasını bildirdim və bir kəlmə ilə düz hesabladacağınızı dediniz. 10 ay keçdi, lakin bəlli oldu ki, nazirimə yalan məlumat verirlər ki, guya özbaşınalığa məhkəmə hüquqi qiymət verib.
Halbuki VKRH-nın intizam komissiyasının üzvü Əlirza Qəməndər oğlu Həbilovun DİN-in saxta vəkili və nümayəndəsi dələduzluğu ilə məhkəmələrə sifariş verib, özünün tərtib etdiyi iddianın mümkün sayılmaması haqqında Şəki İİM-in 15.02.2019 tarixli qərardadı, əvvəla, saxtadır və ikincisi, qərardad işə mahiyyəti üzrə baxılmaması haqqındadır. Əlirza Həbilov DİN MPİ-nin keçmiş rəisi Səxavətdin Abdullayevin MPİ-dən ayırdığı pulla məhkəmə təminatı hüququma qadağa qoyub. DİN bu vəkili şikayətim əsasında "hüquqi yardım"dan məhrum edəndə isə özbaşına 3 ilin vəkili Orxan Qılman oğlu Babayevi 2022-ci ildə məhkəmələrə göndərib.
Orxan Babayevin məhkəmə təminatı hüququma qadağa qoyan "vəkil pulu"nu bu yol, yəqin MPİ-nin yeni rəisi Ramil Baloğlanov ödəyib. Bunların vəkilliyi isə dələduzluqla məhkəmə təminatı hüququna, işə mahiyyəti üzrə baxılmasına qadağadan başqa bir şey deyil. VKRH-nın DİN-ə hüquqi yardım göstərməsi, dövlət orqanına, istintaq-ittiham orqanına vəkillik etməsi absurddur, kobud insan hüququ pozuntusudur, Konstitusiyanın tapdanması deməkdir.
DİN-lə mənim aramda qanuni qüvvəyə minmiş, mahiyyəti üzrə baxılmış heç bir məhkəmə qərarı yoxdur! Varsa, ortaya qoyulsun. Mənim məhkəməyə, prezidentə müraciət etmək hüququma görə təqib olunmağım, məndən-DİN-in 1-ci dərəcəli Qarabağ əlilindən DQBİ-nin 30 milyon manat "şərəfhaqqı" tələb etməsinə gəldikdə, mənim məhkəməyə müraciət etmək hüququmu Konstitusiya, qanun, 16.06.2014-cü ildə qəbulunda olanda nazir Ramil Usubov təsbit edib. Cənab nazir əlini sinəsinə qoyub "mən qarışıq istənilən şəxsi məhkəməyə verə bilərsən" dedi.
Həmin qəbulda MPİ rəisi Səxavətdin Abdullayev, DQ-dən adını bilmədiyim polkovnik də iştirak edirdi. Cənab nazir elə hirslənmişdi ki, yanımda oturan DİN-in daxili təhqiqat idarəsinin rəisi , general Rasim Musayev qulağıma susmağımı xahiş etdi , mənim bu polkovniklərə yazığım gəldi və "günahı" boynuma götürdüm. Əvəzində Səxavətdin Abdullayev 1978-ci ildən leytenant, 1986-cı ildən baş leytenant olmağıma baxmayaraq Azərbaycan SQ-də zabit rütbəsində xidmətdə olmadığımı rəsmi məktublarla bildirməkdən doymadı.
İndi də nazirim Vilayət Eyvazov cənablarına yalandan məlumat verirlər ki, guya bizim aramızda məhkəmə qərarı var, işə məhkəmədə baxılıb, hüquqi qiymət verilib. Ona görə də 08.01.2025-ci ildə İsmayıllıda cənab nazirimin qəbulunda oldum və ona yalan məlumat verildiyini bildirdim. Cənab nazirim göstəriş verdi ki, müavini, general-leytenant İsmət Əliyev məni qəbul edib, problemi həll etsin.
09.01.2025-ci ildə nazir müavini məni qəbul etdi və məlum oldu ki, MPİ ona da yalan məlumat verib ki, guya məsələyə məhkəmədə qiymət verilib. Vurğuladığım kimi, heç bir mahiyyəti üzrə baxılan məhkəmə qərarı yoxdur, ola da bilməz! Sadəcə Əlirza Həbilov işə mahiyyəti üzrə baxılmasına məhkəmələrlə qeyri-prosessual əlaqəyə girərək imkan vermir. MPİ-nin qanuna zidd hərəkətini (hərəkətsizliyini) sübut edən faktlar:
1. "Hərbi qulluqçuların pensiya təminatı haqqında" Qanunun (29.04.1992-ci il t-xli, 2006-cı ilə kimi qüvvədə olub) 15v və 23b maddələrinə əsasən, 1-ci dərəcəli müharibə əlili kimi pensiyama minimum pensiyanın uyğun olaraq 300 və 100 faizi həcmində əlavə; 58-ci maddə əsasında dolanışıq xərcləri indeksinin dəyişməsi ilə əlaqədar pensiyamı yenidən hesablamayıb.
2. "Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 180-ci maddəsinə əsasən, yüksək hazırlıqlı və hərbi xidmətdə tətbiq edilən ixtisaslar üzrə böyük təcrübəsi olan ayrı-ayrı ehtiyatda olan zabitlərə, onlar həqiqi hərbi xidmətə təyin edildikdə (çağırıldıqda), yaxud müharibə dövründə qabaqcadan vəzifəyə təyin edildikdə, istisna qaydasında, xidmət ilindən asılı olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun hərbi rütbəsindən bir-üç pillə yuxarı hərbi rütbə verilə bilər. Mənə 1991-ci ildə polkovnik-leytenant, 1993-cü ildə Ağdərədə batayon komandiri vəzifəsinə uyğun polkovnik rütbəsi verilməli idi. MPİ isə rəsmi məktublarla Azərbaycan SQ-də zabit rütbəsində xidmətdə olmadığımı bildirir.
3. "Azərbaycan Silahlı Qüvvələrində hərbi pul təminatı haqqında" NK-nın 19.10.1992-ci il tarixli Əsasnaməsinə əsasən, Azərbaycan SQ-nin, Azərbaycan və keçmiş SSRİ Daxili işlər nazirliklərinin qoşunları və orqanlarında zabit heyətinin vəzifələrində xidmət müddəti ilk zabit rütbəsinin verilməsi haqqında əmrin imzalandığı gündən hesablanır. Bunu 16.06.2014-cü ildə qəbulunda olanda cənab nazir Ramil Usubov da bildirdi. MPİ də rəsmi məktublarla bunu təsdiq edir, amma mənə zabit olmadığımı vurğulamaqla tətbiq etmir.
4. "Hərbi qulluqçuların statusu haqqında" Qanunun 12-ci maddəsi mənzil təminatı hüququnu təsbit edir. 11-ci maddəyə görə, hərbi qulluqçu təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Mənə isə müharibəyə "xidməti ezamiyyətə", yaralanıb hospitalda "məzuniyyətə" getməyim bildirilir, amma nə ezamiyyət, nə də məzuniyyət pulu, kompensasiya ödənilmir.
13.6-cı maddəyə görə, müharibə əlillərinin hərbi tibb müəssisələrində tibbi təminat, sanatoriya-kurort müalicəsi və istirahət hüququ saxlanılır.
5. NK-nın "Polis əməkdaşının maddi və sosial təminatları ilə bağlı qaydaların təsdiq edilməsi haqqında" 20.04.2000 tarixli, 73 N-li Qərarının (NK-nın 04.12.2001 tarixli, 190 N-li Qərarı ilə DİO-nun digər əməkdaşlarına da şamil olunur) 2-ci bəndinə əsasən, əməkdaş xidməti davam etdirməyən dərəcədə xəsarət (yaralanma, travma, kontuziya) aldıqda, ona ərzaq payı əvəzinə pul kompensasiyası istisna olmaqla, onun aylıq təminat xərcliyinin əlli misli miqdarında birdəfəlik kompensasiya ödənilir.
6. NK-nın 23.11.1992-ci il tarixli, 631 N-li "Zabit heyətinə mənsub şəxslərə,...uzun müddət xidmət vaxtının hesablanması qaydası haqqında" Qərarının 1-ci bəndinə əsasən, BDU-nun hərbi hazırlıq kursundakı 4 illik müddət, həqiqi hərbi xidmətdə və ya daxili işlər orqanlarının tərkibində qalmaqla mülki nazirlikdə -AMEA-da işləmək dövrü, 10-cu bəndə əsasən, SSRİ dövründəki xidmətim xidmət ilinə hesablanmayıb.
3-cü bəndə əsasən, səhhətinə görə tərxis olunmuş zabitlərə beş aylıq axırıncı ştat vəzifəsi, hərbi və ya xüsusi rütbə üzrə maaşlardan hesablanmaqla işdənçıxarma müavinəti ödənilməyib. 5-ci bəndə görə, 1-ci dərəcəli müharibə əlili kimi mənə sanatoriya yollayışı əvəzində 2 ildə bir dəfə öz xahişimlə minimum pensiyanın 5 (beş) misli məbləğində kompensasiya da verilməyib. (Onu da vurğulayım ki, bununla bağlı məhkəmədə iddia qaldırdım, hər 3 instansiya cavabdeh MPİ-nin məhkəməyə göndərdiyi DQ-nin əməkdaşının məhkəmə ilə qeyri-prosessual münasibəti nəticəsində iddianı mümkün saymadı ki, MPİ cavabdehlik daşımır, bu kompensasiyanı 2007-ci ildən DSMF ödəməlidir. Lap tutaq ki, belədir, bəs 2007-yə kimi axı DİN MPİ ödəməlidir. Bu qərardadı MPİ, DQ cinayətkar saxtalıqla guya mahiyyəti üzrə , özü də təkcə sanatoriya kompensasiyası ilə bağlı yox, digər tələblər üzrə də baxılmış qərar kimi DİN rəhbərliyinə, digər məhkəmələrə sırıyırlar).
7. Prezidentin 23.12.2021-ci il tarixli Fərmanı ilə hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin aylıq vəzifə maaşlarına 20 faiz əlavə müəyyən olunub. Pensiyam bu artıma uyğun olaraq yenidən hesablanmalı olduğu halda, DSMF MPİ-nin bu barədə hesablamasını tələb edir, MPİ isə təqdim etmir. NK-nın 09.01.2013 tarixli Qərarı ilə ərzaq payı norması 64 manatdan 128 manata qaldırılıb və 3 ildir 200 manatdır. 12 ildir bu qərar da mənə şamil edilmir.
9. Döyüşlərdə batalyon komandiri olmağımı Müdafiə N-yi Mərkəzi Hərbi Hospitalının verdiyi 15.04.1993-cü il tarixli, 296 N-li rusca arayışın və tərcüməsinin notarial qaydada təsdiq edilmiş surəti sübut edir. Eyni zamanda DİN DQ-nin qərargah rəisi V. B. Dzarasovun DİN müavini, general Əsgər Ələkbərova ünvanladığı 22.05.1999 tarixli, 19/299 N-li və hərbi tibb şöbəsinin rəisi S. Rüstəmovun DİN ŞHİİ-nin rəisi Mehman Mehmanova ünvanladığı 01.03.1998 tarixli, 30/21 N-li arayış xarakterli məktublarda sərəncamda olan tabur komandiri olmağım bildirilib.
Nizami hərbi komissarlığı arxiv materialları və hərbi biletim əsasında 2012-ci ilə kimi xidmətdə olmağımı 25.12.2013 tarixli, 126 N-li arayışı ilə təsdiq edib.
Onu da vurğulayım ki, zabitlərin ehtiyatda xidməti də xidmətə aiddir və zabitlərin xidməti NK-nın 23.11.1992 tarixli, 631 N-li Qərarının 2-ci bəndinin son abzasına əsasən, bu Qərarla nəzərdə tutulmayan hallarda xidmət dövrləri ali dövlət hakimiyyət və idarəetmə orqanlarının ayrı-ayrı normativ aktları əsasında güzəştli şərtlərlə müəyyənləşdirilə bilər.
10. Xidmət ilimin düzgün olmayan hesablanma ilə güzəştlə 4 ildən çox olması təsbit olunub.Xidmət ilinə faiz əlavəsi 1993-cü ildən 10 faizdən hesablanmalıdır, amma 5 faizdən , özü də 2007-ci ildən hesablanır. Halbuki Konstitusiya Məhkəməsi Plenumunun 27.03.2014-cü il tarixli "Hərbi qulluqçuların pensiya təminatı haqqında" və "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanunlarının zamana görə tətbiq edilməsi baxımından şərh edilməsinə dair" Qərarında təsbit olunub ki, "Hərbi qulluqçuların pensiya təminatı haqqında"
qanunun qüvvədə olduğu dövrdə pensiya təyin olunmuş şəxslərə xidmətin güzəştli hissəsi tətbiq edilməlidir. Mənə qarşı qərəz o həddədir ki, DQ komandanın müavini M. Mirzəyev bildirib ki, mənə ən aşağı zabit vəzifəsinə (taqım komandiri) uyğun təminat hesablanıb. İndi bəlli olur ki, heç bu vəzifəyə, mülki vəzifəyə uyğun da hesablama aparılmayıb, qərəzlə döyüş komandirinə 3 il qabağa kimi 390 m-t vəzifə maaşı yazılıb. Belə zabit, mülki vəzifə maaşı var DİN-də, hərbidə? Tabeliyimdə olanlar məndən 3-5 dəfə çox təminat alır. MPİ bilmir ki, zabitlərin xidməti təkcə son xidmət ili ilə hesablanmır? Mənə yazırlar ki, ümumi xidmət 4 ildən çoxdur, amma DQ-də 1 ildən az olduğuna görə faiz əlavəsi hesablana bilməz.
Sizdən xidmət ilimin , pensiyamın qanunvericiliyin tələbinə uyğun olaraq düzgün hesablanmasını təmin etməyinizi xahiş edirəm.
Məğrur Bədəlsoy,
DİN-in 1-ci dərəcəli Qarabağ əlili


