Qazlı içki içənlərin nəzərinə 10 illik araşdırma açıqlandı
Icma.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.
Gündə yalnız bir qutu qazlı içki qəbul etməyin alkoqolla əlaqəli olmayan piyli qaraciyər xəstəliyi riskini 60% artırır.
Metbuat.az xəbər verir ki, Çinli alimlər 10 il davam edən tədqiqatdan sonra bu qənaətə gəliblər. 123 mindən çox insanın məlumatlarını təhlil edən mütəxəssislər pəhriz (diet) və ya adi içki olmasından asılı olmayaraq, ciddi sağlamlıq problemlərinə qarşı xəbərdarlıq edir.
"Soochow" Universitet xəstəxanasının əməkdaşı Dr. Lihe Liu-nun rəhbərlik etdiyi araşdırma gündə cəmi 250 ml qazlı içki istehlak edən şəxslərdə bu xəstəliyə tutulma riskinin 60% artdığını müəyyən edib. Tədqiqat göstərib ki, şəkərlə şirinləşdirilmiş içkilərdə bu nisbət 50%, pəhriz (diet) içkilərdə isə 60% təşkil edir. Dr. Liu bildirib ki, "pəhriz içkilərinin daha sağlam olduğu düşüncəsi yanlışdır. Hər növ qazlı içki qaraciyər sağlamlığını təhdid edir".
10 illik müşahidə dövründə 1178 iştirakçıda alkoqolla əlaqəli olmayan piyli qaraciyər xəstəliyi müşahidə olunub və 108 nəfər bu səbəbdən həyatını itirib. Mütəxəssislər qaraciyərdə yağ yığılmasına səbəb olan bu xəstəliyin ən böyük təkanvericilərindən birinin qazlı içkilər olduğunu vurğulayıblar.
Dr. Liu qazlı içki istehlakının məhdudlaşdırılmasını tövsiyə edərək ən sağlam içkinin qazsız su olduğunu bildirib.


