“Qəbələ” qara seriyaya son qoydu
Icma.az bildirir, futbolpress-az saytına əsaslanaraq.
Misli Premyer Liqasının IX turu çərçivəsində Şamaxı şəhər stadionunda keçirilən matçda “Qəbələ” səfərdə “Araz-Naxçıvan”ı məğlub etdi – 2:1.
Cari mövsümdə hər iki komandanın göstəriciləri acınacaqlı mənzərə yaradırdı. Matçın əvvəlində “Qəbələ” keçirdiyi 8 matçda cəmi 1 qələbə və 1 heç-heçə əldə edərək 4 xalla 10-cu pillədə qərarlaşmışdısa, “Araz-Naxçıvan”ın vəziyyəti daha ağır idi. Naxçıvan təmsilçisi 8 oyunda qələbə üzünə həsrət qalmış, aktivinə yalnız 2 heç-heçə yazdıra bilmişdi.
Mövsümün gedişində baş məşqçi dəyişikliklərinə əl atsalar da, Yeton Bekirinin də, Yuri Maksimovun da gəlişi hələlik xaosu dərinləşdirməkdən başqa bir işə yaramamışdı. Hər iki komandanın performansına baxanda, ən azından naxçıvanlıların bu matçda bir diş üstün olacağı güman edilirdi. Lakin meydanda fərqli mənzərə ortaya çıxdı.
Görüşdə hesabı açan tərəf qonaqlar oldu. Meydan sahiblərinin hücuma çıxanda itirdiyi topu dərhal əks-hücuma çevirən “Qəbələ” 8-ci dəqiqədə önə keçdi. İsmael Akinade cərimə meydançasının küncündən vurduğu zərbə ilə topu tora qovuşdurdu. Qapıçı Tərlan Əhmədli zərbəni hiss etsə də, önündəki müdafiəçilər səbəbindən trayektoriyanı gec görmüşdü.
Buraxılan qoldan sonra “Araz-Naxçıvan” bütün hücumlarını Şarl Boli və Abdulla Rzayevin cinahından qurmağa çalışdı. Elə bərabərlik qolu da məhz bu taktikanın yekunu oldu. 36-cı dəqiqədə Boli cərimə meydançasına daxil olaraq qısa ötürmə ilə Mohamed Maranı tapdı və o, yaxın məsafədən hesaba tarazlıq gətirdi- 1:1. Naxçıvan təmsilçisi sonrakı epizodlarda da eyni üsuldan yararlanmağa çalışsa da, ortaya göndərilən uzun ötürmələrin heç biri uğurlu alınmadı.
Birinci hissə kimi, ikinci taym da erkən qolla başladı. 47-ci dəqiqədə “Qəbələ”nin standart vəziyyətindən sonra Endri Çekici topu cərimə meydançasına ötürdü, İsaak Amoah isə başla dəqiq oynayaraq komandasını yenidən önə keçirdi – 1:2.
Arxaya düşən “Araz-Naxçıvan” hücumları və pressinqi artırmağa başladı. Qonaqların qapıçısı Səlahət Ağayev inamlı oyunu ilə diqqət çəkirdi. Matçın qırılma anı isə 64-cü dəqiqədə yaşandı. Mohamed Maranın ötürməsindən sonra sürətlə irəliləyən Ülvi İsgəndərov topu qapıdan keçirsə də, VAR müdaxiləsindən sonra Maranın ötürmədən əvvəl topu əli ilə saxladığı üzə çıxdı və qol ləğv olundu. Həmin ana qədər meydanda bərabərsəviyyəli oyun hökm sürürdü və hər iki komandanın qələbə qazanmaq şansı vardı.
Lakin ləğv olunan qoldan sonra matçın ruhu dəyişdi. Naxçıvan təmsilçisi sanki dərindən psixoloji çöküş yaşadı. Oyunun sonuna az qalmış “Araz-Naxçıvan” məğlub vəziyyətdə olmasına baxmayaraq, sanki hesabı qorumağa çalışırmış kimi passiv təsir bağışladı. Yalnız əlavə olunmuş dəqiqələrdə “oyanan” meydan sahibləri üçün artıq çox gec idi.
Bu nəticə ilə “Araz-Naxçıvan” yenə qələbə həsrətinə son qoya bilmədi. “Qəbələ” isə xallarını 7-yə çatdıraraq 10-cu pillədəki yerini möhkəmləndirdi və təhlükəli zonadan bir qədər də olsa uzaqlaşmağı bacardı.
Ayxan Zayıdzadə
Baxış sayı:129
Bu xəbər 25 Oktyabr 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















