Icma.az
close
up
RU
Qələmsiz yazılanlar Rəşad Məcidin status esseləri

Qələmsiz yazılanlar Rəşad Məcidin status esseləri

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Rəşad MƏCİD
"525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini

İndi "Euronews" kanalında Azərbaycan haqda verilişləri tez-tez görmək mümkündür. Bu verilişlərdə müsahiblərin doğma dilimizdə danışığını eşitmək, təbiətimizin, mətbəximizin fərqli və səviyyəli şəkildə təqdimatını seyr etmək qürurvericidir.

Bu yaxınlarda "Euronews"un Bakı ofisinin açılış mərasimində qurumun İdarə Heyətinin sədri Pedro Vargas David Azərbaycana qarşı həmişə balanslı mövqe nümayiş etdirdiklərini söyləyib, ölkəmizi dünyəvi, müasir, sürətlə inkişaf edən və özünə inamla dolu ölkə adlandırıb.

Təsadüfi deyil ki, mütəxəssislər Avropanın ən məşhur kanalının Azərbaycanda ofis açmasını ölkəmizin media sahəsində son 5 ildə qazandığı ən böyük uğurlardan biri hesab edirlər.

Ofisin açılışından qısa müddət keçməsinə baxmayaraq ölkəmiz haqqında maraqlı verilişlərin davamlı nümayişi bu addımın necə vacib və düzgün olduğunun təsdiqidir.

lll

Bu, Anardır! Azərbaycanın qürur duyacağı böyük şəxsiyyət! 88 yaşında da kübar, sağlam, yaddaşı yerində, yazıb-yaradan, səfərlərə gedən, yorulmadan çalışan Anar.

Bu şəkil 3 noyabrda Azərbaycan Milli Elmlər Akademiyasının yubileyindən çıxanda çəkilib. Akademik Zemfira Səfərova AMEA-nın yubiley medalıyla təltif olunmuşdu. Anar kübarcasına həyat yoldaşının qoluna girib maşına sarı gəlirdi.

O ki qaldı Anarın arabada sosial şəbəklərdə yayılan şəklinə, özü ilə indicə danışdım, dedi ki, bir müddət əvvəl ayağım ağrıyanda klinikaya gedəndə çəkilib. Səfərlərdə olarkən İstanbulun uzun aeroportunda hava alanının bu xidmətindən ara-sıra istifadə edib Anar. Özünün dediyinə görə, qocalıq, şəkər xəstəliyi birinci ayaqdan başlayıb.

Anar müəllim bir azdan işdə olacaq, narahat olanlar Azərbaycan Yazıçılar Birliyinə gəlib Anar müəllimə şəkil çəkdirə bilərlər!

Allah Anar müəllimə cansağlığı, sağlam ömür versin, yazıb-yaratmaq şövqü heç zaman tükənməsin!

lll

Bir müddətdən sonra yaradıcı adamlar ömürlərini başa vurmaq üçün ucqar kəndlərə çəkiləcəklər.

Süni intellekt, ChatGPT dövründə onlara ehtiyac olmayacaq, özlərini lazımsız hiss edəcəklər.

lll

Köhnə bazara təzə nırx qoymaq təşəbbüsü əksərən iflasa uğrayır.

lll

Şəhərimizdə möhtəşəm mədəni hadisə baş verdi.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Kamal Abdullanın pyesi əsasında hazırlanmış "Əsgər və Gülçöhrə" tamaşasının premyerası böyük anşlaqla keçdi. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur. Musiqisi isə Əməkdar incəsənət xadimi Cavanşir Quliyevindir. Böyük rəğbətlə qarşılanan tamaşanın bütün yaradıcı heyətinə səmimi təbriklərimizi çatdırırıq.

lll

Heç nə arzulama, heç nə istəmə ki, xoşbəxt olasan.

lll

Zaman keçir, gözəl musiqilər sadəcə sənət əsərinə çevrilir. İlk eşitdiyindəki hissiyyat, duyğu, xəyal, həyəcan təəssüf ki, unudulur.

lll

"Kəklikotu qayalarda dua kimi açır!

...Orada buludlar dağlardan aşağıda olur.

...Gecələr ulduzların sıxlığından göy üzünü görmək mümkün deyil".

Gərək doğulduğun kəndi dəlicəsinə sevəsən ki, belə gözəl vəsf edə biləsən!

Gözəl hisslərlə qələmə aldığı bu təsirli məqaləsinə görə Elşad Eyvazlını təbrik edirəm!

Kəlbəcər Günümüz mübarək!

lll

Deyir, ürəyi təmiz insana sataşan xeyir tapmaz!

lll

Bu gün Azərbaycan milli mətbuatının banisi Həsən bəy Zərdabinin anım günüdür. 1907-ci ilin noyabrın 28-də dünyaya gözünü əbədi yuman Həsən bəyin dəfni iki gün sonra, noyabrın 30-da böyük izdihamla keçirildi.

Hörmətli Vilayət Quliyevin "Həsən bəy Zərdabi: ölümdən sonra ölümsüzlük" yazısında həmin günlər ən xırda detalınacan, təfərrüatıyla təsvir olunub:

"Zərdabilərin mənzilindən başlayaraq Qasım bəy məscidinə qədər, habelə Bazar küçəsi ilə "Kaspi" redaksiyasına (indiki Sabir bağı) qədər Bakıdakı bütün rus-müsəlman məktəblərinin (o dövrdə şəhərdə əsasını Həsən bəyin qoyduğu 11 belə məktəb vardı) şagirdləri yolun hər iki tərəfində sıra ilə düzülmüşdülər".

"İlk izdihamlı mitinq məscidin həyətində keçirildi".

"İkinci matəm mitinqi Sabir bağında, "Kaspi" redaksiya binasının önündə keçirilmişdi".

"Nikolay küçəsi ilə üzüyuxarı hərəkət edən izdiham Bakı Dumasının qarşısında bir daha ayaq saxlamışdı".

"Mərhumu torpağa tapşırmaq üçün Bakının Şıx qəbiristanlığına yollanan mərasim iştirakçıları indiki Azneft meydanında bir neçə dəqiqəliyə ayaq saxlamışdılar. Əhməd bəy Ağayev camaata Zərdabi ailəsi adından təşəkkürünü bildirmiş, havanın soyuq, yolun uzaq olduğunu nəzərə alaraq, Bibiheybət məzarlığına getməyə imkanı olmayanların mərhumla burada vidalaşa biləcəklərini xatırlatmışdı. Lakin mərasimə qatılanların əksəriyyəti Həsən bəyi son mənzilə yola salmaq üçün təxminən 5 kilometrə yaxın məsafəni piyada qət etmək əziyyətindən çəkinməmişdi!"

Sosial şəbəkələr, yüngül-ötəri xəbərlər və informasiya axını imkan versə, həftə sonunun asudə vaxtından oğurlayıb bu araşdırmanı oxuyun.

Mətbuatımızın banisinin ruhu şad olsun!

Vilayət müəllimə hədsiz minnətdarlıq da öz yerində.

lll

Siz - kiçik məmur, naziriniz bu qədər sadə ikən siz niyə özünüzü dartıb dağ başına qoyursuz ki?!

lll

Ürəyinin səsini eşitməmək üçün çönüb sağ böyrü üstə yatdı.

lll

Aqil Abbasla Qarabağa, Ağdama getmək zövqdür. Böyük sənətkarımız Qədir Rüstəmov barədə xatirələri Aqilin dilindən eşitmək isə daha da gözəldir.

lll

Eyni vaxtda 5 tədbirə dəvət edirlərsə, neyləməli? Hansına getməli?

lll

Bütün dövrlərdə ədalətli, ağıllı, qərəzsiz insanlar tapılacaq.

lll

Ağdaşda Xalq şairi Fikrət Qoca barədə danışdım:

"Fikrət Qocanın şeirləri insana güc və möhkəmlik verir. Onun sözlərində bir saflıq və təmizlik var. Elə buna görə də şeirlərinə mindən çox mahnı bəstələnib.

Bir misralıq "İntihar fərarilikdir!" şeirini xatırlatdım və şairə haqq qazandırdım. Gəncliyimdən əzbər bildiyim "Cəsarət" və "Risk" şeirlərindən misralar səsləndirdim.

...Ötən əsrin 80-ci illərində Fikrət müəllim Moskvada əməliyyat olunanda Ulu Öndər Heydər Əliyev onun səhhəti ilə şəxsən maraqlanmışdı. Cənab Prezident İlham Əliyev də onun yaradıcılığına xüsusi diqqət göstərib. Fikrət Qocanın 90 illik yubileyinin keçirilməsi barədə cənab Prezidentin imzaladığı sərəncam da həmin diqqət və qayğının davamıdır".

lll

Cavad Heyətin 100 illik yubileyinə həsr olunmuş tədbirdə həm də Məhəmməd Füzulinin "Hədiqətüs-süada" əsərinin 16-cı əsrə aid əlyazması Milli Kitabxanaya hədiyyə olundu.

lll

Robot kimi, hissiz-duyğusuz durub baxırlar. Nazir gəlib görüşən kimi üzlərinə xoş ifadə verib sırayla mehribanlıq göstərirlər. Sadə reallıq!

lll

Gəncliyini - ömrünün ən qaynar, ən enerjili illərini öyrənməyə, savad almağa, özünü formalaşdırmağa həsr etməkdənsə, xalqın yetişdirdiyi, əfsanəyə çevrilmiş, toxunulmaz dəyərlərə ağız büzməklə, qara yaxmaqla keçirənlərin bir gün səhvlərini anlayıb düzələcəyinə inamım hələ də itməyib. Belə tövbə edənləri çox görmüşəm.

Keçmişi bəyənməmək gəncliyə xas məziyyət kimi təbii hissdir. Amma bu məziyyət həyat tərzinə çevriləndə, amansızcasına, sürətlə ötüb keçən illərdə müsbət, fərqli nəsə yaza bilməyəndə və bir gün ayılıb ömrünü bihudə xərclədiyini görəndə artıq gec olur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Dekabr 2025 08:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

1400 metrlik yol asfaltlandı, amma əsas sual cavabsız qaldı: Bu, xidmət, yoxsa PR görüntüsüdür?

05 Sentyabr 2026 19:17see280

Saz susdu, ustad köçdü: Aşıq Astan haqqın dərgahına qovuşdu

05 Sentyabr 2026 19:42see270

PSJ, “Real” və “Bodo Qlimt” qazandı

06 Sentyabr 2026 00:43see268

Tuğba Ekinçi saxlanıldı

05 Sentyabr 2026 21:02see262

Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...

06 Sentyabr 2026 04:04see259

Boyları 1.52 metrdən az olan 7 məşhur (Fotolar)

06 Sentyabr 2026 02:02see254

Səhiyyə naziri sərgidə tapança ilə atəş açdı VİDEO

05 Sentyabr 2026 22:49see241

Türkiyədə ƏMƏLİYYAT: müğənni Tuğba Ekinci saxlanıldı

05 Sentyabr 2026 21:38see240

CD lər geri qayıdır: rəqəmsal musiqi dövründə gözlənilməz trend

06 Sentyabr 2026 02:34see238

Süni intellektin “diaqnoz”u xəstələri qorxudur Həkimlər nə deyir?

06 Sentyabr 2026 15:02see233

Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər

06 Sentyabr 2026 06:07see227

Xərçəng üçün inqilabı müalicə: Dərman tapıldı

06 Sentyabr 2026 12:33see225

Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? VİDEO

06 Sentyabr 2026 08:38see220

Stress zamanı bunları edin Özünüzü daha yaxşı hiss edəcəksiniz

06 Sentyabr 2026 01:01see208

Trampın haqlı çıxdığı məqam: İran iqtisadiyyatı həqiqətən də ağır böhran içindədir VİDEO

06 Sentyabr 2026 09:26see206

Kseniya Borodina ABŞ dan məyus oldu: “Moskvada bizi çox ərköyün ediblər”

06 Sentyabr 2026 06:41see205

Bu gün Esvatini Krallığının milli bayramıdır

06 Sentyabr 2026 12:07see189

Buraxılış imtahanlarının əlavə mərhələsi keçirilib Nəticələr 5 günə açıqlanacaq

06 Sentyabr 2026 14:29see186

Filipp Kirkorovu səhnədə “qırxmağa” çalışacaqlar

06 Sentyabr 2026 03:27see184

Timatinin qızı böyük filmdə baş rol aldı: reper ittihamlara cavab verdi

05 Sentyabr 2026 23:43see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri