Qətiyyətli Lider, Müzəffər Ali Baş Komandan
Icma.az bildirir, Ses qazeti portalına istinadən.
Dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən ölkəsi kimi müasir çağırışlara cavab olaraq Azərbaycan keyfiyyətcə yeni dövrünü yaşayır. Əldə edilən uğurlar, nailiyyətlər Prezident İlham Əliyevin siyasətinə olan etimadı daha da gücləndirib və son 21 ildə ötən hər gün Azərbaycanın uğurlu gələcəyini təmin edib. Müasir yanaşmalar və milli iqtisadi prioritetlər əsasında mükəmməl islahatlar konsepsiyasının reallaşdırılması nəticəsində Azərbaycan son illərdə yüksək inkişaf templərinə görə dünyanın lider dövlətləri sırasındadır. Azərbaycanda bütün sahələrdə əldə olunan nailiyyətlərin kökündə düşünülmüş siyasət, möhkəm siyasi iradə və xalq-dövlət birliyinin real əsasları dayanır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar Azərbaycanın dünyanın inkşaf etmiş ölkələri sırasında nüfuzu, çəkisi olan dövlətə çevirib. Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir, onun əbədiliyi təmin edilir. 15 oktyabr 2003-cü ildə ölkəmizdə keçirilən prezident seçkilərində inamlı qələbə qazanan İlham Əliyev ötən 21 il ərzində Azərbaycanın qazandığı uğurların müəllifidir. 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına tarixi müraciətində öz namizədliyini siyasi varisi Cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü bildirmişdir: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Prezident seçkilərində yüksək səslə qələbə qazanan Cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin inamını, xalqın ona göstərdiyi etimadı qısa bir zamanda əməl ilə sözün vəhdətində doğrultdu. Ulu Öndər tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirildi. Qısa bir zamanda dövlətin dayanıqlı inkişafının təmin edilməsi istiqamətində qətiyyətli addımlar atıldı. Əlbəttə ki, müstəqilliyimizin və ideoloji dayaqlarımızın daha da möhkəmləndirilməsinin, vətəndaş həmrəyliyinin bərqərar olmasının təməlində Azərbaycan dövlətinin milli maraqlarının qorunması dayanırdı. Ölkəmiz sosial-iqtisadi inkişafın tempinə görə dünya dövlətləri arasında liderlər sırasında yer aldı. Azərbaycan Prezidenti İlham Əliyev hələ 2003-cü ildə prezident seçkiləri ərəfəsində qeyd etmişdi ki, əgər Azərbaycan xalqı mənə etimad göstərərsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Dövlət başçısının "Şadam ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir" - deməsi çox böyük əsaslara söykənir. 2003-cü ildən bu günə qədər keçən dövr ərizində Azərbaycan sürətli inkişaf dövrünü yaşamış və dünyada analoqu olmayan iqtisadi templərlə inkişaf etmişdir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilmişdir, 2003-cü il oktyabrın 1-də Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına müraciət edərək, namizədliyini siyasi varisi Cənab İlham Əliyevin xeyrinə geri götürdüyünü elan edərkən bildirmişdi: "İnanıram ki, Mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Keçirilən seçkilərində seçicilərin 76 faizdən çoxu Cənab İlham Əliyevin lehinə səs verdi və 2003-cü il oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı seçilməsindən ötən dövr ərizində ölkəmizin qazandığı uğurlar hər bir vətəndaşın diqqətindədir. Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildə ölkənin Prezidenti vəzifəsinin icrasına başladığı zaman çıxışında dediyi sözləri xatırlatmaq yerinə düşər: "Milliyyətindən, dinindən, siyasi əqidəsindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam və Azərbaycan xalqının etimadını doğruldacağam". Həqiqətən də, belə oldu. Cənab İlham Əliyev hər bir Azərbaycan vətəndaşı üçün Prezident oldu və xalqın etimadını doğrultdu. Ötən iyirmi bir il aydın şəkildə göstərdi ki, İlham Əliyev Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hamısını yerinə yetirmişdir. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Əbəs deyil ki, 2008-ci il oktyabrın 15-də, 2013-cü il oktyabrın 9-da və 2018-ci il aprelin 11-də keçirilən prezident seçkilərində xalqımız Ulu Öndər Heydər Əliyev siyasətinin layiqli davamçısına, əmin-amanlığa, tərəqqiyə və quruculuğa səs verdi.
ZƏFƏR SEÇKİLƏRİ - YENİ DÖVRÜN BAŞLANĞICI
2024-cü il fevralın 7-də Azərbaycanda şəffaf şəkildə keçirilən növbədənkənar Zəfər seçkiləri ölkənin demokratik inkişaf tarixinə daha bir uğur səhifəsini yazdı. Müstəqillik tariximizdə ilk dəfə olaraq ərazi bütövlüyünü və suverenliyini bərpa edən bütöv Azərbaycanda keçirilən seçkilər hər bir azərbaycanlını qürurlandırdı. Azərbaycan yeni dövrə qədəm qoydu. Dövlətimizin başçısı İlham Əliyevin prezidentlik fəaliyyəti dövründə verilən hər bir vəd, qarşıya qoyulan vəzifələr yerinə yetirildi və təsadüfi deyil ki, Cənab İlham Əliyev 92,12 faiz səslə yenidən prezident seçkilərində qalib gəldi. Yeni dövrün başlanğıcı kimi dəyərləndirilən bu seçkilər ölkəmizin qarşısında yeni imkanlar yaradır. 30 illik torpaq həsrətinə son qoyan tarixi Zəfərimizin, həmçinin ərazi bütövlüyümüzün və suverenliyimizin müəllifi olan Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşən xalq qalib Liderinə səs verməklə bir daha təsdiqlədi ki, xalq-Prezident birliyi, həmrəyliyi sarsılmazdır.
Cənab İlham Əliyevin növbəti 7 il üçün Prezident seçilməsi öz tarixinin yeni mərhələsinə qədəm qoyan Azərbaycan üçün ən uğurlu başlanğıcdır. Ermənistanla sülhün əldə olunması, azad olunmuş torpaqlara Böyük Qayıdış kimi nəhəng işlər, vəzifələr durur. Qarşıda Azərbaycanı Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yeni nailiyyətlər və yeni qələbələr gözləyir.
"AZƏRBAYCAN DÜNYA MİQYASINDA BÖYÜK RƏĞBƏT QAZANMIŞ BİR ÖLKƏDİR"
2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyatda öz əksini tapmışdır. Prezident İlham Əliyevin uzaqgörən və praqmatik xarici siyasət strategiyasının nəticəsi kimi, Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və gücə malikdir. Bu gün Azərbaycan regionun, Avropanın və ümumilikdə, dünya ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində xüsusi əhəmiyyət kəsb edən bir ölkəyə çevrilib. Beynəlxalq təşkilatlar regiondakı bütün layihələrdə Bakının mövqeyini nəzərə alırlar. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Təsadüfi deyil ki, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırırlar və ölkəmizin iştirakı olmadan regionda heç bir strateji layihə reallaşdırılmır. Həqiqətən də, Azərbaycan son 21 ildə bütün istiqamətlər üzrə böyük uğurlara imza atıb. Ölkə başçısı İlham Əliyev çıxışlarının birində qeyd etdiyi kimi, Azərbaycan dünya miqyasında böyük rəğbət qazanmış bir ölkədir.
Bu gün Azərbaycan yeni iqtisadi və sosial çağırışların, nüfuzlu beynəlxalq qurumların tədbirlərinin keçirilməsi üçün əsas məkan kimi tanınır, dünyaya özünü demokratik ənənələrə sadiq, hüquqi və sosial dövlət kimi təqdim edir. Ölkəmizin bütün sahələrdə böyük uğurlar qazanması, maliyyə imkanlarının artması, ölkəmizin transmilli layihələrin təşəbbüskarı və əsas iştirakçısı kimi çıxış etməsi, müasir tələblərə cavab verən infrastrukturun yaradılması və s. Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini getdikcə daha da möhkəmləndirir. Azərbaycan Prezidentinin əməli fəaliyyətinin, iradəsinin nəticəsidir ki, Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verilib, qlobal əhəmiyyətli iqtisadi zonalar yaradılıb. Cənub Qaz Dəhlizinin, TANAP layihəsinin istifadəyə verilməsi uğurlu hadisələr sırasındadır. Cənab Prezidentin vurğuladığı kimi, bunlar dünyada da çox böyük əks-səda yaradan layihələrdir. Azərbaycanın təşəbbüsü ilə bölgədə, Avrasiya məkanında həyata keçirilən layihələr önəm daşıyır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda "Azəri", "Çıraq" və "Günəşli" yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi.
Dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı adlandırmasında bir həqiqət var. Bir sözlə, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, mühüm tranzit qovşağı kimi beynəlxalq aləmdə tanınır.
BEYNƏLXALQ ALƏMDƏ NÜFUZ VƏ ETİMADIN NÜMUNƏSİ
Bu gün, məhz uğurlu iqtisadi inkişaf strategiyasının nəticəsidir ki, Azərbaycan modeli dünyada tanınır və qəbul edilir. Bütün bu və ya digər amillər müstəqillik dövründə Azərbaycanın əldə etdiyi nailiyyətlər - tarixi gerçəklikləridir. Müasir Azərbaycanda nəhəng enerji layihələri, ölkənin hər yerində abadlaşma, müasirləşmə, ölkənin dünyada tanınması və milli maraqlara xidmət edən çoxsaylı tədbirlər gerçəkləşib. Həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində, Azərbaycan regionun ən güclü və nüfuzlu dövlətinə çevrilib. Ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə qəbul olunması onun dünya miqyasında artan nüfuzundan və uğurlu xarici siyasətindən xəbər vermiş oldu. Dünyanın 155 ölkəsi Azərbaycana səs verdi. Əlbəttə, xalqımız görülən işləri, əldə olunan nailiyyətləri hər zaman dəyərləndirir və ən yüksək səviyyədə qiymətləndirir.
COP29 tədbirinin yüksək təşkilatçılığı, uğuru Azərbaycanın beynəlxalq nüfuzunun daha bir təqdimatı oldu. Azərbaycanın növbəti diplomatik uğuru – D-8 təşkilatına üzvlük ölkəmizin müstəqillik tarixində beynəlxalq diplomatik uğurlar sırasına daxil olan növbəti əlamətdar hadisə kimi yadda qalıb. Misirin paytaxtı Qahirə şəhərində İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib. Bu, D-8 yarandığı gündən təşkilatın sıralarının ilk genişlənməsi kimi əlamətdardır. Üç qitəni əhatə edən, 4 trilyon ABŞ dollardan artıq ÜDM-ə malik, 130 milyard ticarət dövriyyəsi həyata keçirən, üzvlərinin əhalisinin sayının ümumilikdə dünya müsəlmanlarının 60%-ni təşkil edən (ümumi əhali 1,2 milliardan artıqdır) və böyük iqtisadi potensiala malik "İslam Səkkizliyi" adlanan D-8-ə ölkəmizin üzvlüyü Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun və ölkəmizə olan etimadın bariz nümunəsidir. Bu, Prezident İlham Əliyevin qətiyyətli və uğurlu xarici siyasətinin məntiqi nəticəsidir.
QARABAĞ VƏ ŞƏRQİ ZƏNGƏZUR YENİDƏN QURULUR
Son illər ölkəmizin iqtisadi qüdrətinin artması milli ordumuzun möhkəmlənməsinə də geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Bu gün Azərbaycanda istehsal olunan bir çox hərbi məhsullar ordumuzun potensialının gücləndirilməsində əsas amillərdən biridir. Vətənə, dövlətə bağlı olan Azərbaycan Ordusu Lələtəpədə, Naxçıvanın Günnüt, Qızılqaya yüksəkliklərinə sancdığı Azərbaycan bayrağı ordumuzun hansı gücə sahib olduğunun təzahürüdür. Bir mərkəzdən idarə edilən, vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu döyüş meydanında erməniyə dərs verdi. Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirmiş və 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaratmışdır. Zəfər qazanmış Azərbaycanı daha uğurlu gələcək gözləyir. Qarabağ və Şərqi Zəngəzur yeni inkişaf dövrünü yaşayır. "Dəmir Yumruğu"nun yaratdığı yeni reallıqlarla hər kəs hesablaşmalıdır. Dövlət başçısının Qarabağ və Şərqi Zəngəzuru yaşıl enerji bölgələri elan edib və həmin ərazilərin sosial-iqtisadi inkişafı ilə bağlı nəzərdə tutulan layihələr icra olunmaqdadır. Azərbaycanın yaratdığı yeni reallıqlar regional sülh, sabitlik, təhlükəsizlik baxımından strateji əhəmiyyət kəsb edir. Əldə olunan möhtəşəm nailiyyətlər Azərbaycanı güclü və qüdrətli dövlətə çevirib. Bu gün işğaldan azad olunan ərazilərdə abadlıq-quruculuq işləri aparılır. Vətən müharibəsində qazandığımız Zəfərdən dörd ildən artıq zaman ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərimizdə abadlıq və quruculuq işləri uğurla və davamlı şəkildə həyata keçirilir. Keçmiş məcburi köçkünlər öz əzəli torpaqlarına, doğma diyarlarına qayıdırlar. Ağalı, Talış kəndələrinə, daha sonra Laçın və Füzuliyə qayıdış…
Prezident İlham Əliyevin bildirdiyi kimi, "13-cü yaşayış məntəqəsidir ki, keçmiş köçkünlər doğma yurda qayıdırlar". Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, Azərbaycan Prezidenti İlham Əliyevin bildirdiyi kimi, "40 mindən çox insan yaşayır və çalışır. İlin sonuna qədər də təqribən 30 min, 40 min qayıtmalıdır." Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Bu bölgələrin potensialı və nəzərdə tutulan bərpa və yenidənqurma işləri həqiqətən də həmin ərazilərin cənnətə çevriləcəyini deməyə tam əsas verir.
"Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilib. Bu prioritetlərə söykənən dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" təsdiq edildi. Bu Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır. "2021-ci ildən bu günə qədər Qarabağın və Şərqi Zəngəzurun bərpasına Azərbaycan 19 milyard manatdan çox vəsait ayırıb və bundan sonra da Böyük Qayıdış proqramının icra edilməsi bizim üçün prioritet məsələ olacaqdır", - deyə Prezident bildirib. Prezident İlham Əliyevin 21 illik prezidentlik fəaliyyətinin əsas qayəsində xalqa ləyaqətlə xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq, dövlətçiliyimizi hər vasitə ilə möhkəmləndirmək dayanmış və bu gün də belədir. Əlbəttə ki, uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır.
Zümrüd BAYRAMOVA


